FƏSİL 2
«Mənim şahidim olacaqsınız»
İsa həvarilərini təbliğ işinə rəhbərlik etməyə hazırlayır
1—3. İsa həvarilərindən necə ayrıldı və bununla bağlı hansı suallar yaranır?
ONLAR bunun bitməsini istəmirlər. Geridə qalan həftələr həvarilər üçün unudulmaz olmuşdu! İsa diriləndə onların dərin kədəri böyük sevinclə əvəz olunmuşdu. 40 gün ərzində İsa dönə-dönə şagirdlərinə görünüb onlara əlavə təlim vermiş və ruhlandırmışdı. Lakin bu gün o, sonuncu dəfə onlara görünür.
2 Zeytun dağında həvarilər İsa ilə birlikdə olarkən onun ağzından çıxan hər kəlməni tutmağa çalışırlar. İsa sözünü bitirir. Vaxt sanki bir göz qırpımında keçib gedir. İsa əllərini qaldırır və onlara xeyir-dua verir. Sonra yavaş-yavaş göyə qalxır! Şagirdlər bu mənzərəni diqqətlə izləyirlər. Sonda İsa buludların arasında gözdən itir. O, artıq görünmür, ancaq şagirdləri hələ də göyə baxırlar (Luka 24:50; Həv. 1:9, 10).
3 Bu hadisə həvarilərin həyatında dönüş nöqtəsi oldu. Ağaları İsa Məsih göyə qalxdı. Bəs indi onlar nə edəcəklər? Əmin ola bilərik ki, Ağaları özünün başladığı işi davam etmələri üçün onları hazırlayıb. İsa onları bu vacib tapşırığı yerinə yetirməyə necə hazırlamışdı və onların buna münasibəti necə olmuşdu? Bunun müasir məsihilərə hansı aidiyyəti var? «Həvarilərin işləri» kitabının birinci fəslində bu suallara ruhlandırıcı cavablar tapa bilərik.
«Bir çox danılmaz» sübutlar (Həvarilərin işləri 1:1—5)
4. Luka «Həvarilərin işləri» kitabına necə başlayır?
4 Luka sözünə Teofilə, bir müddət əvvəl «Müjdə»ni ünvanladığı insana müraciətlə başlayır a. O, «Həvarilərin işləri» kitabının əvvəlində fərqli ifadələr işlədərək və əlavə təfsilatlar təqdim edərək «Müjdə»nin sonunda təsvir etdiyi hadisələrin qısa icmalını verir və beləliklə, bu kitabın «Müjdə»nin davamı olduğunu göstərir.
5, 6. a) İsanın şagirdlərinə imanda möhkəm qalmağa nə kömək edə bilərdi? b) Müasir həqiqi məsihilərin imanı hansı «danılmaz sübutlar»a əsaslanır?
5 İsanın davamçılarının imanı nəyin sayəsində möhkəm qalacaq? Həvarilərin işləri 1:3 ayəsində İsa haqda oxuyuruq: «İsa... sağ olduğunu bir çox danılmaz sübutlarla onlara göstərdi». Müqəddəs Kitabı yazanlardan yalnız «sevimli həkim» Luka «danılmaz sübutlar» kimi tərcümə olunan ifadədən istifadə edib (Kol. 4:14). Bu termin tibbi ədəbiyyatlarda işlənilirdi və təqdim olunan sübutun inandırıcı, etibarlı olduğunu göstərirdi. İsa məhz belə sübut təqdim etmişdi. O, dəfələrlə davamçılarına görünmüşdü. Bəzən bir və ya ikisinə, hərdən bütün həvarilərə, bir dəfə isə 500-dən çox şagirdə görünmüşdü (1 Kor. 15:3—6). Həqiqətən də, bu, danılmaz sübutdur!
6 Eynilə müasir həqiqi məsihilərin də imanı «danılmaz sübutlar»a əsaslanır. Bəs İsanın yer üzündə yaşadığına, günahlarımızdan ötrü öldüyünə və dirildiyinə sübutlar varmı? Sözsüz ki, var! Canlı şahidlərin Allahın Kəlamında yazdığı etibarlı məlumatlar lazım olan inandırıcı sübutdur. Bu hadisələri araşdırmaq və öyrəndiklərimizi tətbiq edə bilmək üçün dua etmək imanımızı çox möhkəmləndirə bilər. Unutma ki, tutarlı dəlillər həqiqi imanla sadəlövhlük arasındakı fərqi üzə çıxarır. Əbədi həyata nail olmaq üçün əsl imanın olması labüddür (Yəh. 3:16).
7. İsa təlim verməkdə və təbliğ etməkdə davamçılarına hansı nümunəni qoyub?
7 İsa həmçinin «Allahın Padşahlığı haqqında danışırdı». Məsələn, o, Məsihin əzab çəkəcəyini və öləcəyini göstərən peyğəmbərliyi izah etdi (Luka 24:13—32, 46, 47). Məsih kimi oynadığı rolu açıqlayanda diqqəti Allahın Padşahlığına yönəltdi, çünki o, həmin Padşahlığın Padşahı təyin olunmuşdu. Padşahlıq həmişə İsanın təbliğinin əsas mövzusu olub və onun müasir davamçıları da bu haqda təbliğ edirlər (Mət. 24:14; Luka 4:43).
«Yerin ucqarlarınadək» (Həvarilərin işləri 1:6—12)
8, 9. a) İsanın həvariləri hansı iki fikirdə yanılırdılar? b) İsa həvarilərin düşüncə tərzinə necə düzəliş verdi və müasir məsihilər bundan nə öyrənirlər?
8 Həvarilərin Zeytun dağında İsa ilə görüşü onların yer üzündəki son görüşü idi. Onlar böyük həyəcanla soruşdular: «Ağa, İsraildə padşahlığı indi bərpa edəcəksən?» (Həv. 1:6). Bu bir sual həvarilərin iki şeydə yanıldıqlarını üzə çıxarırdı. Birincisi, onlar düşünürdülər ki, Allahın Padşahlığı İsrail xalqı üçün bərpa olunacaq. İkincisi, onlar vəd olunan Padşahlığın «indi», dərhal idarə etməyə başlayacağını zənn edirdilər. İsa onların düşüncə tərzinə necə düzəliş verdi?
9 Ehtimal ki, İsa həvarilərin birinci yanlış fikrinə tezliklə düzəliş veriləcəyini bilirdi. Cəmi on gündən sonra onun şagirdləri yeni xalqın, ruhani İsrailin yaranmasının şahidi olacaqdılar! Allahın İsrail xalqı ilə münasibətləri sona çatmaq üzrə idi. İkinci fikrə gəldikdə isə İsa mülayimliklə onlara xatırlatdı: «Dövrləri və tarixləri təyin etmək yalnız Atanın ixtiyarındadır, sizin bunları bilməyinizə gərək yoxdur» (Həv. 1:7). Hadisələrin vaxtını təyin edən Yehovadır. Ölümündən əvvəl İsanın özü demişdi ki, sonun gələcəyi «günü və saatı» heç Oğul da bilmir, «yalnız Ata bilir» (Mət. 24:36). Bizim günlərdə də bu sistemin sonunun nə vaxt gələcəyi ilə bağlı hədsiz dərəcədə narahat olan məsihi, əslində, ona aidiyyəti olmayan bir işə görə narahatlıq keçirmiş olur.
10. Biz də həvarilər kimi hansı əhval-ruhiyyədə olmalıyıq və nəyə görə?
10 Lakin bu, bizə böyük iman sahibi olan həvarilərə yuxarıdan aşağı baxmağa əsas vermir. Axı onlar edilən düzəlişləri təvazökarlıqla qəbul etdilər. Bundan başqa, verdikləri sual yanlış düşüncə tərzindən irəli gəlsə də, onların düzgün əhval-ruhiyyədə olduqlarını üzə çıxardı. İsa şagirdlərini dəfələrlə təşviq etmişdi: «Oyaq qalın» (Mət. 24:42; 25:13; 26:41). Onlar ruhani cəhətdən oyaq idilər, belə ki, Yehovanın hərəkətə keçəcəyini göstərən sübutları səbirsizliklə gözləyirdilər. Biz də eyni əhval-ruhiyyədə olmalıyıq. Bu həlledici «axırzamanda» belə əhval-ruhiyyədə olmağımız həmişəkindən daha vacibdir (2 Tim. 3:1—5).
11, 12. a) İsa davamçılarına hansı tapşırığı vermişdi? b) Nəyə görə İsa təbliğ etməyi tapşırmazdan əvvəl müqəddəs ruhdan danışdı?
11 İsa həvarilərinə əsas nəyi etməli olduqlarını xatırlatdı. O dedi: «Müqəddəs ruh üzərinizə gələndə siz qüvvət alacaqsınız və Yerusəlimdə, bütün Yəhudiyyədə və Səməriyyədə, hətta yerin ucqarlarınadək mənim şahidim olacaqsınız» (Həv. 1:8). İsanın dirilməsi haqda xəbər ilk olaraq onun edam olunduğu yerdə, Yerusəlimdə bəyan edilməli idi. Oradan bu xəbər bütün Yəhudiyyəyə, sonra Səməriyyəyə, daha sonra isə ta dünyanın o başına kimi təbliğ olunacaqdı.
12 Maraqlıdır ki, İsa yalnız kömək üçün müqəddəs ruhu göndərəcəyi vədini təkrarladıqdan sonra şagirdlərinə təbliğ etməyi tapşırdı. «Həvarilərin işləri» kitabında bu ayə də daxil olmaqla, «müqəddəs ruh» ifadəsinə 40 dəfədən çox rast gəlinir. Müqəddəs Kitabın bu bölməsində dönə-dönə açıqlanır ki, müqəddəs ruhun köməyi olmadan Yehovanın iradəsini yerinə yetirmək qeyri-mümkündür. Belə isə müntəzəm olaraq duada müqəddəs ruh diləmək necə də vacibdir! (Luka 11:13). İndi müqəddəs ruh bizə həmişəkindən daha çox gərəkdir.
13. Allahın xalqına verilən təbliğ etmək tapşırığı bu gün nə dərəcədə geniş miqyasda həyata keçirilir və nəyə görə bu işi canla-başla yerinə yetirməliyik?
13 O vaxtdan bəri «yerin ucqarlarınadək» anlayışının mənası dəyişib. Lakin keçən fəsildə qeyd olunduğu kimi, Yehovanın Şahidləri şəhadət etmək tapşırığını canla-başla yerinə yetirirlər, çünki onlar bilirlər ki, Allah bütün insanların Padşahlıq haqda xoş xəbəri eşitməsini istəyir (1 Tim. 2:3, 4). Sən bu xilasedici işlə fəal surətdə məşğul olursanmı? Heç bir yerdə bu qədər sevinc və məmnunluq gətirən iş tapmaq mümkün deyil! Bu işi yerinə yetirmək üçün Yehova lazım olan gücü verəcək. «Həvarilərin işləri» kitabından bizə xidmətdə müvəffəqiyyətli olmağa kömək edəcək üsullar və əhval-ruhiyyə haqqında çox şey öyrənəcəyik.
14, 15. a) Mələklər Məsihin qayıdışı ilə bağlı nə dedilər və bu sözlər hansı mənanı daşıyır? (Həmçinin haşiyəyə bax.) b) Məsih göyə qalxdığı kimi «eyni tərzdə» necə qayıtdı?
14 Fəslin əvvəlində qeyd olunduğu kimi, İsa göyə qalxdı və gözdən itdi. Ancaq 11 həvari gözlərini səmaya dikərək yerlərindən tərpənmirdilər. İki mələk peyda olub onları mülayimliklə məzəmmət etdi: «Ey cəliləlilər! Niyə durub göyə baxırsınız? Sizdən göyə götürülən bu İsanın göyə necə getdiyini gördünüzsə, elə də geri gələcək» (Həv. 1:11). Mələklər bəzi dinlərin öyrətdiyi kimi, İsanın eyni bədəndə gələcəyinimi nəzərdə tuturdular? Xeyr. Bunu haradan bilirik?
15 Mələklər İsanın eyni formada yox, «eyni tərzdə» qayıdacağını söylədilər b. O, hansı tərzdə göyə qalxmışdı? Mələklər şagirdlərlə danışanda İsa gözdən itmişdi. Yalnız həvarilər İsanın göyə qalxdığının və Atasının yanına getdiyinin şahidi olmuşdular. Onun qayıdışı da eyni tərzdə olacaqdı. Bu, belə də oldu. Bu gün yalnız Müqəddəs Kitabı başa düşən və hansı dövrdə yaşadığımızı dərk edən insanlar İsanın padşah olduğunu anlayır (Luka 17:20). Biz onun hüzurunu göstərən əlamətləri sezməli və insanlara bu haqda danışmalıyıq ki, necə mühüm bir dövrdə yaşadığımızı onlar da anlasınlar.
Həvarilərin işləri 1:13—26)
«Bu iki nəfərdən kimi seçdiyini bizə göstər» (16—18. a) Həvarilərin işləri 1:13, 14 ayələrindən məsihi görüşləri haqqında nə öyrənirik? b) İsanın anası Məryəmin nümunəsindən nə öyrənirik? c) Nəyə görə məsihi görüşləri bu gün olduqca vacibdir?
16 Təbii ki, həvarilər «böyük sevinclə Yerusəlimə qayıtdılar» (Luka 24:52). Bəs onlar Məsihin rəhbərliyinə və göstərişinə necə hay verəcəklər? «Həvarilərin işləri» kitabının 1-ci fəslinin 13 və 14-cü ayələrindən onların «üst mərtəbədə» yığışdıqlarını oxuyuruq, eləcə də bu yığıncaq haqda maraqlı təfsilatları öyrənirik. Keçmişdə Fələstindəki evlərin adətən üst mərtəbəsi olurdu və oraya bayır tərəfdən pilləkənlə qalxırdılar. Ola bilsin, şagirdlərin yığışdığı yer Həvarilərin işləri 12:12 ayəsində xatırlanan və Markın anasına məxsus olan evin üst mərtəbəsi idi. Hər necə olursa olsun, bura Məsihin davamçılarının yığışması üçün xudmani, rahat yer idi. Bəs ora kimlər yığışmışdı və onlar nə edirdilər?
17 Diqqət yetir ki, oraya yığışanlar yalnız həvarilər və ya kişilər deyildi. Orada, İsanın anası Məryəm də daxil olmaqla, «bəzi qadınlar» da var idi. Müqəddəs Kitabda Məryəmin adı sonuncu dəfə burada çəkilir. Onun özünü başqalarından üstün tutmayaraq təvazökarlıq göstərib ruhani bacı-qardaşları ilə bir yerdə ibadət etmək üçün bura gəlməsində qeyri-adi heç nə yoxdur. İsa yer üzündə olanda ona iman gətirməyən dörd oğlunun indi burada olması yəqin Məryəmi ruhlandırırdı (Mət. 13:55; Yəh. 7:5). İsanın ölümündən və dirilməsindən sonra ögey qardaşlarının düşüncə tərzi dəyişmişdi (1 Kor. 15:7).
18 Həvarilərin hansı məqsədlə bir yerə yığışdıqlarına da diqqət yetir: «Onların hamısı yekdilliklə və aramsız dua edirdilər» (Həv. 1:14). Birlikdə yığışmaq həmişə məsihi xidmətinin ayrılmaz hissəsi olub. Bir yerə yığışmaqda məqsədimiz bir-birimizi ruhlandırmaq, təlim və məsləhət almaq, ən əsası isə səmavi Atamız Yehovaya ibadət etməkdir. Həmin vaxt etdiyimiz dualar və oxuduğumuz həmd nəğmələri həm Yehovaya xoş gedir, həm də bizim üçün vacibdir. Gəl heç vaxt bu müqəddəs və ruhlandırıcı görüşləri tərk etməyək! (İbr. 10:24, 25).
19—21. a) Butrusun yığıncaqda fəal rol oynamasından nə öyrənirik? b) Nəyə görə Yəhudanı əvəz etmək lazım gəldi və bu məsələnin həll edilmə üsulundan nə öyrənə bilərik?
19 Məsihin bu davamçıları vacib təşkilati məsələ ilə üzləşdilər. Həvari Butrus bu işdə məsuliyyəti öz üzərinə götürdü (15—26 ayələr). Ağasını üç dəfə inkar etdikdən sonra bu həftələr ərzində Butrusun öz düşüncəsində, baxışlarında və həyatında dəyişiklik etməsi məgər ruhlandırıcı deyil? (Mark 14:72). Hamımız günaha meyilliyik və yadda saxlamalıyıq ki, Yehova səmimi-qəlbdən tövbə edənlərə qarşı kəramətli və bağışlayandır (Zəb. 86:5).
20 Butrus başa düşürdü ki, İsaya xəyanət edən Yəhudanı kimsə əvəz etməlidir. Amma kim? Yeni həvari İsanın xidməti boyu onun ardınca getmiş və dirilməsinin canlı şahidi olmuş şagirdlərdən biri olmalıdır (Həv. 1:21, 22). Bu, İsanın «mənim ardımca gələn sizlər də on iki taxtda oturub İsrailin on iki qəbiləsinə hakimlik edəcəksiniz» vədinə uyğun gəlirdi (Mət. 19:28). Görünür, Yehovanın niyyəti o idi ki, yer üzündəki xidməti zamanı İsanı müşayiət edən 12 həvari Yeni Yerusəlimin divarının «bünövrəsində on iki daş»ı təşkil etsin (Vəhy 21:2, 14). Buna görə də Yehova Butrusa «vəzifəsini başqası tutsun» peyğəmbərliyinin Yəhudaya aid olduğunu anlamağa kömək etdi (Zəb. 109:8).
21 On ikinci həvari necə seçildi? Müqəddəs Kitabın yazıldığı dövrdə geniş yayılmış bir üsulla, püşk atmaqla (Məs. 16:33). Ancaq püşk atmaqla seçim edildiyi haqda sonuncu dəfə Müqəddəs Kitabın bu yerində yazılıb. Görünür, müqəddəs ruh verildikdən sonra bu üsuldan istifadə edilmədi. Püşkün nəyə görə atıldığına diqqət yetir. Həvarilər dua etdilər: «Ey Yehova! Sən hər kəsin ürəyini bilirsən. Bu iki nəfərdən kimi seçdiyini bizə göstər» (Həv. 1:23, 24). Onlar istəyirdilər ki, seçimi Yehova etsin. Yehova Məttiyanı seçdi. Ehtimal ki, o, İsanın təbliğ etməyə göndərdiyi 70 şagirdin arasında idi. Beləliklə, Məttiya «on iki həvari»dən biri oldu c (Həv. 6:2).
22, 23. Nəyə görə yığıncaqda rəhbərliyi üzərinə götürənlərə tabe olmalıyıq?
22 Bu hadisə bizə Allahın xalqının təşkil olunmuş şəkildə fəaliyyət göstərməsinin vacibliyini xatırladır. Bizim günlərdə məsuliyyətli kişilər yığıncaqda nəzarətçi olmaq üçün seçilirlər. Ağsaqqallar Müqəddəs Kitabda nəzarətçilər üçün olan tələbləri diqqətlə nəzərdən keçirir və müqəddəs ruhun rəhbərlik etməsi üçün dua edirlər. Yığıncaq belə kişilərə müqəddəs ruhla təyin olunmuş insanlar kimi baxır. Hər birimizdən isə itaətli olmaq və onların rəhbərliyinə tabe olmaq gözlənilir. Bu, yığıncaqda əməkdaşlıq ruhunun olmasına kömək edir (İbr. 13:17).
23 İsanın dirilməsinin canlı şahidi olmaları və təşkilati dəyişikliklər bu şagirdlərin imanını möhkəmləndirmiş və onları baş verəcək mühüm hadisəyə hazırlamışdı. Növbəti fəsildə bu hadisəni araşdıracağıq.
a Luka «Müjdə»də həmin adama «möhtərəm Teofil» deyə müraciət etmişdi. Buna görə də bəzilərinin fikrincə, Teofil nüfuzlu şəxs olmuş, lakin həmin vaxt hələ məsihiliyi qəbul etməmişdi (Luka 1:3). «Həvarilərin işləri» kitabında isə Luka ona sadəcə «ey Teofil» deyə müraciət edir. Bəzi alimlər hesab edirlər ki, Teofil Lukanın «Müjdə»sini oxuduqdan sonra məsihi olub və onların fikrincə, məhz buna görə Luka ona ruhani qardaşı kimi müraciət edir.
b Müqəddəs Kitabın bu ayəsində yunanca «forma» mənasını verən morfe yox, «tərz» mənasını daşıyan tropos sözü işlənir.
c Bulus sonralar «digər xalqlara göndərilmiş həvari» kimi təyin edilsə də, onun adı heç vaxt 12 həvarinin sırasında çəkilməyib (Rom. 11:13; 1 Kor. 15:4—8). İsa yer üzündə olarkən Bulus onun ardınca getmirdi, buna görə də bu şərəfə layiq olmaq üçün lazımi tələblərə cavab vermirdi.