Kontentə keç

Mündəricatı göstər

Fəsil 32

Allah İsanı necə qorudu?

Allah İsanı necə qorudu?

HƏRDƏN Yehova balaca olduqları üçün özlərini müdafiə edə bilməyənləri heyrətamiz tərzdə qoruyur. Əgər sən kənddə olmusansa, yəqin Yehovanın bunu necə etdiyini görmüsən. Amma ola bilsin, əvvəlcə nə baş verdiyini başa düşməmisən.

Bəlkə də bir quş sənin yanında yerə qonub. Əvvəlcə elə bilmisən ki, o, yaralıdır. Ona yaxınlaşmaq istəyəndə qanadının birini sürüyə-sürüyə səndən uzaqlaşıb. Nə qədər çalışmısan, ona çata bilməmisən ki, bilməmisən. Birdən quş uçub gedib. Sən demə, onun qanadına heç nə olmayıbmış! Bilirsən, quş nə üçün belə edirdi? ~

Qonduğu yerin yaxınlığında quş öz balalarını kolda gizlətmişdi. Ana quş qorxurdu ki, sən onları tapıb zərər vurarsan. Buna görə də özünü yaralı kimi göstərib səni oradan uzaqlaşdırdı. Bəs bilirsən, balalarını qoruyan ana quş kimi, bizi kim qoruya bilər? ~ Müqəddəs Kitabda Yehova öz balalarına kömək edən qartala bənzədilir (Qanunun təkrarı 32:11, 12).

Bu quş öz balalarını necə qoruyur?

Yehovanın ən sevimli övladı əziz Oğlu İsadır. İsa göydə olanda Atası kimi qüdrətli ruhani şəxsiyyət idi. O, öz qayğısına qala bilirdi. Amma yer üzündə uşaq kimi doğulanda aciz idi. Gərək onu kimsə qoruyardı.

Yer üzündə Allahın tapşırdığı işi yerinə yetirmək üçün İsa böyüməli, kamil, yetkin insan olmalı idi. Amma Şeytan onu öldürməyə çalışırdı ki, bu baş verməsin. Balaca İsanı öldürmək cəhdləri və Yehovanın onu necə qoruması çox maraqlı əhvalatdır. İstəyirsən, bunu sənə danışım? ~

İsanın doğulmasından az sonra Şeytan elə etdi ki, şərq tərəfdə göydə ulduza oxşar bir şey parlamağa başladı. Ulduzları öyrənən münəccimlər ulduzun dalınca düşüb yüzlərlə kilometr uzaqdan Yerusəlimə gəldilər. Burada onlar soruşdular ki, yəhudilərin padşahı olacaq körpə harada dünyaya gəlməlidir. Müqəddəs Kitabda nə deyildiyini bilən adamlardan bu haqda xəbər alanda onlar: ‘Bet-Lexemdə’, — deyə cavab verdilər (Matta 2:1—6).

Münəccimlər İsaya baş çəkəndən sonra Allah İsanı xilas etmək üçün onlara nə etməyi tapşırdı?

Yerusəlimin zalım padşahı Hirod yaxınlıqdakı Bet-Lexem şəhərində təzəcə dünyaya gələn yeni padşah haqqında eşidəndə münəccimlərə dedi: ‘Körpəni axtarıb tapın, sonra geri qayıdıb mənə xəbər verin’. Bilirsən, nəyə görə Hirod İsanın harada doğulduğunu bilmək istəyirdi? ~ Çünki Hirod paxıl idi və onu öldürmək istəyirdi!

Allah Öz Oğlunu necə qorudu? ~ Münəccimlər İsanı tapanda ona hədiyyələr verdilər. Sonra Allah yuxuda münəccimlərə xəbərdarlıq etdi ki, Hirodun yanına qayıtmasınlar. Buna görə də onlar Yerusəlimə qayıtmadılar, başqa yolla öz evlərinə getdilər. Hirod münəccimlərin çıxıb getdiyini biləndə qəzəbləndi. İsanı öldürmək məqsədilə Bet-Lexemdə iki yaşa kimi bütün oğlan uşaqlarını öldürməyi əmr etdi! Amma İsa artıq orada deyildi.

Bilirsən, İsa necə xilas oldu? ~ Münəccimlər evlərinə gedəndən sonra Yehova Məryəmin əri Yusifə xəbərdarlıq etdi ki, qalxıb Misirə qaçsın. Burada zalım Hirodun əli ona çatmayacaqdı. İllər sonra, Məryəm və Yusif İsa ilə birlikdə Misirdən qayıdanda Allah yenə də Yusifə xəbərdarlıq etdi. Yuxuda ona dedi ki, Nazaretə köçsün, çünki orada İsa sağ-salamat böyüyə bilərdi (Matta 2:7—23).

Balaca İsa yenidən necə xilas olundu?

Görürsən, Yehova Öz Oğlunu necə xilas etdi? ~ Necə fikirləşirsən, ana quşun kolluqda gizlətdiyi balalara, yaxud balaca İsaya kim bənzəyir? ~ Məgər sən onlara oxşamırsan? ~ Sənə də pislik etmək istəyənlər var. Bilirsən, onlar kimdir? ~

Müqəddəs Kitabda deyilir ki, Şeytan bizi yemək istəyən, nərə çəkən aslana bənzəyir. Həm də aslanlar adətən balaca heyvanları hədəfə aldığı kimi, Şeytan və onun cinləri də balaca uşaqları hədəfə alırlar (1 Peter 5:8). Amma Yehova Şeytandan qat-qat güclüdür. O, Öz övladlarını qoruya, yaxud Şeytanın onlara etdiyi pisliyi aradan qaldıra bilər.

Şeytanın və onun cinlərinin bizi nəyə təhrik etmək istədiyi haqda 10-cu fəsildən oxuduqların yadında qalıb? ~ Bəli, onlar çalışırlar ki, biz Allahın gözündə düzgün olmayan şəkildə cinsi əlaqəyə girək. Amma yalnız kimlər cinsi əlaqəyə girə bilərlər? ~ Bəli, əks cinsdən olub bir-biri ilə evli olan iki böyük adam.

Ancaq təəssüf ki, bəzi böyüklər uşaqlarla cinsi əlaqəyə girməyi xoşlayırlar. Belə olanda oğlan və qızlar bu böyüklərdən öyrəndikləri pis şeyləri təkrar edirlər. Onlar da öz cinsiyyət üzvlərindən düzgün olmayan tərzdə istifadə etməyə başlayırlar. Qədim zamanlarda Sodom şəhərində məhz belə şey baş vermişdi. Müqəddəs Kitabda deyilir ki, ‘balaca oğlandan qoca kişiyə qədər’ oradakı adamların hamısı Lutun evinə gələn kişilərlə cinsi əlaqəyə girmək istəmişdi (Yaradılış 19:4, 5).

Beləliklə, İsa kimi, səni də pis adamlardan qorumaq lazımdır. Belə ki, bəzi böyüklər, hətta uşaqlar belə səninlə cinsi əlaqəyə girmək istəyə bilərlər. Adətən belə adamlar özlərini elə aparırlar ki, guya sənin dostundurlar. Onlar hətta sənə nə isə təklif edə bilərlər ki, səninlə nə etmək istədiklərini heç kimə söyləməyəcəyinə söz verəsən. Amma bu adamlar Şeytan və onun cinləri kimi xudbindirlər və onları yalnız həzz almaq maraqlandırır. Özü də bu həzzi uşaqlarla cinsi əlaqəyə girərək almağa çalışırlar. Bu, olduqca pis hərəkətdir!

Bilirsən, onlar həzz almaq üçün nə edə bilərlər? ~ Əllərini, hətta öz cinsiyyət orqanlarını sənin cinsiyyət üzvlərinə sürtə bilərlər. Amma sən heç kimə sənin cinsiyyət üzvlərinlə oynamağa icazə vermə. Heç öz bacına, qardaşına, yaxud ata-anana da.

Kimsə sənə düzgün olmayan şəkildə toxunmağa çalışsa, nə deməli və nə etməlisən?

Özünü belə pis işlər görən adamlardan necə qoruya bilərsən? ~ İlk növbədə, heç kimi sənin cinsiyyət orqanlarınla oynamağa qoyma. Əgər kimsə belə etmək istəsə, qətiyyətlə və ucadan: «Əlini çək! Mən hər şeyi deyəcəyəm!» — de. Həmin adam desə ki, bütün bunların baş verməsində sən günahkarsan, ona inanma. Bu düz deyil. Onun kim olmasından asılı olmayaraq, mütləq gedib hər şeyi danış! O hətta desə ki, baş verənlər təkcə səninlə onun arasında qalacaq, yenə də olanları demək lazımdır. Hətta sənə qəşəng hədiyyələr versə də, yaxud səni qorxutsa da, dərhal onun yanından uzaqlaşıb hər şeyi xəbər ver.

Bu o demək deyil ki, indi sən həmişə qorxmalısan. Yox, sadəcə ehtiyatlı ol. Valideynlərin deyəndə ki, hansısa adamlar və ya yerlər sənin üçün təhlükəli ola bilər, onlara qulaq as. Belə etsən, pis adamlar sənə heç nə edə bilməyəcəklər.

Düzgün olmayan cinsi hərəkətlərdən özünü qorumaq haqqında Yaradılış 39:7—12; Süleymanın məsəlləri 4:14—16; 14:15, 16; 1 Korinflilərə 6:18 və 2 Peter 2:14 ayələrindən oxu.