Kontentə keç

Mündəricatı göstər

Fəsil 43

Bizim bacı-qardaşlarımız kimlərdir?

Bizim bacı-qardaşlarımız kimlərdir?

BİR dəfə Böyük Müəllim təəccüb doğuran bir sual verdi. O soruşdu: «Mənim anam və qardaşlarım kimlərdir?» (Matta 12:48). Sən bu suala cavab verə bilərdin? ~ Yəqin bilirsən ki, İsanın anasının adı Məryəm idi. Bəs onun qardaşlarının adını bilirsən? ~ Görəsən, onun bacıları da var idi? ~

Müqəddəs Kitabda deyilir ki, İsanın qardaşlarının adı «Yaqub, Yusif, Şimon və Yəhuda» idi. İsanın bacıları da var idi. O təbliğ edəndə onlar hələ yaşayırdılar. İsa ailənin ilk uşağı olduğundan bacı-qardaşları ondan kiçik idi (Matta 13:55, 56; Luka 1:34, 35).

Bəs İsanın qardaşları da onun şagirdləri idi? ~ Müqəddəs Kitabda deyilir ki, onlar əvvəlcə «Ona iman etmirdilər» (Yəhya 7:5). Lakin sonralar Yaqub və Yəhuda onun şagirdi oldular, hətta Müqəddəs Kitabın bəzi kitablarını da yazdılar. Bilirsən, onlar hansı kitabları yazıblar? ~ Düz deyirsən, «Yaqub» və «Yəhuda» kitablarını.

Müqəddəs Kitabda İsanın bacılarının adı çəkilməsə də, biz bilirik ki, onun ən azı iki bacısı var idi. Amma çox da ola bilərdi. Bəs bacıları onun davamçısı oldular? ~ Biz bunun cavabını bilmirik, çünki Müqəddəs Kitabda bu haqda heç nə deyilmir. Bilirsən, nə üçün İsa: «Mənim anam və qardaşlarım kimlərdir?» — deyə soruşmuşdu? ~ Gəl bunun səbəbini araşdıraq.

İsa şagirdlərini öyrədəndə bir nəfər onun sözünü kəsib dedi: «Budur, anan və qardaşların Səninlə danışmaq istəyərək çöldə durublar». İsa da vacib bir şeyi başa salmaq üçün fürsətdən istifadə edərək soruşdu: «Mənim anam və qardaşlarım kimlərdir?» O, əli ilə şagirdlərini göstərib nida etdi: «Budur, Mənim anam və Mənim qardaşlarım!»

Sonra İsa nə demək istədiyini izah etmək üçün onlara dedi: «Kim Mənim Səmavi Atamın iradəsini yerinə yetirirsə, Mənim qardaşım, bacım və anam da odur» (Matta 12:47—50). Bundan İsanın öz şagirdlərini nə qədər çox istədiyi görünür. O, bununla demək istəyirdi ki, şagirdləri ona doğma bacı, qardaş və ana kimidirlər.

İsanın sözlərinə görə, onun bacı-qardaşları kimlər idi?

Həmin vaxt İsanın qardaşları — Yaqub, Yusif, Şimon və Yəhuda İsanın Allahın Oğlu olduğuna inanmırdılar. Yəqin onlar Cəbrayıl mələyin analarına dediyi sözlərə də inanmırdılar (Luka 1:30—33). Buna görə də, ola bilsin, onlar İsa ilə pis davranırdılar. Bu cür davranan adamı əsil bacı, yaxud qardaş adlandırmaq olmaz. Sən bacısı və ya qardaşı ilə pis rəftar edən adam tanıyırsan? ~

Müqəddəs Kitabda Esavla Yaqub haqqında yazılıb. Orada deyilir ki, Esav bir dəfə qardaşına bərk hirslənərək demişdi: ‘Qardaşım Yaqubu öldürəcəyəm’. Onların anası Rivqa elə qorxmuşdu ki, Yaqubu Esavın əlindən qurtarmaq üçün uzağa göndərmişdi (Yaradılış 27:41—46). Lakin çox illər keçəndən sonra Esav dəyişdi və qardaşını görəndə boynuna sarılıb, onu öpdü (Yaradılış 33:4).

Sonralar Yaqubun 12 oğlu oldu. Amma onun böyük oğulları kiçik qardaşları Yusifi sevmirdilər. Atası onu hamıdan çox istədiyi üçün ona paxıllıq edirdilər. Buna görə onu Misirə gedən qul tacirlərinə satdılar. Sonra atalarına dedilər ki, Yusifi vəhşi heyvan parçalayıb (Yaradılış 37:23—36). Bu, dəhşətdir, düz demirəm? ~

Sonralar Yusifin qardaşları hərəkətlərinə görə peşman oldular. Yusif də onları bağışladı. Deyə bilərsən, Yusif İsaya nədə bənzəyirdi? ~ Dar ayaqda həvariləri İsanı qoyub qaçmışdılar, Peter isə hətta onu tanımadığını demişdi. Amma Yusif kimi, İsa da onların hamısını bağışlamışdı.

Qabilin Habili öldürməsindən özümüzə hansı dərsi götürürük?

Bundan başqa, Qabil və Habil adında iki qardaş da var idi. Biz onlardan da özümüzə ibrət dərsi götürə bilərik. Allah görürdü ki, Qabilin ürəyində qardaşına qarşı həqiqi məhəbbət yoxdur. Buna görə də ona səhv yoldan dönməyi söylədi. Əgər Qabil Allahı həqiqətən də sevsəydi, Onun sözünə qulaq asardı. Amma o, Allahı sevmirdi. Bir gün o, Habilə dedi: ‘Gəl çölə gedək’. Habil də onunla getdi. Onlar orada tək olanda Qabil qardaşını elə möhkəm vurdu ki, o öldü (Yaradılış 4:2—8).

Müqəddəs Kitabda deyilir ki, biz bundan özümüzə vacib dərs götürməliyik. Bilirsən, hansı dərsi? ~ «Başlanğıcdan bəri eşitdiyiniz təbliğ budur ki, biz bir-birimizi sevək, Şərirdən olan, öz qardaşını öldürən Qabil kimi olmayaq». Beləliklə, bacı-qardaşlar bir-birilərini çox istəməlidirlər. Onlar Qabil kimi olmamalıdırlar (1 Yəhya 3:11, 12).

Nəyə görə Qabilə oxşamaq yaxşı olmazdı? ~ Çünki Müqəddəs Kitabda deyilir ki, o, «Şərirdən», yəni Şeytan İblisdəndir. Qabil Şeytan kimi hərəkət etdiyi üçün elə bil onun atası Şeytan idi.

İndi başa düşdün, nəyə görə bacı-qardaşlarını çox istəməlisən? ~ Əgər onları sevməsən, deməli, kimin uşaqları kimi davranmış olacaqsan? ~ Şeytanın. Sən belə davranmaq istəməzdin, yox? ~ Bəs onda Allahın övladı olmaq istədiyini necə sübut edə bilərsən? ~ Bacı-qardaşlarını səmimi-qəlbdən sevməklə.

Bəs məhəbbət nədir? ~ Məhəbbət bizi başqaları üçün yaxşı işlər görməyə təşviq edən daxilimizdəki dərin hissdir. Biz başqalarına yaxşı münasibət bəsləyəndə və onlara yaxşılıq edəndə onları çox istədiyimizi göstəririk. Bəs bizim bacı və qardaşlarımız kimlərdir? ~ Yadındadırsa, İsa öyrədirdi ki, onlar böyük məsihçi ailəsini təşkil edən adamlardır.

Qardaşını sevdiyini necə göstərə bilərsən?

Məsihçi bacı-qardaşlarımızı sevmək nə dərəcədə vacibdir? ~ Müqəddəs Kitabda deyilir: «Gördüyü qardaşını [yaxud bacısını] sevməyən, görmədiyi Allahı necə sevə bilir?» (1 Yəhya 4:20). Beləliklə, məsihçi ailəsinin yalnız bəzi üzvlərini sevmək düzgün olmazdı. Biz onların hamısını sevməliyik. İsa demişdi: «Əgər bir-birinizə qarşı məhəbbətiniz olsa, bundan hər kəs Mənim şagirdlərim olduğunuzu biləcək» (Yəhya 13:35). Sən bacı-qardaşların hamısını sevirsən? ~ Yadında saxla, əgər belə olmasa, sən heç vaxt Allahı ürəkdən sevə bilməyəcəksən.

Bacı-qardaşlarımızı həqiqətən çox istədiyimizi necə göstərə bilərik? ~ Əgər biz onları seviriksə, danışmaq istəmədiyimiz üçün onlardan uzaq gəzməyəcəyik. Biz hamı ilə mehriban davranacağıq. Həmişə onlara qarşı xeyirxah və səxavətli olacağıq. Dara düşəndə, onlara yardım əlimizi uzadacağıq. Axı biz böyük bir ailəyik.

Əgər biz bütün bacı-qardaşlarımızı seviriksə, bu nəyi sübut edir? ~ Bu, Böyük Müəllim olan İsanın şagirdləri olduğumuzu göstərir. Məgər bizim də istədiyimiz elə bu deyil? ~

Bacı-qardaşlarımıza məhəbbət göstərməyin vacibliyi haqqında həmçinin Qalatiyalılara 6:10 və 1 Yəhya 4:8, 21 ayələrində də yazılıb. Nəyə görə öz Müqəddəs Kitabını açıb bu ayələri oxumayasan?