Kontentə keç

Mündəricatı göstər

Fəsil 5

«Bu Mənim Oğlumdur»

«Bu Mənim Oğlumdur»

UŞAQLAR özlərini yaxşı aparanda valideynləri sevinir. Balaca qızı hansısa yaxşı iş görəndə atası fəxrlə başqalarına deyir: «Bu, mənim qızımdır». Yaxud oğlu yaxşı bir şey edəndə atası sevinclə deyir: «Bu, mənim oğlumdur».

İsa da həmişə Atasının xoşuna gələn şeyləri edir. Buna görə də Atası onunla fəxr edir. Yadındadır, bir gün İsa üç şagirdi ilə birgə olanda Atası nə etmişdi? ~ Bəli, Allah göydən onun şagirdlərinə demişdi: «Bu Mənim sevimli Oğlumdur, Ondan çox məmnunam» (Matta 17:5).

İsa həmişə Atasının xoşuna gələn işləri görməkdən sevinc duyur. Bilirsən, nəyə görə? Çünki o, Atasını həqiqətən sevir. Əgər adam hansısa işi məcburi etsə, bu, ona çətin görünəcək, ancaq həvəslə etsə, iş ona asan gələcək. Bilirsən, nəyisə həvəslə etmək nə deməkdir? ~ Bu, ürəkdən, istəyərək etmək deməkdir.

Hətta yer üzünə gəlməzdən əvvəl də İsa Atasının ona tapşırdığı hər işi həvəslə görürdü. Çünki o, Atasını, Yehova Allahı sevir. Göydə Atasının yanında olanda İsa çox xoşbəxt idi. Lakin Allah İsaya xüsusi bir tapşırıq verdi. Bu tapşırığı yerinə yetirmək üçün İsa göyü tərk etməli və yer üzündə uşaq kimi doğulmalı idi. O, bunu etməyə hazır idi, çünki bunu ondan Yehova istəyirdi.

Cəbrayıl mələk Məryəmə nə dedi?

Yer üzündə uşaq kimi doğulmaq üçün İsanın anası olmalı idi. Bilirsən, onun anası kim oldu? ~ Onun adı Məryəm idi. Yehova göydən Cəbrayıl mələyi Məryəmin yanına göndərdi. Cəbrayıl ona dedi ki, onun oğlu olacaq və körpənin adını İsa qoyacaqlar. Bəs uşağın atası kim olacaqdı? ~ Mələk dedi ki, onun Atası Yehova Allah olacaq. Buna görə də İsaya Allahın Oğlu deyiləcək.

Səncə, Məryəm buna necə yanaşdı? ~ O: «Yox, mən İsanın anası olmaq istəmirəm», — dedimi? Xeyr, Məryəm Allahın istəyini yerinə yetirməyə hazır idi. Bəs Allahın Oğlu göydə yaşaya-yaşaya yer üzündə uşaq kimi necə doğula bilərdi? İsanın doğulması başqa uşaqların doğulmasından nə ilə fərqlənirdi? Sən bunu bilirsən? ~

Allah bizim ilk valideynlərimiz Adəmlə Həvvanı elə yaratmışdı ki, onlar bir-birilə birləşə bilsinlər. Bundan sonra ananın bətnində körpə böyüyə bilərdi. İnsanlar deyirlər ki, bu, əsil möcüzədir! Mən əminəm ki, sən də bununla razılaşacaqsan.

Lakin bu dəfə Allah daha böyük möcüzə etdi. O, Oğlunun həyatını göydən Məryəmin bətninə köçürdü. Həmin vaxtadək Allah belə şey etməmişdi, ondan sonra da etmədi. Beləliklə, başqa uşaqlar analarının bətnində böyüdüyü kimi, İsa da Məryəmin bətnində böyüməyə başladı. Bundan sonra Məryəm Yusiflə ailə qurdu.

İsanın doğulmaq vaxtı yaxınlaşanda Məryəmlə Yusif Bet-Lexem şəhərində idilər. Lakin şəhərdə adam elə çox idi ki, Məryəmlə Yusif qalmağa ev tapmadılar. Buna görə də onlar tövlədə qalmalı oldular. Orada İsa dünyaya gəldi və şəkildə gördüyün kimi, onu axura qoydular. Axur inəklər və başqa heyvanlar üçün yem qoyulan yerdir.

Nəyə görə İsanı axura qoyurlar?

İsa doğulan gecə qeyri-adi şeylər baş verdi. Bet-Lexem yaxınlığında bir mələk çobanlara görünüb onlarla danışdı. Mələk dedi ki, İsa adi insan deyil. O dedi: «Mən sizə, bütün xalqı çox sevindirəcək bir müjdə gətirmişəm. Bu gün insanları xilas edəcək bir nəfər doğuldu» (Luka 2:10, 11).

Bu mələklərdən biri çobanlara hansı şad xəbəri çatdırıb?

Mələk çobanlara bildirdi ki, onlar İsanı Bet-Lexemdə, axurda yatan tapacaqlar. Sonra göydə başqa mələklər həmin mələyə qoşularaq Allaha həmd etdilər. Mələklər oxuyurdular: ‘Allaha izzət və yer üzündəki adamlara sülh olsun!’ (Luka 2:12—14).

Mələklər qeyb olandan sonra çobanlar Bet-Lexemə gedib İsanı tapdılar. Onlar Yusiflə Məryəmə eşitdikləri bütün yaxşı şeyləri danışdılar. İsanın anası olmağa razı olduğu üçün Məryəmin necə sevindiyini təsəvvür edə bilərsən?

Sonra Yusif və Məryəm İsanı götürüb Nazaret şəhərinə getdilər. İsanın uşaqlığı orada keçdi. O böyüyəndə vacib işə — insanları öyrətməyə başladı. Bu, Yehova Allahın Öz Oğluna tapşırdığı işin bir hissəsi idi. İsa bu işi həvəslə görürdü, çünki səmavi Atasını çox sevirdi.

İsa Böyük Müəllim kimi öz işinə başlamazdan əvvəl, Vəftizçi Yəhya onu İordan çayında vəftiz etdi. O zaman heyrətamiz bir hadisə baş verdi! İsa sudan çıxan kimi Yehova göydən dedi: «Bu Mənim sevimli Oğlumdur, Ondan çox məmnunam» (Matta 3:17). Valideynlərin səni sevdiyini deyəndə sevinmirsən? ~ Əmin ola bilərik ki, İsa da sevinirdi.

İsa həmişə düzgün davranırdı. O, heç vaxt özünü başqası kimi qələmə vermirdi. O, insanlara özünün Allah olduğunu demirdi. Cəbrayıl mələk Məryəmlə söhbətində demişdi ki, İsa Allahın Oğlu adlanacaq. İsa özü də deyirdi ki, o, Allahın Oğludur. O, heç vaxt Atasından çox bildiyini demirdi. İsa demişdi: «Ata Məndən üstündür» (Yəhya 14:28).

Hətta göylərdə olanda da İsa Atasının dediyi hər şeyi yerinə yetirirdi. O: «Yaxşı, edərəm», — deyib, sonra isə başqa şey etmirdi. O, Atasını sevirdi. Bir sözlə, İsa Atasının sözünə qulaq asırdı. O, yer üzünə gələndən sonra da səmavi Atası onu hansı iş üçün göndərmişdisə, onu yerinə yetirirdi. İsa vaxtını başqa işlərə sərf etmirdi. Elə buna görə də Yehova Oğlundan razıdır!

Biz də Yehovanı razı salmaq istəyirik, elə deyil? ~ Onda İsa kimi, Allaha həqiqətən də qulaq asdığımızı göstərməliyik. Allah bizimlə Müqəddəs Kitab vasitəsilə danışır. Yaxşı olmazdı ki, özümüzü Allaha qulaq asan kimi göstərək, əslində isə Müqəddəs Kitaba uyğun gəlməyən şeylərə inanaq və pis işlər görək. Sən belə fikirləşmirsən? ~ Həmçinin yadda saxla ki, əgər Yehovanı həqiqətən seviriksə, onda Onu razı salmaq bizə sevinc gətirəcək.

İndi Müqəddəs Kitabdan İsa haqqında nələri bilməli və nələrə inanmalı olduğumuzu göstərən bu ayələri oxu: Matta 7:21—23; Yəhya 4:25, 26 və 1 Timoteyə 2:5, 6.