Kontentə keç

Mündəricatı göstər

Fəsil 7

İtaətkarlıq səni qoruyur

İtaətkarlıq səni qoruyur

İSTƏYƏRDİN ürəyin nə istəyirsə, onu da edəsən? Heç kim sənə deməsin ki, bu olar, o olmaz? İndi isə düzünü de görüm nə düşünürsən? ~

Nə üçün özündən böyüklərin sözünə baxmaq lazımdır?

Amma hansı daha yaxşıdır? Ürəyin istəyəni etmək ağıllı hərəkətdir, yoxsa ata-anaya qulaq asmağın axırı yaxşı olur? ~ Allah deyir ki, sən valideynlərinə qulaq asmalısan. Əgər belədirsə, deməli, buna bir səbəb olmalıdır. Gəl görək, bu, hansı səbəbdir.

Sənin neçə yaşın var? ~ Bəs bilirsən, atanın neçə yaşı var? ~ Anan, nənən və ya baban neçə yaşındadır? ~ Onlar səndən çox yaşayıblar. İnsan nə qədər çox yaşayırsa, öyrənməyə o qədər çox vaxtı olur. O, ildən-ilə daha çox şey eşidir, görür və edir. Buna görə də balacalar böyüklərdən çox şey öyrənə bilərlər.

Səndən yaşca kiçik olan kimisə tanıyırsan? ~ Sən çox bilirsən, yoxsa o? ~ Nəyə görə sən ondan çox bilirsən? ~ Çünki sən ondan çox yaşamısan və sənin öyrənməyə daha çox vaxtın olub.

Səndən, məndən və bütün başqa adamlardan çox yaşayan kimdir? ~ Yehova Allah. O, səndən də, məndən də çox bilir. Allah bizə nə isə etməyi deyəndə əmin ola bilərik ki, hətta çətin olsa belə, bunu etmək düzgündür. Sən bilirsənmi ki, Böyük Müəllim üçün də bir dəfə itaət etmək çətin olub?

Bir dəfə Allah İsaya çox çətin bir tapşırıq vermişdi. Şəkildə gördüyün kimi, İsa bu haqda Allaha dua etmişdi. O demişdi: «Əgər istəyirsənsə, bu kasanı Məndən uzaqlaşdır». Belə dua etməklə İsa göstərdi ki, Allahın iradəsini yerinə yetirmək həmişə asan olmur. Bəs bilirsən, İsa duasının sonunda nə demişdi? ~

İsanın duasından nə öyrənirik?

İsa duasını bu sözlərlə tamamlamışdı: «Mənim iradəm deyil, qoy Səninki olsun» (Luka 22:41, 42). Bəli, o, özünün yox, Allahın istəyinin yerinə yetməsini arzulayırdı. İsa geri çəkilmədi, özünün düzgün saydığı kimi yox, Allahın istədiyi kimi davrandı.

Biz bundan nə öyrənirik? ~ Öyrənirik ki, hərdən asan olmasa da, Allahın dediyini etmək həmişə düzgün hərəkətdir. Lakin bundan başqa bir şey də öyrənirik. Bilirsən, nə? ~ Bəzi insanların fikirləşdiyi kimi, Allah və İsa eyni şəxs deyil. Yehova Allah Oğlu İsadan böyükdür və ondan çox bilir.

Biz Allaha tabe olanda Onu sevdiyimizi göstəririk. Müqəddəs Kitabda deyilir: «Allahı sevmək, Allahın əmrlərinə riayət etmək deməkdir» (1 Yəhya 5:3). Beləliklə, gördün ki, hamımıza Allaha tabe olmaq lazımdır. Yəqin sən də Ona tabe olmaq istəyirsən, düzdür? ~

Gəl Müqəddəs Kitabımızı açaq və baxaq görək, Allah uşaqlara nə etməyi söyləyir. İndi səninlə Efeslilərə 6-cı fəsilin 1, 23-cü ayələrini oxuyacağıq. Orada deyilir: «Ey uşaqlar, Rəbb yolunda valideynlərinizə itaət edin, çünki bu ədalətlidir. “Atana və anana hörmət et ki, sənə səadət yar olsun və yer üzündə uzunömürlü olasan”. Bu, daxilində vəd olan ilk əmrdir».

Beləliklə, görürük ki, atana və anana tabe olmağı sənə söyləyən Yehova Allahdır. Onlara ‘hörmət etmək’ nə deməkdir? Bu o deməkdir ki, onların qədrini bilmək lazımdır. Həmçinin Allah vəd edir ki, valideynlərinə qulaq assan, ‘sənə səadət yar olacaq’.

İstəyirəm, itaətkar olduqları üçün ölümdən qurtulan insanlar haqqında sənə bir əhvalat danışım. Həmin insanlar çox-çox illər əvvəl böyük şəhər olan Yerusəlimdə yaşayırdılar. Həmin şəhərdəki adamların əksəriyyəti Allaha qulaq asmırdı. Buna görə də İsa onlara xəbərdarlıq etdi ki, Allah onların şəhərini darmadağın edəcək. O həm də dedi ki, əgər düzgün davransalar, xilas ola bilərlər. Ancaq necə? O demişdi: ‘Qoşunların Yerusəlimi mühasirə etdiyini gördüyünüz zaman bilin ki, onun viranəliyinin vaxtı yaxınlaşmışdır. O zaman Yerusəlimdə olanlar oradan çıxsınlar və dağlara qaçsınlar’ (Luka 21:20—22).

İsanın göstərişinə tabe olmaq bu insanları necə xilas etdi?

Hər şey İsanın dediyi kimi oldu: Roma qoşunları Yerusəlimə hücum etmək üçün gəlib şəhərin ətrafında düşərgə saldılar. Sonra nə üçünsə əsgərlər geri döndülər. Çoxları fikirləşirdilər ki, artıq təhlükə sovuşub. Buna görə də şəhərdə qaldılar. Bəs İsa onlara nə etməyi tapşırmışdı? ~ Sən o vaxt Yerusəlimdə yaşasaydın, nə edərdin? ~ İsaya həqiqətən də inananlar öz evlərini tərk etdilər və dağlara — Yerusəlimdən uzağa qaçdılar.

Bir il keçdi, Yerusəlimdə heç nə baş vermədi. İki il keçdi. Üçüncü il də ötdü, amma heç nə olmadı ki, olmadı. Ola bilsin, bəziləri fikirləşirdilər ki, şəhərdən gedənlər ağılsızdırlar. Lakin dördüncü ildə Roma qoşunları geri qayıtdı və Yerusəlimin ətrafında düşərgə saldı. Artıq çox gec idi. Qaçmaq mümkün deyildi. Bu dəfə qoşunlar şəhəri yerlə yeksan etdilər. Şəhərdəki adamların əksəriyyəti öldü, qalanları isə əsir aparıldı.

Bəs İsanın sözünə qulaq asanlarla nə baş verdi? ~ Onlar Yerusəlimdən çox uzaqda idilər. Buna görə də onlara heç nə olmadı. İtaətkarlıq onları qorudu.

Bəs sən sözəbaxan uşaq olsan, bu, səni qoruyacaq? ~ Ola bilər, valideynlərin sənə deyir ki, maşın yolunda oynama. Onlar niyə belə deyirlər? ~ Çünki səni maşın vura bilər. Ancaq hərdən düşünə bilərsən: «Onsuz da indi yolda maşın yoxdur. Mənə heç nə olan deyil. Başqa uşaqlar da yolda oynayırlar, amma hələ görməmişəm ki, onlara nə isə olsun».

Nə üçün heç bir təhlükə görməyəndə də, itaətkar olmalıyıq?

Yerusəlimdəki əksər insanlar da bu cür düşünürdülər. Roma qoşunları geri çəkiləndən sonra camaatda arxayınlıq yarandı. Camaat gördü ki, əhalinin əksəriyyəti şəhərdə qalıb, buna görə də heç yana getmədi. Onlara xəbərdarlıq olunmuşdu, lakin onlar qulaq asmadılar. Nəticədə, həyatlarını itirdilər.

Gəl başqa bir nümunəyə nəzər salaq. Sən heç kibritlə oynamısan? ~ Kibritin necə alışdığına baxmaq maraqlı görünə bilər, ancaq bu, çox təhlükəlidir. Kibritlə oynamaqla sən bütün evi yandırar, hətta öz həyatını da itirə bilərsən!

Unutma, hərdənbir sözə qulaq asmaq azdır. Ancaq həmişə itaətkar olsan, bu, səni sözün əsil mənasında qoruyacaq. Bir də ki, sənə: ‘Ey uşaqlar, valideynlərinizə itaət edin’, — deyən kimdir? ~ Allah. Həm də unutma ki, O, səni sevdiyi üçün belə deyir.

İndi itaətkarlığın vacibliyini göstərən bu ayələri oxu: Süleymanın məsəlləri 23:22; Vaiz 12:13; Yeşaya 48:17, 18 və Koloslulara 3:20.