Kontentə keç

Mündəricatı göstər

Fəsil 42

Nə üçün işləmək lazımdır?

Nə üçün işləmək lazımdır?

SƏNİN ən çox nə xoşuna gəlir, işləmək, yoxsa oynamaq? ~ Düzdür, oynamaqda pis bir şey yoxdur. Müqəddəs Kitabda Yerusəlimin ‘meydanlarının orada oynayan oğlan və qız uşaqları ilə dolacağından’ danışılır (Zəkəriyyə 8:5).

Uşaqların oynamağına baxmaq Böyük Müəllimin xoşuna gəlirdi. Yer üzünə gəlməzdən əvvəl o demişdi: «Rəbbin yanında memar [«mahir usta», YD] idim... Hüzurunda həmişə sevinirdim». Diqqət yetir ki, İsa göydə Yehova ilə birlikdə işləyirdi. Göydə olarkən o demişdi: «Bəşər övladlarına görə fərəhlənirdim». Bəli, əvvəlki fəsillərdə öyrəndiyimiz kimi, Böyük Müəllim hamıya, eləcə də uşaqlara səmimi maraq göstərirdi (Süleymanın məsəlləri 8:30, 31).

Yer üzünə gəlməzdən əvvəl Böyük Müəllimə nə sevinc gətirirdi?

Necə fikirləşirsən, İsanın özü də balaca olanda oynayırdı? ~ Yəqin ki, oynayırdı. Bəs göydə «mahir usta» olan İsa görəsən yer üzündə olanda da işləyirdi? ~ İsanı «dülgər oğlu» adlandırırdılar. Bundan başqa, ona «dülgər» də deyirdilər. Bu nəyi göstərir? ~ İsanı öz oğlu kimi böyüdən Yusif, görünür, bu sənəti ona öyrətmişdi. Beləliklə, İsa da dülgər olmuşdu (Matta 13:55; Mark 6:3).

İsa necə dülgər idi? ~ Necə fikirləşirsən, o, göydə mahir usta olduğu kimi, yerdə də məharətli dülgər idi? ~ Gəl həmin dövrdə dülgərliyin nə qədər çətin peşə olduğuna diqqət yetirək. Çox güman ki, İsa meşəyə getməli, ağac kəsməli, onu doğramalı, taxta parçalarını evə gətirməli, sonra onlardan stol, stul və başqa şeylər düzəltməli idi.

Səncə, bu iş İsaya zövq verirdi? ~ Əgər sən başqaları üçün gözəl stollar, stullar və digər şeylər düzəltsəydin, sevinərdin? ~ Müqəddəs Kitabda deyilir ki, insanın ‘etdiyi işdən zövq alması’ yaxşıdır. İşdən aldığımız zövqü oynamaqdan ala bilmərik (Vaiz 3:22).

Doğrudan da, iş bizə həm əqli, həm də fiziki fayda gətirir. Uşaqların çoxu günlərini televizora baxmaqla, ya da videooyunlar oynamaqla keçirirlər. Belə uşaqlar kökəlir, gücsüz olur və heç nədən sevinc duymurlar. Onlar heç başqalarına da sevinc gətirmirlər. Xoşbəxt olmaq üçün biz nə etməliyik? ~

Bu kitabın 17-ci fəslində öyrənmişdik ki, vermək və başqaları üçün nə isə etmək insana sevinc gətirir (1 Timoteyə 1:11). Müqəddəs Kitabda deyilir ki, Yehova xoşbəxt Allahdır. «Süleymanın məsəlləri»ndə oxuduğumuz kimi, İsa Allahın ‘hüzurunda həmişə sevinirdi’. Səncə, İsanı sevindirən nə idi? ~ «Atam indiyədək işləməkdədir, Mən də işləyirəm», — deyərək o, bunun səbəblərindən birini açıqladı (Yəhya 5:17).

Yer üzündə yaşayanda İsa ömür boyu dülgər işləməmişdi. Yehova Allah ona xüsusi bir iş tapşırmışdı. Bilirsən, hansı işi? ~ İsa demişdi: ‘Allahın Padşahlığının müjdəsini yaymalıyam, çünki Mən bunun üçün göndərilmişəm’ (Luka 4:43). Hərdən İsanın təbliğ etdiyi adamlar ona iman gətirir və ondan eşitdiklərini başqalarına çatdırırdılar. Məsələn, onlardan biri şəkildə gördüyün samariyalı qadındır (Yəhya 4:7—15, 27—30).

İsa yer üzündə yaşayanda hansı iki işlə məşğul olurdu?

İsa bu işə necə yanaşırdı? Səncə, onu yerinə yetirmək istəyirdi? ~ İsa demişdi: «Mənim yeməyim Məni Göndərənin iradəsini yeritmək və Onun işini tamamlamaqdır» (Yəhya 4:34). Sevdiyin xörəyi yemək sənə nə qədər ləzzət verir? ~ Bunun üzərində düşünməklə Allahın tapşırdığı işi İsanın nə qədər xoşladığını başa düşmək olar.

Allah bizi elə yaradıb ki, işləməkdən məmnunluq duyuruq. Allah demişdi ki, insanın öz ‘zəhmətindən zövq alması’ Onun insana olan hədiyyəsidir. Buna görə də kiçik yaşlarında işləməyi öyrənsən, bütün həyatın sevinc içində keçəcək (Vaiz 5:19).

Düzdür, balaca uşaqlar böyüklərin işini görə bilməzlər. Buna baxmayaraq, hamımız hansısa işi görə bilərik. Ola bilər, valideynlərin hər gün işləyib pul qazanırlar ki, sizin yeməyiniz və qalmağa yeriniz olsun. Bundan başqa, evi və həyət-bacanı təmiz və səliqəli saxlamaq üçün də çox iş görmək lazımdır.

Bütün ailəyə kömək etmək üçün hansı işləri görmək olar? ~ Süfrəni açmaq, qabları yumaq, zibili atmaq, otağını təmizləmək və oyuncaqlarını yerinə qoymaq olar. Bəlkə də, sən artıq bu işlərdən bəzilərini görürsən. Bu işlərin həqiqətən də bütün ailəyə xeyri dəyir.

Oynayandan sonra oyuncaqları yerinə yığmaq nəyə görə vacibdir?

Gəl görək, bu işlərin ailəyə hansı xeyri dəyir? Oynayandan sonra oyuncaqları yerinə yığmaq lazımdır. Səncə, bu nəyə görə vacibdir? ~ Bunun sayəsində ev təmiz qalacaq və heç kimə xətər dəyməyəcək. Yox əgər oyuncaqlarını yerinə yığmasan, bir gün anan əlidolu otağa girəndə onlardan biri onun ayağının altında qalar, o büdrəyər və yıxılıb əzilər. Onu hətta xəstəxanaya aparmaq lazım gələ bilər. Bu, çox pis olardı, elə deyil? ~ Buna görə də oynayandan sonra oyuncaqlarını yerinə qoysan, bunun hamıya xeyri dəyəcək.

Uşaqların etməli olduqları başqa iş də var. Məsələn, ev tapşırığı. Məktəbdə sən oxumağı öyrənirsən. Bəzi uşaqların oxumaqdan xoşu gəlsə də, digərlərinə bu, çətin gəlir. Əvvəlcə çətin görünsə də, yaxşı oxumağı öyrənsən, sonra özünün də xoşuna gələcək. Oxumağı bacaranda çoxlu maraqlı şeylər öyrənəcəksən. Sən hətta Allahın kitabını, Müqəddəs Kitabı da oxuya biləcəksən. Buna görə də ev tapşırıqlarını yaxşı yerinə yetirmək həqiqətən də faydalıdır, elə deyil? ~

Bəzi insanlar işləmək istəmirlər. Yəqin sən də belələrini tanıyırsan. Amma Allah bizi işləmək üçün yaratdığından biz işdən zövq almağı öyrənməliyik. Böyük Müəllimin öz işindən nə dərəcədə xoşu gəlirdi? ~ O, bundan sevdiyi yemək qədər zövq alırdı. Bəs o, hansı işdən bəhs edirdi? ~ O, insanlara Yehova Allah haqqında və əbədi həyatı necə ala biləcəkləri barədə danışırdı.

Beləliklə, işdən zövq almağa bizə bir şey kömək edə bilər. Özündən soruş: «Bu işi nəyə görə görmək lazımdır?» Hansısa işi görməyin nə üçün vacib olduğunu biləndə onu etmək asan olur. İşin böyük və ya kiçik olmasından asılı olmayaraq, onu canla-başla yerinə yetir. Əgər işini yaxşı görsən, Böyük Müəllim kimi sən də əllərinin işindən sevinc duyacaqsan.

Müqəddəs Kitab işimizi yaxşı görməyə bizə kömək edə bilər. Süleymanın məsəlləri 10:4; 22:29; Vaiz 3:12, 13 və Koloslulara 3:23 ayələrində yazılanları oxu.