Kontentə keç

Mündəricatı göstər

Fəsil 30

Qorxuya necə üstün gələ bilərik?

Qorxuya necə üstün gələ bilərik?

YEHOVAYA xidmət etmək sənin üçün asandır? ~ Böyük Müəllim bunun asan olacağını deməmişdi. O, ölümündən əvvəl həvarilərinə söyləmişdi: «Əgər dünya sizə nifrət edərsə, bilin ki, sizdən əvvəl Mənə nifrət etmişdir» (Yəhya 15:18).

Peter İsanı heç vaxt tərk etməyəcəyi ilə öyünürdü, amma İsa dedi ki, Peter həmin gecə üç dəfə onu inkar edəcək. Bu, belə də oldu! (Matta 26:31—35, 69—75). Axı belə şey necə baş verə bilərdi? ~ Çünki Peter, eləcə də başqa həvarilər qorxuya düşdü.

Bilirsən, həvarilər nəyə görə qorxdular? ~ Onlar vacib bir şeyi etməmişdilər. Bunu öyrənmək bizə kömək edəcək ki, insanların nə deməsindən, yaxud nə etməsindən asılı olmayaraq, Yehovaya xidmət etməyə davam edək. Ancaq gərək əvvəlcə İsanın həvariləri ilə birlikdə keçirdiyi sonuncu gecə baş verənləri nəzərdən keçirək.

Əvvəlcə onlar birlikdə Pasxanı qeyd etdilər. Bu xüsusi yemək hər il onların Misir köləliyindən qurtulduqlarını yadlarına salırdı. Sonra İsa onlara başqa xüsusi yemək verdi. Bu haqda sonrakı fəsildə danışacağıq və həmin yeməyin İsanı yadda saxlamağa bizə necə kömək etdiyini izah edəcəyik. Həmin yeməkdən və həvarilərinə dediyi ruhlandırıcı sözlərdən sonra İsa onları Getsamani bağına apardı. Bura onların sevimli yeri idi və onlar tez-tez ora gedirdilər.

İsa dua etmək üçün onlardan ayrılıb qabağa getdi. O, Peterə, Yaquba və Yəhyaya da dua etməyi tapşırdı. Lakin onları yuxu apardı. Orada üç dəfə İsa dua etmək üçün çıxıb getdi, hər dəfə də qayıdanda Peteri və o biri həvariləri yatmış tapdı! (Matta 26:36—47). Bilirsən, nəyə görə onlar ayıq qalıb dua etməli idilər? ~ Gəl baxaq.

Nə üçün Peter, Yaqub və Yəhya oyaq qalmalı idilər?

Həmin axşam Pasxa yeməyini yeyərkən Yəhuda İskaryot da İsa və başqa həvarilərlə birlikdə idi. Yəqin yadındadır ki, Yəhuda oğurluq etməyə başlamışdı. İndi isə o satqınlıq etdi. O, bilirdi ki, İsa həvariləri ilə tez-tez Getsamani bağına gedirdi. Buna görə də əsgərləri gətirdi ki, İsanı tutsunlar. Onlar ora gələndə İsa soruşdu: «Kimi axtarırsınız?»

Əsgərlər: «İsanı», — deyə cavab verdilər. İsa qorxmurdu, ona görə də irəli çıxıb: «Mənəm», — dedi. İsanın cəsarətini görən əsgərlər elə heyrətə düşdülər ki, geri çəkilib yerə yıxıldılar. Sonra İsa dedi: ‘Əgər məni axtarırsınızsa, həvarilərimi buraxın getsinlər’ (Yəhya 18:1—9).

Əsgərlər İsanı tutub əllərini bağlayanda həvariləri qorxub qaçdılar. Amma Peter və Yəhya nə baş verəcəyini görmək istəyirdilər, buna görə də uzaqdan-uzağa onların ardınca getdilər. Axırda İsanı baş kahin Qayafanın evinə gətirdilər. Baş kahin Yəhyanı tanıyırdı, buna görə də qapıçı Peterlə onu həyətə buraxdı.

Kahinlər məhkəmə qurmaq üçün artıq Qayafanın evinə yığışmışdılar. Onlar İsanı öldürmək istəyirdilər. Buna görə də onun haqqında yalan danışan şahidlər gətirmişdilər. Adamlar İsanı yumruqlayır və şillələyirdilər. Bütün bunlar baş verəndə Peter yaxınlıqda durmuşdu.

Peterlə Yəhyanı içəri buraxan qulluqçu qızın gözü Peterə sataşdı. O dedi: ‘Sən də İsa ilə bərabər idin’. Amma Peter nəinki bunu, hətta İsanı tanıdığını da inkar etdi. Bir qədər vaxtdan sonra başqa qız Peteri tanıdı və yanındakılara dedi: ‘Bu adam da İsa ilə bir yerdə idi’. Bu dəfə də Peter onu tanıdığını inkar etdi. Bir qədər sonra bir neçə nəfər Peteri görüb dedi: «Doğrudan, sən də onlardansan». Peter üçüncü dəfə: «O Adamı tanımıram», — deyərək bunu inkar etdi. Peter hətta and içib həqiqəti söylədiyini dedi, elə bu zaman İsa çevrilib ona baxdı (Matta 26:57—75; Luka 22:54—62; Yəhya 18:15—27).

Nəyə görə Peter qorxuya düşüb İsanı tanıdığını dandı?

Bilirsən, Peter niyə yalan danışdı? ~ Bəli, çünki o qorxdu. Bəs o, nə üçün qorxdu? Cəsarətli olmaq üçün o nə etməli idi? Gəl fikirləşək. İsa cəsarətli olmaq üçün nə etmişdi? ~ O, Allaha dua etmişdi, Allah da ona cəsarət vermişdi. Bir şeyi də unutma, İsa üç dəfə Peterə dua etməyi, yatmayıb oyaq olmağı tapşırmışdı. Amma Peter nə etmişdi? ~

Peter hər dəfə yuxuya gedirdi. O nə dua edir, nə də ayıqlığı qoruyurdu. Buna görə də İsanın tutulması onun üçün gözlənilməz oldu. Sonra məhkəmədə camaat İsanı vurub onun üçün sui-qəsd hazırlayanda Peter qorxuya düşdü. Bəs cəmi bir neçə saat əvvəl İsa həvarilərini nədən xəbərdar etmişdi? ~ İsa demişdi ki, dünya ona nifrət etdiyi kimi, onlara da nifrət edəcək.

Sən Peterin düşdüyü vəziyyətlə necə qarşılaşa bilərsən?

İndi gəl görək biz Peterin düşdüyü vəziyyətlə necə qarşılaşa bilərik. Tutaq ki, sən sinifdə oturmusan. Bu zaman bayrağa təzim etməyənlər və ad gününü qeyd etməyənlər haqqında pis danışmağa başlayırlar. Birdən kimsə dönüb səndən soruşur: «Sən doğrudan bayrağa baş əymirsən?» Yaxud başqaları deyir: «Eşitmişik, sən heç ad gününü də qeyd etmirsən!» İndi nə edəcəksən, həqiqəti deməyə qorxacaqsan? ~ Peter kimi sən də yalan danışacaqsan? ~

Peter İsanı tanıdığını inkar etdiyi üçün sonra çox peşman oldu. Nə etdiyini başa düşəndə bayıra çıxıb hönkür-hönkür ağladı. Bəli, o, yenidən İsanın yanına geri döndü (Luka 22:32). İndi gəl düşünək. Qorxuya düşüb Peter kimi hərəkət etməməyə bizə nə kömək edər? ~ Yadda saxla, Peter nə dua etdi, nə də ayıqlığı qorudu. Deməli, Böyük Müəllimin davamçısı olmaq üçün biz nə etməliyik? ~

Biz mütləq dua edib Yehovadan kömək istəməliyik. Bilirsən, İsa dua edəndə Allah nə etdi? ~ Onu möhkəmləndirmək üçün mələyini göndərdi (Luka 22:43). Allahın mələkləri bizə də kömək edə bilərlər? ~ Müqəddəs Kitabda deyilir: ‘Rəbbin mələyi ondan qorxanların ətrafında ordu qurar və onları qurtarar’ (Məzmur 34:7, KM). Amma Allahdan kömək almaq üçün təkcə dua etmək kifayət deyil. Bilirsən, bundan başqa nə etmək lazımdır? ~ İsa davamçılarına ayıq-sayıq olmağı söylədi. Necə fikirləşirsən, biz bunu necə edə bilərik? ~

Bizə məsihçi görüşlərində deyilənlərə qulaq asmaq və Müqəddəs Kitabdan oxuduqlarımıza diqqət yetirmək lazımdır. Amma bununla yanaşı, Yehovaya müntəzəm dua etməli və Ona xidmət etmək üçün Ondan kömək istəməliyik. Əgər belə etsək, qorxuya üstün gəlmək üçün Allah bizə kömək edəcək. O zaman başqalarına Böyük Müəllim və onun Atası haqda danışmaq üçün imkan düşəndə sevinəcəyik.

Növbəti ayələr bizə insanlardan qorxub səhv hərəkət etməməyə kömək edəcək: Süleymanın məsəlləri 29:25; Yeremya 26:12—15, 20—24 və Yəhya 12:42, 43.