Kontentə keç

Mündəricatı göstər

Fəsil 15

Xeyirxahlıq dərsi

Xeyirxahlıq dərsi

BİR adamı tanımadan onun pis olduğunu düşünmək, səncə, düzgündür? ~ Xeyr. Bu, ona bənzəyərdi ki, kimsə sadəcə fərqli göründüyü və ya başqa dildə danışdığı üçün bizim ondan xoşumuz gəlməsin.

Səncə, belə düşünmək düzgündür? ~ Yox. Belə düşünmək nə düz olardı, nə də yaxşı. Kimsə sadəcə bizə oxşamadığı üçün onunla pis davranmaq olmaz.

Gəl bu haqda da düşünək. Dərisinin rəngi səninkindən fərqli olan, yaxud başqa dildə danışan adam tanıyırsan? ~ Ola bilsin, şikəst və ya xəstə olduğu üçün başqalarından fərqli görünən adamları da tanıyırsan. Səndən fərqli görünən insanları sevir və onlara yaxşılıq edirsənmi? ~

Bizdən fərqli görünən insanlarla necə davranmalıyıq?

Əgər Böyük Müəllim İsa Məsihə qulaq assaq, hamıya qarşı xeyirxah olacağıq. Hansı ölkədən olmasından və ya dərisinin rəngindən asılı olmayaraq, biz insanlar arasında fərq qoymamalıyıq. Hamıya qarşı xeyirxah olmalıyıq. Hər kəs belə davranmasa da, İsa məhz bunu öyrədirdi. Gəl bir az bu haqda danışaq.

Başqalarını bəyənməyən bir yəhudi İsaya yaxınlaşıb ona sual verdi: ‘Əbədi yaşamaq üçün mən nə etməliyəm?’ İsa bilirdi ki, bu insan onun ağzından: «Yalnız öz irqindən və ya millətindən olanlara qarşı xeyirxah olmaq lazımdır» sözlərini eşitmək istəyir. Buna görə də suala cavab vermək əvəzinə, İsa ondan soruşdu: ‘Allahın Qanununa görə, biz nə etməliyik?’

Həmin adam belə cavab verdi: ‘Allahımız Yehovanı bütün ürəyimizlə, qonşumuzu isə özümüz kimi sevməliyik’. İsa dedi: ‘Düz deyirsən. Buna həmişə riayət et, onda əbədi yaşayacaqsan’.

Ancaq bu adam ona bənzəməyənlərə qarşı xeyirxah və məhəbbətli olmaq istəmirdi. Buna görə də özünə haqq qazandırmağa çalışırdı. O, İsadan soruşdu: ‘Bəs mənim qonşum kimdir?’ Yəqin o istəyirdi ki, İsa ona belə cavab versin: ‘Sənin qonşuların elə sənin öz dostlarındır’ və ya ‘Onlar sənə oxşayan insanlardır’. Amma İsa suala cavab vermək üçün yəhudi və samariyalı haqqında bir hekayə danışdı. Hekayə belə idi:

Günlərin bir günü bir nəfər Yerusəlimdən Yerixoya getmək üçün yola çıxmışdı. O adam yəhudi idi. Bir xeyli getdikdən sonra quldurlar onun yolunu kəsdilər, döyüb şil-küt etdilər, pullarını və paltarlarını götürüb, özünü də yarımcan halda yolun kənarında qoyub getdilər.

Bir qədər sonra bir kahin bu yoldan keçirdi. O, pis günə salınmış bu adamı gördü. Sən olsaydın, nə edərdin? ~ Kahin isə ayaq da saxlamadı, yolun o biri tayına keçdi. O, həmin adama kömək etmək üçün heç barmağını da tərpətmədi.

Ondan sonra həmin yoldan çox dindar olan başqa birisi keçirdi. O, Yerusəlimdəki məbəddə xidmət edən levili idi. Görəsən, o kömək etmək üçün ayaq saxlayacaq? ~ Yox. O da kahin kimi hərəkət etdi.

Nəhayət, oradan bir samariyalı keçdi. Sən şəkildə onun üzüaşağı gəldiyini görürsən? ~ O, yaralı halda yerə sərilmiş yəhudini gördü. O vaxtlar samariyalılarla yəhudilərin bir-birini görməyə gözü yox idi (Yəhya 4:9). Maraqlıdır, görəsən, samariyalı nə edəcək? Üzünü çevirib gedəcək? Öz-özünə deyəcək: «Mən niyə ona kömək eləməliyəm? Guya mən onun yerində olsaydım, o, mənə kömək eləyərdi?»

Nəyə görə samariyalını yaxşı qonşu adlandırmaq olar?

Ancaq yolun qırağında yerə sərilmiş adamın halını görəndə samariyalının ona yazığı gəldi. Onu bu vəziyyətdə qoyub getməyə ürəyi gəlmədi. Buna görə də samariyalı eşşəkdən düşüb ona yaxınlaşdı. Yaralarını sağaltmaq üçün ora yağ və şərab tökdü, sonra əski parçası ilə sarıdı.

Samariyalı onu yerdən ehmalca qaldırıb eşşəyə mindirdi. Sonra onlar yavaş-yavaş gedərək mehmanxanaya gəlib çıxdılar. Samariyalı yaralı üçün bir otaq tutdu və onun qeydinə qaldı.

Hekayəni danışıb qurtarandan sonra İsa üzünü ona sual verən adama tutub soruşdu: ‘Səncə, bu üç adamdan hansı yaxşı qonşudur?’ Sən necə cavab verərdin? Kahin, levili, yoxsa samariyalı? ~

O cavab verdi: ‘Ayaq saxlayıb yaralıya kömək əlini uzadan adam yaxşı qonşudur’. İsa da ona dedi: ‘Düz deyirsən. Get, sən də elə hərəkət et’ (Luka 10:25—37).

Yaxşı hekayə idi, elə deyil? Buradan qonşumuzun kim olduğunu öyrəndik. Bizim qonşumuz təkcə yaxın dostlarımız, yaxud dərilərinin rəngi bizimkinə oxşayan və bizimlə eyni dildə danışan adamlar deyil. İsa bizi öyrədirdi ki, haradan olmasından, necə görünməsindən və hansı dildə danışmasından asılı olmayaraq, biz bütün insanlara yaxşılıq etməliyik.

Yehova Allah da məhz bu cür edir. O, başqası haqqında əvvəlcədən yanlış fikrə düşmür. İsa demişdi: ‘Göylərdə olan Atanız günəşinə əmr edir ki, pis və yaxşı adamların üzərinə doğsun, yaxşı olanlar ilə olmayanların üzərinə yağışlar göndərir’. Deməli, biz də Allah kimi, hamıya qarşı xeyirxah olmalıyıq (Matta 5:44—48).

Yaxşı qonşu olmaq üçün nə edə bilərsən?

Birdən kiminsə yaralı olduğunu gördün, nə edəcəksən? ~ Bəs əgər həmin adam başqa ölkədən olsa və ya dərisinin rəngi səninkindən fərqlənsə, onda necə? O, yenə də sənin qonşun olaraq qalır və sən ona kömək etməlisən. İşdir görsən, balaca olduğun üçün kömək edə bilmirsən, onda böyükləri, məsələn, polisi və ya müəllimi çağıra bilərsən. Onda sən samariyalı kimi xeyirxah davranmış olacaqsan.

Böyük Müəllim istəyirdi ki, biz xeyirxah olaq və kim olmasından asılı olmayaraq, hamıya kömək edək. Elə buna görə də o, xeyirxah samariyalı haqqında əhvalatı danışdı.

İrqindən və milliyyətindən asılı olmayaraq, insanlara qarşı xeyirxah olmağın vacibliyi haqqında Süleymanın məsəlləri 19:22; Həvarilərin işləri 10:34, 35 və 17:26 ayələrindən oxu.