Kontentə keç

Mündəricatı göstər

Fəsil 17

Xoşbəxt olmağın sirri

Xoşbəxt olmağın sirri

Nəyə görə Yehova xoşbəxt Allahdır?

BİZ hamımız xoşbəxt olmaq istəyirik, elə deyil? ~ Lakin çoxları əslində xoşbəxt deyillər. Bilirsən, nəyə görə? ~ Çünki onlar xoşbəxtliyin sirrini bilmirlər. Onlar düşünürlər ki, xoşbəxt olmaq üçün çox şey əldə etmək lazımdır. Lakin bu şeyləri əldə etdikdə onların duyduğu xoşbəxtlik çox çəkmir.

Bunun bir sirri var. Böyük Müəllim demişdi: ‘Vermək almaqdan daha böyük xoşbəxtlik gətirir’ (Həvarilərin işləri 20:35). Deməli, xoşbəxt olmaq üçün nə etmək lazımdır? ~ Düzdür, başqalarına nə isə vermək və onlar üçün nə isə etmək. Sən bunu bilirdin? ~

Gəl bunun üzərində bir az düşünək. İsa hədiyyəni qəbul edənin xoşbəxt olmayacağınımı dedi? ~ Yox, o, belə demədi. Kimsə sənə hədiyyə verəndə sevinirsən? ~ Hamı sevinir. Biz ürəyimizə yatan hədiyyə alanda sevinirik.

Ancaq İsa dedi ki, vermək daha böyük xoşbəxtlik gətirir. Səncə, insanlara ən çox hədiyyə verən kimdir? ~ Bəli, Yehova Allah.

Müqəddəs Kitabda deyilir ki, Allah ‘hamıya həyat, nəfəs və hər şey verir’. Torpaq məhsul versin və qidamız olsun deyə, Yehovanın istəyi ilə göydən yağış yağır və günəş yeri isidir (Həvarilərin işləri 14:17; 17:25). Buna görə də təəccüblü deyil ki, Yehova xoşbəxt Allahdır. İnsanlara nə isə vermək Allaha xoşbəxtlik gətirən şeylərdən biridir. Həmçinin belə etmək bizə də xoşbəxtlik gətirir.

Sənə daha çox nə sevinc gətirər: bütün kökələri tək yemək, yoxsa başqaları ilə bölüşmək?

Bəs biz başqalarına nə verə bilərik? Necə düşünürsən? ~ Bəzən hədiyyə vermək üçün pul lazım olur, çünki onu dükandan alırsan və əvəzində də pul verməlisən. Buna görə də belə hədiyyə vermək istəyirsənsə, onu almaq üçün pul yığmalısan.

Ancaq hər hədiyyəni dükandan almaq lazım gəlmir. Məsələn, yayın istisində bir stəkan sərin su insana ləzzət verir. Bunu susayan adama verəndə verməyin gətirdiyi xoşbəxtliyi duya bilərsən.

Tutaq ki, bir gün sən ananla kökə bişirirsən. Sən çox sevinirsən. Onun hamısını təkcə yeyə bilərsən. Amma səni daha çox nə xoşbəxt edəcək? ~ Bəli, onların bir neçəsini dostuna verə bilərsən. Arabir bunu etmək xoşuna gəlir? ~

Böyük Müəllim və onun bütün şagirdləri verməyin xoşbəxtlik gətirdiyini bilirdilər. Bilirsən, onlar başqalarına nə verirdilər? ~ Dünyada olan ən yaxşı şeyi! Onlar Allah haqqında həqiqəti bilirdilər və bu xoş xəbəri başqaları ilə sevinclə bölüşürdülər. Onlar yol vermirdilər ki, başqaları bunun əvəzində onlara pul versin.

Bir gün həvari Pavel və yaxın dostu Luka verməyin gətirdiyi xoşbəxtliyi duymaq istəyən bir qadına rast gəldilər. Bu hadisə çay qırağında baş vermişdi. Pavel ilə Luka eşitmişdilər ki, orada dua edilir, buna görə də ora üz tutdular. Onlar yanılmamışdılar, çünki ora gələndə bir neçə qadının dua etdiyini gördülər.

Pavel Yehova Allah və Onun Padşahlığı haqqında xoş xəbəri həmin qadınlara danışmağa başladı. Qadınlardan birinin adı Lidiya idi və o, Pavelə diqqətlə qulaq asırdı. Daha sonra bu xəbərdən xoşu gəldiyini göstərmək üçün Lidiya nə isə etmək istədi. Buna görə o, Pavel və Lukadan xahiş etdi: «Əgər məni Rəbbə sadiq saydınızsa, evimə gəlin və orada qalın». Lidiya onları dilə tutub evinə qonaq apardı (Həvarilərin işləri 16:13—15).

Lidiya Pavelə və Lukaya nə deyir?

Lidiya çox şad idi ki, Allahın xidmətçiləri onun evinə qonaq gəliblər. O, onları sevirdi, çünki onlar ona Yehova və İsa, həmçinin əbədi həyat haqqında öyrənməyə kömək etmişdilər. O, xoşbəxt idi ki, Pavel və Lukaya yeməyə xörək və dincəlməyə yer vermişdi. Lidiya bu şeyləri verməyi ürəkdən istədiyi üçün bu, ona sevinc gətirdi. Bunu həmişə yadda saxlamalıyıq. Kimsə bizə başqasına hədiyyə verməli olduğumuzu deyə bilər. Amma hədiyyəni candərdi veririksə, bu, bizə sevinc gətirməyəcək.

Nəyə görə Pavelin Lukanın qayğısına qalmaq Lidiyaya sevinc gətirdi?

Tutaq ki, səndə bir neçə konfet var və onları yemək istəyirsən. Onun yarısını başqa uşağa verməyi mən sənə desəm, onda onu vermək sənə sevinc gətirəcək? ~ Bəs əgər ən sevdiyin dostunu görəndə əlində bir neçə konfet olsa və sən özün konfetləri onunla bölüşmək istəsən, onda necə? Məgər bu, sənə sevinc gətirməyəcək? ~

Bəzən biz kimisə elə çox sevirik ki, hər şeyimizi ona vermək istəyirik. Allaha məhəbbətimiz artdıqca, Ona da hər şeyimizi vermək istəyəcəyik.

Nəyə görə bu kasıb qadın əlində olanı son qəpiyinədək verdiyi üçün xoşbəxt idi?

Böyük Müəllim kasıb bir qadının eyni hissləri keçirdiyinin şahidi olmuşdu. O, həmin qadını Yerusəlimdə məbəddə görmüşdü. Onun cəmi-cümlətanı iki xırda pulu var idi. Buna baxmayaraq, onları məbədə ianə, başqa sözlə, hədiyyə etdi. Bunu etməyə onu heç kim məcbur etməmişdi. Məbəddə olanların çoxunun onun nə etdiyindən heç xəbəri də olmadı. O, bunu sidqi-ürəkdən istədiyi və Yehovanı sevdiyi üçün etdi. Vermək ona xoşbəxtlik gətirdi (Luka 21:1—4).

Verməyin müxtəlif üsulları var. Onların bəzilərini sadalaya bilərsən? ~ Ürəkdən istəyərək versək, xoşbəxt olacağıq. Buna görə Böyük Müəllim bizə deyir: «Verin» (Luka 6:38). Bunu etsək, başqalarına xoşbəxtlik bəxş edəcəyik. Özümüz isə lap xoşbəxt olacağıq!

Gəl verməyin necə xoşbəxtlik gətirdiyi haqda daha çox məlumatı Matta 6:1—4; Luka 14:12—14 və 2 Korinflilərə 9:7 ayələrindən oxuyaq.