Kontentə keç

Mündəricatı göstər

DƏRS 9

Ailə səadəti

Ailə səadəti

1. Rəsmi nikah və ailə səadəti. Bunların arasında hansı bağlılıq var?

Xoş xəbərin mənbəyi olan Yehova Allah xoşbəxt Allahdır. O istəyir ki, bütün ailələr xoşbəxt olsun (1 Timutiyə 1:11). Nikahın banisi Odur. Rəsmi nikah ailə xoşbəxtliyi üçün zəruridir. Çünki nikah uşaqları boya-başa çatdırmaq üçün sağlam mühit yaradır. Məsihilər öz ölkələrinin nikah qeydiyyatı qanunlarına hörmətlə yanaşmalıdırlar. Luka 2:1, 4, 5 ayələrini oxuyun.

Allahın gözündə nikah necə olmalıdır? O istəyir ki, nikah telləri qırılmaz olsun. Yehova Allah tələb edir ki, ərlə arvad bir-birinə sadiq qalsın (İbranilərə 13:4). O, boşanmaya nifrət edir (Məlaki 2:16). Lakin tərəflərdən biri zina edərsə, xəyanətin qurbanı olan digər tərəf boşana bilər. İstəsə, başqası ilə ailə də qura bilər. Yehova buna icazə verir. Mətta 19:3—6, 9 ayələrini oxuyun.

2. Ərlə arvad bir-biri ilə necə rəftar etməlidir?

Yehova Allah kişi ilə qadını nikahda bir-birlərini tamamlamaq üçün yaradıb (Yaradılış 2:18). Ailənin başı ərdir. O, ailəsini dolandırmalı və arvad-uşağının Allaha yaxınlaşmasında təşəbbüskar olmalıdır. Ər öz arvadını canından artıq istəməlidir. Ərlə arvad bir-birini sevməli və hörmət göstərməlidir. Elə bir ər və ya arvad yoxdur ki, nöqsanı olmasın. Odur ki, ailənin xoşbəxtliyi üçün onlar bir-birini bağışlamağı öyrənməlidir. Efeslilərə 4:31, 32; 5:22, 33; 1 Butrus 3:7 ayələrini oxuyun.

3. Nikah xoşbəxt deyilsə, nə etməli?

Nikahınızda çətinliklər yarananda hər ikiniz onları məhəbbətlə yoluna qoymağa can atın (1 Korinflilərə 13:4, 5). Nikahdaxili problemlərin həlli kimi Müqəddəs Kitab ayrılmağı tövsiyə etmir. 1 Korinflilərə 7:10—13 ayələrini oxuyun.

4. Allah uşaqlara nə arzulayır?

Uşaqlar, Yehova Allah sizin xoşbəxt olmağınızı arzulayır. Gənclik çağlarınızın xoş keçməsi üçün O, gözəl nəsihətlər verir. O istəyir ki, siz valideynlərinizə qulaq asasınız, onların həyat təcrübəsindən, bilik və bacarıqlarından bəhrələnəsiniz (Koloslulara 3:20). Yehova Allah həmçinin istəyir ki, siz uşaqlar Ona xoş olan işlər görəsiniz. Bu, sizə sonsuz xoşbəxtlik gətirəcək. Vaiz 11:9—12:1; Mətta 19:13—15; 21:15, 16 ayələrini oxuyun.

5. Uşaqların xoşbəxtliyi üçün nə lazımdır?

Övladının əsil xoşbəxtliyini istəyən valideyn onun maddi rifahı üçün çalışmaqla yanaşı ona Allah haqqında bilik verməli, Allahı sevməyi öyrətməlidir (1 Timutiyə 5:8; Efeslilərə 6:4). Uşaq siz valideynlərin Allahı səmimi-qəlbdən sevdiyinizi görəndə bu, ona böyük təsir bağışlayır. Allahın Kəlamına əsaslanan tərbiyə uşağın zehnini düzgün inkişaf etdirir. Qanunun təkrarı 6:4—7; Məsəllər 22:6 ayələrini oxuyun.

Uşağı ruhlandıranda və tərifləyəndə o, qol-qanad açır. Eyni zamanda uşağa tərbiyə və nəsihət lazımdır, bu, onu pis əməllərdən qoruyacaq (Məsəllər 22:15). Amma valideyn övladına qarşı kobud və qəddar olmamalıdır. Koloslulara 3:21 ayəsini oxuyun.

Yehovanın Şahidləri valideynlərə və uşaqlara kömək etmək üçün Allahın Kəlamına əsaslanan bir neçə kitab nəşr etmişlər. Zəbur 19:7, 11 ayələrini oxuyun.