Kontentə keç

Mündəricatı göstər

FƏSİL 95

Boşanma məsələsi və uşaqlara məhəbbət

Boşanma məsələsi və uşaqlara məhəbbət

MƏTTA 19:1—15 MARK 10:1—16 LUKA 18:15—17

  • İSA MƏSİH ALLAHIN BOŞANMAYA MÜNASİBƏTİNİ İZAH EDİR

  • SUBAYLIQ ƏNAMI

  • UŞAQ KİMİ OLMAQ LAZIMDIR

İsa peyğəmbərlə şagirdləri Cəlilədən çıxıb cənuba yola düşürlər. Onlar İordan çayını keçib yollarını Pereya bölgəsindən salırlar. Keçən səfər Pereyada olarkən o, fərisilərlə boşanma haqqında söhbət etmişdi (Luka 16:18). İndi fərisilər onu sınamaq üçün yenidən bu məsələni qaldırırlar.

Musa peyğəmbər demişdir ki, kişi arvadını ləyaqətsizliyə görə boşaya bilər (Qanunun təkrarı 24:1). Boşanma ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəzilərinin fikrincə, hətta ən xırda səhv ləyaqətsiz bir şey sayılır. Buna görə də fərisilər soruşurlar: «Kişi istənilən səbəbə görə arvadını boşaya bilər?» (Mətta 19:3).

İsa peyğəmbər bu suala məharətlə cavab verir. Onun cavabı insan düşüncəsinə yox, nikahın Banisinin niyyətinə əsaslanır. O deyir: «Məgər oxumamısınız ki, Yaradan başlanğıcdan onları kişi və qadın olaraq yaradıb və belə deyib: “Buna görə də insan öz ata-anasını tərk edib arvadına bağlanacaq və ikisi bir bədən olacaq”? Beləliklə, onlar artıq iki yox, bir bədəndir. Buna görə də Allahın bir boyunduruqda birləşdirdiyini qoy heç kəs ayırmasın» (Mətta 19:4—6). Allah Adəmlə Həvvanı nikah telləri ilə birləşdirəndə onlara bu quruluşu pozmağa əsas verməmişdi.

Fərisilər etiraz edirlər: «Onda Musa nəyə görə arvada talaq kağızı verməyi buyurub onu boşamağa izin vermişdi?» (Mətta 19:7). İsa peyğəmbər onlara cavab verir: «Musa inadkar olduğunuza görə arvadınızı boşamağa izin vermişdi, halbuki başlanğıcdan belə olmayıb» (Mətta 19:8). «Başlanğıc» deyildikdə Musa peyğəmbərin vaxtı yox, Ədəndə nikah qurulan vaxt nəzərdə tutulur.

Sonra İsa Məsih vacib fikri açıqlayır: «Bilin və agah olun, kim arvadını əxlaqsızlıq [yunanca porneya] etdiyinə görə deyil, başqa səbəbə görə boşayıb özgəsi ilə evlənirsə, zina edir» (Mətta 19:9). Bəli, Allah yalnız əxlaqsızlıq üstündə boşanmağa izin verir.

Bunu eşidəndə şagirdlər deyir: «Əgər iş belədirsə, onda evlənməmək daha yaxşıdır ki!» (Mətta 19:10). Bəli, ailə qurmaq istəyən şəxs dərk etməlidir ki, bu birgünlük yox, əbədilik ittifaqdır!

İsa peyğəmbər subaylıqdan söz salır. O izah edir ki, bəziləri bədənində anadangəlmə qüsur olduğu üçün evlənə bilmir. Bəzilərini insanlar buna yararsız edib. Amma elələri də var ki, evlənmək və cinsi yaxınlıq etmək istəyini boğaraq subay qalır, özlərini bütünlüklə Padşahlığın işlərinə həsr edirlər. İsa peyğəmbər deyir: «Bu cür [subay] yaşamağı bacaran, qoy bu cür yaşasın» (Mətta 19:12).

Bu vaxt adamlar uşaqlarını İsa Məsihin yanına gətirirlər. Amma şagirdlər Məsihin boş yerə narahat olmasını istəmədikləri üçün camaatı danlayırlar. Lakin İsa peyğəmbər bunu görəndə öz narazılığını bildirir: «Qoyun uşaqlar yanıma gəlsinlər, onlara mane olmayın, çünki Allahın Padşahlığı belələrinə məxsusdur. Bilin və agah olun: Allahın Padşahlığını balaca uşaq kimi qəbul etməyən əsla ora girməyəcək» (Mark 10:14, 15; Luka 18:15).

Necə də gözəl dərsdir! Allahın Padşahlığında olmaq istəyiriksə, uşaq kimi təvazökar olmalı və öyrənməyə can atmalıyıq. İsa peyğəmbər uşaqları qucaqlayıb, onlara xeyir-dua verməklə uşaqlara öz məhəbbətini göstərir. O, Allahın Padşahlığını balaca uşaq kimi qəbul edənləri də belə sevir (Luka 18:17).