Kontentə keç

Mündəricatı göstər

FƏSİL 10

Yerusəlimə səyahət

Yerusəlimə səyahət

LUKA 2:40—52

  • ONİKİYAŞLI İSA MÜƏLLİMLƏRƏ SUALLAR VERİR

  • İSA PEYĞƏMBƏR YEHOVA ALLAHA ATA DEYƏ MÜRACİƏT EDİR

Bahar fəslidir. Hər il bu vaxtı Yusif ailəsini götürüb qohum-qonşuları ilə birgə Yerusəlimə ziyarətə gedir. Çünki Qanuna əsasən, onlar Pasxa bayramını qeyd etməlidirlər (Qanunun təkrarı 16:16). Yerusəlim Nasirə şəhərindən təxminən 120 kilometr aralıda yerləşir. Həmişəki kimi, səyahətqabağı hamı əl-ayağa düşüb. İsa artıq 12 yaşın içindədir, o, bu bayramı və yenidən məbəddə olmağı səbirsizliklə gözləyir.

İsa ailəsi ilə bura yalnız bir günlük gəlmir. Pasxa bayramının səhərisi günü yeddi gün davam edən Mayasız çörək bayramı başlayır (Mark 14:12). Bu, Pasxa bayramının bir hissəsi hesab olunur. Yol da daxil olmaqla, Nasirədən Yerusəlimə gedib-qayıtmaq iki həftə çəkir. Amma bu il İsanın başına gələn hadisəyə görə səyahət bir qədər uzanır. Bu xoşagəlməz hadisə Yerusəlimdən qayıdanda baş verir.

Qayıdan başı Yusiflə Məryəm elə fikirləşir ki, onlarla birgə olan qohum-qonşunun arasındadır. Amma gecələmək üçün dayananda görürlər ki, İsa yoxdur. Yusiflə Məryəm onu yol yoldaşları arasında axtarmağa başlayırlar, lakin tapa bilmirlər. Buna görə də təzədən Yerusəlimə qayıdası olurlar.

Düz iki gün onu durmadan axtarırlar, amma axtarışları boşa çıxır. Nəhayət, üçüncü gün onu çoxlu otaqları olan məbəddə tapırlar. İsa yəhudi müəllimlərinin arasında oturub onlara qulaq asır və suallar verir. Hamı onun ağlına heyran qalır.

Məryəm ondan soruşur: «Oğlum, sən niyə belə elədin? Atanla mən səni çox axtardıq, səni tapana qədər ürəyimizi yedik» (Luka 2:48).

İsa valideynlərinin onun harada olduğunu bilmədiklərinə təəccüblənir. O deyir: «Məni niyə axtarırdınız? Məgər bilmirdiniz ki, mən Atamın evində olmalıyam?» (Luka 2:49).

İsa valideynləri ilə birlikdə evə, Nasirəyə qayıdır. O, heç vaxt valideynlərinin sözündən çıxmır. İsa böyüyür və hikmətlə dolur. O, kiçik yaşlarından Allahın və insanların hüsn-rəğbətini qazanır. Bəli, İsa lap uşaqlıqdan həm ruhani işlərə can atmaqda, həm ata-anaya hörmət göstərməkdə gözəl nümunə qoyur.