FƏSİL 19
İsa peyğəmbər və səməriyyəli qadın
-
PEYĞƏMBƏR SƏMƏRİYYƏLİ QADINA VƏ BAŞQALARINA TƏLİM VERİR
-
ALLAHIN BƏYƏNDİYİ İBADƏT
Yəhudiyyədən şimala, Cəliləyə gedərkən İsa Məsihlə şagirdləri Səməriyyə bölgəsindən keçirlər. Yol onları lap əldən salıb. Buna görə yolçular günorta vaxtı dincəlmək üçün Sixar şəhəri yaxınlığındakı bir quyunun yanında dayanırlar. Bu quyu əsrlər öncə Yaqub peyğəmbərin ya öz əlləri ilə, ya da muzdlu işçiləri tərəfindən qazdığı quyudur. Bu quyu hal-hazırda da durur və müasir Nablus şəhərinin yaxınlığındadır.
İsa Məsih dincəlmək üçün orada qalır, şagirdləri isə yeməyə bir şey almaq üçün yaxınlıqdakı şəhərə gedirlər. Bu vaxt səməriyyəli bir qadın su üçün quyu başına gəlir. İsa ona müraciət edir: «Mənə içməyə su ver» (Yəhya 4:7).
Maraqlısı budur ki, dərin kök salmış ədavətə görə yəhudilərlə səməriyyəlilər bir-birilə kəlmə kəsmirdilər. Buna görə də qadın təəccüblə soruşur:
— Necə olur ki, sən yəhudi ola-ola məndən — səməriyyəli bir qadından su istəyirsən?
— Əgər sən Allahın ənamından xəbərdar olsaydın və səndən su istəyən adamın kim olduğunu bilsəydin, özün ondan su istəyərdin, o da sənə dirilik suyu verərdi.
— Ağa, quyu dərindir, sənin isə su çəkməyə heç çəlləyin də yoxdur. Səndə dirilik suyu haradandır? Məgər sən bu quyunu bizə vermiş, özü də, oğulları da, mal-qarası da buradan su içmiş atamız Yaqubdan da böyüksən? (Yəhya 4:9—12).
— Bu suyu içən hər bir adam yenə də susayacaq. Ancaq mənim verəcəyim sudan içən adam əsla susamayacaq. Bu su onun içində qaynayıb əbədi həyat verən bir çeşmə olacaq (Yəhya 4:13, 14).
Bəli, İsa Məsih yorğun olsa da, səməriyyəli qadına canla-başla xilasa aparan həqiqət sözlərini çatdırır. Sonra qadın deyir:
— Ağa, mənə də bu sudan ver ki, bir də susamayım və bura su dalınca gəlməyim.
İsa Məsih isə mövzunu dəyişərək deyir:
— Get, ərini də çağır, bura gəl.
— Mənim ərim yoxdur.
— Düz dedin, ərin yoxdur. Sənin beş ərin olub, ancaq indi yaşadığın kişi ərin deyil (Yəhya 4:15—18).
İsa peyğəmbərin dediyi sözlərdən sonra qadın hər şeyi başa düşür. O, heyrətlə deyir: «Ağa, görürəm sən peyğəmbərsən». Sonra əlavə edir: «Bizim əcdadlarımız [səməriyyəlilər] Allaha bu dağda [yaxınlıqdakı Qərizim dağında] ibadət ediblər, siz isə [yəhudilər] deyirsiniz ki, Allaha Yerusəlimdə ibadət etmək lazımdır» (Yəhya 4:19, 20). Səməriyyəli qadının bu sözləri göstərir ki, onun ruhani mövzulara marağı var.
Lakin İsa Məsih izah edir ki, harada ibadət edəcəyimiz önəmli deyil. O deyir: «Elə bir vaxt gələcək ki, siz Ataya nə bu dağda, nə də Yerusəlimdə ibadət edəcəksiniz». Sonra əlavə edir: «Elə bir vaxt gələcək ki və artıq gəlib də, Ataya düzgün ibadət edənlər ruha və həqiqətə uyğun ibadət edəcəklər. Çünki Ata Ona bu cür ibadət etmək istəyənləri axtarır» (Yəhya 4:21, 23, 24).
Bəli, Yehova Allah üçün harada ibadət edəcəyimiz yox, necə ibadət edəcəyimiz vacibdir. İsa peyğəmbərin sözlərindən qadının ürəyi riqqətə gəlir. O deyir: «Mən bilirəm ki, Məsih adlanan biri gələcək. O gələndə hər şeyi bizə açıq-aydın bildirəcək» (Onda peyğəmbər: «O, mənəm», — deyə vacib həqiqəti söyləyir (Yəhya 4:26). Bir fikir verin! Görün Məsih günorta vaxtı gələn qadına necə şərəf göstərir! O, hələ heç kimə Məsih olduğunu bu cür açıq-aşkar bildirməmişdi.
XEYLİ SƏMƏRİYYƏLİ İMANA GƏLİR
Şagirdlər Sixar şəhərindən azuqə alıb geri qayıdırlar. Onlar görürlər ki, İsa quyunun başında bir səməriyyəli qadınla söhbət edir. Şagirdlər yaxınlaşanda qadın səhəngini oradaca qoyub şəhərə gedir.
Qadın Sixara gəlib İsanın sözlərini bir-bir camaata danışır. O: «Ay camaat, gedin, gördüyüm bütün işləri mənə danışan adama baxın», — deyə camaatı səsləyir, sonra isə onlarda maraq oyatmaq üçün deyir: «Bəlkə, Məsih elə odur?» (Yəhya 4:29). Bu, çox vacib mövzudur, çünki ta Musa peyğəmbərin dövründən bu sual hamını maraqlandırır (Qanunun təkrarı 18:18). Elə buna görə də şəhər sakinləri Məsihi öz gözləri ilə görmək üçün yanına yollanırlar.
Bu arada şagirdlər İsaya yemək təklif edirlər, lakin İsa onlara deyir: «Mənim öz yeməyim var. Sizin ondan xəbəriniz yoxdur». Şagirdlər təəccüblə bir-birindən soruşurlar: «Məgər ona kimsə yemək gətirib?» Onda İsa Məsih bütün davamçıları üçün böyük məna kəsb edən fikir söyləyir: «Mənim yeməyim məni göndərənin iradəsini yerinə yetirmək və Onun buyurduğu işi tamamlamaqdır» (Yəhya 4:32—34).
İş deyərkən İsa Məsih təxminən dörd ay sonra başlayacaq taxıl biçinini yox, ruhani biçini nəzərdə tutur: «Başınızı qaldırın və tarlalara baxın, məhsul yetişib, biçinə hazırdır. Biçinçi artıq əməkhaqqını alır və əbədi həyat üçün məhsul Yəhya 4:35, 36).
yığır ki, əkən də, biçən də qoşa sevinsin» (İsa peyğəmbər qadınla etdiyi söhbətin bolluca bəhrə verdiyini dərhal görür. Bu qadının şəhadəti nəticəsində xeyli adam Məsihə iman gətirir. Çünki qadın şəhər əhlinə: «O, gördüyüm bütün işləri mənə danışdı», — deyərək şəhadət verir (Yəhya 4:39). Buna görə də Sixar camaatı İsanın yanına gəlib xahiş edir ki, o, yanlarında qalsın və onlarla ətraflı söhbət etsin. İsa dəvəti qəbul edir və iki gün Səməriyyədə qalır.
Səməriyyəlilər İsanı dinləyir və çoxlu adam ona iman edir. Onlar qadına deyirlər: «Biz indi yalnız sənin dediklərinə görə ona inanmırıq. Çünki onun sözlərini öz qulaqlarımızla eşitdik və bilirik ki, o, doğrudan da, dünyanın xilaskarıdır» (Yəhya 4:42). İsa Məsihin işləri haqqında danışarkən səməriyyəli qadın kimi, biz də adamlarda maraq oyadıb, onları daha çox öyrənməyə təşviq edə bilərik.
Xatırladaq ki, biçinə hələ dörd ay qalıb. Yəqin bu ərazidə yazda başlayan arpa biçini olacaq. İndi isə haradasa noyabr, ya da dekabr ayıdır. Belə çıxır ki, 30-cu ilin Pasxa bayramından sonra təxminən səkkiz ay İsa şagirdləri ilə Yəhudiyyədə qalıb camaata təlim verir və vəftiz edib. Hal-hazırda onlar yola düzəlib şimala, doğma Cəlilə bölgəsinə gedirlər. Görəsən, orada onları nə gözləyir?