Kontentə keç

Mündəricatı göstər

FƏSİL 33

Əşiya peyğəmbərin sözləri yerinə yetir

Əşiya peyğəmbərin sözləri yerinə yetir

MƏTTA 12:15—21 MARK 3:7—12

  • İZDİHAM İSA PEYĞƏMBƏRİN BAŞINA TOPLAŞIR

  • İSA PEYĞƏMBƏR ƏŞİYA PEYĞƏMBƏRİN SÖZLƏRİNİ YERİNƏ YETİRİR

Fərisilərin və Hirodçuların onu öldürmək üçün plan qurduqlarını biləndə İsa peyğəmbər şagirdləri ilə Cəlilə dənizinə gedir. Orada böyük bir izdiham onun yanına axışır. Cəlilədən, sahilyanı şəhərlər olan Sur və Sidondan, İordan çayının şərqindən, Yerusəlimdən və lap cənubda yerləşən İdumiyyədən də gələnlər var. O, onları sağaldır. Bu səbəbdən ağır xəstəlikdən əzab çəkənlər izdihamı yarıb qabağa keçməyə çalışırlar. Camaat İsa peyğəmbərin onlara toxunmasını gözləməyib özləri ona toxunmağa can atır (Mark 3:9, 10).

Adam əlindən tərpənmək olmur. İsa peyğəmbər şagirdlərinə bir qayığı hazırlamağı tapşırır ki, izdiham onu sıxışdırmasın deyə, qayığa minib sahildən bir qədər aralansın. O, oradan təlim verə, həmçinin qayıqla digər sahilboyu yerlərə gedib oradakı adamlara da kömək edə bilər.

İsa Məsihin şagirdi Mətta İncildə qeyd edir ki, Məsihin fəaliyyəti nəticəsində «Əşiya peyğəmbər vasitəsilə deyilmiş» peyğəmbərlik yerinə yetir (Mətta 12:17). İsa burada hansı peyğəmbərliyi yerinə yetirir?

«Budur, Mənim seçdiyim, ürəyimcə olan əziz qulum! Mən ona müqəddəs ruhumu verəcəyəm və o, xalqlara ədalətin nə olduğunu izah edəcək. O mübahisə etməyəcək, səsini qaldırmayacaq, baş küçələrdə səsi çıxmayacaq. Haqq-ədaləti zəfərə çatdırmayınca sınmış qamışı əzməyəcək, közərən piltəni söndürməyəcək. Ümmətlər onun adına ümid bağlayacaq» (Mətta 12:18—21; Əşiya 42:1—4).

Şübhəsiz ki, İsa peyğəmbər Allaha əziz və Onun ürəyincə olan bəndədir. O, saxta dini ənənələrlə üstünə örtük salınmış həqiqi ədalətin nə olduğunu insanlara aşkar edir. Fərisilər ədalətsizcəsinə Allahın qanununu öz istədikləri kimi təhrif edərək şənbə günü xəstə adama belə kömək etmirlər! İsa peyğəmbər Allahın ədalətini insanlara açıqlamaqla və Allahın ruhunun onun üzərində olduğunu göstərməklə onları bu haqsız ənənələrin buxovundan azad edir. Məhz buna görə din xadimləri onu öldürməyə çalışırlar. Bu, necə də acınacaqlıdır!

Bəs hansı mənada «o mübahisə etməyəcək, səsini qaldırmayacaq, baş küçələrdə səsi çıxmayacaq»? Adamlara şəfa verəndə İsa peyğəmbər onlara və ya cinlərə bərk-bərk tapşırır ki, heç kəsə «onun kim olduğunu deməsinlər» (Mark 3:12). O istəmir ki, camaat onun haqqında küçə və meydanlarda car çəkən adamların ağzından eşitsin, ya da onu dildən dilə gəzən müxtəlif şayiələr sayəsində tanısın.

İsa peyğəmbər həmçinin sındırılmış, ayaqlar altında tapdanmış qamışa bənzəyən insanlara nicat xəbəri gətirib. Bu adamlar sönüb qurtarmaq üzrə olan közərən piltəni xatırladırlar. İsa Məsih sınmış qamışı əzmir, közərən piltəni söndürmür. Əksinə, o, həlim insanlara şəfqət və məhəbbət göstərir, onları dirçəldir. Həqiqətən də, İsa Məsih bütün millətlər üçün ümid qaynağıdır!