Kontentə keç

Mündəricatı göstər

FƏSİL 59

İnsan oğlu kimdir?

İnsan oğlu kimdir?

MƏTTA 16:13—27 MARK 8:22—38 LUKA 9:18—26

  • PEYĞƏMBƏR KOR ADAMI SAĞALDIR

  • BUTRUS PADŞAHLIĞIN AÇARLARINI ALIR

  • PEYĞƏMBƏR ÖLÜB DİRİLƏCƏYİNİ DEYİR

İsa Məsih şagirdləri ilə Beytsəydaya gəlir. Onun yanına kor bir adamı gətirirlər və xahiş edirlər ki, bu adama toxunub onu sağaltsın.

O, kor adamın əlindən tutub onu kənddən çıxarır, sonra gözlərinə tüpürüb ondan soruşur: «Bir şey görürsən?» O cavab verir: «Adamları görürəm. Onlar ağaca bənzəyirlər, amma gəzirlər» (Mark 8:23, 24). Peyğəmbər əllərini bu adamın gözlərinin üstünə qoyub onun gözlərini açır. Sonra ona tapşırır ki, evinə getsin, amma kəndə girməsin.

İndi İsa peyğəmbər şagirdləri ilə birgə şimala, Filipi Qeysəriyyəsi bölgəsinə yollanır. Bu, təxminən 40 kilometrlik uzun yoxuşdur. Bu ərazi dəniz səviyyəsindən 350 metr hündürlükdədir və şimal-şərqə tərəfə qarlı Hərmun dağı uzanır. Görünür, onların səfəri bir neçə gün çəkir.

Yolda İsa peyğəmbər dua etmək üçün şagirdlərindən ayrılır. Onun ölümünə cəmi doqquz-on ay qalır və o, şagirdlərindən ötrü narahatdır. Bəziləri artıq onun ardınca getmirlər. Digərləri isə onun nəyə görə padşah olmaqdan imtina etdiyini, habelə ondan əlamət istəyənlərə nəyə görə əlamət göstərmədiyini başa düşmədiklərinə görə məyus olub çaş-baş qalıblar.

Şagirdlər onun dua etdiyi yerə gələndə İsa peyğəmbər soruşur:

— Camaat nə deyir? İnsan Oğlu kimdir?

— Kimisi deyir, Vəftizçi Yəhyadır, kimisi deyir, İlyasdır. Kimisi də Ərəmya və ya peyğəmbərlərdən biridir deyir.

İnsanların fikrincə, İsa Məsih bu ölən möminlərdən biridir və dirilib. Şagirdlərin nə düşündüyünü müəyyən etmək üçün Məsih onlardan soruşur:

— Bəs sizcə, mən kiməm?

Şimon Butrus dərhal cavab verir:

— Sən Məsihsən, var olan Allahın Oğlusan (Mətta 16:13—16).

İsa peyğəmbər Butrusun xoşbəxt adam olduğunu deyir, çünki Allah bütün bunları ona əyan edib. O əlavə edir: «Sənə deyirəm: sən Butrussan. Mən yığıncağımı bu qayanın üzərində tikəcəyəm və Məzar ona qalib gələ bilməyəcək». İsa Məsih nəzərdə tutur ki, yığıncağı şəxsən özü təşkil edəcək və bu yığıncağın üzvləri yerdə həyatlarını sədaqətlə başa vursalar, hətta ölüm də onları köləlikdə saxlaya bilməyəcək. O, Butrusa vəd edir: «Mən sənə səmavi Padşahlığın açarlarını verəcəyəm» (Mətta 16:18, 19).

Amma bu, o demək deyil ki, İsa peyğəmbər Butrusa həvarilərin arasında əsas yeri verəcək, ya da onu yığıncağın təməli edəcək. İsa Məsih özü qayadır və yığıncaq onun üzərində tikiləcək (1 Korinflilərə 3:11; Efeslilərə 2:20). Butrus isə üç «açar» alacaq və bu açarlarla müxtəlif adamlar üçün səmavi Padşahlığa daxil olmağa imkan açacaq.

Birinci açardan Butrus eramızın 33-cü ilinin Əllinci gün bayramında istifadə edəcək. O, tövbə edən yəhudilərə və prozelitlərə xilas üçün nə etmək lazım olduğunu göstərəcək. İkinci açarı iman gətirən səməriyyəlilər üçün istifadə edəcək və onların Allahın Padşahlığına girmək imkanı yaranacaq. Üçüncü açarı isə Butrus eramızın 36-cı ilində sünnət edilməmiş xalqlar üçün işlədəcək və onlara da bu imkan açılacaq. Bu insanlardan ilki Kornili və onun qohum-qonşusu olur (Həvarilərin işləri 2:37, 38; 8:14—17; 10:44—48).

İsa peyğəmbər həvarilərlə söhbətinə davam edir. O deyir ki, Yerusəlimdə onu əzab və ölüm gözləyir. Bu xəbər həvariləri sarsıdır. Butrus İsa Məsihin dirilib Allahın dərgahına qalxacağını başa düşmədiyindən onu qırağa çəkib deyir: «Özünə yazığın gəlsin, Ağa! Belə şey heç vaxt ola bilməz!» İsa peyğəmbər kürəyini Butrusa çevirib: «Çəkil qabağımdan, Şeytan! Sən mənə mane olursan. Çünki sənin ağlındakı Allahın fikirləri deyil, insan fikirləridir», — deyə cavab verir (Mətta 16:22, 23).

Peyğəmbər həvarilərlə yanaşı başqalarını da çağırır və açıqlayır ki, onun davamçısı olmaq heç də asan olmayacaq. O deyir: «Kim ardımca gəlmək istəyirsə, qoy özünü inkar etsin, işgəncə dirəyini götürüb daima ardımca gəlsin. Çünki həyatını xilas etmək istəyən onu itirəcək, amma həyatını mənim uğrumda və müjdə uğrunda itirən onu xilas edəcək» (Mark 8:34, 35).

Düzdür, İsa peyğəmbərin lütfünü qazanmaq üçün şagirdləri cəsur və fədakar olmalıdır. O, belə deyir: «Kim bu zinakar, günahkar nəsil qarşısında məndən və sözlərimdən utanarsa, insan Oğlu da müqəddəs mələklərlə öz Atasının əzəmətində gələndə o adamı şagirdi adlandırmağa utanacaq» (Mark 8:38). Bəli, İsa peyğəmbər zühur edəndə «hər kəsə əməllərinə görə verəcək» (Mətta 16:27).