Kontentə keç

Mündəricatı göstər

FƏSİL 21

İsa peyğəmbər Nasirədəki sinaqoqda

İsa peyğəmbər Nasirədəki sinaqoqda

LUKA 4:16—31

  • İSA MƏSİH ƏŞİYA PEYĞƏMBƏRİN TUMARINI OXUYUR

  • NASİRƏ ƏHLİ İSANI ÖLDÜRMƏK İSTƏYİR

Nasirə əhli təlaşa düşüb. Təxminən bir il bundan qabaq İsa peyğəmbər vəftiz olmaq üçün Yəhyanın yanına gələndə adi dülgər idi. İndi isə o, möcüzələr göstərən adam kimi ad qazanıb. Şəhər sakinləri intizardadır, onlar həmin möcüzələri burada görmək istəyirlər.

İsa peyğəmbər adəti üzrə sinaqoqa gəlir. Hamı həyəcanla onun nə edəcəyini gözləyir. O vaxtlar sinaqoqda «hər şənbə günü» dua edilirdi, Musa peyğəmbərin kitablarından və peyğəmbərlik kitablarından parçalar oxunurdu (Həvarilərin işləri 15:21). İsa ibadət vaxtı qiraət üçün ayağa qalxanda çoxlu tanış simalar görür. O, bu adamları bu sinaqoqa gəlib-getdiyi vaxtdan tanıyır. Ona Əşiya peyğəmbərin tumarını verirlər. O, Yehovanın müqəddəs ruhu ilə məsh olunmuş şəxs haqqında yazılmış yeri tapıb oxumağa başlayır. Oxuduğu ayələr «Əşiya» kitabının 61-ci fəslinin 1 və 2-ci ayələridir.

İsa Məsih həmin şəxsin əsirlərə azad olacaqlarını, korlara gözlərinin açılacağını müjdələyəcəyini və Yehovanın iltifat ilini təbliğ edəcəyini oxuyur. Sonra tumarı sinaqoq xidmətçisinə qaytarır və yerinə əyləşir. Hamı gözünü ona zilləyib. İsa Məsih oxuduqlarını bir qədər açıqladıqdan sonra bəyan edir: «Eşitdiyiniz bu ayələr bu gün yerinə yetdi» (Luka 4:21).

Onun «ağzından çıxan lətif kəlmələrə» hamı heyran qalıb bir-birindən soruşur: «Məgər bu, Yusifin oğlu deyil?» İsa peyğəmbər bilir ki, onlar qulaqlarına çatan möcüzələri gözləri ilə görmək istəyirlər. Buna görə də o deyir: «Yəqin siz “Təbib, əvvəlcə özünü sağalt” məsəlini mənə aid edəcəksiniz. “Kəfərnahumda gördüyün işlərin sorağı qulağımıza çatıb, onlardan öz el-obanda da elə”, — deyəcəksiniz» (Luka 4:22, 23). Görünür, İsanın köhnə qonşuları hesab edirlər ki, o, ilk növbədə, yerlilərini sağaltmalıdır, əvvəlcə özünkülərə xeyir gətirməlidir. Onların fikrincə, İsa onlara qarşı saymamazlıq edib.

İsa peyğəmbər bunu anlayır və onlara İsrailin dövründə olmuş hadisələri misal gətirir: İlyas peyğəmbərin günlərində İsrail torpağında xeyli dul qadın var idi. Lakin İlyas onlardan heç birinin yanına göndərilmədi. O, Sidon diyarının yaxınlığında yerləşən Sarfata, israilli olmayan bir dul qadının evinə getdi və orada möcüzə göstərib həyatlarını xilas elədi (1 Padşahlar 17:8—16). Əlyəsə peyğəmbərin günlərində də İsraildə bir çox cüzamlı var idi, lakin Əlyəsə yalnız arami Nemanı sağaltdı (2 Padşahlar 5:1, 8—14).

İsanın yerliləri onlardakı xudbinliyi və iman çatışmazlığını ifşa edən bu müqayisələri eşidəndə nə edirlər? Onlar bərk qəzəblənirlər, ayağa qalxıb İsanı şəhərdən kənara çıxarırlar. Onu Nasirə şəhərinin tikildiyi dağın sıldırımına aparıb aşağı atmaq istəyirlər. Lakin İsa onların əlindən qurtulur və çıxıb oradan gedir. İndi isə o, Cəlilə dənizinin şimal-qərb tərəfinə, Kəfərnahuma üz tutur.