Kontentə keç

Mündəricatı göstər

FƏSİL 63

Peyğəmbərin daha vacib məsləhəti

Peyğəmbərin daha vacib məsləhəti

MƏTTA 18:6—20 MARK 9:38—50 LUKA 9:49, 50

  • BAŞQASINI GÜNAHA SÜRÜKLƏMƏK BARƏDƏ MƏSLƏHƏT

  • KİMSƏ SƏNƏ QARŞI GUNAH İŞ TUTSA

İsa peyğəmbər təzəlikcə davamçılarının özləri haqda hansı fikirdə olmalı olduqlarını göstərmək üçün nümunə çəkib. Onlar sadə, heç bir mövqeyə sahib olmayan uşaqlar kimi olmalıdırlar. Şagirdlər belə uşaqları İsa peyğəmbərin xatirinə qəbul etməlidirlər ki, o da onları qəbul etsin (Mətta 18:5).

Həvarilər bu yaxınlarda kimin ən böyük olduğu barədə mübahisə edirdilər. Buna görə də, yəqin, onlar İsa peyğəmbərin sözlərindən dərs götürürlər. İndi isə həvari Yəhya yeni mövzunu qaldırır. O, üzləşdiyi bir hadisəni danışır: «Müəllim, biz bir adam gördük. O, sənin adınla cinləri qovurdu. Biz ona mane olmağa çalışdıq, çünki o, bizimlə gəzmir» (Luka 9:49).

Yəqin, Yəhyaya elə gəlir ki, yalnız həvarilərin adam sağaltmağa və cinləri qovmağa ixtiyarı var. Bəs onda həmin adam cinləri necə qova bilib? Yəhyanın fikrincə, həmin adam İsa peyğəmbərin və həvarilərin yanında olmadığı üçün onun möcüzələr etməyə haqqı yoxdur.

İsa peyğəmbər deyir: «Ona mane olmayın, çünki mənim adımla qüdrətli işlər görən adam bundan dərhal sonra qayıdıb məni pisləməz. Bizə qarşı çıxmayan bizim tərəfimizdədir. Məsihə məxsus olduğunuz üçün sizə bir parç su verən, inanın ki, mükafatsız qalmayacaq» (Mark 9:39—41). Bu sözlər Yəhyanı çox təəccübləndirir.

Həmin adama İsa peyğəmbərin tərəfində olduğunu göstərmək üçün onun ardınca getməsinə ehtiyac yox idi. Çünki o vaxt məsihi yığıncağı hələ yaranmamışdı. Buna görə də bu kişi həvarilərlə birgə olmurdusa, o demək deyildi ki, onlara qarşı çıxır və ya saxta din yayır. Görünür, o, İsa Məsihin adına iman gətirmişdi, buna görə də Məsih deyir ki, o, «mükafatsız qalmayacaq».

Yox əgər həvarilərin sözləri və ya hərəkətləri bu kişini iman yolundan döndərsəydi, onda nəticəsi çox ağır olardı. Peyğəmbər qeyd edir: «İman edən bu kiçiklərdən birini günaha sürükləyən adamın boynuna dəyirman daşı asıb onu dənizə atsaydılar, daha yaxşı olardı» (Mark 9:42). Sonra İsa Məsih şagirdlərinə deyir ki, onları günaha sürükləyən şeyləri kəsib atmalıdırlar, hətta əgər bu şeylər əl, ayaq və ya göz kimi dəyərlidirsə. Bədənin dəyərli üzvlərindən birini itirib Allahın Padşahlığına girmək həmin üzvü saxlayıb cəhənnəmə (Hinnom vadisinə) atılmaqdan yaxşıdır. Həvarilər, ola bilsin, Yerusəlimin yaxınlığında olan bu vadini görmüşdülər, orada zibilləri yandırırdılar. Beləcə, onlar başa düşürlər ki, bu yer əbədi məhvin rəmzidir.

İsa peyğəmbər həmçinin xəbərdarlıq edir: «Baxın ha, bu kiçiklərdən birinə saymazyana yanaşmayın. Bunu bilin ki, onların mələkləri göydə daima səmavi Atamın hüzurunda dururlar». Bu kiçiklər Allahın gözündə nə dərəcədə dəyərlidir? Bunu göstərmək üçün peyğəmbərimiz yüz qoyunu olan bir adamdan danışır. Bir gün bu adam qoyunlardan birini itirir və doxsan doqquzunu qoyub itmiş bir qoyunu axtarmağa gedir. Tapanda isə doxsan doqquzundan çox ona görə sevinir. Sonra peyğəmbər əlavə edir: «Eynilə də, mənim göydəki Atam bu kiçiklərdən bircəciyinin belə məhv olmasını istəmir» (Mətta 18:10, 14).

Ola bilsin, İsa peyğəmbər şagirdlərin bayaqkı mübahisəsini nəzərdə tutaraq onları təşviq edir: «Qoy içinizdə duz olsun, bir-birinizlə mehriban olun» (Mark 9:50, haşiyə). Duz yeməyə dad verir. Eynilə, məcazi mənada duz qatılmış sözü qəbul etmək asan olur. Bunun sayəsində arada mehribançılıq olur. Mübahisə isə sülhü pozur (Koloslulara 4:6).

Amma bəzən arada ciddi anlaşılmazlıqlar yaranır. Bəs belə hallarda necə davranmaq lazımdır? İsa peyğəmbər izah edir: «Əgər kimsə sənə qarşı bir günah iş tutsa, get onunla təklikdə danış, günahını üzünə de. Əgər sənə qulaq assa, onu qazandın». Bəs qulaq asmasa? Peyğəmbər demişkən: «Qulaq asmasa, özünlə bir və ya iki nəfər götür ki, məsələ iki və ya üç şahidin dili ilə təsdiq olunsun». Əgər məsələ yenə də həll olunmasa, onda onlar məsələni yığıncağa, yəni bu problemi həll edə bilən ağsaqqallara danışmalıdırlar. Bəs əgər günahkar yenə də qulaq asmırsa, onda necə? Onda qoy o adam sənin üçün bir bütpərəst və ya vergiyığan kimi, yəni yəhudilərin dostluq etmədiyi adam kimi olmalıdır (Mətta 18:15—17).

Ağsaqqallar Yehova Allahın Kəlamındakı göstərişlərə ciddi riayət etməlidirlər. Bu təqdirdə, kimisə təqsirli bilib ona cəza kəsəndə onlar artıq «göydə bağlanmış» qərara uyğun qərar vermiş olacaqlar. Yox əgər kiminsə günahsız olması barədə qərar çıxarırlarsa, onlar yenə də artıq «göydə açılmış» qərara uyğun qərar vermiş olacaqlar. Bu göstərişlər gələcəkdə məsihi yığıncağı formalaşanda lazım olacaq. Bu cür vacib intizam işləri ilə əlaqədar peyğəmbər deyir: «İki ya üç adam mənim adım naminə bir yerə yığışanda mən də orada, onların arasındayam» (Mətta 18:18—20).