FƏSİL 50
Təbliğdəki təqiblərə hazırlıq
MƏTTA 10:16—11:1 MARK 6:12, 13 LUKA 9:6
-
İSA PEYĞƏMBƏR HƏVARİLƏRİNƏ TƏLİM VERİB YOLLAYIR
İsa peyğəmbər həvarilərini təbliğ etməyin ən yaxşı üsullarını öyrədib onları cüt-cüt yollayır. Amma o, bununla kifayətlənməyib onları xəbərdar edir: «Mən sizi canavarlar arasına quzu kimi göndərirəm... İnsanlardan ehtiyat edin, çünki onlar sizi məhkəmələrə verəcək, sinaqoqlarında qamçılayacaqlar. Məndən ötrü sizi hökmdarların və padşahların önünə gətirəcəklər» (Mətta 10:16—18).
Hərçənd İsa peyğəmbərin davamçıları şiddətli təqiblərə məruz qalacaq, bununla belə, o, onları arxayın edir: «Sizi məhkəməyə verəndə nədən və ya necə danışacağınız barədə narahat olmayın, çünki həmin an nə demək lazım olduğunu biləcəksiniz. Danışanda tək olmayacaqsınız, Atanızın müqəddəs ruhu sizin vasitənizlə danışacaq. Qardaş qardaşı, ata övladını ölümə verəcək. Uşaqlar valideynlərinə qarşı qalxacaq və onları ölümə verəcəklər. Mənim adıma görə hamı sizə nifrət edəcək. Ancaq axıra kimi dözən xilas olacaq» (Mətta 10:19—22).
Müjdəçilik işi çox mühüm işdir. Buna görə də İsa peyğəmbər qeyd edir ki, azadlıqda qalıb təbliğ edə bilmək üçün ehtiyatlı olmaq gərəkdir. O deyir: «Sizi bir şəhərdə təqib edəndə o biri şəhərə qaçın. Bunu bilin ki, siz İsrail şəhərlərinin hamısını gəzib qurtarmamış insan Oğlu gələcək» (Mətta 10:23).
İsa Məsihin 12 həvarisini ruhlandırması, onlara göstərişlər və xəbərdarlıqlar verməsi çox dəyərlidir! Lakin bu sözlər yalnız həvarilərə yox, o ölüb-diriləndən sonra müjdəçilik işində çalışacaq bütün şəxslərə də aiddir. Bunu nəyin əsasında demək olar? İsa Məsihin «hamı sizə nifrət edəcək» sözləri bunu təsdiq edir. Həvarilərə nifrət edənlərin sayı məhdud idi, çünki onlara yalnız təbliğ etdikləri insanlar nifrət edirdi. Həm də heç yerdə yazılmayıb ki, Cəlilədə təbliğ etdikləri bu qısa vaxt ərzində həvarilər hakimlərin və ya padşahların yanına aparılsın, yaxud bu vaxt iman gətirənlər yaxınları tərəfindən ölümə verilsin.
Bundan aydın görünür ki, İsa peyğəmbər həvarilərinə bunları deyərkən gələcəyi nəzərdə tutur. Gəlin peyğəmbərin digər sözlərinə nəzər salaq. O, şagirdlərinə demişdi ki, onlar bütün ərazilərdə xoş xəbəri bəyan edib qurtarmamış insan Oğlu gələcək. Bu, o deməkdir ki, şagirdlər Padşahlıq haqqında xəbərlə dünyanı dolanıb qurtarmamış, şanlı padşah İsa Məsih Yehova Allahın hökmlərini icra etmək üçün gələcək.
İsa peyğəmbər deyir: «Şagird ustadından, nökər ağasından üstün deyil». Buna görə də onlar təbliğdə təqiblərlə üzləşərdilərsə, buna təəccüblənməməlidirlər. Çünki peyğəmbərin davamçıları bilməlidirlər ki, səmavi Padşahlığı müjdələdiyinə görə ağaları pislik görüb, təqib olunub, onlar da belə şeylərlə qarşılaşacaqlar. Bununla belə, o təşviq edir: «Bədəni öldürən, amma sizi gələcək həyatdan məhrum edə bilməyənlərdən qorxmayın, əksinə, sizi Hinnom vadisində məhv etməyə qadir olandan qorxun» (Mətta 10:24, 28).
Bu sahədə İsa peyğəmbər gözəl nümunə qoyub. O, Külli-İxtiyar Yehova Allaha sədaqətini itirməmək üçün ölümün gözünə dik baxdı! Bəli, həyatı məhv edən də (insanı gələcəkdə əbədi yaşamaqdan məhrum edən də), ölmüş insanı dirildib ona əbədi həyat bəxş edən də Qadir Allah Yehovadır. Yəqin bu, həvariləri çox ürəkləndirir.
Daha sonra İsa peyğəmbər Yehova Allahın qayğı və məhəbbətini vurğulayan bir məsəl çəkir: «Məgər iki sərçəni bir qara qəpiyə satmırlar? Hərçənd onlardan heç biri Atanızın xəbəri olmadan yerə düşmür... Buna görə də qorxmayın. Siz sərçələrdən qat-qat qiymətlisiniz» (Mətta 10:29, 31).
Şagirdlərin çatdırdığı ilahi müjdə birinin qəbul edib, digərinin qəbul etmədiyi ailələrdə fikir ayrılığı yaradacaq. Məsih aydınlıq gətirir: «Elə bilməyin ki, mən yer üzünə sülh gətirməyə gəlmişəm». Doğrudan da, ailənin hər hansı üzvünə həqiqəti qəbul etmək üçün cəsarət lazımdır. O deyir: «Atasını ya anasını məndən çox istəyən mənə layiq deyil, oğlunu ya qızını məndən çox istəyən mənə layiq deyil» (Mətta 10:34, 37).
Amma şagirdləri yaxşı qarşılayanlar da olacaq. İsa peyğəmbər deyir: «Kim bu kiçiklərdən birinə şagirdim olduğu üçün bir parç sərin su verirsə, inanın ki, mükafatsız qalmayacaq» (Mətta 10:42).
İsa Məsihdən çoxlu göstərişlər, xəbərdarlıqlar, ürək-dirək alandan sonra həvarilər kəndbəkənd gəzib müjdəni təbliğ edir və xəstələrə şəfa veririrlər (Luka 9:6).