Kontentə keç

Mündəricatı göstər

FƏSİL 129

Pilat bəyan edir: «Budur o adam!»

Pilat bəyan edir: «Budur o adam!»

MƏTTA 27:15—17, 20—30 MARK 15:6—19 LUKA 23:18—25 YƏHYA 18:39—19:5

  • PONTİ PİLAT İSA PEYĞƏMBƏRİ AZAD ETMƏYƏ ÇALIŞIR

  • YƏHUDİLƏR BARABBANIN AZAD OLMASINI İSTƏYİRLƏR

  • İSA PEYĞƏMBƏRİ ƏLƏ SALIB ALÇALDIRLAR

Pilat İsa Məsihin ölümünü istəyən izdihama üzünü tutub deyir: «Mən... onda bir günah tapmadım. Sizin ittihamlarınız əsassızdır. Hirod da onda bir təqsir [tapmadı]» (Luka 23:14, 15). Pilat İsa Məsihi qorumaq üçün başqa bir üsula əl atır və xalqa deyir: «Adətiniz üzrə mən Pasxa bayramında sizin üçün bir adam azad edirəm. İstəyirsiniz, sizin üçün yəhudilərin padşahını azad edim?» (Yəhya 18:39).

Pilat bilir ki, quldur, qiyamçı və qatil kimi tanınan Barabba adlı bir adam hal-hazırda həbsdədir. Buna görə də Pilat deyir: «Sizin üçün kimi azad edim: Barabbanı, yoxsa Məsih adlanan İsanı?» Böyük kahinlər tərəfindən qızışdırılan adamlar İsa peyğəmbərin yox, Barabbanın azadlığa buraxılmasını istəyirlər. Pilat yenidən soruşur: «Bu iki nəfərdən hansını azad edim?» Camaat deyir: «Barabbanı» (Mətta 27:17, 21).

Pilat heyifsilənərək soruşur: «Bəs bu Məsih adlanan İsa ilə nə edim?» Camaat bir ağızdan qışqırır: «Onu dirəkdə edam et!» (Mətta 27:22). Günahsız adamın ölümünü istədikləri üçün onlar xəcalət çəkməlidirlər. Pilat İsa Məsihi müdafiə edərək deyir: «Axı niyə? Bu adam nə pis iş görüb ki? Mən onda ölümə layiq bir şey tapmadım. Cəzalandırıb buraxacağam» (Luka 23:22).

Pilatın cəhdlərinə baxmayaraq, özündən çıxan camaat bir ağızdan qışqırır: «Onu dirəkdə edam et!» (Mətta 27:23). Din xadimləri camaatı elə qızışdırıb ki, onlar qan tökülməsini istəyirlər! Söhbət hansısa cinayətkarın və ya qatilin qanından getmir. Bu qan cəmi beş gün əvvəl Yerusəlimə girərkən padşah kimi qarşıladıqları günahsız insanın qanıdır! Bütün bu vaxt ərzində həvarilərin səs-səmiri çıxmır. Hətta onlar oraya gəliblərsə də, sakitcə bir qıraqda durublar.

Pilat görür ki, bu işin axırı yaxşı qurtarmayacaq, çünki camaat get-gedə qızışır. Onda o, bir az su götürüb hamının gözü qarşısında əllərini yuyur və deyir: «Mən bu adamın qanından təmizəm. Özünüz bilərsiniz». Hətta bu da camaatın fikrini dəyişmir və onlar bir ağızdan: «Qoy onun qanı bizim və övladlarımızın boynunda qalsın», — deyirlər (Mətta 27:24, 25).

Beləliklə, Pilat bu işin düzgün olmadığını bilə-bilə, camaatı razı salmaq xatirinə Barabbanı azadlığa buraxır. İsa Məsihi isə soyundurub qamçılamağı əmr edir.

İsa Məsihi işgəncə ilə döyəndən sonra Pilatın sarayına gətirirlər və bütün alay oraya toplaşır. Burada da ona olmazın zülm verirlər. Əsgərlər tikandan çələng hörüb onun başına keçirirlər və sağ əlinə qamış çubuq verib əyninə padşahlara məxsus bənövşəyi xələt geyindirirlər. Sonra da lağ-lağa ilə: «Salam, ey yəhudilərin padşahı!» — deyirlər (Mətta 27:28, 29). Həmçinin ona tüpürüb, üzünə şillə vururlar. Sonra qamış çubuğu onun əlindən alıb başına döyəcləyirlər. Onu döyəclədikcə dırnaqarası tacın, yəni çələngin tikanları daha da onun başına batır.

İsa Məsihin bu boyda əziyyətə ləyaqətlə tab gətirməsi Pilata çox güclü təsir edir, bu səbəbdən o, Məsihi buraxmaq üçün bir daha cəhd göstərir. Pilat camaata müraciət edir: «Bura baxın! Bu adamı qarşınıza çıxarıram ki, biləsiniz: mən onda təqsir görmürəm». Bəlkə də, o ümid edir ki, camaat İsa peyğəmbərin bədəninin gömgöy və qan içində olduğunu görüb ona rəhm edəcək. İsa Məsih bu daşürəkli, rəhmsiz kütlənin qarşısına çıxanda Pilat bəyan edir: «Budur o adam!» (Yəhya 19:4, 5).

Ağır işgəncələrə sinə gərən İsa peyğəmbər onların qabağında vüqarla durub. Peyğəmbərin sakit və vüqarlı duruşu hətta Pilatın da diqqətindən yayınmır. Bu, Pilatın hörmət, eyni zamanda mərhəmət dolu sözlərindən bəlli olur.