FƏSİL 139
Məsih Cənnət yaradıb təyinatını bitirir
-
QOYUNLARLA KEÇİLƏRİN AQİBƏTİ
-
ÇOXLARI CƏNNƏTDƏ YAŞAYACAQ
-
İSA MƏSİH YOL, HƏQİQƏT VƏ HƏYATDIR
İsa peyğəmbər vəftiz olunandan dərhal sonra, hələ xidmətinə başlamamış bir düşmənlə üzləşmişdi. Bu düşmən, yəni İblis dönə-dönə onu sınağa çəkmişdi. Sonralar İsa Məsih onun haqda demişdi: «Bu dünyanın hökmdarı gəlir. Onun mənim üzərimdə hakimiyyəti yoxdur» (Yəhya 14:30).
Həvari Yəhya İblis və Şeytan adlanan böyük əjdahanın aqibətini göstərən vəhy alır. Bəşəriyyəti qarabaqara izləyən bu düşmən göydən yerə atılıb və məhvinə az qaldığını bildiyi üçün çox qəzəblidir (Vəhy 12:9, 12). Məsihilər yaxşı bilirlər ki, sona az qalan dövrdə yaşayırlar. Tezliklə Şeytan İblis min illiyinə dibsiz quyuya atılacaq və İsa Məsih Allahın Padşahlığında idarə etdiyi bütün bu müddət ərzində fəaliyyətsiz olacaq (Vəhy 20:1, 2).
Bəs bu vaxt ərzində yer üzündə nələr baş verəcək? Orada kimlər yaşayacaq? Məsih yer üzündə olarkən bu sualları cavablandırmışdı. Qoyunlar və keçilər, yəni salehlər və itaətsiz olanlar barədə məsəlində o, bu iki qrup insanın aqibətini göstərmişdi. İsa Məsihin qardaşlarından yaxşılığı əsirgəməyən və onlarla əməkdaşlıq edən saleh insanlar əbədi həyata qovuşacaq, bunları etməyənlər isə əbədilik məhv olacaq (Mətta 25:46).
Bu, bizə İsa Məsihin onunla birgə edam olunan cinayətkara dediyi sözləri başa düşməyə kömək edir. İsa Məsih həvarilərinə onunla birlikdə Padşahlıqda olacaqlarını vəd etdiyi halda, bu adama başqa bir vəd vermişdi. O demişdi: «Bunu bil: sən mənimlə Cənnətdə olacaqsan» (Luka 23:43). Bu adamın gözəl bağda, yəni Cənnətdə yaşamaq ümidi yarandı. Məntiqlidir ki, bu gün salehliyini sübut edənlər, o cümlədən əbədi həyata layiq olanlar Cənnətdə yaşayacaqlar.
Bu, həvari Yəhyanın yer üzündə hökm sürəcək şəraiti təsvir edərkən dediyi sözlərlə üst-üstə düşür: «Allahın çadırı insanlarladır. O, onlarla məskən salacaq, onlar da Onun xalqı olacaqlar. Allah Özü onlarla olacaq. O, onların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq, çünki əvvəlki şeylər keçib getdi» (Həmin cinayətkar Cənnətdə yaşamaq üçün ilk öncə dirilməlidir. Amma dirilən yalnız o olmayacaq. İsa Məsih bunu açıq-aydın göstərmişdi: «Elə bir vaxt gələcək ki, qəbirlərdə olanların hamısı onun səsini eşidəcək, yaxşı iş görənlər həyata qovuşmaq üçün, pis iş görənlərsə hökmə düçar olmaq üçün diriləcəklər» (Yəhya 5:28, 29).
Bəs İsa Məsihlə birgə göydə idarə edəcək sadiq həvarilər və məhdud sayda olan digər insanlar barədə nə demək olar? Müqəddəs Kitabda deyilir: «Onlar Allahın və Məsihin kahinləri olacaq və min il ərzində Məsihlə birlikdə padşahlıq edəcəklər» (Vəhy 20:6). İsa Məsihin həmvarisləri yer üzündən götürülən qadınlar və kişilər olduğu üçün onlar şəfqətli və anlayışlı rəhbərlər olacaq (Vəhy 5:10).
İsa Məsih fidyə qurbanlığını bütün bəşəriyyətə tətbiq edəcək və onları miras aldıqları günahın lənətindən qurtaracaq. Məsih və onun həmvarisləri bəşəriyyəti kamilliyə yetişdirəcək. Bəli, Allahın insanlarla bağlı əzəli niyyəti gerçəkləşəcək. Çünki ta başlanğıcda Allah Adəmlə Həvvanın törəyib çoxalmalarını və yer üzünü doldurmalarını niyyət etmişdi. Hətta Adəmin günahının nəticəsi olan ölümə də son qoyulacaq!
Beləcə, İsa Məsih Yehovanın buyurduğu bütün işləri həyata keçirəcək. Minilliyin sonunda isə o, Padşahlığı və kamil insan ailəsini Atasına təhvil verəcək. Təvazökarlıqdan doğan bu hərəkət barədə Bulus yazmışdı: «Hər şey ona tabe ediləndən sonra Oğul özü də ona hər şeyi tabe edənə tabe olacaq ki, Allah hər kəs üçün hər şey olsun» (1 Korinflilərə 15:28).
Bəli, İsa Məsih Allahın ali niyyətlərinin gerçəkləşməsində vacib rol oynayır. Bu niyyətlər əbədiyyət boyu gerçəkləşdikcə İsa peyğəmbər özü haqda dediyi bu sözləri doğruldacaq: «Yol, həqiqət və həyat mənəm» (Yəhya 14:6).