Kontentə keç

Mündəricatı göstər

FƏSİL 74

Qonaqpərvərlik və dua haqda öyüdlər

Qonaqpərvərlik və dua haqda öyüdlər

LUKA 10:38—11:13

  • İSA PEYĞƏMBƏR MARTA VƏ MƏRYƏMGİLƏ GEDİR

  • İSRARLA DUA ETMƏK VACİBDİR

Zeytun dağının şərq yamacında, Yerusəlimdən təxminən üç kilometr aralıda Beytaniyyə kəndi var (Yəhya 11:18). İsa peyğəmbər ora gedib iki bacının, Marta ilə Məryəmin evinə girir. Onlar və onların qardaşı İlazər peyğəmbərin dostlarıdır. Bu ailə İsa Məsihi səmimi qarşılayır.

Məsihi qonaq kimi qəbul etmək onlar üçün böyük şərəfdir. Marta İsa Məsih üçün əlindən gələni edir ki, ona layiqli süfrə açsın. O, biş-düş işləri ilə məşğul olan vaxt onun bacısı peyğəmbərin ayaqları yanına oturub ona qulaq asır. Bir az keçəndən sonra Marta gileylənir: «Ağa, bacım məni tək qoyub kömək eləmir, niyə ona bir söz demirsən? Ona de ki, durub mənə kömək etsin» (Luka 10:40).

Lakin İsa peyğəmbər Məryəmi qınamır. Əksinə, əl-ayağa düşmüş Martaya məsləhət verir ki, maddi şeylərə görə çox narahat olmasın: «Marta, Marta, sən çox şeyə görə narahat olub özünü yorursan. Əslində, insana az şey lazımdır, hətta bir şey də kifayət edər. Məryəm özünə yaxşı pay seçib və bu, ondan alınmayacaq» (Luka 10:41, 42). Peyğəmbər deyir ki, bir belə vaxt sərf edib cürbəcür xörəklər hazırlamaq lazım deyil. Sadə yemək hazırlamaq da bəs edərdi.

Əlbəttə, Marta bütün bunları təmiz niyyətlə edir, o, qonaqpərvərlik göstərməyə çalışır. Lakin başı hazırlıq görməyə qarışdığından şəxsən Allahın Oğlundan təlim almaq imkanını əldən verir. Buna görə də İsa peyğəmbər vurğulayır ki, Məryəm ən ağıllı seçim edib və uzun müddət bunun xeyrini görəcək. Biz də peyğəmbərin məsləhətini qulağımıza sırğa eləməliyik!

Başqa bir vaxt İsa peyğəmbər fərqli, amma eyni dəyəri olan öyüd verir. Bir şagirdi ondan xahiş edir: «Ağa, Yəhya şagirdlərinə öyrətdiyi kimi, sən də bizə dua etməyi öyrət» (Luka 11:1). Peyğəmbər il yarım bundan əvvəl Dağüstü vəzində şagirdlərinə dua etməyi öyrətmişdi (Mətta 6:9—13). Görünür, bu şagird orada olmayıb. Buna görə də İsa peyğəmbər duanın əsas fikirlərini təkrarlayır. Sonra bir məsəl çəkərək duada israrlı olmağın vacibliyini vurğulayır.

«Tutaq ki, sizlərdən kiminsə bir dostu var. O, gecə yarısı dostunun evinə gedib deyir: “Dostum, mənə üç çörək ver, indicə yoldan bir dostum gəlib, onun qabağına qoymağa heç nəyim yoxdur”. Ev sahibi içəridən deyir: “Məni narahat eləmə. Qapı bağlıdır, uşaqlarım da yanımda yatırlar. Mən durub sənə heç nə verə bilmərəm”. Sizə onu deyim ki, bu adam dostluq xatirinə durub ona heç nə verməsə də, dostu israr etdiyi üçün duracaq və istədiyi şeyi ona verəcək» (Luka 11:5—8).

İsa peyğəmbər heç də demir ki, Yehova Allah bu məsəldəki dost kimi dualarımıza könülsüz hay verir. Xeyr, peyğəmbər göstərmək istəyir ki, əgər qaraqabaq dost təkidlə edilən xahişi yerinə yetirirsə, ürəyi məhəbbətlə dolu olan Yaradanımız sevimli bəndələrinin duasına mütləq cavab verəcək. Peyğəmbər sözünə davam edir: «Durmadan diləyin, sizə veriləcək; durmadan axtarın, tapacaqsınız; durmadan qapını döyün, sizə açacaqlar. Çünki diləyən istədiyini alır, axtaran tapır və qapını döyənə açırlar» (Luka 11:9, 10).

Daha sonra Məsih ataları nümunə gətirərək sözünün canını vurğulayır: «Məgər aranızda elə bir ata var ki, oğlu balıq istəyəndə balıq əvəzinə ona ilan versin? Yaxud yumurta istəyəndə ona əqrəb versin? Beləliklə, əgər siz pis olduğunuz halda, uşaqlarınıza yaxşı şeylər verə bilirsinizsə, məgər göydəki Ata Ondan istəyənlərə müqəddəs ruh verməyəcək?» (Luka 11:11—13). Bəli, bu, bizi əmin edir ki, səmavi Atamız bizim dualarımızı dinləyib onlara hay verməyə hazırdır!