Kontentə keç

Mündəricatı göstər

FƏSİL 77

Məsihin var-dövlət barədə məsləhəti

Məsihin var-dövlət barədə məsləhəti

LUKA 12:1—34

  • VARLI ADAM BARƏDƏ MƏSƏL

  • MƏSİH QUZĞUN VƏ ZANBAQLAR HAQDA DANIŞIR

  • «KİÇİK SÜRÜ» PADŞAHLIQDA OLACAQ

İsa peyğəmbər fərisinin evində nahar edərkən bayırda onu minlərlə insan gözləyirdi. Eyni şey Cəlilədə baş vermişdi (Mark 1:33; 2:2; 3:9). İndi isə Yəhudiyyədə çoxları onu görmək və təlimlərini eşitmək istəyir. Bu adamların göstərdikləri maraq peyğəmbərlə süfrə arxasında oturan fərisilərinkindən fərqlidir.

İsa peyğəmbərin ilk sözləri şagirdləri üçün xüsusi məna kəsb edir: «Özünüzü fərisilərin mayasından, yəni ikiüzlülükdən gözləyin». Peyğəmbər əvvəl də bunu demişdi, amma nahar zamanı gördükləri onu vaxt itirmədən bu məsləhəti verməyə təşviq edir (Luka 12:1; Mark 8:15). Fərisilər pis olduqlarını möminlik maskası arxasında gizlədirlər, ancaq onlar çox təhlükəlidirlər və bu, gec-tez açılmalıdır. İsa peyğəmbər izah edir: «Elə gizli şey yoxdur ki, bir gün üzə çıxmasın, elə bir sirr yoxdur ki, sonradan üstü açılmasın» (Luka 12:2).

İsa peyğəmbərin ətrafında yığışan adamların çoxu onun Cəlilədə verdiyi təlimləri eşitməyən yəhudilərdir. Buna görə də əvvəllər verdiyi təlimlərin əsas fikirlərini təkrarlayır. O, dinləyicilərini təşviq edir: «Bədəni öldürüb ondan sonra heç nə edə bilməyənlərdən qorxmayın» (Luka 12:4). Əvvəllər olduğu kimi, bu dəfə də İsa Məsih Allahın qayğımıza qalacağına güvənməyin vacibliyini vurğulayır. Onlar həmçinin insan Oğlunu qəbul etməli və Allahın onlara kömək etməyə qadir olduğunu dərk etməlidirlər (Mətta 10:19, 20, 26—33; 12:31, 32).

Bu vaxt camaat arasından bir nəfər onu narahat edən problemini açır: «Ustad, qardaşıma de ki, mirası mənimlə bölsün» (Luka 12:13). Tövrata əsasən, ilk doğulan oğula ikiqat miras düşür, buna görə də bu məsələ müzakirə olunmamalıdır (Qanunun təkrarı 21:17). Görünür, bu kişi ona düşən paydan artıq pay istəyir. İsa peyğəmbər isə öz növbəsində tərəfkeşlik etmir və cavabında belə deyir: «A qardaş, məni aranızda hakimlik, vəkillik etməyə kim qoyub?» (Luka 12:14).

Sonra da üzünü camaata tutub məsləhət verir: «Ayıq-sayıq olun, özünüzü hər cür tamahkarlıqdan qoruyun, çünki insanın var-dövləti başından aşıb-daşsa da, həyatı bundan asılı deyil» (Luka 12:15). Bəli, insanın nə qədər var-dövləti olursa olsun, əvvəl-axır öləcək, malı isə bu dünyada qalacaq. İsa peyğəmbər bu fikri vurğulamaq üçün bir məsəl çəkir və Allahın qarşısında yaxşı ad qazanmağın nə qədər vacib olduğunu göstərir:

«Bir varlının torpağı bol məhsul verdi. Bu adam ürəyində düşünməyə başladı: “Mən indi necə edim? Məhsulu yığmağa yerim yoxdur”. Sonra dedi: “Bilirəm nə edəcəyəm! Anbarlarımı söküb, yerinə daha böyüklərini tikəcəyəm. Bütün taxılımı, sərvətimi ora yığacağam. Sonra özümə deyəcəyəm: “Canım, dincəl, ye, iç, kef elə, çünki topladığın bu var-dövlət sənə ömrünün axırına kimi bəsdir”. Ancaq Allah ona dedi: “Ey ağılsız, elə bu gecə sənin canını alacaqlar. Bu topladığın sərvət kimə qalacaq?” Allahın gözündə varlanmaq əvəzinə özünə var-dövlət toplayanların aqibəti belə olur» (Luka 12:16—21).

Həm İsa peyğəmbərin şagirdləri, həm də ona qulaq asan digər insanlar varlanmaq sevdasına düşə bilərlər. Yaxud həyatın qayğıları onları Yehova Allaha ibadətdən uzaqlaşdıra bilər. Buna görə də İsa peyğəmbər il yarım bundan əvvəl Dağüstü vəzində dediyi gözəl məsləhəti təkrarlayır:

«Sizə deyirəm, “nə yeyəcəyik?” deyə canınızdan ötrü və “nə geyəcəyik?” deyə bədəninizdən ötrü daha qayğı çəkməyin... Quzğunlara baxın: onlar nə əkir, nə biçir, nə zirzəmiləri var, nə anbarları. Buna baxmayaraq, Allah onları yedizdirir. Siz isə quşlardan qat-qat qiymətlisiniz!.. Zanbaqların necə boy atdığına baxın: onlar nə zəhmət çəkir, nə ip əyirir, amma inanın ki, heç Süleyman da bütün cah-calalında bunlardan biri kimi geyinməmişdi... Buna görə də yemək-içmək dərdi çəkməyi və həddindən artıq narahat olmağı qurtarın... Sizin Atanız bunlara ehtiyac duyduğunuzu bilir. Onun Padşahlığını həyatınızda hər şeydən üstün tutun, onda bunlar da sizə veriləcək» (Luka 12:22—31; Mətta 6:25—33).

Kimlər Allahın Padşahlığını həyatlarında hər şeydən üstün tutacaq? İsa peyğəmbər deyir ki, sadiq insanlardan ibarət kiçik bir qrup bunu edəcək. Sonradan məlum olur ki, onların sayı 144 000-dir. Onlar üçün nə qorunub saxlanılıb? Məsih onları əmin edir: «Atanız Padşahlığı sizə verməyi məsləhət bildi». Onlar yerdə oğruların girib oğurlaya biləcəyi xəzinə yığmağa diqqətlərini cəmləməyəcəklər. Əksinə, onların ürəkləri göydə heç vaxt tükənməyən xəzinədə, yəni İsa Məsihlə birlikdə idarə edəcəkləri yerdə olacaq (Luka 12:32—34).