Hekayə 2
Gözəl bağ
BİR bu şəklə bax! Gör yer üzü necə gözəldir! Buradakı otlara, ağaclara, çiçəklərə və heyvanlara tamaşa et. Şəkildə filləri və şirləri tapa bilərsən?
Görəsən bu gözəl bağ necə yaranıb? Gəl görək Allah yer üzünü bizim üçün necə hazırlayıb.
Əvvəlcə Allah torpağın üzünü yaşıl otla örtdü. Sonra O, müxtəlif növ bitkilər, kollar və ağaclar yaratdı. Bu yaşıllığın sayəsində yer üzü daha da gözəlləşdi. Amma bu bitkilərin başqa faydası da var idi. Onların çoxunda dadlı meyvə və tərəvəz yetişirdi.
Bir müddət keçəndən sonra, Allah suda üzən balıqları və göydə uçan quşları yaratdı. O, həm də itləri, pişikləri, atları, bir sözlə bütün yekə və balaca heyvanları yaratdı. Bəs sən evinizin yaxınlığında hansı heyvanları görürsən? Allahın bütün bunları bizim üçün yaratdığına sevinirik, elə deyilmi?
Daha sonra, Allah yerin bir hissəsində xüsusi hazırlıq görməyə başladı. O, bu yerin adını Eden bağı qoydu. O bağda hər şey qəşəng və mükəmməl idi. Allah istəyirdi ki, bütün yer üzü, yaratdığı bu bağ kimi qəşəng olsun.
Bu bağın şəklinə bir də bax. Allah bu bağda nəyinsə çatışmadığını gördü. Bilirsən nəyin? Gəl görək.