Hekayə 16
İshaq yaxşı bir qızla evlənir
BİLİRSƏN şəkildəki qız kimdir? Bu Rivqadır. Onu qarşılamağa çıxan kişi isə İshaqdır. Rivqa onun arvadı olacaq. Gəl, onların evlənmə əhvalatını öyrənək.
İshaqın atası İbrahim istəyirdi ki, oğlu yaxşı bir qızla evlənsin. O, oğlu İshaqın yalançı allahlara ibadət edən Kənan qızlarından arvad almasını istəmirdi. Bunun üçün İbrahim nökərini çağırıb deyir: ‘İstəyirəm ki, Xaranda yaşayan qohumlarımgilə gedəsən və oradan oğlum İshaqa bir arvad alasan’.
Nökər dərhal hazırlıq görür və on dəvə götürüb uzun səfərə çıxır. Bir müddətdən sonra İbrahimin qohumlarının yaşadığı yerə gəlib bir su quyusunun yanında dayanır. Axşamçağı oranın qızları su çəkmək üçün quyuya gəlirlər. Nökər bunu görəndə Yehovaya dua edir: ‘Elə et ki, mənə və dəvələrimə su çəkəcək qız İshaqa seçdiyin arvad olsun’.
Bir azdan Rivqa su çəkmək üçün quyuya yaxınlaşır. Bunu görən nökər ondan su istəyir. Rivqa ona su verir. Sonra isə gedib dəvələrin hamısı üçün su çəkir. Bu çox ağır işdir, çünki dəvə çox su içir.
Rivqa işini qurtardıqdan sonra nökər ondan atasının adını soruşur və evlərində gecələmək üçün yer olub-olmadığı ilə maraqlanır. Qız deyir: ‘Atamın adı Betueldir. Evimizdə qalmağa yerimiz də var’. Nökər bilir ki, Betuel İbrahimin qardaşı Naxorun oğludur. Buna görə də diz çöküb Yehovaya minnətdarlığını bildirir. Axı Yehova onu düz ağasının qohumlarıgilə gətirmişdi.
Həmin gecə nökər gəlişinin səbəbini Betuelə və Rivqanın qardaşı Lavana söyləyir. Onların hər ikisi Rivqanın İshaqa ərə getməsinə razılıq verirlər. Bəs bu haqda Rivqanın fikrini soruşanda, o nə dəyir? O da razılığını bildirir. Beləliklə onlar növbəti gün dəvələrə minib geriyə, Kənan torpağına yola düşürlər.
Onlar evlərinə çatanda artıq axşam düşmüşdü. Rivqa çöllükdə gəzən bir kişini görür. Bu İshaqdır. Anası Saranın ölümündən üç il keçsə də, o hələ də kədər içində idi. Amma Rivqanı görəndə çox şadlanır. İshaq onu dərin məhəbbətlə sevir və yenidən xoşbəxt olur.