Kontentə keç

Mündəricatı göstər

Hekayə 33

İsraillilər Qırmızı dənizi keçir

İsraillilər Qırmızı dənizi keçir

ŞƏKİLDƏ təsvir olunanlara bax. Budur, Musa əlindəki əsanı Qırmızı dənizə uzadır. Onun yanında duranlar israillilərdir. Dənizdə boğulanlar isə firon və ordusudur. Gəl görək onlar buraya necə gəlib çıxıblar.

Öyrəndiyimiz kimi, onuncu bəladan sonra firon israillilərə Misirdən çıxmağı əmr edir. Ölkəni 600 000 kişi, o cümlədən bir çox qadın və uşaq tərk edir. Yehova Allaha iman gətirən bir çox başqa insanlar da israillilərlə bərabər Misirdən çıxırlar. Onların hamısı mal-qarasını özləri ilə götürür.

Ölkəni tərk etməzdən əvvəl israillilər misirlilərdən geyim, qızıl və gümüş əşyalar istəyirlər. Misirlilər sonuncu bəladan o qədər qorxmuşdular ki, israillilərin istədikləri hər şeyi onlara verirlər.

Bir neçə gündən sonra israillilər Qırmızı dənizə çatır və orada bir qədər dincəlmək qərarına gəlirlər. Bu vaxt, firon və məmurları israilliləri buraxdıqlarına peşman olub deyirlər: ‘Bir gör nə etdik! Qullarımızı öz əlimizlə buraxdıq!’

Firon yenə də fikrini dəyişib dərhal döyüş arabalarını və ordusunu hazırlayır. Özünün 600 seçmə döyüş arabasından əlavə, Misirdəki bütün döyüş arabalarını da yığıb israillilərin dalınca düşür.

İsraillilər fironu və onun ordusunu görəndə təşvişə düşürlər. Qaçıb gizlənməyə bir yer yoxdur. Bir tərəfdə Qırmızı dəniz, o biri tərəfdə isə misirlilər! Amma Yehova Öz xalqı ilə onların arasına bulud qoyur. Misirlilər israilliləri görə bilmədikləri üçün onlara hücum edə bilmirlər.

Bu zaman Yehova Musaya deyir ki, əsasını Qırmızı dənizə uzatsın. Musa əsanı uzatdıqda Yehova güclü şərq küləyi əsdirir. Dənizin suları aralanır və hər iki tərəfdə divar kimi durur.

İsraillilər dənizin ortasındakı quru yerdən keçirlər. Milyonlarla insanın heyvanları ilə dənizin o biri sahilinə keçməsinə bir neçə saat lazım idi. Nəhayət, misirlilər israilliləri görürlər. «Qullarımız qaçır!» deyərək, onların ardınca dənizə cumurlar.

Bu zaman Allah israillilərin köməyinə gəlir. Misirlilərin döyüş arabalarının təkərləri çıxır. Onlar bərk qorxur və ‘Allah Yehova israillilərə görə bizə qarşı döyüşür. Gəlin qaçaq!’ deyə qışqırmağa başlayırlar. Amma artıq gecdir.

Bax elə bu vaxt Yehova Musaya əsanı Qırmızı dənizə uzatmağı əmr edir. Musa Allahın dediyi kimi edəndə, sular geriyə, misirlilərin və döyüş arabalarının üstünə qayıdır. Bütün ordu israillilərin dalınca dənizə girdiyi üçün, bir nəfər misirli belə sağ qalmır!

Allahın xalqı xilas olduğuna necə də şaddır! Kişilər Yehovaya minnətdarlıq mahnısı oxuyurlar: ‘Yehova böyük qələbə çaldı. O, atları və döyüşçüləri dənizdə batırdı’. Musanın bacısı Məryəm və bütün qadınlar dəflərini götürüb, sevinclə rəqs edərək həmin mahnını oxuyurlar: ‘Yehova böyük qələbə çaldı. O, atları və döyüşçüləri dənizdə batırdı’.

Çıxış 12-15–ci fəsillər.