Kontentə keç

Mündəricatı göstər

Hekayə 39

Harunun əsası çiçək açır

Harunun əsası çiçək açır

ƏSANIN üstündəki çiçəkləri və yetişmiş badamları görürsən? Bu əsa Harunundur. Çiçəklərlə badamlar isə bir gecənin içində bitib! Gəl bunun səbəbini öyrənək.

İsraillilər xeyli vaxtdır ki, səhrada dolaşırlar. Onlardan bəziləri Musanın başçı, Harunun isə baş kahin olmasına etiraz edir. Qorah, Datan, Aviram və 250 nəfər icma başçısı da belə düşünür. Onlar yığışıb Musaya deyirlər: ‘Özünü bizdən nə üçün üstün tutursan?’

Musa Qorahla onun tərəfdarlarına deyir: ‘Sabah hərəniz bir buxurdan götürüb içərisinə buxur qoyun və Yehovanın çadırına gəlin. Yehovanın kimi seçdiyini orada görəcəksiniz’.

Səhəri gün Qorah 250 nəfər tərəfdarı ilə birlikdə ibadət çadırının qabağına gəlir. Bir çox israilli də onların tərəfini tutduğunu göstərmək üçün Qorah, Datan və Aviramın yaşadıqları çadırlara gedir. Yehovanın buna bərk qəzəbi tutur. Musa xalqa deyir: ‘Bu pis adamların çadırlarından kənara çəkilin. Onların heç bir şeyinə əl vurmayın’. Xalq sözə əməl edib Qorah, Datan və Aviramın çadırından çəkilir.

Sonra Musa deyir: ‘İndi Yehovanın kimi seçdiyini biləcəksiniz: yer ağzını açıb bu pis adamları udacaq’.

Musa sözünü qurtarmamış yer yarılır. Qorahın çadırı və hər şeyi, o cümlədən Datan, Aviram və onlarla olanların hamısı yerin altına gedir. Xalq onların çığırtısını eşidəndə qışqırmağa başlayır: ‘Qaçın! Yoxsa yer bizi də udar!’

Qorah və 250 nəfər tərəfdarı hələ də çadırın yanındadırlar. Allah göydən alov göndərir və onların hamısı yanır. Sonra Yehova Harunun oğlu Eleazara deyir ki, ölən adamların buxurdanlarını yığsın və onlardan qurbangahı örtmək üçün dəmir dam düzəltsin. Bu dam İsrail xalqına xəbərdarlıq əlaməti olmalı idi: Harun və onun oğullarından başqa heç kəs Yehovaya kahin kimi xidmət edə bilməzdi.

Yehova xalqa aydın göstərmək istəyir ki, məhz Harunu və oğullarını kahin seçib. Buna görə də Musaya deyir: ‘Qoy İsrail qəbilələrinin başçıları öz əsalarını gətirsin. Levi qəbiləsindən isə qoy Harun əsasını gətirsin. Əsaları çadırdakı əhd sandığının qarşısına qoy. Kahin seçdiyim adamın əsası çiçək açacaq’.

Musa növbəti gün çadıra girəndə, bilirsən nə görür? Harunun əsası çiçəklənib və üstündə badamlar yetişib! İndi başa düşdün nəyə görə Harunun əsası çiçək açmışdı?