Kontentə keç

Mündəricatı göstər

Hekayə 43

Yeşua başçı olur

Yeşua başçı olur

MUSA israillilərlə Kənan torpağına getmək istəyir. Buna görə də xahiş edir: ‘Yehova, nə olar, qoy İordan çayının o tayına keçim və gözəl torpağı görüm’. Amma Yehova deyir: ‘Bəsdir, bu barədə bir də Mənimlə danışma!’ Bilirsən Yehova nə üçün belə deyir?

Buna səbəb qayanın yanında baş vermiş hadisədir. Yadındadır, Musa ilə Harun Yehovanı orada izzətləndirməmişdilər. Onlar suyu qayadan çıxardanın Yehova olduğunu xalqa demədilər. Bax elə buna görə Yehova dedi ki, onlar Kənan torpağına girməyəcəklər.

Harunun ölümündən bir neçə ay sonra Yehova Musaya deyir: ‘Yeşuanı kahin Eleazarın və xalqın qarşısına gətir. Orada onlara Yeşuanı başçı təyin etdiyimi söylə’. Şəkildə gördüyün kimi, Musa Yehovanın dediyinə əməl edir.

Sonra Yehova Yeşuaya deyir: ‘Möhkəm ol, qorxma. İsrail xalqını vəd etdiyim Kənan torpağına sən aparacaqsan. Mən səninlə olacağam’.

Daha sonra Yehova Musaya deyir ki, Moav torpağındakı Nevo dağına çıxsın. Oradan Musa İordan çayının o tayını və gözəl Kənan torpağını görür. Yehova deyir: ‘Bu, İbrahimin, İshaqın və Yaqubun övladlarına vəd etdiyim torpaqdır. Bu torpağı sənə göstərdim, amma oraya getməyə sənə icazə vermirəm’.

Musa Nevo dağında ölür. Onun 120 yaşı vardı. O, taqətdən düşməmişdi, gözləri də hələ zəifləməmişdi. Xalq Musanın ölümünə çox kədərlənib ağlayır. Amma Yeşuanın başçı olduğuna çox sevinir.