Hekayə 69
Balaca qız ağasına kömək edir
BİLİRSƏN bu balaca qız nə deyir? O, yanındakı xanıma Yehovanın peyğəmbəri Elişa və onun möcüzələri haqqında danışır. Bu xanım israilli olmadığından Yehova Allahı tanımır. Gəl görək bu qız xanımın evinə necə gəlib.
Xanım suriyalıdır. Əri Naaman isə Suriyanın ordu başçısıdır. Suriyalılar bu balaca israilli qızı əsir götürüblər və indi o, Naamanın arvadının qulluqçusudur.
Naaman cüzam xəstəliyinə tutulub. Bu çox pis xəstəlikdir. Ondan insanın hətta əti də çürüyür. Buna görə də qız Naamanın arvadına deyir: ‘Kaş ki ağam İsrailə, Yehovanın peyğəmbərinin yanına gedəydi. Peyğəmbər onu cüzamdan sağaldardı’. Bir azdan xanımın əri bu söhbətdən xəbər tutur.
Naaman bu xəstəlikdən tez sağalmaq istəyir və İsrailə getmək qərarına gəlir. Oraya çatdıqda Elişanın evinə üz tutur. Elişa qulluqçusunu göndərib Naamana İordan çayına yeddi dəfə girməyi tapşırır. Naamanın buna çox acığı tutur: ‘Məgər vətənimin çayları İsrailin çaylarının hamısından daha yaxşı deyilmi?!’ Bunu dedikdən sonra Naaman oranı tərk edir.
Amma onun qulluqçuları deyirlər: ‘Ağam, əgər Elişa sənə çətin bir iş tapşırsaydı, məgər onu etməzdinmi? İndi nəyə görə onun dediyi kimi, çaya girib yuyunmayasan?’ Naaman qulluqçularının sözünə qulaq asıb yeddi dəfə İordan çayına girir. Bundan sonra onun bədəni sağalıb bərkiyir.
Naamanın sevinci aşıb-daşır. O, Elişanın yanına qayıdıb deyir: ‘İndi bildim ki, İsrailin Allahı yer üzündə yeganə həqiqi Allahdır. Xahiş edirəm, bu hədiyyələri məndən qəbul et’. Elişa cavabında deyir: ‘Yox, götürmərəm’. Elişa bilir ki, hədiyyələri almaq düzgün olmazdı, çünki Naamanı sağaldan Yehova Allah idi. Elişanın qulu Gehazi isə hədiyyələri özünə götürmək istəyir.
Gör bunun üçün Gehazi nə edir. Naaman getdikdən sonra onun dalınca qaçıb deyir: ‘Elə indicə yanımıza dostlarımız gəlib, Elişa da məni göndərib xahiş edir ki, onlar üçün pay verəsən’. Əlbəttə, bu yalandır. Amma Naaman bunun yalan olduğunu bilmir və hədiyyələri Gehaziyə verir.
Gehazi evə qayıdanda artıq Elişa onun əməlindən xəbər tutmuşdu. Bunu ona Yehova bildirmişdi. Elişa deyir: ‘Bu pisliyi etdiyin üçün Naamanın cüzamı sənə gələcək’. Belə də olur!
Bütün bunlardan biz nə öyrənə bilərik? Birincisi, balaca qız kimi biz də Yehova Allah haqqında danışmalıyıq. Bu, çox insanlara xeyir gətirə bilər. İkincisi, qürrəli olmamalıyıq, Allahın xidmətçilərinə qulaq asmalıyıq. Yadındadırsa, Naaman da əvvəlcə özünü qürrəli apardı. Üçüncüsü isə, Gehazi kimi yalan danışmamalıyıq. Gördüyün kimi, Müqəddəs Kitabı oxuduqca çox şey öyrənirik, elə deyilmi?