Hekayə 72
Allah Xizqiya padşaha kömək edir
BU KİŞİNİN Yehova Allaha nə üçün dua etdiyini bilirsən? Bəs görəsən bu məktubları niyə Yehovanın qurbangahı qarşısına qoyub? Bu adamın adı Xizqiyadır. O, İsrailin cənubdakı iki qəbiləsinin padşahıdır. İndi o, böyük çətinliyə düşüb. Gəl bunun səbəbini öyrənək.
Aşşur ordusu artıq 10 qəbiləli şimal padşahlığını işğal edib. Yehova Allah buna xalqın pis əməllərinə görə yol verib. İndi isə bu ordu ikiqəbiləli padşahlığa qarşı döyüşə çıxıb.
Xizqiya elə indicə Aşşur padşahından məktub alıb. Şəkildə gördüyün kimi, Xizqiya həmin bu məktubları Allahın qarşısına qoyub. Məktubda Yehova Allaha istehza edilir və Xizqiyaya təslim olmaq təklif olunur. Buna görə Xizqiya Allaha yalvarır: ‘Ey Yehova, bizi Aşşur padşahının əlindən qurtar. Onda bütün millətlər yalnız Sənin Allah olduğunu biləcək’. Necə düşünürsən, Yehova onun duasına cavab verirmi?
Xizqiya yaxşı padşahdır. O, 10 qəbiləli İsrail padşahlığının padşahları və atası Axaz kimi pis işlər etmir, əksinə Yehovanın bütün qanunlarını dəqiqliklə yerinə yetirir. Ona görə də Xizqiya duasını qurtarandan sonra Yehova peyğəmbəri Yeşayanın vasitəsilə ona bu sözləri çatdırır: ‘Aşşur padşahı Yerusəlimə girməyəcək. Əsgərlərindən heç biri şəhərə yaxın gəlməyəcək. Onlar şəhərə bir ox belə atmayacaqlar’.
Bu səhifədəki şəklə bax. Bilirsən bu ölü əsgərlər kimlərdir? Onlar Aşşur ordusunun əsgərləridir. Yehova bir mələk göndərir və bu mələk bir gecənin içində 185 000 düşmən əsgəri öldürür. Beləliklə, Aşşur padşahı məğlub olub ölkəsinə qayıdır.
İkiqəbiləli padşahlıq xilas olur və xalq bir müddət sülh içində yaşayır. Xizqiya öləndən sonra onun oğlu Menaşşe padşah olur. Həm Menaşşe, həm də ondan sonra gələn oğlu Amon pis padşah olurlar. Ölkə yenidən cinayət və zorakılıqla dolur. Amonu öz xidmətçiləri öldürürlər və ikiqəbiləli padşahlığı onun oğlu Yoşiya idarə etməyə başlayır.