Hekayə 74
Mərd adam
GÖRÜRSƏN, camaat bu cavanı lağa qoyur. Heç bilirsən o kimdir? O, Yehova Allahın görkəmli peyğəmbəri Yeremyadır.
Yoşiya padşah ölkədəki bütləri sındırmağa başladıqdan az sonra, Yehova Yeremyanı peyğəmbər təyin edir. Yeremyaya isə elə gəlir ki, peyğəmbər olmaq üçün o hələ çox gəncdir. Amma Yehova Allah ona kömək edəcəyini bildirir.
Yeremya israilliləri pis əməllərindən əl çəkməyə çağırır: ‘Xalqların ibadət etdikləri allahlar saxtadır!’ Amma israillilərin çoxu bütlərə sitayiş etməyi həqiqi Allah Yehovaya ibadət etməkdən üstün tuturlar. Yeremya Yehovanın onları pis əməllərinə görə cəzalandıracağını söyləyəndə hamı ona gülür.
İllər ötür və Yoşiya ölür. Üç aydan sonra onun oğlu Yehoyakin padşah olur. Yeremya xalqı yenə xəbərdar edir: ‘Əməllərinizdən əl çəkməsəniz Yerusəlim məhv ediləcək’. Kahinlər qəzəblə: ‘Belə şeylər dediyin üçün sən ölməlisən!’ deyib Yeremyanı tuturlar. Sonra İsrail rəislərinin yanına gəlib deyirlər: ‘Yeremya şəhərimizə qarşı danışdığı üçün öldürülməlidir’.
Səncə, indi Yeremya nə edəcək? O heç qorxmur! Ona qarşı çıxanlara deyir: ‘Yehova Allah məni göndərib ki, bütün bunları sizə çatdırım. Əgər tutduğunuz bu pis yoldan dönməsəniz, Yehova Yerusəlimi məhv edəcək. Amma bir şeyi bilin: məni öldürsəniz, günahsız adamın qanını tökmüş olacaqsınız’.
Rəislər Yeremyanı öldürmürlər, amma israillilər də pis əməllərindən əl çəkmirlər. Bir müddətdən sonra Babilin padşahı Navuxodonosor Yerusəlimə hücum edir və israilliləri özünə qul edir. Sonra minlərlə adamı Babilə əsir aparır. Tanımadığın adamların səni öz evindən çıxarıb yad bir ölkəyə aparmalarının nə demək olduğunu bir təsəvvür et!