Hekayə 87
Balaca İsa məbəddə
BÖYÜKLƏRLƏ söhbət edən bu balaca oğlana bax. Bu adamlar Allahın Yerusəlimdəki məbədində müəllimdirlər. Oğlan isə İsadır. O böyüyüb və artıq 12 yaşındadır.
Müəllimlər İsanın biliyinə təəccüblənirlər. O, Allah və Müqəddəs Kitabda yazılanlar haqqında çox bilir. Bəs Yusiflə Məryəm niyə burada yoxdurlar? Onlar hanı? Gəl öyrənək.
Yusif hər il ailəsi ilə Yerusəlimdə keçirilən Pasxa bayramına gəlir. Nazaret şəhəri Yerusəlimdən uzaqda yerləşir. O vaxt nə maşın, nə də qatar vardı. Adamlar hər yerə piyada gedirdi. Yerusəlimə çatmaq üçün Yusif ailəsi ilə üç gün yol getməli idi.
Yusif artıq böyük ailə sahibidir. İsanın özündən kiçik bacı və qardaşları da var. Valideynləri onların da qeydinə qalırlar. Budur, Yusiflə Məryəm uşaqları ilə bərabər Nazaretə qayıdırlar. Onlara elə gəlir ki, İsa yoldaşları ilə bir yerdədir. Amma axşam düşəndə, İsanı nə qohumların, nə də tanışların arasında tapa bilirlər. Bu səbəbdən onlar yenidən Yerusəlimə qayıdıb, İsanı axtarmağa başlayırlar.
Nəhayət İsanı məbəddə müəllimlərin yanında tapırlar. İsa onları diqqətlə dinləyib suallar verir. Hamı onun ağlına heyrandır. Məryəm İsadan soruşur: ‘Oğlum, bizi niyə nigaran qoydun? Səni axtarıb tapana qədər çox narahat olduq’.
İsa deyir: ‘Məni nə üçün axtarırdınız? Məgər bilmirdiniz ki, mən Atamın evində olmalıyam?’
Bəli, İsa Yehova Allah haqqında bilik verilən yerdə olmağı xoşlayırdı. Biz də bunu xoşlamalıyıq. İsa evə qayıdandan sonra da hər həftə Nazaretdə keçirilən ibadət görüşlərinə gedirdi. O həmişə diqqətli olduğu üçün Müqəddəs Kitabı yaxşı bilirdi. Gəl biz də İsa kimi olmağa çalışaq.