Kontentə keç

Mündəricatı göstər

Hekayə 86

Ulduz yol göstərir

Ulduz yol göstərir

KİŞİNİN işarə etdiyi o parlaq ulduzu görürsən? Ulduz, onlar Yerusəlimdən çıxan kimi göydə peyda olub. Bu kişilər şərqdən gəlmiş münəccimlərdir, onlar ulduzları öyrənirlər. Bu münəccimlər əmindirlər ki, ulduz onları vacib bir insanın yanına aparacaq.

Bu adamlar əvvəlcə Yerusəlimə gəlirlər. ‘Yəhudilərin padşahı olacaq körpə haradadır?’ deyə soruşurlar. İsrailliləri həmçinin «yəhudi» də adlandırırlar. Münəccimlər deyirlər: ‘Körpənin ulduzunu hələ şərqdə olanda görmüşdük, indi də gəlmişik ki, ona səcdə edək’.

Yerusəlimdəki Hirod padşah bundan xəbər tutanda qanı qaralır. O istəmir ki, yerini başqası tutsun. Buna görə də baş kahinləri çağırıb soruşur: ‘Vəd olunmuş padşah harada doğulmalıdır?’ Onlar cavab verirlər: ‘Müqəddəs Yazılara əsasən Bet-Lexemdə doğulmalıdır’.

Hirod şərqdən gələn münəccimləri çağırtdırıb deyir: ‘Gedin, körpəni axtarın. Onu tapan kimi mənə də xəbər verin ki, gəlib ona səcdə edim’. Əslində isə Hirod uşağı öldürmək istəyir.

Sonra ulduz adamlara yol göstərərək Bet-Lexem tərəfə hərəkət edir və uşağın yaşadığı evin üstündə dayanır. Adamlar evə girəndə, Məryəmlə balaca İsanı görürlər. Onlar gətirdikləri hədiyyələri çıxarıb İsaya verirlər. Ancaq Yehova bu adamlara yuxuda Hirodun yanına qayıtmamağı əmr edir. Onlar da başqa yolla ölkələrinə qayıdırlar.

Hirod münəccimlərin evlərinə qayıtdığını biləndə bərk qəzəblənir. Bu səbəbdən Bet-Lexemdə doğulmuş iki yaşa qədər bütün oğlan uşaqlarının öldürülməsini əmr edir. Yehova isə Yusifi yuxuda xəbərdar edir və o, ailəsi ilə birlikdə Misirə qaçır. Bir qədər vaxtdan sonra Yusif Hirodun ölümü haqqında eşidib Məryəm və İsa ilə bərabər evinə, Nazaretə qayıdır. İsa bu şəhərdə boya başa çatır.

Səncə, bu yeni ulduzu parladan kim idi? Yadındadırsa, adamlar ulduzu görəndə əvvəlcə Yerusəlimə gedirlər. Şeytan İblis Allahın Oğlunu öldürmək istəyirdi və o bilirdi ki, Yerusəlim padşahı Hirod da bunu etməyə çalışacaq. Deməli, ulduzu parladan Şeytan idi.