BÖLMƏ 20
İsa Məsih öldürülür
İsa yeni mərasim təsis edir; ələ verilir və edam edilir
ÜÇ İL yarım təbliğ edib təlim verdikdən sonra İsa bilirdi ki, onun yer üzündəki həyatı sona çatmaq üzrədir. Yəhudi din rəhbərləri onu öldürmək üçün əlbir olsalar da, əksəriyyət İsanı peyğəmbər kimi qəbul etdiyindən xalq arasında qalmaqal düşəcəyindən qorxurdular. Bu arada, Şeytan on iki həvaridən birini — Yəhuda İskəryutu təhrik etdi ki, İsaya xəyanət etsin. Yəhudi din rəhbərləri İsanı ələ verməsi üçün Yəhudaya 30 gümüş pul təklif etdilər.
Həyatının sonuncu gecəsi İsa şagirdləri ilə Pasxanı qeyd etmək üçün bir yerə toplaşdı. Yəhudanı yolladıqdan sonra o, yeni mərasimi Ağanın axşam yeməyini təsis etdi. Bir parça çörək götürdü və dua edib 11 şagirdinə ötürdü. O dedi: «Bu çörək sizin uğrunuzda fəda ediləcək bədənimi təmsil edir. Xatirəmi yad etmək üçün bunu həmişə edin». Eynilə, bir kasa şərab götürüb dedi: «Bu cam sizin uğrunuzda axıdılacaq qanım əsasında bağlanan yeni əhdi təmsil edir» (Luka 22:19, 20).
Həmin gecə İsanın həvarilərinə deyiləsi çox sözü var idi. İsa onlara yeni əmr — bir-birilərinə təmənnasız məhəbbət göstərmək əmrini verdi. O dedi: «Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz» (Yəhya 13:34, 35). İsa onları baş verəcək faciələrdən təşvişə düşməməyə təşviq etdi. O, şagirdləri üçün sidqi-ürəkdən dua etdi. Onlar birlikdə həmd nəğmələri oxudular, sonra gecə yarısı Getsemani bağına getdilər.
İsa orada diz çöküb duada ürəyini boşaltdı. Çox keçməmişdi ki, əsgərlərdən, kahinlərdən və başqalarından ibarət silahlanmış izdiham onu həbs etmək üçün gəldi. Yəhuda kimin İsa olduğunu göstərmək məqsədilə yaxınlaşıb onu öpdü. Əsgərlər İsanın əl-qolunu bağlayanda şagirdlər qaçdılar.
Yəhudi ali məhkəməsinin önündə İsa özünü Allahın Oğlu kimi təqdim etdi. Məhkəmə onu küfr söyləməkdə günahlandırdı və ölümə layiq bildi. Sonra İsanı Roma valisi Ponti Pilatın yanına apardılar. Pilat onda heç bir günah tapmasa da, onu ölümünü tələb edən izdihamın ixtiyarına verdi.
İsanı Qolqota adlanan yerə apardılar və orada Roma əsgərləri onu dirəyə mıxladılar. Günün günorta çağı qeyri-adi şəkildə hər tərəfi zülmət bürüdü. Günortadan bir az keçmiş İsa öldü və bu zaman güclü zəlzələ baş verdi. Onun cəsədini qayada oyulmuş sərdabəyə qoydular. Səhərisi gün kahinlər sərdabəni möhürləyib girişinə mühafizəçi qoydular. İsa elə qəbirdə də qalacaqdımı? Xeyr. Möcüzələrdən ən böyüyü baş vermək üzrə idi.
Mətta 26, 27; Mark 14, 15; Luka 22, 23; Yəhya 12—19-dək fəsillərə əsaslanıb.
^ abz. 15 İsanın qurbanlığının dəyəri haqda əlavə məlumatı əsas dərs vəsaitinin 47—56 səhifələrindən tapa bilərsiniz.