Kontentə keç

Mündəricatı göstər

DƏRS 70

Mələklər İsanın doğulduğunu xəbər verir

Mələklər İsanın doğulduğunu xəbər verir

Roma imperatoru Sezar Avqust əmr verir ki, bütün yəhudilər qeydiyyata alınmaq üçün öz şəhərlərinə qayıtsınlar. Buna görə də Yusif və Məryəm Yusifin ailəsinin şəhərinə, Beytləhmə yola düşürlər. Məryəmin doğmaq vaxtına az qalıb.

Yusiflə Məryəm Beytləhmə çatanda gecələmək üçün ancaq tövlədə yer tapırlar. Elə oradaca Məryəm İsanı dünyaya gətirir. O, uşağı bələyib ehmalca axura qoyur.

Beytləhm yaxınlığında çobanlar olur. Onlar çöldə qalıb, gecələr sürülərinin keşiyini çəkirlər. Birdən bir mələk peyda olur və Yehovanın qüdrəti ətrafa nur saçır. Çobanlar qorxur. Mələk isə onlara deyir: «Qorxmayın. Sizə xəbər gətirmişəm. Bu gün Beytləhmdə Məsih doğuldu». Birdən göydə çoxlu mələk peyda olur. Onlar deyirlər: «Göylərdəki Allahımıza alqış olsun! Yerə sülh nəsib olsun». Sonra isə mələklər gözdən itir. Görəsən çobanlar nə edəcəklər?

Çobanlar bir-birilərinə deyirlər: «Gəlin elə bu saat Beytləhmə gedək». Onlar dərhal yola düşürlər. Çobanlar Yusiflə Məryəmi və axurdakı körpəni tapırlar.

Mələyin çobanlara dediyi sözlərdən xəbər tutan hər kəs heyrətə gəlir. Məryəm mələyin sözləri haqda dərindən düşünür və bu sözləri heç vaxt unutmur. Çobanlar sürülərinin yanına qayıdıb gördükləri və eşitdikləri hər şeyə görə Yehova Allaha şükr edirlər.

«Mən Allahdan gəlmişəm və indi buradayam. Mən özbaşına gəlməmişəm, məni O göndərib» (Yəhya 8:42)