Kontentə keç

Mündəricatı göstər

DƏRS 68

İlsəbanın uşağı olur

İlsəbanın uşağı olur

Yerusəlim divarlarının bərpasından 400 ildən çox vaxt keçib. Yerusəlim şəhərinin yaxınlığında Zəkəriyyə adlı kahin və arvadı İlsəba yaşayır. Onlar uzun illərdir evli olsalar da, uşaqları olmur. Bir gün Zəkəriyyə məbəddə buxur qurbanı təqdim edəndə birdən Cəbrayıl mələk peyda olur. Zəkəriyyə qorxur, ancaq Cəbrayıl mələk ona deyir: «Qorxma. Yehovadan sənə şad xəbər gətirmişəm. Arvadın İlsəba bir oğul doğacaq. Onun adını Yəhya qoyacaqsınız. Yehova Yəhyanı xüsusi bir iş üçün seçib». Zəkəriyyə soruşur: «Bizim uşağımız necə ola bilər? Axı arvadımla mən çox yaşlıyıq». Cəbrayıl mələk cavab verir: «Allah məni göndərib ki, sənə bu xəbəri çatdırım. Amma mənə inanmadığın üçün uşaq doğulana kimi danışa bilməyəcəksən».

Zəkəriyyə məbəddə həmişəkindən çox qalır. Nəhayət o, məbəddən çıxır. Zəkəriyyə görür ki, camaat nə baş verdiyini öyrənmək üçün çöldə onu gözləyir. O danışa bilmir, ancaq əl işarələri ilə fikrini başa sala bilir. Xalq başa düşür ki, Allah Zəkəriyyə nəsə buyurub.

Bir müddət sonra İlsəba hamilə qalır və mələyin dediyi kimi bir oğlan uşağı dünyaya gətirir. Onun rəfiqələri və qohumları uşağı görməyə gəlirlər. Onlar İlsəbaya görə çox sevinirlər. İlsəba deyir: «Onun adı Yəhya olacaq». Onlar cavab verir: «Nəslinizdə Yəhya adlı adam yoxdur. Ona atasının adını qoyun». Ancaq Zəkəriyyə lövhəyə yazır: «Onun adı Yəhyadır». Elə o andaca Zəkəriyyənin dili açılır! Bu hadisə bütün Yəhudiyyəyə yayılır. Xalq deyir: «Görəsən, bu uşaq böyüyüb kim olacaq?»

Sonra Zəkəriyyə müqəddəs ruhla dolur. O peyğəmbərlik edir: «Yehovaya həmd olsun. O, İbrahimə söz vermişdi ki, bizi xilas etmək üçün Məsihi göndərəcək. Yəhya peyğəmbər olacaq və Məsihin yolunu hazırlayacaq».

İlsəbanın qohumu Məryəmin də başına möcüzəvi hadisə gəlir. Növbəti fəsildə bu haqda öyrənəcəyik.

«Bu, insan üçün mümkün deyil, amma Allah üçün hər şey mümkündür» (Mətta 19:26)