DƏRS 89
Butrus İsa Məsihi danır
İsa Məsih şagirdləri ilə sonuncu dəfə şam edəndə onlara deyir: «Bu gecə hamınız məndən üz döndərəcəksiniz». Onda Butrus dillənir: «Hamı səndən üz döndərsə də, mən heç vaxt bunu etmərəm». Amma İsa ona deyir: «Xoruz banlamazdan əvvəl, məni üç dəfə danacaqsan».
Əsgərlər İsanı tutub Qayafanın evinə gətirəndə həvarilərin çoxu onu qoyub qaçır. Ancaq onlardan ikisi camaata qoşulub İsanın dalınca gedirlər. Bu adamlardan biri Butrusdur. O, Qayafanın evinin həyətinə girir, ocağın yanında isinir. Orada olan xidmətçi qızlardan biri Butrusu görüb deyir: «Mən səni tanıyıram. Sən də İsanın yanında idin».
Butrus: «Yox, mən o adamı tanımıram. Sənin də nə haqda danışdığını bilmirəm», — deyib darvazaya tərəf gedir. Ancaq çox keçməmiş başqa bir xidmətçi qız onu görüb camaata deyir: «Bu adam da İsa ilə idi!» Butrus isə deyir: «Mən heç onu tanımıram!» Sonra bir kişi ona deyir: «Sən də onlardan birisən. İsa kimi, sən də Cəlilədənsən, ləhcəndən bilinir!» Amma Butrus and-aman edir ki, İsanı tanımır.
Elə bu an xoruz banlayır. Butrus İsanın dönüb ona baxdığını görür. İsanın sözləri yadına düşür və çölə çıxıb hönkür-hönkür ağlayır.
Sinedrion üzvləri Qayafanın evində toplaşıb İsaya məhkəmə qururlar. Onlar artıq qərar vermişdilər ki, İsanı öldürsünlər. İndi isə bunun üçün əsas axtarırlar. Ancaq onun əleyhinə heç nə tapmırlar. Axırda Qayafa İsadan birbaşa soruşur: «Sən Allahın Oğlusan?» İsa Məsih cavab verir: «Bəli». Onda Qayafa deyir: «Əlavə sübuta nə ehtiyac var? O, küfr danışır!» Məhkəmə bununla razılaşır və belə qərar çıxarır: «Bu adam ölməlidir».
Onlar İsanın üzünə şillə vurub, tüpürürlər. Gözlərini bağlayıb, vuraraq deyirlər: «Əgər peyğəmbərsənsə, tap görək səni vuran kimdir».Səhər açılanda İsa Məsihi Sinedrion zalına gətirirlər və ondan yenə soruşurlar: «Sən Allahın Oğlusan?» İsa cavab verir: «Bunu siz deyirsiniz». Sonra onlar İsanı küfr etməkdə təqsirli bilib, Roma valisi Ponti Pilatın sarayına aparırlar. Bəs sonra nə baş verir? Gəl öyrənək.
«Elə bir vaxt gələcək ki, artıq gəlib də, hamınız məni tək qoyub evinizə dağılışacaqsınız. Ancaq mən tək deyiləm, çünki Atam mənimlədir» (Yəhya 16:32)