Kontentə keç

Mündəricatı göstər

DƏRS 92

İsa Məsih balıqçılara görünür

İsa Məsih balıqçılara görünür

İsa Məsihin həvarilərə görünməsindən bir müddət sonra Butrus Cəlilə dənizində balıq tutmağa gedir. Tomas, Yaqub, Yəhya və digər şagirdlər onunla birgə gedir. Bütün gecəni balıq tutmaq üçün əlləşirlər, amma heç nə tuta bilmirlər.

Səhər tezdən onlar bir nəfərin sahildə durduğunu görürlər. Həmin adam sahildən onlara səslənir: «Balıq tuta bilmisiniz?» Onlar cavab verirlər: «Xeyr!» Həmin adam isə deyir: «Toru qayığın sağ tərəfindən atın». Onlar toru qayığın sağ tərəfindən atırlar. Tor o qədər balıqla dolur ki, toru dartıb çıxara bilmirlər. Yəhya elə həmin an onun İsa olduğunu başa düşüb deyir: «Bu, Ağadır!» Butrus cəld suya tullanıb sahilə tərəf üzür. O birilər isə qayıqla sahilə çıxırlar.

Onlar sahilə çatanda tonqalda çörək və balığın bişdiyini görürlər. İsa onlara söyləyir ki, tutduqları balıqdan bir neçəsini gətirsinlər. Sonra isə deyir: «Gəlin yemək yeyin».

Onlar yeməklərini yeyib qurtarandan sonra İsa Butrusdan soruşur: «Məni çox istəyirsən, yoxsa balıqçılığı?» Butrus cavab verir: «Ağa, yaxşı bilirsən ki, səni çox istəyirəm». İsa deyir: «Onda quzularımı bəslə». İsa yenə soruşur: «Butrus, məni çox istəyirsən?» Butrus cavab verir: «Ağa, bilirsən ki, səni çox istəyirəm». İsa deyir: «Quzularımı otar». İsa üçüncü dəfə soruşanda Butrus pis olur. O deyir: «Ağa, sən hər şeyi bilirsən. Sən yaxşı bilirsən ki, səni çox istəyirəm». Onda İsa deyir: «Quzularımı bəslə». Sonra o, Butrusa deyir: «Bundan sonra da ardımca gəl».

«İsa onlara dedi: “Ardımca gəlin. Bundan sonra balıq yox, insan tutacaqsınız”. Onlar dərhal torlarını atıb onun ardınca getdilər» (Mətta 4:19, 20)