Kontentə keç

Mündəricatı göstər

DƏRS 46

Karmel dağındakı sınaq

Karmel dağındakı sınaq

Onqəbiləli İsrail padşahlığının çoxlu pis padşahı olub, ancaq Əhəb ən betər padşahlardan biridir. O, Baala sitayiş edən pis bir qadınla evlənib. Onun adı İzəbildir. Əhəb və İzəbil ölkəni büt yuvasına çevirir və Yehovanın peyğəmbərlərini öldürürlər. Bəs Yehova nə edir? O, Əhəbə xəbər çatdırması üçün İlyas peyğəmbəri göndərir.

İlyas peyğəmbər Əhəb padşaha deyir ki, pislik etdiyi üçün İsrailə yağış yağmayacaq. Belə də olur. Üç ildən çox torpaq bəhrə vermir və xalq aclıq çəkir. Yehova yenə İlyası Əhəbin yanına göndərir. Padşah deyir: «Sən başa bəlasan! Bütün bunlar sənin işindir». İlyas cavab verir: «Quraqlığın səbəbkarı mən deyiləm. Sən Baala sitayiş edirsən. Gəl yoxlayaq görək bütün bunlar kimə görədir. Xalqı və Baal peyğəmbərlərini Karmel dağına topla».

Xalq dağa toplanır. İlyas deyir: «Qərar verin. Əgər Yehova həqiqi Allahdırsa, Ona ibadət edin. Yox, əgər Baal allahdırsa, onda ona ibadət edin. Sizə meydan oxuyuram. Baalın 450 peyğəmbəri qurbanlarını hazırlayıb, allahlarını çağırsınlar, mən də qurbanımı hazırlayıb Yehovanı çağıracağam. Hansı odla cavab versə, deməli, həqiqi Allah odur». Xalq razılaşır.

Baal peyğəmbərləri qurbanlarını təqdim edib, bütün günü allahlarını çağırırlar: «Ey Baal, bizə cavab ver!» Baalın cavab vermədiyini görüb İlyas onları ələ salır. O deyir: «Bərkdən çağırın. Bəlkə yatır, durğuzmaq lazımdır». Axşam olur və Baal peyğəmbərləri hələ də çağırırlar. Ancaq hələ də onlara cavab verən yoxdur.

İlyas qurbanını qurbangaha qoyub, qurbangahı su ilə doldurur. Sonra isə dua edir: «Ey Yehova, qoy xalq görsün ki, Sən həqiqi Allahsan». Yehova dərhal qurbanı yandırmaq üçün göydən od göndərir. Xalq bir ağızdan qışqırır: «Yehova həqiqi Allahdır!» İlyas deyir: «Baal peyğəmbərlərindən heç kim sağ qalmamalıdır!» Həmin gün 450 Baal peyğəmbəri öldürülür.

Dənizin üstündən kiçik bulud qalxanda İlyas Əhəbə deyir: «Leysan yaxınlaşır. Arabana minib evə get». Göyü qara buludlar örtür, külək əsir, güclü yağış yağmağa başlayır. Beləcə, quraqlıq sona çatır. Əhəb cəld arabasına minir. Yehovanın köməkliyi ilə İlyas arabadan daha sürətlə qaçır! Bəs bundan sonra İlyasın heç bir çətinliyi olmur? Gəl baxaq.

«Qoy insanlar bilsin ki, adı Yehova olan Sən, dünyada tək Sən ucasan» (Zəbur 83:18)