FƏSİL 6
Öləndən sonra insan hara gedir?
1—3. İnsanları ölümlə bağlı hansı suallar narahat edir? Dinlər bu suallara necə cavab verir?
MÜQƏDDƏS KİTABDA bütün bəşəriyyət üçün gözəl bir xəbər var — bir gün «ölüm olmayacaq»! (Vəhy 21:4). 5-ci fəsildən öyrəndiyimiz kimi, fidyə sayəsində əbədiyyən yaşamaq imkanımız var. Amma təəssüf ki, hələ də ölüm dünyada «at oynadır» (Vaiz 9:5). Və hələ də insanları bir sual narahat edir: «İnsan öləndə hara gedir?»
2 Əsasən də yaxınlarımızdan kimisə itirəndə bu sual bizə rahatlıq vermir. Bəlkə də, növbəti suallar da beynimizdə dolaşır: «Görəsən, o, indi haradadır: cənnətdə, yoxsa cəhənnəmdə? Görəsən, məni görür? Bizə xeyri, ya zərəri dəyə bilər? Doğrudanmı, daha onu heç vaxt görməyəcəm?»
3 Dinlərin bu suallara cavabı bir-birindən fərqlənir. Bəzi dinlər öyrədir ki, yaxşı insanlar öləndən sonra cənnətə düşür, pislər isə cəhənnəmdə yanır. Bəzi dinlərin inancına görə, insan öləndə ruha çevrilib əcdadlarına qovuşur. Bir sıra dinlərin təlimlərinə əsasən isə, insan öləndən sonra ona hökm kəsilir, sonra o, başqa bir insan, hətta heyvan bədənində yenidən dünyaya gəlir.
4. Ölümlə bağlı bütün dinlərdə hansı oxşar fikir var?
4 Göründüyü kimi, bu mövzuda hər dinin öz inancı var. Lakin ümumilikdə götürsək, onların arasında bir oxşarlıq var. Onların inancına əsasən, insan öləndən sonra yaşamağa davam edir. Bəs Müqəddəs Kitabda bu haqda nə deyilir?
ÖLƏNDƏN SONRA İNSAN HARA GEDİR?
5, 6. Öləndən sonra insanla nə baş verir?
5 Öləndən sonra insanın hara getdiyini Yehova Allahdan başqa heç kim bilə bilməz. O, Öz Kəlamında bizə əyan edir ki, insan öləndə onun mövcudluğuna son qoyulur, o, heç yerdə yaşamır. Odur ki, insan öləndən sonra onun hisslərini və yaddaşını özündə daşıyan heç bir ruh yaşamır *. Yəni, öləndən sonra insan nə görür, nə eşidir, nə də düşünür.
6 Süleyman peyğəmbərin yazdığı bir ayədə deyilir ki, «ölülər heç nə bilmir». Ölülər nə sevir, nə nifrət edir; «Məzarda nə iş, nə niyyət, nə elm, nə də hikmət var». (Vaiz 9:5, 6, 10 ayələrini oxuyun.) Zəbur 146:4 ayəsinə əsasən, insan öləndə onun «düşüncələri» də ölür.
İSA MƏSİH ÖLÜM BARƏDƏ NƏ DEMİŞDİ?
7. İsa Məsih ölümü necə təsvir etmişdi?
7 Yaxın dostu İlazər öləndə İsa Məsih şagirdlərinə demişdi: «Dostumuz İlazər yuxuya gedib». İsa İlazərin dincəldiyini nəzərdə tutmurdu. O, sözlərinə bu cür izah verdi: «İlazər ölüb» (Yəhya 11:11—14). İsa ölümü yuxuya bənzətdi. O demədi ki, İlazər cənnətə düşüb və ya cəhənnəmdə əzab çəkir, yaxud əcdadlarının ruhuna qovuşub, ya da ki, başqa bir insan və ya heyvan bədənində təzədən dünyaya gəlib. İsa Məsihin sözlərinə əsasən, İlazər, sanki, dərin yuxuya getmişdi. Başqa ayələrdə də ölüm yuxuya bənzədilir. Məsələn, bir ayədə deyilir ki, Stefan qətlə yetiriləndə «ölüm yuxusuna getdi» (Həvarilərin işləri 7:60). Həvari Bulus da bəzi məsihilər haqqında demişdi ki, onlar «ölüm yuxusuna gediblər» (1 Korinflilərə 15:6).
8. Haradan bilirik ki, Allah insanları ölmək üçün yaratmayıb?
8 Allah Adəmlə Həvvanı ölmək üçün yaratmamışdı! Allah istəyirdi ki, onlar əbədi, canları sağ yaşasınlar, şad-xürrəm ömür sürsünlər. Yehova Allah insanı əbədi yaşamaq arzusu ilə yaradıb (Vaiz 3:11). Heç bir valideyn övladının qocaldığını, öldüyünü görmək istəmir. Bəs Yaradanımız bunu istəyər? Əlbəttə, yox. Əgər, doğrudan da, Allah bizi əbədi yaşamaq üçün yaradıbsa, onda niyə ölürük?
NƏYƏ GÖRƏ İNSANLAR ÖLÜR?
9. Nəyə görə Adəmlə Həvva Allahın əmrinə tabe olmalı idilər?
9 Ədən bağında Yehova Allah Adəmə buyurmuşdu: «Bağdakı bütün ağacların meyvəsindən ürəyin istəyən qədər yeyə bilərsən. Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən» (Yaradılış 2:9, 16, 17). Bu aydın əmrə tabe olmaq çətin deyildi. Həm də Yehova Allahın Adəmlə Həvvaya nəyin yaxşı, nəyin pis olduğunu deməyə ixtiyarı çatırdı. Allaha itaət etməklə onlar Onun hakimiyyətinə hörmət etmiş olurdular. Həmçinin bu, Allahın onlara bəxş etdiyi sonsuz nemətlərə görə minnətdarlıqlarını bildirmək üçün bir fürsət idi.
10, 11. a) Şeytan Adəmlə Həvvanı Allahın əmrini pozmağa necə təhrik etdi? b) Nəyə görə Adəmlə Həvvanın günahı bağışlanmazdır?
10 Təəssüf ki, Adəmlə Həvva Allahın sözündən çıxdılar. İblis Həvvaya dedi: «Doğrudanmı, Allah sizə deyib ki, bağdakı hər ağacın meyvəsindən yeməyəsiniz?» Həvva cavab verib dedi: «Bağdakı ağacların meyvəsindən yeyə bilərik. Ancaq bağın ortasındakı ağac haqqında Allah deyib: “Ondan yeməyin, ona toxunmayın, yoxsa ölərsiniz!”» (Yaradılış 3:1—3).
11 Onda Şeytan dedi: «Yox, əsla ölməzsiniz. Sadəcə Allah bilir ki, ondan yeyən gün gözləriniz açılacaq və siz xeyirlə şəri bilərək Allah kimi olacaqsınız» (Yaradılış 3:4—6). Şeytan Həvvanı inandırmaq istəyirdi ki, yaxşı ilə pisi özü ayırd edə bilər. Həmçinin onun itaətsizliyinin axırı barədə yalan danışdı, dedi ki, meyvədən yesə, ölməyəcək. Buna uyan Həvva meyvədən yedi, sonra ərinə də verdi. Adəm də, Həvva da çox gözəl bilirdi ki, Yehova Allah onlara bu meyvədən yeməyi qadağan edib. Meyvədən yeməklə onlar Allahın aydın və sadə əmrinə qarşı çıxdılar. Bununla onlar mehriban Yaradanlarına qarşı hörmətsizlik etdilər. Onlar bağışlanmaz günaha yol verdilər!
12. Sizcə, Adəmlə Həvvanın itaətsizliyi Allaha necə təsir etmişdi?
12 Ulu valideynlərimizin Yaradanlarına bu cür hörmətsizlik göstərməsi çox kədərli haldır! Min bir əziyyətlə böyütdüyünüz övlad üzünüzə ağ olub sizə qarşı çıxsaydı, nə hiss edərdiniz? Təbii ki, bu, sizin üçün ağır zərbə olardı.
13. «Torpağa... qayıdacaqsan» sözləri nə məna daşıyır?
13 Adəmlə Həvva Allahın əmrini pozmaqla əbədi həyatdan məhrum oldular. Adəm günah edəndən sonra Allah ona dedi: «Torpaqsan, torpağa da qayıdacaqsan». (Yaradılış 3:19 ayəsini oxuyun.) Yəni Adəm yenə torpaq olacaqdı, sanki, heç yaranmamışdı (Yaradılış 2:7). Adəm günah edəndən sonra öldü və daha heç bir yerdə yaşamağa davam etmədi.
14. Nəyə görə insanlar ölür?
14 Adəmlə Həvva Allahın əmrini pozmasaydılar, indiyə kimi yaşayardılar. Allahın sözündən çıxmaqla onlar günah işlətdilər və nəticədə, öldülər. Günah ölümcül xəstəlik kimi ulu valideynlərimizdən bizə keçib. Bütün insanlar Romalılara 5:12). Allahın Öz bəndələri üçün arzuladığı həyat bu deyildi. Yaradanımız istəmirdi ki, insanlar ölsün; həmçinin Müqəddəs Kitabda ölüm «düşmən» adlanır (1 Korinflilərə 15:26).
günahlı doğulur, buna görə də, hamı ölümə məhkumdur (HƏQİQƏT BİZİ AZAD EDİR
15. Ölüm barədə həqiqət bizi nədən azad edir?
15 Ölüm barədə həqiqəti bilmək insanı yanlış təsəvvürlərin əsarətindən xilas edir. Müqəddəs Kitabda açıq-aydın yazılıb ki, ölülər nə ağrı hiss edir, nə dərd çəkir; nə onlar bizi, nə də biz onları eşidirik, nə biz onlara, nə də onlar bizə kömək edə bilməz. Ölülər bizə ziyan yetirə bilməz, odur ki, onlardan qorxmağa heç bir səbəb yoxdur. Amma əksər dinlərdə belə bir inanc var ki, öləndən sonra insan yaşamağa davam edir. Bu dinlərin təliminə görə, din xadimlərinə pul verib mərhumun ruhuna dua oxutmaqla və müəyyən mərasimləri icra etməklə ona kömək etmək olar. Amma ölüm haqda həqiqəti bilsək, bu yalanlara uymayacağıq.
16. Əksər dinlər ölümlə bağlı hansı yanlış inancı aşılayır?
16 Şeytan saxta dinlər vasitəsilə insanları aldadır, inandırmağa çalışır ki, guya ölülər yaşayır. Məsələn, bəzi dinlərdə aşılanır ki, insan öləndən sonra müəyyən bir məkanda yaşamağa davam edir. Bəs sizin dində bu barədə nə deyilir? Dininizin ölümlə bağlı təlimləri Müqəddəs Kitabda yazılana uyğun gəlir? Yadda saxlayın ki, Şeytan min-bir yalanla insanları Yehova Allahdan uzaqlaşdırmağa çalışır.
17. Nəyə görə cəhənnəm təlimi Yehova Allaha qarşı küfrdür?
17 Əksər dinlərin təlimləri insanda dəhşət doğurur. Misal üçün, bir sıra dinlərdə belə təlim var ki, pis cəhənnəmdə əbədi yanacaqlar. Bu ağ yalandır və Allaha qarşı küfrdür. Mehriban Allah əsla insana bu yolla cəza verməz! (1 Yəhya 4:8 ayəsini oxuyun.) Uşağına cəza vermək üçün onun əlini oda tutan valideyn barədə nə deyərdiniz? Yəqin düşünürsünüz: bu ki vəhşilikdir! Ola bilsin, belə insana heç salam da verməzsiniz. Şeytan da uydurduğu yalanlarla bizi Yaradanımızdan uzaqlaşdırmağa, yadlaşdırmağa çalışır!
insanlar18. Nəyə görə ölülərdən qorxmağa əsas yoxdur?
18 Bəzi dinlərin inancına görə isə, insan öləndə ruha çevrilir. Bu inanca əsasən, insanlar həmin ruha ehtiram göstərməli, ondan qorxmalıdırlar, çünki bu ruh onlara ya qüdrətli dost, ya da amansız düşmən ola bilər. Çoxları buna sidqi-ürəkdən inanır. Onlar ölülərdən o dərəcədə qorxurlar ki, Allahı qoyub onlara sitayiş edirlər. Unutmayın ki, ölülərin hissiyyatı, duyğusu yoxdur, buna görə də onlardan qorxmamalıyıq. Yehova Allah bizim Yaradanımızdır, O, tək olan Allahdır, biz yalnız Ona səcdə qılmalıyıq (Vəhy 4:11).
19. Ölüm haqda həqiqəti bilməyimiz bizə nədə kömək edir?
19 Ölüm haqda həqiqəti bilmək bizi yalan təlimlərin buxovundan azad edir. Bu həqiqət bizə Yehova Allahın həyatımız və gələcəyimizlə bağlı verdiyi vədləri qiymətləndirməyə kömək edir.
20. Növbəti fəsildə söhbət nədən gedəcək?
20 Əsrlər əvvəl Allahın mömin bəndələrindən biri olan Əyyub peyğəmbər belə bir sual vermişdi: «İnsan ölsə, bir də yaşarmı?» (Əyyub 14:14). Maraqlı sualdır, görəsən, doğrudanmı, ölülər diriləcək? Bu suala Müqəddəs Kitabın verdiyi cavab sizi heyrətə salacaq. Növbəti fəsildə söhbət məhz bu barədə gedəcək.
^ abz. 5 Bəzi insanlar inanır ki, insan öləndən sonra onun ruhu yaşayır. Bu barədə əlavə məlumat almaq üçün 17-ci əlavəyə baxın.