FƏSİL 8
«Bir nəfəri... çoban qoyacağam»
MƏZMUN: Hökmdar Məsih haqqında dörd peyğəmbərlik və onların İsanın üzərində yerinə yetməsi
1—3. Hizqiyalın ürəyi nəyə görə qan ağlayır və ona hansı peyğəmbərlik nazil olur?
HİZQİYAL PEYĞƏMBƏR artıq altı ildir ki sürgün həyatı yaşayır *. Yəhuda padşahlığının acınacaqlı vəziyyətini, yüzlərlə kilometr aralıda yerləşən doğma vətəninin miskin halını düşünəndə onun ürəyi qan ağlayır. Peyğəmbər neçə-neçə padşahın taxta çıxdığını, taxtdan salındığını görüb.
2 Hizqiyal doğulanda sadiq padşah Yuşiyyə xeyli vaxt idi hakimiyyətdə idi. Yəqin Hizqiyal onun ölkəni oyma bütlərdən təmizlədiyi, Yəhudada pak ibadəti dirçəltmək üçün gördüyü işlər barədə eşidəndə çox sevinmişdi (2 Saln. 34:1—8). Təəssüf ki, Yuşiyyənin əldə etdiyi nailiyyətlərin ömrü qısa oldu. Ondan sonra gələn padşahların əksəriyyəti bütpərəstliyə qayıtdılar. Təəccüblü deyil ki, bu cür mənfur padşahların hakimiyyəti altında olan xalq da get-gedə ruhani və əxlaqi bataqlığa qərq oldu. Bəs bu o demək idi ki, vəziyyət düzələn deyil? Əsla!
3 Yehova Allah sadiq peyğəmbərinə Məsihlə bağlı bir peyğəmbərlik nazil etdi. Gələcəkdə Rəhbər olacaq Məsih pak ibadəti həmişəlik dirçəldəcək və bir Çoban kimi nəvazişlə Yehovanın sürüsünün qayğısına qalacaq. Yehova Hizqiyala Məsihlə bağlı başqa peyğəmbərliklər də nazil etdi. Bu peyğəmbərlikləri diqqətlə araşdırmaq vacibdir, çünki onlar bizim əbədi gələcəyimizlə birbaşa əlaqəlidir. Odur ki, gəlin «Hizqiyal» kitabında Məsihlə bağlı yazılmış dörd peyğəmbərliyi araşdıraq.
«Zərif zoğ» «möhtəşəm sidr ağacına» çevrilir
4. Hizqiyal hansı peyğəmbərliyi söyləyir və Yehova bu peyğəmbərlikdən əvvəl nə deyir?
4 Eramızdan əvvəl təxminən 612-ci ildə Hizqiyal peyğəmbərə «Yehovanın sözü nazil oldu» və o, bir peyğəmbərlik söylədi. Bu peyğəmbərlik Məsihin hakimiyyətinin əzəmətini və onun Padşahlığına güvənməyin vacibliyini göstərir. Bu peyğəmbərliyi nazil etməzdən əvvəl Yehova Hizqiyala buyurdu ki, xalqa peyğəmbərlik mənası daşıyan bir tapmaca desin. Bu tapmaca Yəhuda rəhbərlərinin xəyanətini göstərir və Allahın təyin edəcəyi saleh Rəhbərə nə dərəcədə ehtiyac olduğunu vurğulayır (Hizq. 17:1, 2).
5. Tapmacanın mövzusu nədir?
5 Hizqiyal 17:3—10 ayələrini oxuyun. Tapmacanın mövzusu budur: «Böyük bir qartal» sidr ağacının lap yuxarısındakı zoğu qoparıb «tacirlər şəhərində» əkir. Sonra «o diyardakı toxumdan götürüb» «bol sulu hövzənin kənarında» münbit torpaqlı sahəyə əkir. Toxum cücərib qol-budaq atır, «meynəyə» çevrilir. Sonra «başqa bir böyük qartal» gəlir. Meynə böyük həvəslə köklərini bu qartala tərəf uzadır ki, qartal onu başqa bol sulu yerdə əksin. Yehova bu hərəkətinə görə meynəni qınayır və bildirir ki, onu kökündən qoparacaqlar, o, qupquru quruyacaq.
6. Tapmacanın mənası nədir?
6 Bəs bu tapmacanın mənası nədir? (Hizqiyal 17:11—15 ayələrini oxuyun.) E. ə. 617-ci ildə Babil padşahı Navuxodonosor, yəni birinci böyük qartal Yerusəlimi mühasirəyə aldı. O, Yəhuda padşahı Yəhyakini, ağacın «lap yuxarısındakı zoğu» taxtından «qoparıb» Babilə, tacirlər şəhərinə apardı. Navuxodonosor Yerusəlimdəki taxta Sidqiyyəni, «o diyardakı toxumdan» birini qoydu. Navuxodonosor Yəhudanın yeni padşahını Allaha and verdirdi ki, onun tabeliyindən çıxmayacaq (2 Saln. 36:13). Lakin Sidqiyyə anda xor baxdı. O, Babilə üsyan edib Misir padşahı firondan, ikinci böyük qartaldan hərbi kömək istədi. Ancaq bunun heç bir xeyri olmadı. Yehova andına naxələf çıxan Sidqiyyəni xəyanətinə görə mühakimə etdi (Hizq. 17:16—21). Sidqiyyə taxtdan salındı və Babildə zindanda öldü (Ərm. 52:6—11).
7. Tapmacadan özümüzə hansı dərsi götürürük?
7 Bu tapmacadan özümüzə hansı dərsi götürürük? Əvvəla, Allaha pak şəkildə ibadət edən bizlər sözümüzün ağası olmalıyıq. İsa Məsih demişdi ki, «qoy “bəli”niz bəli olsun, “xeyr” sözünüz xeyr olsun» (Mət. 5:37). Əgər vəziyyət tələb edərsə, məsələn, məhkəmədə şahidlik edərkən Allahın qarşısında həqiqəti söyləyəcəyimizə and içməli olsaq, andımıza ciddi yanaşmalıyıq. İkincisi, kimə güvəndiyimizə fikir verməliyik. Müqəddəs Kitab bizə xəbərdarlıq edir: «Əsilzadələrə, qurtuluş verə bilməyən bəşər oğluna güvənməyin» (Zəb. 146:3).
8—10. Yehova seçəcəyi Padşahı necə təsvir etdi və bu peyğəmbərlik necə yerinə yetir? (Həmçinin «Hökmdar Məsihlə bağlı peyğəmbərlik. Möhtəşəm sidr ağacı» adlı çərçivəyə baxın.)
8 Lakin bir rəhbər var ki, ona tam güvənə, tam etibar edə bilərik. Zoğla bağlı tapmacanı deyəndən sonra Yehova eyni poetik obrazlardan istifadə edərək gələcəkdə seçəcəyi Rəhbəri təsvir etdi.
9 Peyğəmbərliyin mövzusu. (Hizqiyal 17:22—24 ayələrini oxuyun.) Bu dəfə böyük qartallar yox, Yehova Özü hərəkətə keçəcək. O, «hündür sidr ağacının təpəsindən» «zərif zoğ» qıracaq və gətirib «hündür, əzəmətli dağda» əkəcək. Bu «zoğ» qol-budaq atıb «möhtəşəm sidr ağacına çevriləcək». «Bütün quşlar ona sığınacaq». «Onda bütün meşə ağacları biləcək ki», bu ağacı belə möhtəşəm edən Yehovadır.
10 Peyğəmbərliyin yerinə yetməsi. Yehova Allah Oğlu İsa Məsihi Davud sülaləsindən, hündür sidr ağacından qırıb səmavi Sion dağında, «hündür, əzəmətli dağda» «əkdi» (Zəb. 2:6; Ərm. 23:5; Vəhy 14:1). Beləliklə, Yehova düşmənlərinin gözündə ən aşağı insan olan Oğluna atası Davudun taxtını verərək onu ucaltdı (Dən. 4:17; Luka 1:32, 33). Möhtəşəm sidr ağacı kimi, Padşah İsa Məsih də bütün Yer kürəsi üzərində ucalacaq və bütün təbəələri üçün bərəkət çeşməsi olacaq. Bəli, bu Rəhbərə tam etibar edə bilərik. İsanın hakimiyyətinin kölgəsində bütün dünyadakı itaətkar insanlar «əmin-amanlıqda yaşayacaq, fəlakət qorxusu bilməyəcək» (Məs. 1:33).
11. «Möhtəşəm sidr ağacına» çevrilən «zərif zoğ» haqqındakı peyğəmbərlik hansı suala cavab verir?
11 Peyğəmbərlikdən nə öyrənirik? «Möhtəşəm sidr ağacına» çevrilən «zərif zoğ» haqqındakı peyğəmbərlik mühüm bir suala cavab verir: Biz ümidimizi kimə bağlamalıyıq? İnsanların qurduğu hökumətlərə, onların hərbi qüvvəsinə güvənmək ağılsızlıqdır. Əsl əmin-amanlığı tapmaq üçün pənahımız, güvənc yerimiz Allahın seçdiyi Padşah İsa Məsih olmalıdır. Onun məharətlə idarə etdiyi səmavi hökumət bəşəriyyətin yeganə ümid yeridir (Vəhy 11:15).
«Qanuni sahib»
12. Yehova Davudla bağladığı əhdi pozmadığını necə göstərdi?
12 İki qartal barədə tapmacanın izahından Hizqiyal başa düşdü ki, Davudun sülaləsindən olan xəyanətkar Sidqiyyə taxtdan salınacaq və Babilə əsir aparılacaq. Yəqin peyğəmbəri bu sual narahat edirdi: «Bəs Allahın Davudla bağladığı əhd necə olacaq? Axı bu əhdə əsasən, Davud sülaləsindən olan padşah əbədiyyən hakimiyyət sürməli idi?» (2 İşm. 7:12, 16). Ancaq Hizqiyalın narahatçılığı uzun sürmədi, tezliklə o, sualına cavab tapdı. E. ə. təxminən 611-ci ildə, sürgünün yeddinci ilində, Sidqiyyə hələ Yəhudada hakimiyyətdə ikən Hizqiyala «Yehovanın sözü nazil oldu» (Hizq. 20:2). Yehovanın buyruğu ilə o, gələcək Padşahla bağlı daha bir peyğəmbərlik söylədi. Bu peyğəmbərlikdən aydın oldu ki, Allah Davudla bağladığı əhdi pozmayıb, əksinə, gələcək Rəhbər Davudun varisi olaraq hakimiyyətin qanuni sahibi olacaq.
13, 14. Hizqiyal 21:25—27 ayələrindəki peyğəmbərliyin mövzusu nədir və bu peyğəmbərlik necə yerinə yetdi?
13 Peyğəmbərliyin mövzusu. (Hizqiyal 21:25—27 ayələrini oxuyun.) Yehova Hizqiyal vasitəsilə İsrailin mənfur rəhbərinə müraciət edir. Onun cəza vaxtı artıq yetişib. Yehova bu mənfur rəhbərə söyləyir ki, hakimiyyət rəmzi olan çalması, tacı ondan alınacaq. Alçaqda olan hakimiyyətlər yüksələcək, yüksəkdə olanlar alçalacaq. Yüksələn hakimiyyətlər idarə etməyə davam edəcək, amma «qanuni sahibi gələnədək». O gələndə Yehova Padşahlığı ona verəcək.
14 Peyğəmbərliyin yerinə yetməsi. E. ə. 607-ci ildə babillilər Yerusəlimi darmadağın etdilər, Sidqiyyə padşahı taxtdan salıb əsir apardılar. Bununla da «yüksəkdə» olan, yəni idarəçilik mərkəzi Yerusəlimdə olan Yəhuda padşahlığı alçaldıldı. Artıq Yerusəlimdə Davud sülaləsindən olan padşah idarə etmirdi. Beləcə, alçaqda olanlar, yəni yadelli hökmdarlar yüksəldi. Artıq yer üzündə hakimiyyət onların əlinə keçdi, lakin bu, müəyyən müddət davam etdi. «Xalqlara verilən vaxt» 1914-cü ildə, Yehova Padşahlığı İsa Məsihə verəndə sona yetdi (Luka 21:24). Davud padşahın nəslindən olduğu üçün İsanın Allahın qurduğu Padşahlığa qanuni ixtiyarı çatırdı * (Yar. 49:10). Beləliklə, Yehova Davuda verdiyi vədi yerinə yetirdi, İsa Məsihi Davudun daimi varisi edib ona əbədi Padşahlıq verdi (Luka 1:32, 33).
15. Nəyə görə Padşah Məsihə tam etibar edə bilərik?
15 Peyğəmbərlikdən nə öyrənirik? Biz bu Padşaha, İsa Məsihə tam etibar edə bilərik. Çünki bu dünyada insanların seçdiyi, yaxud zor gücünə hakimiyyəti ələ keçirən hökmdarlardan fərqli olaraq, İsanı Yehova Allah seçib və ona qanuni ixtiyarı çatan padşahlığı verib (Dən. 7:13, 14). Sözsüz ki, Yehovanın təyin etdiyi Padşah tam etibara layiqdir!
«Qulum Davudu çoban qoyacağam»
16. Yehova otlağının sürüsünə necə yanaşır və Hizqiyalın dövründəki İsrail çobanlarının xalqla rəftarı Yehovaya necə təsir edirdi?
16 Yehova otlağının sürüsünün, yer üzündəki xidmətçilərinin rifahını düşünür (Zəb. 100:3). O, Öz sürüsünü çobanlara, yəni səlahiyyət verdiyi insanlara tapşıranda diqqətlə göz qoyur ki, görsün onlar bu sürü ilə necə rəftar edirlər. Hizqiyalın dövründə İsrail rəhbərləri xalqa qəddarlıqla, zalımlıqla ağalıq edirdilər. Xalq bundan əzab çəkirdi. Beləcə, çoxları pak ibadətdən üz döndərirdi. Təsəvvür edin, bu çobanların xalqla rəftarı Yehovaya necə təsir edirdi (Hizq. 34:1—6).
17. Yehova sürüsünü necə xilas etdi?
17 Bəs Yehova vəziyyəti belə qoyacaqdı? O, İsrailin amansız rəhbərlərinə dedi: «Onlarla haqq-hesab çəkəcəyəm». Sonra vəd etdi: «Qoyunlarımı onların dişindən qurtaracağam» (Hizq. 34:10). Yehova həmişə dediyini edir (Yuş. 21:45). E. ə. 607-ci ildə O, babillilərin vasitəsilə həmin xudbin çobanları hakimiyyət başından qopararaq qoyunlarını xilas etdi. 70 ildən sonra isə sürüsünü Babil əsarətindən xilas etdi və vətənlərinə qaytardı ki, orada pak ibadəti dirçəltsinlər. Lakin Yehovanın sürüsü hələ də aciz vəziyyətdə idi. Çünki onların üzərində hələ uzun illər dünyəvi hökumətlər ağalıq edəcəkdi. «Xalqlara verilən vaxt»ın bitməsinə əsrlər qalmışdı (Luka 21:24).
18, 19. Hizqiyal e. ə. 606-cı ildə hansı peyğəmbərliyi söyləmişdi? (Fəslin əvvəlindəki şəklə baxın.)
18 E. ə. 606-cı il idi. Yerusəlimin darmadağın edilməsindən təxminən bir il keçmişdi. İsraillilərin Babil əsarətindən qurtulmasına isə hələ onilliklər qalmışdı. Yehova Hizqiyala bir peyğəmbərlik nazil etdi. Bu peyğəmbərlik Yehovanın Öz sürüsünün əbədi rifahını nə qədər dərindən düşündüyünü əks etdirirdi. Peyğəmbərlikdə Allahın seçdiyi Rəhbərin Onun sürüsünü necə otaracağı təsvir olunub.
19 Peyğəmbərliyin mövzusu. (Hizqiyal 34:22—24 ayələrini oxuyun.) Allah «qulum Davud» adlandırdığı bir nəfəri çoban qoyacaq. «Bir nəfər» və «qulum» sözlərinin təkdə işlənməsindən görünür ki, bu Rəhbər Davudun nəslindən olan padşahlar sülaləsini bərpa etmək üçün gəlməyəcək. O, özü Davudun yeganə daimi varisi olacaq. O, Allahın sürüsünü yedizdirəcək və «onların arasında başçı olacaq». Yehova sürüsü ilə «sülh əhdi» bağlayacaq. Onların başından yağıştək bol bərəkət tökəcək. Onlar əmin-amanlıqda yaşayacaq, firavan həyat sürəcək, barlı-bəhərli olacaqlar. Təkcə insanla insan arasında deyil, insanlarla heyvanlar arasında da sülh hökm sürəcək! (Hizq. 34:25—28).
20, 21. a) Allah «qulum Davud» deyəndə kimi nəzərdə tuturdu və bu peyğəmbərlik necə yerinə yetir? b) Hizqiyalın «sülh əhdi» sözləri gələcəkdə necə yerinə yetəcək?
20 Peyğəmbərliyin yerinə yetməsi. Yehova bu Rəhbəri «qulum Davud» adlandırmaqla Davudun nəslindən gələn və hakimiyyətin qanuni sahibi olan İsaya işarə edirdi (Zəb. 89:35, 36). İsa yer üzündə olanda həyatını qoyunları uğrunda fəda edərək yaxşı çoban olduğunu göstərdi (Yəh. 10:14, 15). Amma indi o, göydə yaşayır (İbr. 13:20). 1914-cü ildə Allah İsanı padşah taxtına çıxardı və ona Özünün yer üzündəki sürüsünü otarmaq və bəsləmək məsuliyyətini həvalə etdi. Üstündən çox keçməmiş, 1919-cu ildə bu padşah evdəki qulluqçuları — Allahın həm yerdə, həm də göydə yaşamağa ümid edən sadiq xidmətçilərini qida ilə təmin etmək üçün «sadiq və ağıllı nökər» təyin etdi (Mət. 24:45—47). O vaxtdan etibarən sadiq nökər Məsihin rəhbərliyi altında Allahın sürüsünü bol ruhani qida ilə təmin edir. Bu qida onlara hazırda bərqərar olan ruhani cənnətdə sülh və əmin-amanlıq yaratmağa kömək edir.
21 Bəs Hizqiyalın söylədiyi «sülh əhdi», yağıştək bol bərəkət sözləri gələcəkdə necə yerinə yetəcək? Yeni dünyada yer üzündə Yehovaya pak şəkildə ibadət edənlər «sülh əhdi»nin hasil etdiyi nemətləri tamlığı ilə dadacaqlar. Yer üzündəki cənnətdə müharibə, cinayət, aclıq, xəstəlik, vəhşi heyvanlar sadiq insanlar üçün daha təhlükə yaratmayacaq (Əşy. 11:6—9; 35:5, 6; 65:21—23). Cənnətdə Allahın sadiq bəndələri əbədiyyən «əmin-amanlıqda yaşayacaqlar, onları qorxudub-hürküdən olmayacaq». Bu çox möhtəşəm ümiddir! (Hizq. 34:28).
22. İsa sürüyə necə yanaşır və ağsaqqallar ondan necə nümunə götürə bilər?
22 Peyğəmbərlikdən nə öyrənirik? İsa da Atası kimi sürünün qeydinə qalır. O nəzarət edir ki, Atasının sürüsünün ruhani qidası bol olsun və ruhani cənnətdə sülh və əmin-amanlıq hökm sürsün. Bu cür Rəhbərin qayğısı altında yaşamaq necə də xoşdur! Ağsaqqallar da İsa kimi sürünün qeydinə qalmalıdır. Onlar könül xoşluğu ilə, canla-başla sürünü otarmalı və dindaşlarına yaxşı nümunə qoymalıdırlar (1 But. 5:2, 3). Ağsaqqal Yehovanın sürüsündəki heç bir quzu ilə pis rəftar etməməlidir. Hizqiyalın dövründə Yehovanın amansız çobanlara nə dediyini unutmayın: «Onlarla haqq-hesab çəkəcəyəm» (Hizq. 34:10). Sürünün sahibi olan Baş Çoban, eləcə də Onun Oğlu ağsaqqalların qoyunlarla necə rəftar etdiyinə diqqətlə fikir verir.
«Qulum Davud onlara başçı olacaq»
23. Yehova İsrail xalqını birləşdirməklə bağlı hansı vədi verdi və bunu necə yerinə yetirdi?
23 Yehova istəyir ki, sadiq bəndələri Ona vəhdət içində ibadət etsinlər. Dirçəliş barədə peyğəmbərlikdə Allah vəd etmişdi ki, xalqını — həm ikiqəbiləli Yəhuda padşahlığının, həm də onqəbiləli İsrail padşahlığının təbəələrini toplayacaq, onları «vahid xalq» edəcək, sanki iki çubuğu birləşdirib əlində bir çubuq edəcək (Hizq. 37:15—23). Yehova e. ə. 537-ci ildə Vəd edilmiş diyarda yenidən vahid İsrail xalqını yaradaraq bu peyğəmbərliyi yerinə yetirdi *. Amma bu, gələcəkdə baş verəcək hadisənin kiçik bir nümunəsi idi. İsraili birləşdirəcəyini vəd edəndən sonra Yehova Hizqiyala digər bir peyğəmbərlik nazil etdi: gələcək Rəhbər bütün yer üzündəki həqiqi ibadətçiləri əbədilik birləşdirəcək.
24. Yehova vəd etdiyi Rəhbəri necə təsvir edir və onun hakimiyyəti necə olacaq?
24 Peyğəmbərliyin mövzusu. (Hizqiyal 37:24—28 ayələrini oxuyun.) Yehova yenə də seçəcəyi Rəhbər haqqında «qulum Davud», «bir çoban», «başçı» kimi danışır. Amma bu dəfə Yehova onu həm də «hökmdar» adlandırır (Hizq. 37:22). Bu Hökmdarın hakimiyyəti haqda nə demək olar? Onun hakimiyyəti əbədi qalacaq. «Həmişəlik», «əbədi» sözlərindən görünür ki, bu Hökmdarın hakimiyyətinin gətirdiyi nemətlərin sonu olmayacaq *. Onun hakimiyyəti altında birlik hökm sürəcək. Bir Hökmdarın hakimiyyəti altında sadiq təbəələr eyni hökmlərə riayət edəcəklər və məmləkətdə birlik içində yaşayacaqlar. Onun hakimiyyəti təbəələrini Yehova Allaha yaxınlaşdıracaq. Yehova bu Hökmdarın təbəələri ilə «sülh əhdi» bağlayacaq. Yehova onların Allahı olacaq, onlar da Onun xalqı olacaqlar. Onun məbədi həmişəlik onların arasında yerləşəcək.
25. Allahın seçəcəyi Padşah haqqındakı peyğəmbərlik necə yerinə yetdi?
25 Peyğəmbərliyin yerinə yetməsi. 1919-cu ildə sadiq məsh olunmuş məsihilər bir çobanın, Padşah İsa Məsihin hakimiyyəti altında birləşdilər. Sonra «hər xalqa, hər tayfaya, hər ümmətə və hər dilə mənsub adamlardan ibarət» böyük izdiham məsh olunmuş dindaşları ilə birləşdi (Vəhy 7:9). Onlar bir çobanın rəhbərliyi altında «bir sürü» oldular (Yəh. 10:16). Onların hamısı, həm göydə, həm də yerdə yaşamağa ümid edənlər Yehovanın hökmlərinə itaət edirlər. Bunun sayəsində onlar ümumdünya qardaşlıqda cəm olub ruhani cənnətdə yaşayırlar. Yehova onlara sülh bəxş edir. Onun pak ibadəti təmsil edən məbədi onların arasındadır. Yehova onların Allahıdır. Onlar da Yehovaya ibadət etməkdən qurur duyurlar. Bu ibadətin əbədi sürəcəyini düşünəndə isə sevincdən ürəkləri cuşa gəlir!
26. Ruhani cənnətdəki birliyə necə töhfə verə bilərik?
26 Peyğəmbərlikdən nə öyrənirik? Yehovaya pak şəkildə ibadət edən vahid ümumdünya qardaşlığın üzvü olmaq bizim üçün böyük şərəfdir. Bu həm də böyük məsuliyyətdir. Biz bu birliyə öz töhfəmizi verməliyik. Etiqadda və əməldə birliyi qorumaq üçün hər birimiz öz tərəfimizdən öhdəmizə düşəni etməliyik (1 Kor. 1:10). Bunun üçün isə eyni ruhani qidanı iştahla qəbul etməli, Müqəddəs Kitabda buyrulan eyni əxlaq qaydalarına riayət etməli, eyni işdə, Padşahlığın təbliği və şagird hazırlamaq işində iştirak etməliyik. Lakin birliyin əsl səbəbi məhəbbətdir. Məhəbbəti ürəyimizdə yetişdirəndə və əməldə göstərəndə, məsələn, şəfqətli, mərhəmətli olanda, başqalarını bağışlayanda birliyə töhfə vermiş oluruq. Müqəddəs Kitabda deyilir ki, «məhəbbət insanlar arasında kamil birlik yaradır» (Kol. 3:12—14; 1 Kor. 13:4—7).
27. a) «Hizqiyal» kitabında Hökmdar Məsihlə bağlı yazılmış peyğəmbərliklər sizdə hansı hissləri doğurur? b) Növbəti fəsildə hansı mövzu açıqlanır?
27 Nə yaxşı ki, Yehova seçdiyi Padşah barədə Hizqiyala peyğəmbərliklər nazil etmişdi! Bu peyğəmbərlikləri oxuyanda, onlar barədə düşünəndə əmin oluruq ki, əziz Hökmdarımız İsa Məsih tam etibara layiqdir, onun hakimiyyət sürməyə qanuni ixtiyarı var, o, nəvazişlə bizim qeydimizə qalır və bizi birləşdirən bağlar onun sayəsində heç vaxt qırılmayacaq. Hökmdar Məsihin təbəəsi olmaq böyük şərəfdir! Unutmayaq ki, bu peyğəmbərliklər «Hizqiyal» kitabının əhatə etdiyi dirçəliş mövzusunun ayrılmaz hissəsidir. Yehova xalqını məhz İsa Məsihin vasitəsilə bir yerə yığır və onların vasitəsilə pak ibadəti dirçəldir (Hizq. 20:41). Pak ibadətin necə dirçəldiyi və bunun «Hizqiyal» kitabında necə əks olunduğu barədə növbəti fəsillərdən oxuya bilərsiniz.
^ Sürgünün birinci ili e. ə. 617-ci ildə, yəhudilər ilk dəfə Babilə əsir aparılanda başladı. Beləliklə, sürgünün 6-cı ili e. ə. 612-ci ildə başlamışdı.
^ İsanın Davudun nəslindən gəldiyinə İncildə dəqiq şəhadət verilir (Mət. 1:1—16; Luka 3:23—31).
^ Hizqiyalın iki çubuqla bağlı peyğəmbərliyi və peyğəmbərliyin necə yerinə yetdiyi bu kitabın 12-ci fəslində araşdırılır.
^ «Həmişəlik», «əbədi» kimi tərcümə olunan ibrani sözü ilə bağlı bir nəşrdə deyilir: «Bu söz özündə müddət anlayışı ilə yanaşı, sabitlik, davamlılıq, məhvedilməzlik, ləğvedilməzlik kimi çalarlar da daşıyır».