Kontentə keç

Mündəricatı göstər

FƏSİL 10

«Canlanacaqsınız»

«Canlanacaqsınız»

HİZQİYAL 37:5

MƏZMUN: Quru sümüklərin canlanması ilə bağlı görüntü və onun geniş icrası

1—3. Babildəki yəhudilərin əhvalının dəyişməsinə nə səbəb oldu? (Fəslin əvvəlindəki şəklə baxın.)

 BABİLDƏKİ yəhudilərin əhvali-ruhiyyəsi tamam dəyişib. Hizqiyal haradasa beş il idi, ha əlləşib-vuruşurdu ki, onları Yerusəlimin darmadağın ediləcəyinə inandırsın, xalq boş xülyalardan əl çəkmirdi ki, çəkmirdi. Hizqiyal peyğəmbərlik səhnələri göstərirdi, məsəllər çəkirdi, Allahdan nazil olan xəbərləri car çəkirdi. Amma nə illah edirdisə, yəhudi əsirlər Yehovanın Yerusəlimin məhvinə izin verəcəyinə inanmırdılar. Hətta onlar Babil qoşununun Yerusəlimi mühasirəyə aldığını eşidəndə belə arxayın idilər. Əmin idilər ki, şəhər əhlinə heç nə olmayacaq.

2 Mühasirənin başlamasından artıq iki il keçib. Yerusəlimdən Babilə qaçıb gələn bir nəfər xəbər gətirib: «Şəhər darmadağın oldu!» Bu xəbər yəhudiləri əməlli-başlı sarsıtdı. Doğma Yerusəlim, müqəddəs məbəd, əziz vətən! Necə yəni, artıq bunların heç biri yoxdur?! Onların bütün ümidləri puç oldu (Hizq. 21:7; 33:21).

3 Xalqın bu cür miskin halında Yehova Allahdan Hizqiyala ümid dolu bir görüntü nazil oldu. Bu görüntüdə əlləri yana düşmüş yəhudilər üçün hansı xəbər var idi? Bəs Allahın müasir xalqı üçün bu görüntü hansı mənanı daşıyır? O, şəxsən bizə necə kömək edə bilər? Bu suallara cavab tapmaq üçün gəlin Yehovanın Hizqiyala dediyi sözləri diqqətlə incələyək.

«Peyğəmbərlik edib sümüklərə de»; «küləyə peyğəmbərlik et»

4. Görüntüdə Hizqiyal peyğəmbərin diqqətini nə çəkdi?

4 Hizqiyal 37:1—10 ayələrini oxuyun. Hizqiyal peyğəmbər görüntüdə sümüklərlə dolu bir düzənliyə aparıldı. Sanki görüntünü ona tam yaşatmaq üçün Yehova buyurdu ki, hər tərəfə səpələnmiş sümüklərin ətrafında gəzsin. Düzənlikdə gəzəndə iki şey qabarıq şəkildə peyğəmbərin diqqətini çəkdi: sümüklərin sayı və vəziyyəti. Düzənlikdə xeyli sümük vardı, hamısı da qupquru idi.

5. Yehova Hizqiyala hansı əmrləri verdi və o, bu əmrləri yerinə yetirəndə nə baş verdi?

5 Sonra Yehova Hizqiyala iki əmr verdi. Bu iki əmr tədricən baş verəcək dirçəlişə təkan olacaqdı. Birinci əmr belə idi: «Peyğəmbərlik edib sümüklərə de» ki, canlansınlar (Hizq. 37:4—6). Hizqiyalın sözü hələ ağzında ikən «şaqqıltı səsi gəldi, sümüklər bir-birinə bitişməyə başladı». Sonra sümüklərin üstünə «əzələ, ət gəldi, onları dəri örtdü» (Hizq. 37:7, 8). İkinci əmr bundan ibarət idi: «Peyğəmbərlik edib küləyə söylə ki», bu adamların üstünə əssin. Hizqiyal peyğəmbərlik edəndə «nəfəs onların canına doldu, onlar canlanıb ayağa qalxdılar. Bu, həddi-hüdudu görünməyən böyük bir qoşun idi» (Hizq. 37:9, 10).

«Sümüklərimiz quruyub, ümidimiz üzülüb»

6. Yehovanın hansı sözləri Hizqiyala görüntünü başa düşməyə kömək etdi?

6 Yehova Hizqiyala bu görüntünün mənasını izah etdi: «Bu sümüklər İsrail evidir». Həqiqətən də, əsirlikdə olanlar Yerusəlimin darmadağın edildiyini eşidəndə, sanki, öldülər. Onlar ah-zar edib deyirdilər: «Sümüklərimiz quruyub, ümidimiz üzülüb, yalqız qalmışıq» (Hizq. 37:11; Ərm. 34:20). Onların ah-naləsinə cavab olaraq Yehova bildirdi ki, bu qüssə dolu vəhydə, əslində, İsrail evi üçün parlaq ümid xəbəri var.

7. Yehova Hizqiyala nəyi açıqladı və bu sözlər xalqa necə təsir etdi?

7 Hizqiyal 37:12—14 ayələrini oxuyun. Bu görüntü vasitəsilə Yehova sürgündə olanları əmin etdi ki, onları «canlandıracaq», vətənə qaytaracaq və orada məskunlaşdıracaq. Üstəlik, Yehova yenidən onlara «xalqım» deyə müraciət etdi. Yəqin bu sözlər əsirlikdə olan yəhudilərin pərişan ürəyinə su səpmişdi. Bəs onlar nəyə əsasən əmin ola bilərdilər ki, bu dirçəliş vədi yerinə yetəcək? Bu vədi verən Yehova Allah idi. O bəyan etdi: «Mən Yehova dedim, dediyimi də etdim».

8. a) Necə oldu ki, bütün «İsrail evi» məcazi mənada ölü vəziyyətə düşdü? b) Hizqiyal 37:9 ayəsi İsrailin məcazi ölümünün səbəbini necə göstərir? (Haşiyəyə baxın.)

8 Bu görüntünün kədərli hissəsi qədim İsrail xalqının üzərində necə yerinə yetdi? İsrailin məcazi ölümü e. ə. 740-cı ildə başlamışdı. Həmin il onqəbiləli padşahlıq süqut etmiş, əhalisi sürgün edilmişdi. Təxminən 130 il sonra Yəhuda əhli də əsir aparılanda artıq bütün «İsrail evi» əsarətdə idi (Hizq. 37:11). Məcazi dillə desək, əsarətdə olan bütün xalq görüntüdəki sümüklər kimi ölü vəziyyətdə idi *. Həmçinin Hizqiyalın gördüyü sümüklər «qupquru» idi. Bu isə onların uzun illərin ölüsü olduğunu göstərirdi. Doğrudan da, İsrail və Yəhudanı birgə götürdükdə, onların ölü vəziyyəti 200 ildən çox, e. ə. 740-cı ildən 537-ci ilə kimi davam etmişdi (Ərm. 50:33).

9. Qədim İsrail xalqı ilə «Allahın İsraili» hansı oxşar vəziyyəti yaşamışdı?

9 İsrailin dirçəlişi ilə bağlı peyğəmbərliklər, məsələn, Hizqiyalın söylədiyi peyğəmbərliklər geniş miqyasda da yerinə yetməli idi (Həv. 3:21). Qədim İsrail xalqı məcazi mənada qətl edildiyi və xeyli müddət ölü vəziyyətində qaldığı kimi, «Allahın İsraili», yəni məsh olunmuşların yığıncağı da simvolik mənada qətlə yetirildi və uzun müddət ölüm halına bənzər əsarət dövrü yaşadı (Qal. 6:16). Bu yığıncağın əsarəti elə uzun çəkdi ki, onların ruhani vəziyyəti «qupquru» qurumuş sümüklərin vəziyyətindən fərqlənmirdi (Hizq. 37:2). Ötən fəsildə araşdırıldı ki, məsh olunmuşlardan ibarət məsihi yığıncağının əsarəti eramızın II əsrində başladı və yüzilliklərlə davam etdi. İsa Məsih bu əsarətin belə uzun çəkəcəyini buğda və alaq otu məsəlində bildirmişdi (Mət. 13:24—30).

Hizqiyalın görüntüdə gördüyü qupquru sümüklər məsh olunmuşların ölümə bənzər uzun əsarət dövrünü təsvir edir (8 və 9-cu abzaslara baxın)

«Sümüklər bir-birinə bitişməyə başladı»

10. a) Hizqiyal 37:7, 8 ayələrində Allahın xalqının dirçəlişi ilə bağlı nə deyilir? b) Mömin yəhudilərin dirçəliş vədinə inamını nələr möhkəmləndirmişdi?

10 Yehova demişdi ki, xalqı tədricən canlanacaq (Hizq. 37:7, 8). Bəs mömin yəhudilərin İsrailə qayıdacaqlarına inamını tədricən nələr möhkəmləndirmişdi? Yəqin onlara ümid verən şeylərdən biri əvvəlki peyğəmbərlərin sözləri idi. Məsələn, Əşiya peyğəmbər demişdi ki, «müqəddəs nəsil» vətənə qayıdacaq (Əşy. 6:13; Əyy. 14:7—9). Həmçinin, Hizqiyalın dirçəlişlə bağlı yazdığı bir sıra peyğəmbərliklər onların ümidini sönməyə qoymurdu. Üstəlik, Babildə Dənyal peyğəmbər kimi sadiq insanların olması, o cümlədən e. ə. 539-cu ildə Babil şəhərinin gözlənilməz süqutu sürgündə olan yəhudilərin vətənə dönmək ümidini daha da alovlandırdı.

11, 12. a) «Allahın İsraili»nin bərpası necə baş verdi? (Həmçinin «Pak ibadət tədricən bərpa olur» adlı çərçivəyə baxın.) b) Hizqiyal 37:10 ayəsi ilə bağlı hansı sual yaranır?

11 Bəs Allahın İsrailinin, məsh olunmuşlardan ibarət məsihi yığıncağının dirçəlişi necə baş verdi? Ölümə bənzər əsarət artıq yüzilliklər idi davam edirdi ki, «şaqqıltı səsi» eşidildi, yəni mömin insanlar pak ibadətin müdafiəsinə qalxmağa başladı. Məsələn, XVI əsrdə Vilyam Tindal Müqəddəs Kitabı ingilis dilinə tərcümə etdi. Sadə xalqın Müqəddəs Kitabı oxuya biləcəyini başa düşəndə Roma katolik kilsəsinin ruhaniləri bərk qəzəbləndi. Tindal edam olundu. Buna baxmayaraq, başqa cəsur insanlar da Müqəddəs Kitabı müxtəlif dillərə tərcümə edirdilər. Beləcə, ruhani zülmətə qərq olmuş dünya yavaş-yavaş nura bürünürdü.

12 Sonralar Çarlz Rassel və onun məsləkdaşları böyük səylə Müqəddəs Kitab həqiqətini bərpa etməyə başladı. Bu zaman, sanki, sümüklərin üstünə «əzələ, ət gəldi». «Sion Gözətçi qülləsi» və başqa nəşrlər Allahı sevən insanlara ruhani həqiqəti tapmağa kömək edirdi, bu isə onları Allahın məsh olunmuş xidmətçilərinə qoşulmağa təşviq edirdi. XX əsrin əvvəllərində «Yaradılış fotodramı», «Açılmış sirr» və sair nəşrlər Allahın məsh olunmuş xalqını daha da möhkəmləndirirdi. Çox keçmədi ki, Allahın xalqının «ayağa qalxmaq» vaxtı yetişdi (Hizq. 37:10). Bu necə və nə zaman baş verdi? Qədim Babildə baş verən hadisələr bu suala aydınlıq gətirir.

«Onlar canlanıb ayağa qalxdılar»

13. a) E. ə. 537-ci ildən etibarən Hizqiyal 37:10, 14 ayələrindəki peyğəmbərlik necə yerinə yetməyə başladı? b) Hansı ayələr göstərir ki, onqəbiləli padşahlığın təbəələrindən də İsrailə qayıdanlar olmuşdu?

13 E. ə. 537-ci ildən başlayaraq, Babildəki yəhudilər bu görüntünün həyata keçməsinin şahidi oldular. Yehova onları canlandırıb ayağa qaldırdı, yəni əsarətdən azad edib İsrailə qaytardı. 42 360 israilli və təxminən 7000 qeyri-israilli Yerusəlimi və məbədi bərpa etmək, həmçinin İsrail diyarında məskunlaşmaq üçün Babildən çıxdılar (Üzr. 1:1—4; 2:64, 65; Hizq. 37:14). Haradasa 70 il sonra isə, təxminən 1750 əsir Üzeyirlə birlikdə Yerusəlimə qayıtdı (Üzr. 8:1—20). Beləliklə, ümumilikdə 44 000-dən çox yəhudi geri qayıtdı. Bu, doğrudan da, «böyük bir qoşun idi» (Hizq. 37:10). Bundan başqa Allahın Kəlamında deyilir ki, onqəbiləli padşahlığın təbəələrindən də məbədin tikintisinə kömək etmək üçün İsrailə qayıdanlar olmuşdu. Onların ulu babalarını e. ə. VIII əsrdə aşşurlular sürgün etmişdi (1 Saln. 9:3; Üzr. 6:17; Ərm. 33:7; Hizq. 36:10).

14. a) Hizqiyal 37:24 ayəsi dirçəlişlə bağlı peyğəmbərliyin əsas icrasının vaxtını müəyyən etməyə necə kömək edir? b) 1919-cu ildə nə baş verdi? (Həmçinin «“Quru sümüklər” və “iki şahid”» adlı çərçivəyə baxın.)

14 Bəs Hizqiyalın peyğəmbərliyinin bu hissəsi daha geniş miqyasda nə vaxt yerinə yetdi? Onun söylədiyi digər peyğəmbərlikdən məlum olur ki, dirçəlişlə bağlı bu peyğəmbərlik əsas etibarı ilə Böyük Davud, yəni İsa Məsih taxta çıxandan bir qədər sonra yerinə yetməli idi * (Hizq. 37:24). Doğrudan da, 1919-cu ildə Yehova xalqına ruhundan verdi. Bunun sayəsində onlar canlandılar və Böyük Babilin əsarətindən azad oldular (Əşy. 66:8). Bundan sonra Yehova onlara «öz torpaqlarında», yəni ruhani cənnətdə məskunlaşmağa izin verdi. Bəs Yehovanın müasir xalqı «böyük bir qoşuna» necə çevrildi?

15, 16. a) Yehovanın müasir xalqı «böyük bir qoşuna» necə çevrildi? b) Bu peyğəmbərlik bizə sınaqlara dözməyə necə kömək edir? («Yehova bizi ayağa qaldırır» adlı çərçivəyə baxın.)

15 Məsih 1919-cu ildə sadiq nökəri təyin edəndən qısa müddət sonra Zəkəriyyənin söylədiyi bir peyğəmbərlik yerinə yetməyə başladı. Əsirlikdən qayıtmış xalqın arasında peyğəmbərlik edən Zəkəriyyə demişdi ki, «çox xalqlar və qüdrətli ümmətlər» Yehovanı axtarmaq üçün gələcək. Peyğəmbər Yehovanı axtaran insanları «bütün xalqlardan olan, müxtəlif dillərdə danışan on adam» sözləri ilə təsvir etmişdi. Bu adamlar «bir yəhudi»dən, yəni ruhani İsraildən tutub deyəcəkdilər: «Biz də səninlə gedirik, çünki eşitmişik, Allah sizinlədir» (Zək. 8:20—23).

16 Bu gün ruhani İsrailin üzvləri (məsh olunmuşlar) geniş mənada götürəndə «on adam»la (başqa qoyunlar) birlikdə sayı milyonlarla olan «böyük bir qoşunu» təşkil edir (Hizq. 37:10). Məsihin ordusu günü-gündən böyüyür. Padşah İsanın əsgərləri olan bizlər onun rəhbərliyi altında qarşıdakı nemətlərə doğru əzmlə irəliləyirik (Zəb. 37:29; Hizq. 37:24; Filip. 2:25; 1 Salon. 4:16, 17).

17. Növbəti fəsildə hansı mövzu araşdırılır?

17 Pak ibadətin bərpası Allahın xalqının üzərinə böyük məsuliyyət qoyur. Bu nə məsuliyyətdir? Bu suala cavab tapmaq üçün geri qayıdıb Yerusəlim məhv edilməzdən əvvəl Yehovanın Hizqiyala verdiyi tapşırığı nəzərdən keçirməliyik. Növbəti fəsildə məhz bu mövzu araşdırılır.

^ Hizqiyalın görüntüdə gördüyü sümüklər öz əcəli ilə ölən insanların yox, «qətl edilmiş» adamların sümüyü idi (Hizq. 37:9). Onqəbiləli İsrail padşahlığının sakinləri aşşurlular, ikiqəbiləli Yəhuda padşahlığının sakinləri isə babillilər tərəfindən əsir aparılanda bütün «İsrail evi» məcazi mənada qətl edildi.

^ Bu peyğəmbərlik bu kitabın 8-ci fəslində araşdırılır.