Kontentə keç

Mündəricatı göstər

FƏSİL 4

Dörd simalı dörd məxluq

Dörd simalı dörd məxluq

HİZQİYAL 1:15

MƏZMUN: Məxluqların kimliyi və onlardan öyrəndiklərimiz

1, 2. Nəyə görə Yehova bəzən əyani vəsaitlərdən istifadə edib?

 AİLƏ mətbəxdə masa arxasına yığışıb. Onlar Müqəddəs Kitabı mütaliə edirlər. Ata sadə şəkillər çəkib körpə balalarına Yehova Allah haqqında nəyisə başa salmaq istəyir. Uşaqların çöhrəsində təbəssüm yaranır, söhbət canlanır. Uşaqlar böyük həvəslə, maraqla söhbətə qoşulurlar. Ata məmnun-məmnun balalarına baxır. O, məqsədinə çatıb. Uşaqlar yaşlarına görə çətin olan mövzunu başa düşüblər. Həm sözlərlə, həm də çəkdiyi şəkillərlə ata dərin həqiqətləri onlara anlada bilib.

2 Yehova da Öz bəşər övladlarına gözlə görünməyən gerçəklikləri başa salmaq üçün əyani vəsaitlərdən istifadə edir. Bu vəsaitlərin köməyi olmadan bu gerçəklikləri dərk etmək mümkün olmazdı. Məsələn, Yehova Özü haqda həqiqətləri başa salmaq üçün Hizqiyala möhtəşəm surətlərlə dolu görüntü nazil etdi. Ötən fəsildə bu surətlərdən birini nəzərdən keçirdik. İndi isə gəlin həmin heyrətamiz görüntüdəki daha bir məqama diqqəti cəmləyək. Bunun daşıdığı mənanı başa düşdükcə Yehovaya daha da yaxınlaşacağıq.

«Dörd məxluqa bənzər nə isə var idi»

3. a) Hizqiyal 1:4, 5 ayələrinə əsasən, Hizqiyal görüntüdə nə gördü? (Fəslin əvvəlindəki şəklə baxın.) b) Hizqiyal öz təəssüratlarını necə ifadə etmişdi?

3 Hizqiyal 1:4, 5 ayələrini oxuyun. Hizqiyal «dörd məxluqa bənzər» varlıqları təsvir edir. Onlarda həm mələyə, həm insana, həm də heyvana xas cəhətlər var. Görün Hizqiyal öz təəssüratını necə dəqiqliklə qələmə alır. O, məxluqa bənzər nə isə gördüyünü yazır. «Hizqiyal» kitabının 1-ci fəslində yazılmış görüntünü başdan-axıra kimi oxuyanda tez-tez «bənzəyən», «sanki», «elə bil» kimi sözlərə rast gəlinir (Hizq. 1:13, 24, 26). Hizqiyal başa düşürdü ki, gördükləri səmavi aləmdə mövcud olan gözəgörünməz gerçəkliklərin əsli yox, bənzəri, yaxud surətidir.

4. a) Gördüyü görüntü Hizqiyala necə təsir etmişdi? b) Hizqiyal kərrublar barədə nə bilirdi?

4 Yəqin görüntüdə gördüyü mənzərə, eşitdiyi səslər Hizqiyalı heyrətə salmışdı. Dörd məxluqun görünüşü «yanar köz» kimi idi. Onlar elə sürətlə hərəkət edirdilər ki, sanki, şimşək çaxırdı. Qanadlarının səsi elə bil gur-gur axan suların gurultusu idi. «Onlar tərpənəndə çıxan səs böyük bir qoşunun səsinə oxşayırdı» (Hizq. 1:13, 14, 24—28; «Dörd simalı məxluqlar» adlı çərçivəyə baxın). Sonralar aldığı görüntünü təsvir edərkən Hizqiyal bu dörd məxluqun kərrublar, yəni qüdrətli mələklər olduğunu demişdi (Hizq. 10:2). Kahin ailəsində böyüyən Hizqiyal, şübhəsiz, kərrubların Allahın dərgahında durduğundan, Ona xidmət etdiyindən xəbərdar idi (1 Saln. 28:18; Zəb. 18:10).

«Hər birinin dörd üzü... var idi»

5. a) Kərrublar və onların dörd üzü Yehovanın qüdrətinin və calalının ənginliyini necə əks etdirir? b) Görüntünün bu hissəsi nəyə görə bizə Allahın adının mənasını xatırladır? (Haşiyəyə baxın.)

5 Hizqiyal 1:6, 10 ayələrini oxuyun. Hizqiyal həmçinin qeyd edir ki, hər kərrubun dörd üzü var idi — insan üzü, şir üzü, buğa üzü, qartal üzü. Bu simalar, yəqin ki, Hizqiyalın təxəyyülündə dərin iz buraxmış, ona Yehovanın qüdrət və ehtişamının ənginliyinin intəhasız olduğunu aşılamışdı. Bunu nəyə əsasən deyirik? Maraqlıdır ki, üzlərin hər biri əzəmət, güc, qüdrət rəmzi olan varlıqların üzü idi. Şir əzəmətli vəhşi heyvandır, buğa güclü ev heyvanıdır, qartal qüdrətli quşdur, insan isə yer üzündəki xilqətin əşrəfidir, Yehovanın yer üzündə xəlq etdiyi bütün varlıqların hökmdarıdır (Zəb. 8:4—6). Lakin bu görüntüdə Hizqiyal görür ki, xilqətin dörd qüdrətli təmsilçisi, yəni hər kərrubun dörd siması ilə təsvir olunan dörd varlıq Yehovanın taxtından aşağıda dayanıb. Bu onu göstərir ki, bütün xilqətin Ali Hökmdarı olan Yehova Öz niyyətini həyata keçirmək üçün yaratdıqlarını istifadə etməyə qadirdir *. Məzmurçu demişkən, doğrudan da, Yehovanın «əzəməti yerdən də, göydən də yüksəkdir» (Zəb. 148:13).

Dörd məxluq və onların dörd üzü Yehovanın qüdrəti, calalı və keyfiyyətləri haqda nəyi açıqlayır? (5 və 13-cü abzaslara baxın)

6. Kərrubların dörd üzünün rəmzi məna daşıdığını Hizqiyal necə başa düşə bilərdi?

6 Yəqin üstündən bir qədər keçəndən sonra, Hizqiyal gördüyü görüntü barədə düşünəndə xatırlamışdı ki, ondan əvvəl yaşamış mömin insanlar da heyvanlardan bənzətmə kimi istifadə etmişdi. Məsələn, həzrəti Yaqub oğlu Yəhudanı şirə, Binyamini isə canavara bənzətmişdi (Yar. 49:9, 27). Çünki onlar və gələcək nəsilləri şirə və canavara xas səciyyəvi xüsusiyyətləri özlərində əks etdirəcəkdilər. Yəqin Hizqiyal Tövratdan oxuduğu bu cür nümunələr əsasında belə bir nəticəyə gəlmişdi ki, kərrubların üzləri də hansısa əsas keyfiyyətlərin rəmzidir. Bəs, görəsən, hansı keyfiyyətlərin?

Yehovaya və Onun səmavi ailəsinə xas keyfiyyətlər

7, 8. Kərrubların dörd üzü, adətən, hansı keyfiyyətlərlə əlaqələndirilir?

7 Gəlin görək Hizqiyaldan əvvəl yaşamış peyğəmbərlər şiri, buğanı və qartalı hansı keyfiyyətlərlə əlaqələndirmişdilər. Müqəddəs Kitabdakı bu ifadələrə diqqət yetirin: «şir ürəkli cəsurlar» (2 İşm. 17:10; Məs. 28:1), «qartal... yüksəklərə uçur,.. gözləri uzaqları görür» (Əyy. 39:27, 29), «öküzün [yaxud buğanın] gücü ilə məhsul bol olar» (Məs. 14:4). Bu kimi ayələrə əsasən, nəşrlərimizdə də qeyd olunduğu kimi, şir üzü ədalətdən doğan cəsarətin, qartal üzü uzaqgörənliyin və hikmətin, buğa üzü yenilməz gücün rəmzidir.

8 Bəs insan üzü? O, nəyin rəmzidir? (Hizq. 10:14). Bu, elə bir keyfiyyətdir ki, hansısa bir heyvan yox, yalnız və yalnız Allahın bənzərində yaradılmış insan onun rəmzi ola bilər (Yar. 1:27). Yer üzündə yalnız insana xas olan bu keyfiyyət Allahın növbəti əmrlərində vurğulanır: «Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla, var gücünlə sevməlisən», «başqasını özünüzü sevdiyiniz kimi sevin» (Qan. 6:5; Lav. 19:18). Biz bu əmrlərə itaət edib təmənnasız məhəbbət göstərəndə Yehovanın məhəbbətini əks etdiririk. Həvari Yəhyanın yazdığı kimi, «biz sevirik, çünki əvvəlcə Allah bizi sevdi» (1 Yəh. 4:8, 19). Beləliklə, insan üzü məhəbbətin rəmzidir.

9. Kərrubların simalarının təmsil etdiyi keyfiyyətlər kimlərə məxsusdur?

9 Bəs bu keyfiyyətlər kimə məxsusdur? Bu simalar kərrublarda olduğu üçün bu keyfiyyətlər də kərrubların təmsil etdiyi varlıqlara, Yehovanın sadiq mələklərdən ibarət səmavi ailəsinin hər bir üzvünə aiddir (Vəhy 5:11). Bundan başqa kərrubların həyat mənbəyi Yehova olduğu üçün O, bu keyfiyyətlərin də mənbəyidir (Zəb. 36:9). Deməli, kərrubların üzləri Yehovanın Özünə xas olan keyfiyyətləri əks etdirir (Əyy. 37:23; Zəb. 99:4; Məs. 2:6; Mik. 7:18). Bəs Yehovanın bu keyfiyyətləri özünü nədə büruzə verir?

10, 11. Yehovanın dörd mühüm keyfiyyəti sayəsində hansı nemətləri alırıq?

10 Ədalət. Yehova ədaləti sevən Allah olduğu üçün tərəfkeşlik etmir (Zəb. 37:28; Qan. 10:17). Bunun sayəsində, cəmiyyətdəki mövqeyindən, böyüdüyü mühitdən asılı olmayaraq, hər bir insan üçün Allahın xidmətçisi olmaq, bu şərəfli mövqeyi qorumaq və əbədi nemətləri miras almaq fürsəti var. Hikmət. «Ürəyində hikmət» olan Yehova Allah bizə hər səhifəsində bir hikmət xəzinəsi yatan kitab bəxş edib (Əyy. 9:4; Məs. 2:7). Müqəddəs Kitabdakı müdrik məsləhətlər bizə gündəlik həyatın çətinliklərini aşmağa, həyatımızı mənalı yaşamağa kömək edir. Güc. «Böyük qüdrət sahibi» olan Yehova müqəddəs ruhu ilə bizə «insan gücündən üstün olan» güc verir. Bu güc bizə ən şiddətli və əzablı sınaqlar qarşısında belə, duruş gətirməyə kömək edir (Nah. 1:3; 2 Kor. 4:7; Zəb. 46:1).

11 Məhəbbət. Yehova «məhəbbəti bol» olan Allahdır. O, heç vaxt sadiq bəndələrini atmır (Zəb. 103:8; 2 İşm. 22:26). Buna görə də əgər xəstəlik, qocalıq ucbatından Yehovaya əvvəlki qədər xidmət edə bilmədiyimiz üçün kədərləniriksə, gəlin yaddan çıxarmayaq ki, Yehova əvvəllər Onun yolunda məhəbbətlə gördüyümüz işləri unutmur. Bunu düşünmək bizə təsəlli verəcək (İbr. 6:10). Gördüyümüz kimi, Yehovanın ədaləti, hikməti, güc və məhəbbəti bizə nə qədər böyük xoşbəxtlik bəxş edir. Amma bu xoşbəxtlik həmin dörd keyfiyyətin sayəsində gələcəkdə duyacağımız xoşbəxtliyin bir şöləsidir.

12. Yehovanın keyfiyyətlərini dərk etmək məsələsində nəyi yadda saxlamalıyıq?

12 Amma biz bir şeyi yadda saxlamalıyıq ki, biz insanlar Yehovanın keyfiyyətlərini yalnız zərrə qədər dərk edə bilərik (Əyy. 26:14). «Qüdrət Sahibi dərkedilməzdir», çünki «böyüklüyü ağlasığmazdır» (Əyy. 37:23; Zəb. 145:3). Biz başa düşürük ki, Yehovanın keyfiyyətlərini sayıb-qurtarmaq mümkün deyil, yaxud onlar arasında sərhəd çəkmək düzgün deyil. (Romalılara 11:33, 34 ayələrini oxuyun.) Əslində, Hizqiyalın aldığı görüntü aydın göstərir ki, Allahın keyfiyyətlərinin sayı-hesabı yoxdur və onlar heç bir çərçivəyə sığmırlar (Zəb. 139:17, 18). Bəs görüntünün hansı məqamları bu vacib fikri vurğulayır?

Dörd üz, dörd qanad

13, 14. Kərrubların dörd üzü nəyi təmsil edir və nəyin əsasında belə nəticəyə gəlirik?

13 Hizqiyalın görüntüdə gördüyü kərrubların hər birinin bir yox, dörd üzü var idi. Bu nəyə işarədir? Yadınızdadırsa, Müqəddəs Kitabda çox vaxt dörd rəqəmi tamlığı, bütövlüyü bildirir (Əşy. 11:12; Mət. 24:31; Vəhy 7:1). Maraqlıdır ki, Hizqiyal bu görüntünü təsvir edəndə dörd rəqəmini düz on dəfə işlədib (Hizq. 1:5—18). Bundan hansı nəticəyə gəlirik? Dörd kərrub bütün sadiq ruhani varlıqları təmsil etdiyi kimi, kərrubların dörd üzü də bir yerdə götürdükdə Yehovanın sahib olduğu bütün keyfiyyətləri ehtiva edir *.

14 Kərrubların dörd üzünün, sadəcə dörd keyfiyyəti deyil, başqa keyfiyyətləri də özündə cəmləşdirdiyini başa düşmək üçün gəlin görüntüdəki dörd çarxı bir də nəzərdən keçirək. Hər çarx öz-özlüyündə möhtəşəmdir. Lakin dördünü birlikdə götürəndə onlara artıq ayrı-ayrı möhtəşəm hissələr kimi baxmırıq, onlar arabanı saxlayan təməldir. Buna bənzər tərzdə, dörd üzü də birlikdə götürəndə onlar artıq dörd ayrı xüsusiyyəti təmsil etmir, onlar Yehovanın heyrətamiz xislətinin təməlini təşkil edir.

Yehova bütün sadiq bəndələrinə yaxındır

15. Hizqiyal ilk görüntüdən hansı ruhlandırıcı həqiqəti öyrəndi?

15 Bu ilk görüntüdə Hizqiyal Yehovanın onunla münasibəti barədə mühüm və ruhlandırıcı həqiqəti öyrənir. Həmin həqiqət peyğəmbərin yazdığı kitabın giriş sözlərində öz əksini tapır. Hizqiyal kəldanilərin ölkəsində olduğunu deyəndən sonra başına gələnləri təsvir edərək yazmışdı: «Orada Yehovanın ruhu üzərimə endi» (Hizq. 1:3). Diqqət yetirin ki, Hizqiyal görüntünü Yerusəlimdə yox, orada, yəni Babildə almışdı *. Yaxşı, bəs bu, Hizqiyal üçün nə demək idi? O, Yerusəlimdən, məbəddən ayrı düşmüş zavallı bir əsir olsa da, Yehovadan, pak ibadətdən ayrı düşməmişdi. Yehovanın Hizqiyala Babildə görünməsi onu göstərirdi ki, Allaha pak şəkildə ibadət etmək insanın olduğu məkandan, mövqeyindən asılı deyil. Əksinə, həlledici amil Hizqiyalın ürəyinin vəziyyəti və Yehovaya ibadət etmək arzusu idi.

16. a) Hizqiyala nazil olan görüntü bizi nəyə əmin edir? b) Sizi Yehovaya bütün qəlbinizlə xidmət etməyə nə təşviq edir?

16 Hizqiyala əyan olan bu həqiqət bu gün bizim üçün də çox böyük təsəllidir. Bu, bizi əmin edir ki, əgər Yehovaya sidqi-ürəkdən xidmət ediriksə, harada yaşamağımızdan, nə dərəcədə sıxıntı çəkməyimizdən və hansı şəraitdə olmağımızdan asılı olmayaraq, Yehova həmişə bizimlədir (Zəb. 25:14; Həv. 17:27). Yehova hər bir xidmətçisini güclü məhəbbətlə sevir, onlardan əlini üzməyə tələsmir (Çıx. 34:6). Buna görə də heç vaxt elə ola bilməz ki, biz Yehovanın məhəbbətindən kənarda qalaq (Zəb. 100:5; Rom. 8:35—39). Yehovanın müqəddəsliyini və böyük qüdrətini əyan edən bu möhtəşəm görüntü bizə bir həqiqəti də aşılayır: ibadətimizin mütləq ünvanı olmağa yalnız Yehova layiqdir (Vəhy 4:9—11). Yehovaya şükürlər olsun ki, bu cür görüntülər vasitəsilə bizə Özü və keyfiyyətləri haqqında vacib həqiqətləri başa düşməyə kömək edir! Yehovanın gözəl keyfiyyətlərini dərk etdikcə Ona daha da yaxınlaşırıq, ürəyimizdə Ona həmd etmək, bütün qəlbimizlə, var gücümüzlə xidmət etmək arzusu alışıb-yanır (Luka 10:27).

Heç vaxt elə ola bilməz ki, biz Yehovanın məhəbbətindən kənarda qalaq (16-cı abzasa baxın)

17. Növbəti fəsildə hansı suallara cavab verilir?

17 Təəssüflər olsun ki, Hizqiyalın dövründə pak ibadət ləkələnmişdi. Buna nə səbəb olmuşdu? Yehovanın bu vəziyyətə münasibəti necə idi? Qədimdə baş verən o hadisələr bu gün bizim üçün hansı mənanı kəsb edir? Bu suallara növbəti fəsildə cavab verilir.

^ Hizqiyalın bu məxluqlara verdiyi təsvir bizə Allahın adını xatırladır. Bizim başa düşdüyümüzə görə, Yehova adı «olmasına səbəb olur» mənasını daşıyır. Bu adın mənasının bir cəhəti odur ki, Yehova niyyətinin həyata keçməsi üçün Öz xilqətinin lazım olan kəs olmasına səbəb ola bilər («Yeni Dünya Tərcüməsi»nin A4 əlavəsinə baxın).

^ İllər ərzində nəşrlərimizdə Yehovanın təxminən 50 keyfiyyəti haqqında danışılıb. («Yehovanın Şahidlərinin nəşrləri üzrə axtarış» vəsaitində «Yehova Allah» başlığı altında «Yehovanın xüsusiyyətləri» adlı yarımbaşlığa baxın.)

^ Bir Müqəddəs Kitab şərhçisinin qeyd etdiyi kimi, tək bir söz, «“orada” sözü böyük bir heyrət ifadə edir... Allah orada, Babildədir! Bu çox böyük təsəllidir».