Kontentə keç

Mündəricatı göstər

FƏSİL 5

«Gör orada necə murdar işlər görürlər»

«Gör orada necə murdar işlər görürlər»

HİZQİYAL 8:9

MƏZMUN: Dönük Yəhudanın ruhani və əxlaqi tənəzzülü

1—3. Yehova Hizqiyala Yerusəlimdəki məbəddə nə göstərmək istəyirdi və nəyə görə? (İkinci bölmənin girişindəki abzasa və şəklə baxın.)

 HİZQİYAL peyğəmbər kahin övladı idi. Söz yox ki, o, Musanın yazdığı Tövratı yaxşı bilirdi. Onun Yerusəlimdəki məbəd haqqında məlumatı var idi. O bilirdi ki, orada pak ibadət necə icra olunmalıdır (Hizq. 1:3; Məl. 2:7). Lakin eramızdan əvvəl 612-ci ildə Yehovanın məbədində elə şeylər baş verirdi ki, nəinki Hizqiyal, hər bir mömin yəhudi bunu görsə, dəhşətə gələrdi.

2 Yehova istəyirdi ki, Hizqiyal məbəddə baş verən iyrənclikləri görsün və gördüklərini evində yığışmış Yəhuda ağsaqqallarına danışsın. (Hizqiyal 8:1—4 ayələrini oxuyun; Hizq. 11:24, 25; 20:1—3.) Hizqiyal Babildə, Kəbər çayı yaxınlığında yerləşən Təl-Əvivdə yaşayırdı. Yehova müqəddəs ruhu vasitəsilə onu görüntüdə evindən götürüb yüzlərlə kilometr uzağa, qərbdə yerləşən Yerusəlimə apardı. Onu məbəddə, içəri həyətin şimal darvazasının yanında yerə qoydu. Buradan başlayaraq məbədin içində baş verənləri bir-bir Hizqiyala göstərdi.

3 Hizqiyal xalqın ruhani cəhətdən bərbad vəziyyətdə olduğunu əks etdirən dörd dəhşətli səhnənin şahidi oldu. Pak ibadətlə nə baş verirdi? Bu görüntünün bizim dövrümüzlə hansı əlaqəsi var? Gəlin biz də Hizqiyalı müşayiət edib məbədi gəzək. Lakin əvvəlcə görək Yehova Ona ibadət edənlərdən haqlı olaraq nə tələb edir.

«Mən... tam sədaqət tələb edən Allaham»

4. Yehova Ona ibadət edənlərdən nə tələb edir?

4 Hizqiyaldan doqquz əsr əvvəl Yehova mömin bəndələrindən nə tələb etdiyini aydın şəkildə bildirmişdi. On əmrdən ikincisində Yehova israillilərə * buyururdu: «Mən, Allahınız Yehova tam sədaqət tələb edən Allaham» (Çıx. 20:5). «Tam sədaqət» sözü ilə Yehova göstərdi ki, israillilərin başqa allahlara ibadət etməsini götürməyəcək. Bu nəşrin ikinci fəslindən gördüyümüz kimi, pak ibadətin ən birinci şərti odur ki, sitayiş obyekti yalnız Yehova olmalıdır. Yehovaya ibadət edənlər həyatda ən birinci yeri Ona verməlidirlər (Çıx. 20:3). Qısaca desək, Yehova Ona ibadət edənlərdən ruhani cəhətdən təmiz qalmağı, yəni pak ibadətlə yalan ibadəti bir-birinə qarışdırmamağı tələb edir. Eramızdan əvvəl 1513-cü ildə israillilər könül xoşluğu ilə Qanun əhdinə daxil oldular. Bununla onlar razılaşdılar ki, Yehovaya tam sadiq qalacaqlar (Çıx. 24:3—8). Yehova Öz əhdinə sadiq idi və istəyirdi ki, əhd bağladığı xalq da əhdə Onun kimi sadiq qalsın (Qan. 7:9, 10; 2 İşm. 22:26).

5, 6. Nəyə görə Yehovanın israillilərdən tam sədaqət tələb etməyə haqqı çatırdı?

5 Yehovanın israillilərdən tam sədaqət tələb etməyə haqqı çatırdı. O, Qadir Allahdır, Kainatın Hökmdarıdır, həyat Mənbəyidir, insan Onun sayəsində yaşayır (Zəb. 36:9; Həv. 17:28). Yehova həmçinin israillilərin Xilaskarı idi. Yehova onlara On əmri verəndə demişdi: «Mən sizi Misir torpağından, köləlik evindən çıxaran Allahınız Yehovayam» (Çıx. 20:2). Bəli, israillilərin ürəyində Yehovanın məxsusi yeri olmalı idi. O, buna layiq idi.

6 Yehova dəyişmir (Məl. 3:6). Tam sədaqət Onun üçün həmişə vacib olub və olacaq. İndi təsəvvür edin, Hizqiyala göstərdiyi dörd dəhşətli səhnə Yehovada hansı hissləri doğurmuşdu.

İlk səhnə: Allahda hiddət doğuran büt

7. a) Dönük yəhudilər məbədin şimal darvazasının yanında nə edirdilər və bu, Yehovada hansı hissi doğurmuşdu? (Fəslin əvvəlindəki şəklə baxın.) b) Nəyə görə büt Yehovada hiddət doğururdu? (2-ci haşiyəyə baxın.)

7 Hizqiyal 8:5, 6 ayələrini oxuyun. Yəqin gördüyü səhnə Hizqiyalı sarsıtmışdı. Dönük yəhudilər məbədin şimal darvazasında bütə səcdə qılırdılar. Bu, ehtimal ki, Aşera bütü idi. Kənanilərin inancına görə, ilahə Aşera Baalın zövcəsi idi. Ancaq əsas məsələ bunun hansı büt olması deyildi, vacib o idi ki, israillilər Yehova ilə bağladıqları əhdin şərtlərini pozmuşdular. Onlar tam şəkildə Yehovaya sadiq olmalı idilər. Yehovanın bu cür sədaqətə tam ixtiyarı çatırdı. Onlar isə bu bütə sitayiş etməklə Allahda hiddət oyatmışdılar * (Qan. 32:16; Hizq. 5:13). Təsəvvür edin, 400 ildən artıq idi ki, məbəd Yehovanın məskəni hesab olunurdu (1 Pad. 8:10—13). İndi isə bütü düz məbədin ərazisinə gətirməklə bu bütpərəstlər Yehovanı Öz məbədindən uzaq durmağa vadar etmişdilər.

8. Hizqiyalın gördüyü görüntüdəki bütün bizim zəmanə ilə hansı əlaqəsi var?

8 Hizqiyalın görüntüdə gördüyü bütün bizim zəmanə ilə hansı əlaqəsi var? Dönük Yəhuda bizə Xristian dünyasını xatırladır. Xristian kilsələrində bütpərəstlik geniş yayılıb. Buna görə də Allaha ibadət etdiklərini iddia etsələr də, onların ibadəti qəbul olunmur. Yehova dəyişməz Allah olduğu üçün əmin ola bilərik ki, Xristian dünyası da dönük Yəhuda kimi Onda hiddət doğurur (Yaq. 1:17). Sözsüz ki, Yehova bu təhrif olunmuş məsihilikdən uzaqdır.

9, 10. Məbəddə bütpərəstlik edənlərdən nə ibrət götürürük?

9 Məbəddə bütpərəstlik edənlərdən nə ibrət götürürük? Yehovaya tam sadiq qalmaq üçün biz bütpərəstlikdən qaçmalıyıq (1 Kor. 10:14). Yəqin dərhal düşündünüz ki, mən Yehovaya ibadət edə-edə heç vaxt bütə sitayiş etmərəm. Lakin bütpərəstlik özünü müxtəlif cür büruzə verə bilər. Bəzən, onu ilk baxışdan müəyyən etmək mümkün olmur. Müqəddəs Kitabı şərh edən bir nəşrdə deyilir: «Bəzən başqa şeylər insan üçün bütə çevrilə bilər. Hansısa dəyərli, qiymətli, qüdrətli bir şey onun üçün o qədər vacib olar ki, həyatında Allaha yer qalmaz». Deməli, mal-mülk, pul, ehtiras, əyləncə, bir sözlə, istənilən şey insanın həyatında ən vacib yeri tutub Yehovaya məxsus sədaqəti mənimsəyirsə, həmin şey insan üçün bütə çevrilir (Mət. 6:19—21, 24; Efes. 5:5; Kol. 3:5). Biz bütpərəstliyin bütün növlərindən uzaq durmalıyıq, çünki ürəyimizin və ibadətimizin yeganə Sahibi Yehova olmalıdır (1 Yəh. 5:21).

10 Yehovanın Hizqiyala göstərdiyi ilk səhnədə çox dəhşətli, çox murdar işlər görülürdü. Amma görün Yehova peyğəmbərə nə dedi: «Bu hələ harasıdır, bundan da betərini görəcəksən». Məbəd ərazisində Allahda hiddət doğuran bütə ibadət etməkdən dəhşətli nə ola bilərdi?

İkinci səhnə: Yetmiş ağsaqqal yalan allahlara buxur təqdim edir

11. Hizqiyal qurbangahın yerləşdiyi içəri həyətə daxil olanda hansı dəhşətli mənzərənin şahidi oldu?

11 Hizqiyal 8:7—12 ayələrini oxuyun. Hizqiyal divarı deşib qurbangahın yerləşdiyi içəri həyətə girdi. Gördü ki, «divar boyunca hər cür sürünən canlının, iyrənc heyvanın və İsrail evinin murdar bütlərinin rəsmləri oyulub» *. Divardakı oyma rəsmlər yalan allahları təmsil edirdi. Sonra Hizqiyal səhnənin ən dəhşətli hissəsini gördü: «İsrail evinin yetmiş ağsaqqalı» qaranlıqda yalan allahlara buxur təqdim edirdi. Tövratda xoş ətirli buxurun yandırılması mömin insanların Allaha məqbul dualarını təmsil edirdi (Zəb. 141:2). Lakin yetmiş ağsaqqalın yalan allahlara təqdim etdiyi buxur Yehova üçün üfunət qoxusu kimi idi. Onların duaları Yehovaya iyrənc iy kimi gəlirdi (Məs. 15:8). Bu ağsaqqallar «Yehova bizi görmür» deyib özlərini aldadırdılar. Yehova onları yaxşı görürdü. Üstəlik, Onun məbədində törətdikləri əməlləri Hizqiyala da göstərdi.

Yehova «qaranlıqda» törədilən bütün murdar işləri görür (11-ci abzasa baxın)

12. Nəyə görə hətta «qaranlıqda» da Allaha sadiq qalmalıyıq və bu sahədə xüsusilə kimlər nümunə qoymalıdır?

12 Yalan allahlara buxur təqdim edən yetmiş İsrail ağsaqqalından özümüzə hansı dərsi götürürük? Allahın dualarımızı eşitməsi üçün, ibadətimizin Onun gözündə pak olması üçün hətta «qaranlıqda» da Allaha sədaqətimizi qorumalıyıq (Məs. 15:29). Gəlin unutmayaq ki, Yehovanın hər şeyi görən gözlərindən heç bir yerdə gizlənə bilmərik. Əgər Yehova bizim üçün gerçəkdirsə, təklikdə olanda belə, Ona xoş getməyən heç bir şey etməyəcəyik (İbr. 4:13). Xüsusilə də yığıncaq ağsaqqalları Müqəddəs Kitaba uyğun yaşamaqda nümunə qoymalıdır (1 But. 5:2, 3). Ağsaqqallar ibadət görüşlərində dindaşlarının qarşısında durub onlara ibadət yolunda bələdçilik edir. Buna görə də yığıncaqdakılar haqlı olaraq ağsaqqalların hətta «qaranlıqda» da, yəni onları heç kəs görməyəndə də Müqəddəs Kitaba uyğun yaşayacağını gözləyirlər (Zəb. 101:2, 3).

Üçüncü səhnə: «Qadınlar... Tammuz allahı ağlayırdı»

13. Hizqiyalın gördüyü səhnədə məbədin darvazasının ağzında dönük qadınlar nə edirdi?

13 Hizqiyal 8:13, 14 ayələrini oxuyun. Murdar əməlləri təsvir edən ilk iki səhnədən sonra Yehova yenə Hizqiyala dedi: «Hələ onların bundan da dəhşətli, murdar işlərini görəcəksən». Görəsən, peyğəmbər başqa nə gördü? Yehovanın evinin şimal darvazasının ağzında «qadınlar oturub Tammuz allahı ağlayırdı». Mesopotamiyada sitayiş olunan Tammuz adlı ilah (şumer əsatirlərində Dumuzi) məhsuldarlıq ilahəsi İştarın əri hesab olunurdu *. İsrailli qadınlar, çox yəqin, Tammuzun ölümü ilə bağlı olan ayini icra edərək ağlayırdılar. Yehovanın məbədində Tammuzu ağlamaqla pak ibadətin mərkəzində bütpərəstlərin ayinini icra edirdilər. Lakin yalan dinə aid mərasimin Allahın məbədində icra olunması bu ayini heç də müqəddəsləşdirmirdi. Əksinə, Yehovanın gözündə bu dönük qadınların əməli murdar idi.

14. Yehovanın dönük qadınların əməlinə münasibətindən nə öyrənirik?

14 Yehovanın bu qadınların hərəkətinə münasibətindən nə öyrənirik? İbadətimizi pak saxlamaq üçün biz bütpərəstliyə aid murdar ayinləri pak ibadətə qatmamalıyıq. Yəni kökü bütpərəstliyə dayanan mərasimlərlə heç bir əlaqəmiz olmamalıdır. Doğrudanmı, mərasimlərin kökünün hara gedib çıxması bu qədər vacibdir? Bəli! Bu gün müəyyən bayramlarla, məsələn, Milad, Pasxa, ad günləri ilə bağlı ayinlər zərərsiz görünə bilər. Amma gəlin unutmayaq ki, Yehova indi bayramlarda qeyd olunan adət-ənənələrin bir vaxtlar bütpərəstlik ayinləri kimi icra olunmasının şahidi olub. Üstündən illərin, əsrlərin keçməsi, yaxud onların pak ibadətlə qarışması bu ayinlərin murdarlığını azaltmır. Onlar Yehovanın gözündə əvvəl necə murdar idilərsə, elə də qalıblar (2 Kor. 6:17; Vəhy 18:2, 4).

Dördüncü səhnə: İyirmi beş kişi günəşə səcdə qılırdı

15, 16. İyirmi beş kişi məbədin içəri həyətində nə edirdi və nəyə görə onların hərəkəti Yehova üçün təhqir idi?

15 Hizqiyal 8:15—18 ayələrini oxuyun. Yehova sonuncu, dördüncü səhnəni göstərməzdən əvvəl Hizqiyala bu tanış sözləri deyir: «Bundan da dəhşətli, bundan da iyrənc şeylər görəcəksən». Yəqin peyğəmbər fikirləşib ki, daha bundan da dəhşətli nə ola bilər? Hizqiyal indi məbədin içəri həyətindədir. Orada, məbədin girişində iyirmi beş kişinin üzü şərqə dayanıb günəşə səcdə qıldığını gördü. Bu kişilərin hərəkəti Yehova üçün ən böyük təhqir idi. Görək nə üçün.

16 Gəlin təsəvvür edək: Allahın məbədinin girişi şərqə baxırdı. Məbədə girənlərin üzü qərbə, arxaları isə şərqə, gün çıxan tərəfə olurdu. Amma bu görüntüdəki iyirmi beş kişi arxalarını Yehovanın məbədinə çevirib üzü şərqə dayanmışdı ki, günəşə səcdə qılsın. Bu hərəkətlə onlar, əslində Yehovaya arxa çevirmişdilər, çünki məbəd Yehovanın evi idi (1 Pad. 8:10—13). Bu iyirmi beş kişi dönük çıxmışdı. Onlar Yehovanı saymırdılar, Qanunun təkrarı 4:15—19 ayələrindəki əmri açıq-açığına pozurdular. Bu, tam sədaqətə layiq olan Yehova Allah üçün böyük zərbə idi!

Yehova tam sədaqətə layiq Allahdır

17, 18. a) Məbəddə günəşə ibadət edənlərdən özümüzə hansı dərsi götürürük? b) Dönük israillilər kimlərlə münasibətlərini pozmuşdular və necə?

17 Günəşə ibadət edən bu kişilərdən özümüzə hansı dərsi götürürük? İbadətimizi pak saxlamaq istəyiriksə, vacib bir şərtə əməl etməliyik: ruhani aydınlığa çıxmaq üçün gözümüzü yalnız Yehovaya dikməliyik. Unutmayın, Yehova Allah bizim günəşimizdir, Onun Kəlamı yollarımıza işıqdır (Zəb. 84:11; 119:105). Öz Kəlamı, təşkilatının təqdim etdiyi nəşrlər vasitəsilə O, ürəyimizə, zehnimizə nur ələyir və bizə indi xoşbəxt həyata, gələcəkdə isə əbədi həyata aparan yolda yeriməyi öyrədir. Əgər biz həyat yolumuzu bu dünyanın işığı ilə aydınlatsaq, yəni həyatımızı bu dünyanın məsləhəti ilə qurmağa çalışsaq, Yehovaya arxa çevirmiş olarıq. Bu hərəkətimiz Yehova üçün böyük zərbə olar, Onun qəlbinə yara vurar. Biz heç vaxt Allahımıza qarşı belə hərəkət etmək istəmərik. Hizqiyalın gördüyü görüntü, həmçinin bizə xəbərdarlıq edir ki, həqiqətə arxa çevirənlərdən, yəni dönüklərdən yan gəzək (Məs. 11:9).

18 Gördüyümüz kimi, Hizqiyal dörd dəhşətli səhnənin şahidi olmuşdu. Bütpərəstlik və yalan ibadətlə dolu olan bu səhnələr dönük Yəhuda xalqının ruhani tənəzzülünün nə dərəcədə dərin olduğunu üzə çıxartdı. Ruhani natəmizlik onların Allahla münasibətlərini pozmuşdu. Lakin ruhani natəmizliklə əxlaqi pozğunluq qoşa addımlayır. Buna görə də, təəccüblü deyil ki, dönük israillilər hər cür şər əməl törədirdilər. Bu da onların nəinki Allahla, həm də bir-biri ilə münasibətlərini korlamışdı. Gəlin görək Hizqiyal peyğəmbər müqəddəs ruhun təsiri ilə dönük Yəhudanın əxlaqi süqutunu necə təsvir etmişdi.

Onlar rəzillik edirlər

19. Hizqiyal Yehovanın əhd kəsdiyi xalqın əxlaqi tənəzzülünü necə təsvir etmişdi?

19 Hizqiyal 22:3—12 ayələrini oxuyun. İsrail xalqı başçılardan tutmuş sadə xalqa kimi əxlaqi cəhətdən pozulmuşdu. Başçılar öz səlahiyyətlərindən sui-istifadə edib günahsız qanlar tökürdülər. Xalq da ümumilikdə başçılardan dala qalmırdı. Onlar Allahın qanununa məhəl qoymurdular. Övladlar ata-ana tanımırdı. Ailənin içində bir-birinin namusuna toxunurdular. Ölkədə üsyankar israillilər qəriblərə, yetimlərə, dul qadınlara badalaq gəlirdilər. Kişilər qonşunun arvadının namusuna toxunurdular. Acgözlük baş alıb gedirdi. Rüşvətxorluq, qəsbkarlıq, sələmlə borc vermək adi hal almışdı. Əhd kəsdiyi xalqın Qanunu pozduğunu, bu Qanunun təməlində duran məhəbbətə məhəl qoymadığını görmək Yehovaya ağır gedirdi. Yehova onların əxlaqi tənəzzülünü şəxsən Özünə qarşı hörmətsizlik kimi qəbul edirdi. O, Hizqiyal vasitəsilə əxlaqsız xalqa belə xəbər göndərmişdi: «Sən Məni tamam yaddan çıxarmısan».

Xristian dünyasının təsiri ilə dünya gündən-günə zorakılıq və əxlaqsızlıq girdabında batır (20-ci abzasa baxın)

20. Yəhudanın əxlaqi pozğunluğunun bizim dövrə necə aidiyyəti var?

20 Yəhudanın əxlaqi pozğunluğunun bizim günlərimizə necə aidiyyəti var? Dönük Yəhudanın pozğunluğu bizə əxlaqi cəhətdən tənəzzül edən müasir dünyanı xatırladır. Siyasi rəhbərlər səlahiyyətlərindən sui-istifadə edib xalqa zülm edirlər. Din xadimləri, xüsusilə də Xristian dünyasındakı keşişlər milyonlarla insanın ölümünə bais olan müharibələrə xeyir-dua verir. Üstəlik, keşişlər Müqəddəs Kitabın əxlaqla bağlı pak, təmiz qanunlarını təhrif edirlər. Nəticədə, dünyadakı əxlaqi dəyərlər gündən-günə aşağı enir. Yehova dönük Yəhudaya dediyi sözü Xristian dünyasına da deyəcək: «Sən Məni tamam yaddan çıxarmısan».

21. Qədim Yəhudanın əxlaqi pozğunluğundan özümüzə hansı dərsi götürürük?

21 Bəs Yehovanın xalqı olan bizlər qədim Yəhudanın əxlaqi natəmizliyindən hansı dərsi götürürük? Yehovanın ibadətimizi qəbul etməsi üçün davranışımız hər cəhətdən təmiz olmalıdır. Bu, yaşadığımız pozğun dünyada elə də asan iş deyil (2 Tim. 3:1—5). Lakin biz bilirik, Yehova əxlaqsızlığın bütün iyrənc növlərinə necə yanaşır (1 Kor. 6:9, 10). Biz Yehovanı və Onun qanunlarını sevirik, buna görə də Onun əxlaqla bağlı qayda-qanunlarına uyğun yaşayırıq (Zəb. 119:97; 1 Yəh. 5:3). Əxlaqi pozğunluğa yol versək, deməli, biz müqəddəs və təmiz Allahımızı sevmirik. Biz heç vaxt istəməzdik ki, Yehova bizə də: «Sən Məni tamam yaddan çıxarmısan», — desin.

22. a) Yehovanın qədim Yəhudanı ifşa etməsi sizdə hansı qətiyyəti yaratdı? b) Növbəti fəsildə nədən danışacağıq?

22 Yehovanın qədim Yəhudadakı ruhani və əxlaqi tənəzzülü ifşa etməsindən vacib dərslər götürdük. Sözsüz ki, Yehovaya layiq olduğu tam sədaqəti göstərmək əzmimiz möhkəmləndi. Bunun üçün biz bütpərəstliyin bütün növlərindən özümüzü qorumalı və həmişə əxlaqi cəhətdən təmiz qalmalıyıq. Bəs Yehova xəyanətkar xalqına qarşı hansı ölçünü götürdü? Hizqiyala məbəddə baş verənləri göstərəndən sonra Yehova açıq-aydın dedi: «Qəzəbimi boğmayacağam» (Hizq. 8:17, 18). Bəs görəsən, Yehova xəyanətkar Yəhudaya hansı cəzanı verdi? Bunu bilmək vacibdir, çünki bu şər dünyaya da eyni hökm kəsiləcək. Növbəti fəsildə Yehovanın Yəhudaya kəsdiyi hökmün necə icra olunduğu barədə danışacağıq.

^ «Hizqiyal» kitabında «İsrail» sözü çox vaxt Yəhuda və Yerusəlim sakinlərinə aid işlənir (Hizq. 12:19, 22; 18:2; 21:2, 3).

^ «Hiddət» sözü göstərir ki, Yehova sədaqət məsələsinə son dərəcə ciddi yanaşır. Təsəvvür etmək olar, arvadının xəyanəti ilə üzləşən kişi necə hiddətlənər (Məs. 6:34). Yehova da bu cür ər kimi, əhd bağladığı xalqın bütlərə səcdə qılıb Ona xəyanət etdiyini görəndə haqlı olaraq hiddətlənmişdi. Bir kitabda deyilir ki, «Allahın hiddəti Onun müqəddəsliyindən qaynaqlanır. Təkcə O, müqəddəs olduğu üçün... Özünə şərik qoşulmasını götürmür» (Çıx. 34:14).

^ «Murdar bütlər» kimi tərcümə olunan ibrani sözü «nəcis» sözü ilə eyni kökdəndir və ikrah ifadə edir.

^ Bəzilərinin fikrincə, Tammuz Nəmrudun digər adıdır. Ancaq bu fikri təsdiq edən heç bir sübut yoxdur.