Kontentə keç

Mündəricatı göstər

FƏSİL 6

«Sizin axırınız gəlib»

«Sizin axırınız gəlib»

HİZQİYAL 7:3

MƏZMUN: Yehovanın Yerusəlimə kəsdiyi hökm

1, 2. a) Hizqiyal peyğəmbər hansı qəribə hərəkətləri edirdi? (Fəslin əvvəlindəki şəklə baxın.) b) Onun hərəkətləri nəyin carçısı idi?

 BABİLDƏ əsarətdə yaşayan yəhudiləri maraq bürüyüb. Aləmə səs düşüb ki, Hizqiyal peyğəmbər əcaib-qəraib hərəkətlər edir. Bir həftə idi ki, o, özündə deyildi, camaatın içində lal-dinməz otururdu. Sonra qəfildən qalxıb evinə girdi, qapını bağlayıb içəridə oturdu. Üstündən xeyli keçəndən sonra evdən çıxdı, təəccüblə ona baxan qonşulara məhəl qoymayıb yerdən kərpic götürdü, qabağına qoyub üstündə nəsə cızmağa başladı. Sonra bir kəlmə də demədən kərpicin ətrafında mühasirə bəndi qurdu (Hizq. 3:10, 11, 15, 24—26; 4:1, 2).

2 Get-gedə camaat onun başına yığılır. Hamı ürəyinin içini yeyir: «Görəsən, bütün bunlar nə deməkdir?» Əsirlikdə olan bu yəhudilər Hizqiyal peyğəmbərin qəribə hərəkətlərinin mənasını sonralar anladılar. Sən demə bunlar gələcəkdən xəbər verirmiş. Göstərirmiş ki, Yehova Allah qəzəbini yağdırarkən necə dəhşətli hadisələr olacaq. Gəlin görək söhbət hansı hadisələrdən gedir. Bu hadisələr qədim İsrail xalqına necə təsir etmişdi? Həmin hadisələr bu gün Allaha pak şəkildə ibadət edənlər üçün hansı mənanı kəsb edir?

«Kərpic götür,.. buğda... götür,.. iti qılınc götür»

3, 4. a) Hizqiyal Allahın kəsdiyi hökmün hansı cəhətlərini nümayiş etdirdi? b) Hizqiyal Yerusəlimin mühasirəsini necə təsvir etdi?

3 Eramızdan əvvəl təxminən 613-cü ildə Yehova Hizqiyala buyurdu ki, Yerusəlimə kəsdiyi hökmü xalqa əlamətlərlə göstərsin. Bu əlamətlər hökmü üç yöndən təsvir edirdi: şəhərin mühasirəsini, əhalinin iztirablarını, şəhərin və əhalinin məhvini *. Gəlin bu üç cəhət haqqında ətraflı danışaq.

4 Yerusəlimin mühasirəsi. Yehova Hizqiyal peyğəmbərə dedi: «Bir kərpic götür qabağına qoy... Şəhəri mühasirəyə al». (Hizqiyal 4:1—3 ayələrini oxuyun.) Kərpic Yerusəlimi, Hizqiyal isə Yehovanın əlində alət olan Babil ordusunu təmsil edirdi. Allah Hizqiyala, həmçinin mühasirə bəndi qurmağı, təpə, divardələnlər düzəltməyi buyurdu. Bu şeyləri o, kərpicin ətrafında etməli idi. Bunlar düşmənlərin Yerusəlimi mühasirəyə alanda və hücum edəndə istifadə edəcəyi silahları təmsil edirdi. Düşmən ordusunun dəmir kimi möhkəm olacağını göstərmək üçün Hizqiyal özü ilə şəhər arasına dəmir tava qoymalı, sonra isə üzünü «şəhərə tərəf» döndərməli idi. Savaş ruhlu bu hərəkətlər İsrail əhlinin ağlına belə gəlməyəcək hadisələrə əlamət idi. Yehova xalqının əsas şəhərinin, məbədinin yerləşdiyi Yerusəlimin üstünə düşmən ordusunu göndərəcək. Bu ordu şəhəri mühasirəyə alacaq.

5. Hizqiyal Yerusəlim sakinlərinin başına gələcək müsibəti necə təsvir etdi?

5 Yerusəlim sakinlərinin iztirabları. Yehova Hizqiyala əmr etdi: «Buğda, arpa, paxla, mərci, darı, pərinc götür... Onlardan çörək bişir... Hər gün iyirmi şekel çörək çəkib... ye». Sonra Yehova bunun mənasını izah etdi: «Mən Yerusəlimin ərzaq ehtiyatlarını məhv edirəm» (Hizq. 4:9—16). Bu səhnədə Hizqiyal artıq Babil ordusunu təmsil etmirdi. Bu dəfə o, Yerusəlim sakinlərinin timsalı kimi çıxış edirdi. Peyğəmbərin hərəkətləri göstərirdi ki, mühasirəyə görə şəhərdə qida ehtiyatı tükənəcək. Camaat əllərinə keçən dənli bitkiləri bir-birinə qatıb çörək bişirəcək, yəni həmin vaxt nə tapsa onu yeməyə məcbur olacaq. Aclıq o dərəcədə şiddətli olacaqdı ki, Hizqiyal, sanki, Yerusəlim sakinlərinə müraciət edərək demişdi: «Atalar oğullarını, oğullar atalarını yeyəcək». Sonda «aclığın öldürücü oxları» çoxlarına əzab verəcək, camaat əriyib gedəcəkdi (Hizq. 4:17; 5:10, 16).

6. a) Hizqiyal eyni zamanda hansı iki rolda çıxış etdi? b) «Tükləri çəkib üç hissəyə böl» əmri nəyə əlamət idi?

6 Şəhərin və əhalinin məhvi. Peyğəmbərlik səhnəsinin bu hissəsində Hizqiyal eyni vaxtda iki rolda çıxış edirdi. O, Yehovanın edəcəyi işi səhnələşdirdi. Yehova ona dedi: «Özünə bir iti qılınc götür. Ondan dəllək ülgücü kimi istifadə edəcəksən». (Hizqiyal 5:1, 2 ayələrini oxuyun.) Bu, birinci rol idi. Hizqiyalın qılınc tutan əli Yehovanın əlini, yəni Babil ordusu vasitəsilə icra etdiyi hökmü təmsil edirdi. İkinci rolda Hizqiyal yəhudilərin başına gələcək hadisələri göstərdi. Yehova peyğəmbərə dedi: «Saçını, saqqalını qırx». Hizqiyalın başını qırxması ona əlamət idi ki, yəhudilərə hücum edib onları qıracaqlar. «Tərəzi götür və tükləri çəkib üç hissəyə böl» əmri isə o demək idi ki, Yehovanın Yerusəlimə kəsdiyi hökm necə gəldi yox, məqsədyönlü şəkildə və nöqtəsinə kimi icra olunacaq.

7. Nəyə görə Yehova Hizqiyala qırxdığı tükləri üç hissəyə bölüb hərəsi ilə nə isə etməyi buyurdu?

 7 Nəyə görə Yehova Hizqiyala deyir ki, qırxdığı tükləri üç yerə bölüb hər hissə ilə nə isə etsin? (Hizqiyal 5:7—12 ayələrini oxuyun.) Hizqiyal tüklərin bir hissəsini şəhərin içində yandırmaqla camaata bildirmək istəyirdi ki, Yerusəlim əhlinin bir qismi şəhərdə öləcək. Tükün başqa bir hissəsini şəhərin ətrafında qılıncla kəsib-doğraması ona əlamət idi ki, şəhər sakinlərinin digər qismi şəhərdən kənarda qətlə yetiriləcək. Tüklərin axırıncı hissəsini küləyə verməklə göstərdi ki, yerdə qalan sakinlər xalqların arasına səpələnəcək, lakin qılınc onların arxasınca gedəcək. Beləliklə, sağ qalan həmin adamlar harada yaşayırlar-yaşasınlar, dinclik tapmayacaqlar.

8. a) Hizqiyalın göstərdiyi səhnədə hansı ümid qığılcımı var idi? b) Yehova verdiyi ümidi necə doğrultdu?

8 Lakin Hizqiyalın göstərdiyi peyğəmbərlik səhnəsində ümid qığılcımı da var idi. Yehova Hizqiyala dedi: «Axırıncı hissədən bir az tük götürüb paltarının ətəyinə bük» (Hizq. 5:3). Bu əmr bildirirdi ki, xalqlar arasına səpələnmiş yəhudilərin az bir qismi sağ qalacaq. Onlardan bəziləri Babildə yetmiş il sürən əsarətdən sonra Yerusəlimə dönən xalqın arasında olacaq (Hizq. 6:8, 9; 11:17). Bəs bu peyğəmbərlik sözləri yerinə yetdi? Sözsüz! Babil əsarəti bitəndən illər sonra Həqqay peyğəmbər yazmışdı ki, xalqlar arasına səpələnmiş yəhudilərdən bəziləri, həqiqətən də, Yerusəlimə döndülər. Onlar əvvəlki evi, yəni Süleymanın tikdiyi məbədi görmüş yaşlı nəslin nümayəndələri idi (Üzr. 3:12; Həq. 2:1—3). Yehova vəd etdiyi kimi, pak ibadəti qorudu. Həmin vaxt pak ibadətin necə dirçəldiyi barədə bu kitabın 9-cu fəslində danışılır (Hizq. 11:17—20).

Gələcək hadisələrə nişanə

9, 10. Hizqiyalın göstərdiyi peyğəmbərlik səhnəsi gələcəkdə baş verəcək hansı hadisələri yadımıza salır?

9 Hizqiyalın göstərdiyi peyğəmbərlik səhnəsini oxuyanda Müqəddəs Kitabda yaxın gələcəklə bağlı deyilən mühüm hadisələr yadımıza düşür. Qədim Yerusəlimi məhv edəndə olduğu kimi, Yehova gələcəkdə siyasi qüvvələrdən istifadə edərək ağlasığmaz bir iş görəcək — onların əli ilə dünyadakı bütün yalan dini təşkilatları məhv edəcək (Vəhy 17:16—18). Yerusəlimin məhvi «görünməmiş müsibət» olduğu kimi, «böyük müsibət» və onun kulminasiya nöqtəsi olan Armageddon da görünməmiş hadisə olacaq (Hizq. 5:9; 7:5; Mət. 24:21).

10 Allahın Kəlamı göstərir ki, yalan dinin etiqadçılarından bəziləri dini təşkilatlar məhv ediləndə sağ qalacaqlar. Lakin onlar qorxuya düşüb bütün təbəqələrdən olan insanlarla birgə gizlənməyə yer axtaracaqlar (Zək. 13:4—6; Vəhy 6:15—17). Bu vəziyyət qədim Yerusəlim məhv olarkən sağ qalan və «küləyə verilən» şəhər sakinlərini xatırladır. Gəlin yadımıza salaq onlarla nə baş verdi.  Yeddinci abzasdan gördüyümüz kimi, onlar həmin vaxt canlarını qurtarsalar da, Yehova qılıncını qınından çıxarıb onların arxasınca göndərdi (Hizq. 5:2). Eynilə, dinlərə hücum olunan vaxt sağ qalan adamlar harada gizlənirlərsə-gizlənsinlər, Yehovanın qılıncından qurtula bilməyəcəklər. Armageddonda onlar keçiyəbənzər digər insanlarla birgə məhv ediləcəklər (Hizq. 7:4; Mət. 25:33, 41, 46; Vəhy 19:15, 18).

Müjdənin təbliğinə gəldikdə lal olacağıq

11, 12. a) Hizqiyalın Yerusəlimin mühasirəsi haqqında peyğəmbərliyi xidmətə olan münasibətimizə necə təsir göstərir? b) Bizim təbliğ işimiz və təbliğ etdiyimiz xəbər necə dəyişə bilər?

11 Bu peyğəmbərliyi başa düşməyimiz bizim xidmətə münasibətimizə də təsir göstərir. Biz başa düşürük ki, bu iş çox təcilidir və var gücümüzlə çalışıb insanlara Yehovanın xidmətçisi olmağa kömək etməliyik. Çünki bütün xalqların içində şagird hazırlamaq üçün ayrılan vaxt bitmək üzrədir (Mət. 28:19, 20; Hizq. 33:14—16). «Cəza dəyənəyi»nin (siyasi qüvvələr) dinlərə hücumu başlayanda biz artıq xilas xəbərini təbliğ etməyəcəyik (Hizq. 7:10). Necə ki, Hizqiyal lal olmuşdu, yəni bir müddət xalqa xəbər çatdırmamışdı, biz də müjdənin təbliğinə gəldikdə lal olacağıq (Hizq. 3:26, 27; 33:21, 22). Yalan dinlər məhv edildikdən sonra əlləri hər yandan üzülmüş insanlar məcazi mənada «peyğəmbərdən vəhy istəyəcək», lakin onlara öyüd-nəsihət verib nicat yolu göstərən olmayacaq (Hizq. 7:26). Bu cür öyüd-nəsihətlər alıb Məsihin davamçısı olmaq üçün ayrılmış vaxt bitmiş olacaq.

12 Lakin bir təbliğçi kimi bizim işimiz bitməyəcək. Böyük müsibət vaxtı, ola bilsin, biz hökm xəbəri bəyan edəcəyik. Dolu kimi yağan bu xəbər insanlar üçün, sanki, bəla olacaq. Bu xəbər aydın şəkildə göstərəcək ki, şər dünyanın sonu artıq çatıb (Vəhy 16:21).

«Budur, gəlir!»

13. Nəyə görə Yehova Hizqiyala əvvəlcə sol, sonra isə sağ böyrü üstə uzanmağı buyurdu?

13 Hizqiyal təkcə Yerusəlimin necə məhv ediləcəyini yox, həmçinin bunun nə vaxt baş verəcəyini də göstərdi. Yehova Hizqiyala dedi ki, 390 gün sol böyrü üstə, 40 gün sağ böyrü üstə uzansın. Hər gün bir ilə bərabər tutulurdu. (Hizqiyal 4:4—6 ayələrini oxuyun; Say. 14:34.) Yəqin ki, Hizqiyal bu peyğəmbərlik səhnəsini bütün günü yox, yalnız günün bir hissəsində göstərirdi və bu səhnə Yerusəlimin məhvinin dəqiq ilinə işarə edirdi. İsrailin günahlı olduğu 390 il, görünür, e. ə. 997-ci ildə, 12 qəbiləli padşahlıq iki yerə bölünəndə başlamışdı (1 Pad. 12:12—20). Yəhudanın günahlı olduğu 40 il isə, ehtimal ki, e. ə. 647-ci ildə başlamışdı. Həmin il Yehova Ərəmyanı peyğəmbər təyin etmişdi. O, Yəhuda padşahlığında sərt hökm xəbərlərini car çəkib onun məhv olacağını bəyan etməli idi (Ərm. 1:1, 2, 17—19; 19:3, 4). Beləliklə, hər iki dövr e. ə. 607-ci ildə bitəcəkdi. Məhz həmin il Yehovanın dediyi kimi, Yerusəlim işğal olunub yerlə yeksan edildi *.

Hizqiyal Yerusəlimin məhv ediləcəyi ili necə göstərmişdi? (13-cü abzasa baxın)

14. a) Hizqiyal Yehovanın düz vaxtında hərəkətə keçəcəyinə əmin olduğunu necə göstərmişdi? b) Yerusəlim məhv edilməzdən qabaq hansı hadisələr baş verməli idi?

14 Hizqiyal 390 və 40 günlə bağlı peyğəmbərliyi alanda, bəlkə də, başa düşməmişdi ki, bu, Yerusəlimin məhv ediləcəyi ili göstərir. Buna baxmayaraq, bu illər ərzində o, dönə-dönə yəhudiləri Yehovanın hökmünün yaxınlaşdığından xəbərdar edirdi. O bəyan edirdi: «Sizin axırınız gəlib». (Hizqiyal 7:3, 5—10 ayələrini oxuyun.) Hizqiyal əmin idi ki, Yehova dediyi vaxtda hərəkətə keçəcək (Əşy. 46:10). Peyğəmbər, həmçinin Yerusəlimin məhvindən qabaq hansı hadisələrin baş verəcəyini də demişdi: «Bəla üstündən bəla... gələcək». Bu bəlalar cəmiyyəti, ölkənin dini və siyasi quruluşunu sarsıdacaqdı (Hizq. 7:11—13, 25—27).

Mühasirədə olan Yerusəlim ocaq üstünə qoyulmuş qazana bənzəyirdi (15-ci abzasa baxın)

15. E. ə. 609-cu ildən etibarən Hizqiyalın peyğəmbərliyinin hansı hissəsi yerinə yetməyə başladı?

15 Hizqiyal Yerusəlimin süqut edəcəyini bəyan edəndən bir neçə il sonra peyğəmbərlik yerinə yetməyə başladı. E. ə. 609-cu ildə o xəbər tutdu ki, Yerusəlimə qarşı hücum başlayıb. Həmin vaxt kərənay səsi sakinləri şəhərin müdafiəsinə çağırsa da, Hizqiyalın dediyi kimi, heç kim döyüşə getmədi (Hizq. 7:14). Yerusəlim sakinləri əllərinə silah alıb şəhəri Babil işğalçılarından müdafiə etmədilər. Ola bilsin, bəzi yəhudilər düşünürdü ki, Yehova onları xilas edəcək. Axı əvvəllər aşşurlular xalqı Yerusəlimi işğal etməklə hədələyəndə Yehova işə qarışmışdı. Onun mələyi Aşşur ordusunun böyük bir hissəsini məhv etmişdi (2 Pad. 19:32). Ancaq bu dəfə mələklərdən kömək gəlmədi. Çox keçməmiş mühasirədə olan şəhər, sanki, ocaq üstünə qoyulmuş qazana, sakinləri isə qazandakı ət tikələrinə döndü (Hizq. 24:1—10). On səkkiz ay sürən dəhşətli mühasirədən sonra Yerusəlim məhv edildi.

«Xəzinənizi göydə toplayın»

16. Yehovanın düz vaxtında hərəkətə keçəcəyinə əmin olduğumuzu necə göstərə bilərik?

16 Hizqiyalın peyğəmbərliyinin bu hissəsindən nə öyrənirik? Bunun bizim car çəkdiyimiz xəbərə, insanların bu xəbərə münasibətinə aidiyyəti varmı? Yehova yalan dinləri məhv edəcəyi vaxtı təyin edib. O, bu dəfə də dediyi vaxtda hərəkətə keçəcək (2 But. 3:9, 10; Vəhy 7:1—3). Bunun nə vaxt baş verəcəyi bizə məlum deyil. Lakin Hizqiyal kimi, biz də Yehovanın əmrinə boyun əyib insanları dönə-dönə xəbərdar edirik: «Sizin axırınız gəlib». Nəyə görə bu xəbəri durmadan təbliğ edirik? Bizi buna Hizqiyalı təşviq edən səbəb təşviq edir *. Hizqiyal Yerusəlimin məhvi barədə xəbəri car çəkəndə insanların əksəriyyəti ona inanmamışdı (Hizq. 12:27, 28). Amma sonralar Babildə olan yəhudi əsirlərinin bəziləri düşüncələrini düzəltmiş və vətənlərinə qayıtmışdı (Əşy. 49:8). Biz də bu gün dünyanın sonunun yaxın olduğunu bəyan edirik, amma çoxları bu xəbərə əhəmiyyət vermir (2 But. 3:3, 4). Buna baxmayaraq, nə qədər ki, Allahın xəbərini qəbul etmək üçün ayrılmış vaxt qurtarmayıb, biz Allahı sevən insanlara əbədi həyata aparan yolu tapmağa kömək etməliyik (Mət. 7:13, 14; 2 Kor. 6:2).

Təbliğ etdiyimiz xəbərə çoxları qulaq asmasa da, biz Allahı sevən insanları axtarmağa davam edirik (16-cı abzasa baxın)

Nəyə görə qədim Yerusəlim sakinləri gümüşlərini küçələrə tökdülər? (17-ci abzasa baxın)

17. Böyük müsibət vaxtı hansı vəziyyətin və hadisələrin şahidi olacağıq?

17 Hizqiyalın peyğəmbərliyi həmçinin bizə xatırladır ki, dini təşkilatlara hücum olunan vaxt kilsə üzvləri dini müdafiə etmək üçün döyüşə getməyəcək. Onlar «Ağa, Ağa» deyə imdad diləyərkən fəryadlarının cavabsız qaldığını başa düşəndə əlləri yanlarına düşəcək, canlarını əsməcə tutacaq (Hizq. 7:3, 14, 17, 18; Mət. 7:21—23). Bəs görək onlar başqa nə edəcəklər. (Hizqiyal 7:19—21 ayələrini oxuyun.) Yehova deyir: «Gümüşlərini küçələrə tökəcəklər». Qədim Yerusəlim sakinləri barədə deyilmiş bu fikir böyük müsibətdə nə baş verəcəyini aydın şəkildə göstərir. Həmin vaxt insanlar başa düşəcək ki, pul onları qarşıdakı fəlakətdən qurtara bilməyəcək.

18. Hizqiyalın peyğəmbərliyi nəyə üstünlük verməli olduğumuzu necə göstərir?

18 Hizqiyalın peyğəmbərliyinin bu hissəsindən hansı ibrəti götürürük? Biz həyatda üstünlüyü həqiqi dəyərə malik olan şeylərə verməliyik. Fikir verin, Yerusəlim sakinləri başları daşdan-daşa dəyəndən sonra nəyin əsl dəyərə malik olduğunu başa düşdülər. Onlar şəhərin məhv olmaq üzrə olduğunu, həyatlarının sona çatdığını, var-dövlətin onları xilas etməyəcəyini dərk edəndən sonra qızıl-gümüşlərini tullayıb peyğəmbərdən vəhy istədilər. Ancaq artıq çox gec idi (Hizq. 7:26). Biz isə indidən başa düşürük ki, bu şər dünyanın sonu artıq astanadadır. Allahın vədlərinə iman etdiyimiz üçün indidən həyatda üstünlüyü əsl dəyərə malik olan şeylərə veririk. Bunun sayəsində biz ruhani sərvət toplayırıq. Bu sərvət heç vaxt dəyərini itirməyəcək və heç vaxt küçələrə atılmayacaq. (Mətta 6:19—21, 24 ayələrini oxuyun.)

19. Hizqiyalın söylədiyi peyğəmbərliklərdən özümüz üçün hansı nəticəni çıxarırıq?

19 Xülasə, Hizqiyalın Yerusəlimin məhvi ilə bağlı söylədiyi peyğəmbərliklərdən özümüz üçün hansı nəticəni çıxardırıq? İnsanların Allahın xidmətçisi ola bilməsi üçün ayrılmış vaxt bitmək üzrədir. Buna görə də şagird hazırlamaq işi təcili işdir. Həqiqəti axtaran insanlar Atamız Yehovaya ibadət etməyə başlayanda biz çox sevinirik. Lakin bu addımı atmayanlara da Hizqiyalın xalqa çatdırdığı xəbərdarlığı söyləməyə davam edirik: «Sizin axırınız gəlib» (Hizq. 3:19, 21; 7:3). Özümüzə gəldikdə isə biz nə olursa-olsun, Yehovaya etibar etmək, pak ibadəti həyatda hər şeydən üstün tutmaq əzmində qətiyik (Zəb. 52:7, 8; Məs. 11:28; Mət. 6:33).

^ Hizqiyalın bütün bu səhnələri camaatın gözü qarşısında göstərdiyi qənaətinə gəlmək məntiqəuyğundur. Çünki bəzi peyğəmbərlik səhnələrini, məsələn, çörək bişirməyi və yük daşımağı Yehova peyğəmbərə «hamının gözü qarşısında» etməyi tapşırmışdı (Hizq. 4:12; 12:7).

^ Yerusəlimin məhv edilməsinə izin verməklə Yehova təkcə ikiqəbiləli Yəhuda padşahlığına qarşı deyil, həmçinin onqəbiləli İsrail padşahlığına qarşı da hökmünü icra etdi (Ərm. 11:17; Hizq. 9:9, 10).

^ Hizqiyal 7:5—7 ayələrində Yehova xəbərin vacibliyini vurğulamaq üçün «gəlir», «yaxınlaşır», «haqlayacaq», «çatıb», «yaxındır» kimi sözlər işlədir.