Kontentə keç

Mündəricatı göstər

FƏSİL 19

«Çay axdığı hər yerə həyat gətirəcək»

«Çay axdığı hər yerə həyat gətirəcək»

HİZQİYAL 47:9

MƏZMUN: Məbəddən axan çayla bağlı görüntünün qədimdə, bu gün və gələcəkdə yerinə yetməsi

1, 2. Hizqiyal 47:1—12 ayələrinə əsasən, Hizqiyal nəyin şahidi olur? (Fəslin əvvəlindəki şəklə baxın.)

 BU Kİ, əsl möcüzədir! Məbədin kandarının altından bulaq qaynayır. Bulağın büllur kimi şəffaf suyu məbədin şərq darvazasının yaxınlığından axıb keçir. (Hizqiyal 47:1—12 ayələrini oxuyun.) Mələk Hizqiyalı suyun kənarı ilə aparır. Onlar məbəddən uzaqlaşdıqca mələk arabir yolu ölçür. O, bir neçə dəfə Hizqiyalı sudan keçirdir və hər dəfəsində su xeyli dərinləşir. Bir qədər sonra su gur çaya çevrilir və elə dərinləşir ki, onu ancaq üzüb keçmək olar.

2 Hizqiyala məlum olur ki, çay axıb Ölü dənizə tökülür və dənizin şor, cansız sularına qarışdığı yerdə dəniz suları şəfa tapır, həmin yerlərdə balıqlar qaynaşır. Çayın hər iki sahili boyunca cürbəcür ağaclar bitir. Onlar hər ay bar gətirir, yarpaqları isə şəfa verir. Yəqin Hizqiyal bütün bunları görəndə qəlbi rahatlıq tapır, ürəyində ümid yaranır. Gəlin görək Hizqiyalın məbədlə bağlı gördüyü görüntünün bu hissəsi onun üçün və əsarətdə olan yəhudilər üçün hansı mənanı kəsb edir və bu görüntünün bizim dövrə hansı aidiyyəti var.

Çayın əsirlikdə olan yəhudilər üçün mənası

3. Nəyə görə yəhudilər Hizqiyalın gördüyü çayı həqiqi mənada qəbul etmirdilər?

3 Qədimdə yaşayan yəhudilər, sözsüz ki, görüntüdəki çayı həqiqi mənada qəbul etmirdilər. Yəqin görüntünün bu hissəsi dirçəlişlə bağlı başqa peyğəmbərliyi onların yadına salmışdı. Bu peyğəmbərliyi Yuil peyğəmbər, ehtimal ki, iki əsr əvvəl yazmışdı. (Yuil 3:18 ayəsini oxuyun.) Yəhudi əsirlər Yuilin sözlərini oxuyanda düşünmürdülər ki, hərfi mənada dağlardan şirin şərab damacaq, təpələrdən süd axacaq, yaxud Yehovanın evindən bir çeşmə çıxacaq. Onlar Hizqiyal peyğəmbərin gördüyü görüntünün də hansısa həqiqi çay barədə olduğunu fikirləşmirdilər *. Belə isə Yehova onlara hansı xəbəri çatdırmaq istəyirdi? Bu səhnənin bəzi hissələrinin mənasını Müqəddəs Yazıların köməyi ilə başa düşmək olur. Bu fəsildə isə bu parçadakı üç məqama nəzər salacağıq. Bu üç məqam bizə birmənalı şəkildə əminlik hissi aşılayacaq.

4. a) Görüntüdəki çay barədə eşidən yəhudi əsirlər hansı nemətləri alacaqlarına ümid edə bilərdilər? b) Müqəddəs Kitabda çay və su sözlərinin daşıdığı məna bizi Yehovanın Öz xalqına nemətlər verəcəyinə necə əmin edir? («Nemətlər gətirən çaylar» adlı çərçivəyə baxın.)

4 Nemətlər gətirən çay. Müqəddəs Kitabda çay və su, adətən, Yehovanın həyat verən nemətlərini təmsil edir. Hizqiyal çayın məbəddən axdığını görmüşdü. Deməli, Allahın xalqı bu görüntüdən vacib bir həqiqəti başa düşməli idi: nə qədər ki, onlar pak şəkildə ibadət edirlər Yehova həyat verən ruhani nemətləri onların başından tökəcək. Bəs söhbət hansı nemətlərdən gedir? Onlar yenə də kahinlərdən ruhani nəsihətlər alacaqdılar. Məbəddə qurbanlar gətiriləcəkdi və beləcə, arxayın olacaqdılar ki, günahları üçün kəffarə verilib (Hizq. 44:15, 23; 45:17). Beləliklə, onlar yenidən təmiz olacaqdılar, sanki, məbəddən axan pak suda yuyunub təmizlənəcəkdilər.

5. Görüntüdəki çay nemətlər haqda nə deyir?

5 Bəs Yehovanın nemətləri hamıya çatacaq? Əgər kimdəsə bununla bağlı şübhələr olmuşdursa, görüntü bu şübhələri aradan qaldırmışdı. Belə ki, görüntüdə çay möcüzəvi surətdə get-gedə enlənir və haradasa bir kilometr yarımdan sonra gur çaya çevrilir (Hizq. 47:3—5). Vətənə dönən yəhudilərin sayı artdıqca Yehova onların tələbatını ödəmək üçün nemətlərini də artıracaqdı. Beləliklə, çay bolluq rəmzi idi.

6. a) Bu peyğəmbərlik səhnəsində nə vəd edilir? b) Görüntüdə həmçinin hansı xəbərdarlıq yer alır? (Haşiyəyə baxın.)

6 Həyat verən sular. Hizqiyalın gördüyü görüntüdə çay Ölü dənizə axıb onun böyük hissəsini canlandırırdı. Bu suların töküldüyü yerdə o qədər zəngin balıq növü var idi ki, onlar Böyük dənizdə, yəni Aralıq dənizində olan balıqlarla müqayisə edilirdi. Ölü dəniz sahilində, bir-birindən xeyli aralı yerləşən iki şəhər arasında hətta balıqçılıq sənayesi də fəaliyyət göstərirdi. Mələk dedi: «Çay axdığı hər yerə həyat gətirəcək». Ancaq Yehovanın evindən axan su Ölü dənizin hər tərəfinə gedib çatmırdı. Mələk dedi ki, bəzi bataqlıq sahələr şəfa tapmayacaq, su ora gedib çıxmayacaq. Həmin yerlər şoranlıq olacaq * (Hizq. 47:8—11). Bu peyğəmbərlik səhnəsi vəd verir ki, pak ibadət insanları canlandıracaq, dirçəldəcək. Lakin burada bir xəbərdarlıq da var: heç də hamı Yehovanın nemətlərini qəbul etməyəcək, hamı şəfa tapmayacaq.

7. Çayın sahilindəki ağaclar yəhudiləri nəyə əmin edirdi?

7 Bar gətirən şəfalı ağaclar. Bəs çay kənarındakı ağaclar barədə nə demək olar? Onlar bu gözəl səhnəni həm zənginləşdirir, həm də ona məna qatır. Hizqiyal və onun soydaşları bu ağacların hər ay bar gətirdiyini, onların dadlı meyvələrini düşünəndə, sözsüz ki, ləzzət duyurdular. Bu səhnə onları bir daha əmin edirdi ki, Yehova onları ruhani cəhətdən qidalandıracaq. Üstəlik, ağacların yarpaqları şəfalı idi (Hizq. 47:12). Yehova bilirdi ki, əsirlikdən qayıdan yəhudilərə ruhani cəhətdən şəfa vermək lazım gələcək. O, məhz bunu onlara vəd edirdi. Yehovanın onlara necə şəfa verdiyi dirçəlişlə bağlı digər peyğəmbərliklərdə göstərilir. Bu barədə bu nəşrin 9-cu fəslində danışılıb.

8. Nədən görünür ki, Hizqiyalın gördüyü görüntü gələcəkdə tam mənada yerinə yetəcəkdi?

8 Doqquzuncu fəsildə həm də araşdırılmışdı ki, sürgündən gələn yəhudilərin dövründə bu peyğəmbərliklər qismən yerinə yetdi. Buna səbəbkar xalqın özü oldu. Onlar tez-tez əyri yola düşür, Allaha asi çıxır və pak ibadətə biganə yanaşırdılar. Belə olan halda Yehova necə onlara nemətlər verə bilərdi?! Mömin insanlar bu cür soydaşlarının hərəkətlərindən əzab çəkir, məyus olurdular. Lakin onlar bilirdilər ki, Yehovanın vədləri heç vaxt boşa çıxmır. Onlar həmişə yerinə yetir. (Yuşə 23:14 ayəsini oxuyun.) Beləliklə, Hizqiyalın gördüyü görüntü geniş mənada yerinə yetməli idi. Bəs bu nə vaxt olacaqdı?

Çayın indiki dövrdə mənası

9. Hizqiyalın məbədlə bağlı gördüyü görüntü nə vaxt geniş miqyasda yerinə yetməli idi?

9 Bu nəşrin 14-cü fəslində deyildiyi kimi, Hizqiyalın məbədlə bağlı gördüyü görüntü «zamanın sonunda», pak ibadətin misli görünməmiş şəkildə ucaldığı bir vaxtda daha geniş miqyasda yerinə yetir (Əşy. 2:2). Hizqiyalın gördüyü görüntünün bu hissəsi hazırda hansı mənada yerinə yetir?

10, 11. a) Bu gün hansı nemətləri alırıq? b) Axırzamanda Yehova həqiqətin pak sularını necə artırıb?

10 Nemətlər gətirən çay. Yehovanın evindən axan su bu gün aldığımız hansı nemətləri bizə xatırladır? Bizi ruhani cəhətdən sağlam edən və qidalandıran bütün nemətləri. Bu nemətlərdən ən önəmlisi insanı təmizləmək qüvvəsinə malik olan fidyə qurbanlığıdır. Bu qurbanlığın sayəsində günahlarımız bağışlanır. Allahın Kəlamındakı pak həqiqətlər də həyat verən, təmizləyən suya bənzəyir (Efes. 5:25—27). Bəs bu nemətləri necə alırıq?

11 1919-cu ildə cəmi bir neçə min adam Yehovaya ibadət edirdi. Onlar lazımi ruhani qidanı vaxtlı-vaxtında alırdılar. Sonrakı onilliklər ərzində onların sayı artdı. Bu gün Allahın xalqının üzvlərinin sayı səkkiz milyonu keçib. Bəs həqiqətin pak suları bu qədər insana bəs edir? Bəli! Onlara Müqəddəs Kitabdakı çoxlu sayda həqiqətin mənası izah olunub. Allahın xalqı ötən əsrdə milyardlarla Müqəddəs Kitab, jurnal, broşür, kitab və buklet alıb. Hizqiyalın görüntüdə gördüyü çayın suyu kimi, pak həqiqət suları da bütün dünyada Allahı axtaran insanların tələbatını ödəmək üçün sürətlə artıb. Uzun müddətdir ki, Müqəddəs Kitaba əsaslanan nəşrlərin çap versiyası çıxır. İndi isə jw.org saytında bu nəşrlərin 900-dən çox dildə elektron versiyası var. Bu həqiqət suları səmimi insanlara necə təsir edir?

12. a) Həqiqət xəbəri insanlara necə fayda gətirir? b) Görüntüdə bizim üçün hansı xəbərdarlıq var? (Həmçinin haşiyəyə baxın.)

12 Həyat verən sular. Mələk Hizqiyala dedi: «Çay axdığı hər yerə həyat gətirəcək». Həqiqət xəbərinin bərpa edilmiş ruhani ölkəyə gələn hər kəsə necə çatdığı barədə bir düşünün. Müqəddəs Kitabdakı həqiqətlər milyonlarla insana həyat və ruhani şəfa verir. Lakin görüntüdə bir xəbərdarlıq var. Hər kəs bu həqiqəti qoruyub saxlamayacaq. Görüntüdə Ölü dənizin bəzi yerləri bataqlıq olduğu kimi, bəzilərinin də ürəyi müəyyən bir məqamda kütləşir və onlar həqiqətə uyğun yaşamaqdan imtina edirlər *. Qoy bu bəla bizdən iraq olsun. (Qanunun təkrarı 10:16—18 ayələrini oxuyun.)

13. Görüntüdəki ağaclar bizə hansı ruhlandırıcı fikri çatdırır?

13 Bar gətirən şəfalı ağaclar. Çayın kənarındakı ağaclar bizə də ruhlandırıcı xəbər çatdırır. Yadınızdadırsa, həmin ağaclar hər ay dadlı meyvə gətirirdi, yarpaqları isə şəfalı idi (Hizq. 47:12). Beləliklə, onlar bizə xatırladır ki, ibadət etdiyimiz Yehova Allah səxavətlə bizi ruhani cəhətdən yedizdirir və şəfa verir. Ruhani cəhətdən şəfa tapmaq isə hazırda ən vacib məsələdir. Bu gün dünya ruhani mənada xəstə və ac-yalavacdır. Amma Yehova bizə bol-bol nemətlər bəxş edir. Heç elə olmayıbmı ki, jurnallarımızın birində hansısa məqaləni oxuyub qurtaranda, toplantıda sonuncu nəğməni oxuyanda, hansısa videoya və ya aylıq proqrama baxıb qurtaranda bu ruhani qidaya görə ürəyiniz minnətdarlıqla dolub-daşsın? Bəli, Yehova bizi yaxşı bəsləyir (Əşy. 65:13, 14). Bəs aldığımız ruhani qida ruhani sağlamlığımıza necə fayda gətirir? Müqəddəs Kitab əsasında aldığımız məsləhətlər bizə əxlaqsızlıq, tamahkarlıq, imansızlıq kimi düşmənləri məğlub etməyə kömək edir. Yehova məsihilərin ciddi günahın törətdiyi ruhani xəstəlikdən şəfa tapması üçün bir quruluş da təşkil edib. (Yaqub 5:14 ayəsini oxuyun.) Doğrudan da, Yehova görüntüdəki ağacların təmsil etdiyi nemətləri başımızdan tökür.

14, 15. a) Görüntüdəki şəfa tapmamış bataqlıq yerlərdən hansı ibrət dərsini götürürük? b) Görüntüdəki çay bizə hansı faydanı gətirir?

14 Bu görüntüdən, daha konkret desək, şəfa tapmayan bataqlıq yerlərdən özümüzə ibrət dərsi də götürməliyik. Biz heç vaxt istəmərik ki, həyatımıza axan nemətlərin qarşısını kəsək. Ruhani xəstəliyə tutulmuş bu dünyadakı insanlar kimi olmaq, şəfa tapmaqdan imtina etmək əsl faciə olardı (Mət. 13:15). Bunun əksinə olaraq, biz çayın nemətlərindən sevə-sevə faydalanmalıyıq. Biz Allahın Kəlamındakı pak həqiqət sularını ləzzətlə içəndə, təbliğ edib bu həqiqəti insanlara çatdıranda, sadiq nökərin təlim verdiyi ağsaqqallardan göstəriş, təsəlli və kömək alanda Hizqiyalın görüntüdə gördüyü çayı yadımıza sala bilərik. Bu çay axdığı hər yerə həyat və şəfa gətirir!

15 Bəs görüntünün çayla bağlı hissəsi gələcəkdə necə yerinə yetəcək? Nemətlər gətirən bu çay ən enli və ən dərin səviyyəyə Cənnətdə çatacaq.

Görüntünün Cənnətdə yerinə yetməsi

16, 17. a) Cənnətdə çay hansı mənada böyük olacaq? b) Görüntüdəki çay Cənnətdə bizə hansı nemətləri bəxş edəcək?

16 Təsəvvür edin, Cənnətdəsiniz. Dostlarınızın, ailənizin əhatəsində həyatı dolu-dolu yaşayırsınız. Görüntüdəki çayın mənasını araşdırdıqca həmin həyatı təsəvvürünüzdə daha aydın canlandıra biləcəksiniz. Gəlin bir daha bu görüntüdəki üç məqamı nəzərdən keçirək.

17 Nemətlər gətirən çay. Görüntüdəki çay Cənnətdə qat-qat böyük olacaq, çünki o, təkcə ruhani yox, həm də fiziki fayda gətirəcək. İsanın minillik hakimiyyəti dövründə Allahın Padşahlığı sadiq insanlara fidyədən daha çox faydalanmağa kömək edəcək. Onlar tədricən kamilliyə yetişəcəklər. Artıq xəstəlik olmayacaq, həkimlərə, ümumiyyətlə tibb işçilərinə, xəstəxanalara ehtiyac qalmayacaq. Həyat suyu Armageddonda sağ qalan, böyük müsibətdən çıxan böyük izdiham üçün axacaq (Vəhy 7:9, 14). Bu su çox möhtəşəm olacaq, ancaq sonra o qədər əzəmətli olacaq ki, ilkin halı bunun yanında kiçik bir çeşməyə bənzəyəcək. Hizqiyalın gördüyü görüntüdəki kimi, çay artan tələbatı ödəmək üçün genişlənəcək.

Nemətlər verən çay Cənnətdə hər kəsi cavanlaşdıracaq və sağlam edəcək (17-ci abzasa baxın)

18. Məsihin minillik hakimiyyəti dövründə «həyat suyu» axan çay hansı mənada selə çevriləcək?

18 Həyat verən sular. Məsihin minillik hakimiyyəti dövründə «həyat suyu» axan çay selə çevriləcək (Vəhy 22:1). Milyonlarla, hətta milyardlarla insan diriləcək. Onlara Cənnətdə əbədi yaşamaq imkanı veriləcək. Yehovanın Padşahlıq vasitəsilə verdiyi nemətlərdən biri də ölümün dustağı olan sonsuz sayda insanın həyata qayıtması olacaq (Əşy. 26:19). Bəs dirilənlərin hamısı əbədi yaşayacaq?

19. a) Cənnətdə yeni həqiqət sularının olacağını nə göstərir? b) Bəzi insanlar hansı mənada şoran sahəyə bənzəyəcək?

19 Hər kəs özü seçim etməli olacaq. Həmin vaxt yeni tumarlar açılacaq. Deməli, Yehovanın verdiyi təravətləndirici sulara yeni həqiqətlər, yeni ruhani göstərişlər daxil olacaq. Bu barədə düşünəndə adamın ürəyi vəcdə gəlir. Bununla belə, həmin nemətləri rədd edən, Yehovanın itaətindən çıxan insanlar da olacaq. Ola bilsin, bəzi adamlar bu min il ərzində üsyan edəcək, amma onlara Cənnətdəki asayişi pozmağa izin verilməyəcək (Əşy. 65:20). Yəqin həmin vaxt yadımıza Hizqiyalın gördüyü görüntü, bataqlıq, şoran sahələr düşəcək. İnad edib həyat suyundan içməmək çox böyük axmaqlıqdır. Minillik hakimiyyətdən sonra isə üsyankar insanlar Şeytanın tərəfini tutacaq. Yehovanın adil hakimiyyətini rədd edənlərin hamısını eyni aqibət gözləyir. Onlar əbədilik məhv ediləcək (Vəhy 20:7—12).

20. Min il ərzində fəaliyyət göstərəcək hansı quruluş bizə Hizqiyalın gördüyü ağacları xatırladır?

20 Bar gətirən şəfalı ağaclar. Yehova istəmir ki, bizlərdən kimsə əbədi həyat ənamını itirsin. Bu gözəl imkanı əldən verməyək deyə, O, yenə də Hizqiyalın gördüyü ağaclara bənzər bir tədbir təşkil edəcək. Cənnətdə Yehova bizə həm fiziki, həm də ruhani nemətlər bəxş edəcək. İsa Məsih və onun 144 000 həmvarisi min il ərzində göydə padşahlıq edəcək. 144 000 nəfər həmçinin kahin xidmətini icra edəcək və Məsihin verdiyi fidyəni tətbiq edərək sadiq insanları kamilliyə çatdıracaq (Vəhy 20:6). Həm fiziki, həm də ruhani şəfa verən bu quruluş bizə Hizqiyalın çay kənarında gördüyü, faydalı meyvələri və şəfalı yarpaqları olan ağacları xatırladır. Hizqiyalın gördüyü görüntü həvari Yəhyanın yazdığı peyğəmbərliklə həmahəngdir. (Vəhy 22:1, 2 ayələrini oxuyun.) Yəhyanın gördüyü ağacların yarpaqları «xalqların şəfa tapması üçündür». 144 000 nəfərin kahin kimi icra etdiyi xidmətdən milyonlarla sadiq insan yararlanacaq.

21. Görüntüdəki çay barədə düşünəndə sizdə hansı hisslər yaranır və növbəti fəsildə hansı mövzu araşdırılır? («Bulaq çaya çevrilir» adlı çərçivəyə baxın.)

21 Hizqiyalın görüntüdə gördüyü çay barədə düşünəndə, yəqin qəlbiniz rahatlaşır, ürəyiniz ümidlə dolur. Bizi qarşıda möhtəşəm gələcək gözləyir. Bir düşünün, Cənnəti təsəvvür edə bilək deyə Yehova min illər bundan əvvəl peyğəmbərliklər yazdırıb. O, vədlərinin gerçəkləşəcəyi dövranı görməyimiz üçün səbirlə bizi orada olmağa səsləyir. Bəs siz orada olacaqsınız? Bəlkə, sizdə sual yaranır ki, görəsən, Cənnətdə sizin üçün yer olacaq. Gəlin görək Hizqiyalın peyğəmbərliyinin son hissəsi bizi buna necə əmin edir.

^ Çox ehtimal ki, vətənlərinin relyefinə yaxşı bələd olan əsir yəhudilər başa düşürdü ki, burada söhbət həqiqi çaydan getmir. Çünki çay çox hündür dağda olan məbəddən axırdı, amma əslində belə bir dağ mövcud deyildi. Bundan əlavə, görüntüdən belə qənaətə gəlmək olardı ki, çay istiqamətini dəyişmədən dümdüz axıb, Ölü dənizə tökülürdü. Həmin ərazinin relyefi isə buna yol vermirdi.

^ Bəzi şərhçilər bunun müsbət məna daşıdığını düşünür, onlar qeyd edir ki, Ölü dəniz bölgəsində uzun müddət duz sənayesi də mövcud olmuşdur. Qoruyucu xassəsinə görə duzdan geniş istifadə olunurdu. Lakin diqqət yetirin ki, görüntüdə həmin bataqlıq yerlərin şəfa tapmayacağı vurğulanır. Onlar cansız qalacaq, şəfa tapmayacaqlar, çünki Yehovanın evindən axan həyat suları onlara çatmayacaq. Deməli, bu halda bataqlıqların şoran olması mənfi məna daşıyır (Zəb. 107:33, 34; Ərm. 17:6).

^ İsanın tor məsəli də eyni mənanı daşıyır: tora çoxlu balıq düşür. Ancaq onların hamısı yaxşı balıq deyil. Yararsız balıqları atırlar. Beləliklə, İsa xəbərdar etmişdi ki, Yehovanın təşkilatına gələn insanların içindən xeyli adam vaxt keçdikcə bu yoldan dönəcək (Mət. 13:47—50; 2 Tim. 2:20, 21).