Kontentə keç

Mündəricatı göstər

FƏSİL 20

Ölkə irs olaraq bölüşdürülür

Ölkə irs olaraq bölüşdürülür

HİZQİYAL 45:1

MƏZMUN: Ölkənin bölüşdürülməsinin mənası

1, 2. a) Yehova Hizqiyala nə buyurdu? b) Bu fəsildə hansı suallar araşdırılır?

 HİZQİYALIN indicə gördüyü görüntü onu xəyalən haradasa 900 il əvvələ, Musa peyğəmbərlə Yuşənin dövrünə apardı. O vaxt Yehova Musaya Vəd edilmiş diyarın sərhədlərini təsvir etmişdi, Yuşəyə isə ölkənin İsrail qəbilələri arasında necə bölüşdürməli olduğunu başa salmışdı (Say. 34:1—15; Yuş. 13:7; 22:4, 9). İndi isə, e. ə. 593-cü ildə, Yehova Hizqiyala və əsirlikdə olanlara Vəd edilmiş diyarı İsrail qəbilələri arasında bir də bölüşdürməyi buyurur (Hizq. 45:1; 47:14; 48:29).

2 Bu görüntü Hizqiyala və əsirlikdə olan yəhudilərə hansı xəbəri çatdırırdı? Nəyə görə bu görüntü bu gün Allahın xalqını ruhlandırır? Görüntü gələcəkdə daha böyük miqyasda yerinə yetəcəkmi?

Xalqa əminlik verən dörd vəd

3, 4. a) Hizqiyalın gördüyü sonuncu görüntü xalqa hansı dörd vədi verirdi? b) Bu fəsildə hansı vəddən danışılır?

3 Hizqiyalın gördüyü son görüntü onun adını daşıyan kitabın doqquz fəslini əhatə edir (Hizq. 40:1—48:35). Bu görüntü əsirlikdə olanlara gələcəkdə bərpa olunacaq İsrail xalqı ilə bağlı dörd vəd verirdi. Birincisi, Allahın məbədində pak ibadət bərpa olacaqdı. İkincisi, dirçəlmiş xalqa mömin kahinlər və çobanlar başçılıq edəcəkdi. Üçüncüsü, İsrailə qayıdan hər kəs irs olaraq torpaq payı alacaqdı. Dördüncüsü, Yehova onlarla olacaq, yenə onların arasında yaşayacaqdı.

4 Bu nəşrin 1314-cü fəsillərində ilk iki vədin necə gerçəkləşdiyi haqqında danışılıb. Bu fəsildə isə üçüncü vəddən, irs olaraq torpaq payı almaqdan danışılır. Növbəti fəsildə Yehovanın xalqla olacağı vədindən söhbət açılır (Hizq. 47:13—21; 48:1—7, 23—29).

«Torpaq... irs olaraq sizə verilir»

5, 6. a) Hizqiyalın gördüyü görüntüdə hansı torpaq bölünməli idi? (Fəslin əvvəlindəki şəklə baxın.) b) Torpaq bölgüsü ilə bağlı görüntünün mənası nə idi?

5 Hizqiyal 47:14 ayəsini oxuyun. Yehova Hizqiyalın diqqətini tezliklə Ədən bağına çevriləcək bir diyara yönəltdi (Hizq. 36:35). Sonra dedi: «İsrailin on iki qəbiləsi arasında irs olaraq bu torpağı bölüşdürəcəksiniz» (Hizq. 47:13). Bölüşdürülməli olan torpaq İsrail diyarı idi. İsraillilər əsirlikdən çıxıb bu diyara qayıdacaqdı. Sonra Yehova ölkənin sərhədlərini dəqiq və ətraflı təsvir etdi (Hizq. 47:15—21).

6 Bəs bu görüntünün mənası nədir? Sərhədlərin dəqiq təsvir olunması Hizqiyalı və onun soydaşlarını əmin edirdi ki, onların vətəni mütləq bərpa olacaq. Sözsüz ki, Yehovanın bu cür ətraflı danışması əsirlikdə olan yəhudiləri bu vədin gerçəkləşəcəyinə əmin etmiş, onlara qol-qanad vermişdi. Necə ki vəd olunmuşdu, Allahın qədimdə yaşayan xalqına ölkədə irs olaraq torpaq payı verildi.

7. a) Eramızdan əvvəl 537-ci ildən başlayaraq hansı hadisələr baş verdi və bu bizə nəyi xatırladır? b) Əvvəlcə hansı sualı nəzərdən keçirmək lazımdır?

7 Hizqiyalın bu görüntünü almasından təxminən 56 il sonra, e. ə. 537-ci ildən başlayaraq minlərlə yəhudi İsrail torpağına qayıdıb oraya sahib oldu. Qədimdə baş vermiş bu əlamətdar hadisələr bizə müasir dövrdə Allahın xalqı arasında baş verənləri xatırladır. Bu xalq da müəyyən mənada torpaq payı alıb. Yehova xidmətçilərinə ruhani ölkəyə daxil olaraq oraya sahib olmağa izin verib. Beləliklə, qədimdə Vəd edilmiş diyarın bərpa olması müasir dövrdə ruhani ölkənin bərpa olması barədə bizə çox şey öyrədə bilər. Lakin bu mövzuya keçməzdən əvvəl gəlin bir suala cavab tapaq. Nəyə görə bu gün ruhani ölkənin mövcud olduğunu düşünürük?

8. a) Yehova İsrail xalqını hansı xalqla əvəz etdi? b) Ruhani ölkə, yaxud cənnət nədir? c) Ruhani ölkə nə vaxt meydana çıxdı və orada kimlər məskən salır?

8 Hizqiyala verdiyi əvvəlki görüntüdə Yehova bildirmişdi ki, İsrailin bərpası ilə bağlı peyğəmbərliklər «qulum Davud» adlandırdığı İsa Məsih padşah taxtına çıxandan sonra daha geniş miqyasda yerinə yetəcək (Hizq. 37:24). İsa Məsih eramızın 1914-cü ilində Padşah oldu. Həmin vaxt İsrail artıq uzun illər idi ki, Allahın xalqı deyildi. Onların yerini ruhani israillilərdən, yəni ruhla məsh olunmuş məsihilərdən ibarət xalq tutmuşdu. (Mətta 21:43; 1 Butrus 2:9 ayələrini oxuyun.) Bundan başqa, Yehova İsrail ölkəsini də ruhani ölkə ilə, yəni ruhani cənnətlə əvəz etdi (Əşy. 66:8). Bu nəşrin 17-ci fəslindən göründüyü kimi, ruhani ölkə təhlükəsizliyin hökm sürdüyü, məsh olunmuş məsihilərin 1919-cu ildən bəri Yehovaya ibadət etdiyi ruhani mühitdir. («Nəyə görə məhz 1919-cu il?» adlı 9B çərçivəsinə baxın.) Vaxt keçdikcə yer üzündə yaşamağa ümid edən «başqa qoyunlar» da bu ruhani ölkədə məskən salmağa başladı (Yəh. 10:16). Ruhani cənnət bu gün inkişaf etməyə və genişlənməyə davam etsə də, onun nemətlərini tam şəkildə Armageddondan sonra dadacağıq.

Torpağın bərabər və dəqiq bölgüsü

9. Yehova ölkənin bölünməsi ilə bağlı hansı göstərişi verdi?

9 Hizqiyal 48:1, 28 ayələrini oxuyun. Ölkənin sərhədlərini təyin edəndən sonra Yehova ölkəni necə bölüşdürməyi təfərrüatı ilə izah etdi. Buyurdu ki, ölkə şimaldan cənuba 12 bərabər hissəyə bölünüb qəbilələrin hər birinə irs verilsin. Ölkənin şimal sərhədində Dan qəbiləsinin irsi, cənub sərhədində isə Cad qəbiləsinin irsi yerləşməli idi. 12 irsin hər biri şərqdən qərbə, Böyük dənizə (Aralıq dənizi) doğru uzanan üfüqi zolaqdan ibarət idi (Hizq. 47:20).

10. Görüntünün bu hissəsi əsirlikdə olan yəhudiləri nəyə əmin edirdi?

10 Görüntünün bu hissəsi əsirlikdə olan yəhudiləri nəyə əmin edirdi? Torpaq bölgüsünü ətraflı təsvir edən məlumatı eşidəndə, yəqin yəhudilər bölgünün qayda-qanunla icra olunacağına əmin olmuşdular. Üstəlik, ölkənin 12 qəbilə arasında bərabər hissələrə bölünməsi vurğulayırdı ki, sürgündən qayıdan əsirlərin hər biri bərpa olunmuş diyarda mütləq irs alacaq. Qayıdanlardan heç biri torpaqsız, yaxud evsiz-eşiksiz qalmayacaqdı.

11. Görüntüdə ölkənin bölünməsindən nə öyrənirik? («Ölkənin bölünməsi» adlı çərçivəyə baxın.)

11 Bəs bu görüntü bizi necə ruhlandırır? Vəd edilmiş diyarda təkcə kahinlər, lavililər, başçılar üçün yox, 12 qəbilənin yerdə qalan üzvləri üçün də yer var idi (Hizq. 45:4, 5, 7, 8). Bu gün də ruhani cənnətdə təkcə məsh olunmuşlar üçün və böyük izdihamın arasından seçilib xalqa rəhbərlik edən məsihilər üçün yox, böyük izdihamın qalan üzvləri üçün də yer var * (Vəhy 7:9). Təşkilatda gördüyümüz iş nə qədər kiçik olur-olsun, ruhani ölkədə sabit yerimiz və dəyərli təyinatımız var. Bu, bizi çox ruhlandırır.

Yehovanın təşkilatında hansı məsuliyyəti icra etməyimizdən asılı olmayaraq, Yehova hər birimizin əməyini qiymətləndirir (11-ci abzasa baxın)

İki böyük fərq

12, 13. Yehova qəbilələrə verilən payla bağlı hansı göstərişi verdi?

12 Yehovanın torpaq bölgüsü ilə bağlı bəzi göstərişləri yəqin Hizqiyalı çaşbaş qoymuşdu, çünki onlar Musaya verilən göstərişlərdən fərqlənirdi. Gəlin iki fərqə nəzər salaq. Onlardan biri torpaqla, o birisi sakinlərlə bağlıdır.

13 Birinci fərq — torpaq. Musaya buyurulmuşdu ki, böyük qəbilələrə kiçik qəbilələrə nisbətən böyük torpaq payı verilsin (Say. 26:52—54). Hizqiyalın gördüyü görüntüdə isə Yehova buyurmuşdu ki, bütün qəbilələrə «eyni pay» verilsin (Hizq. 47:14). Beləliklə, 12 payın hər birində şimal sərhədi ilə cənub sərhədi arasındakı məsafə eyni idi. Hansı qəbiləyə aid olmasından asılı olmayaraq, bütün israillilərin bol suvarılan Vəd edilmiş diyarın təbii sərvətlərindən eyni dərəcədə yararlanmaq imkanı olacaqdı.

14. Yehovanın yadellilərlə bağlı verdiyi göstəriş Musanın Qanunundakı göstərişdən nədə fərqlənirdi?

14 İkinci fərq — sakinlər. Musanın Qanunu yadelliləri müdafiə edirdi və onlara israillilərlə birgə Yehovaya ibadət etməyə izin verirdi. Amma onların ölkədə torpaq payı yox idi (Lav. 19:33, 34). Yehovanın Hizqiyala verdiyi göstəriş isə vaxtilə Qanunda verdiyi bu göstərişdən tamamilə fərqlənirdi. Yehova ona dedi: «Yadelliyə yaşadığı qəbilənin ərazisində irs verməlisiniz». Bu əmrlə Yehova yerli israillilərlə ölkədəki yadellilər arasındakı ən böyük fərqi aradan götürdü (Hizq. 47:22, 23). Hizqiyalın görüntüdə gördüyü bərpa olunmuş ölkədə sakinlər arasında bərabərlik və ibadətdə birlik hökm sürürdü (Lav. 25:23).

15. Yehovanın torpaq və əhali barədə verdiyi göstərişlər hansı dəyişməz həqiqəti təsdiq edir?

15 Hizqiyalın torpaqla və onun əhalisi ilə bağlı aldığı bu iki göstəriş, yəqin ki, əsirlikdə olanların ürəyində əminlik yaratdı. Onlar öyrəndi ki, istər israilli olsun, istərsə də Yehovaya ibadət edən yadelli, Yehova onların hamısına bərabər pay verəcək (Üzr. 8:20; Nəh. 3:26; 7:6, 25; Əşy. 56:3, 8). Bu göstərişlər həmçinin dəyişməz bir həqiqəti təsdiq edir: Yehova üçün bütün xidmətçiləri eyni dərəcədə dəyərlidir. (Həqqay 2:7 ayəsini oxuyun.) Bu gün istər göydə yaşamağa ümid edək, istərsə də yerdə, bu həqiqət hər birimizə şamil olunur. Sözsüz ki, bu, bizi çox ruhlandırır.

16, 17. a) Ölkə və əhali ilə bağlı məqamları araşdırmağın bizə hansı faydası var? b) Növbəti fəsildə hansı sual araşdırılır?

16 Ölkə və əhali ilə bağlı bu məqamları araşdırmağın bizə hansı faydası var? Bu, bizə xatırladır ki, bərabərlik və birlik ümumdünya qardaşlığımızın səciyyəvi xüsusiyyəti olmalıdır. Yehova ayrı-seçkilik etmir. Biz də özümüzə sual verməliyik: Bəs mən ayrı-seçkilik etməməkdə Yehovadan nümunə götürürəm? Milliyyətindən və vəziyyətindən asılı olmayaraq, dindaşlarımın hər birinə səmimi-qəlbdən hörmət edirəm? (Rom. 12:10). Biz çox xoşbəxtik ki, ruhani cənnətdə olmağa hamımızın eyni dərəcədə hüququ çatır. Bu cənnətdə biz səmavi Atamıza can-dildən xidmət edir və Onun verdiyi nemətləri sevə-sevə dadırıq (Qal. 3:26—29; Vəhy 7:9).

Ayrı-seçkilik etməyən və hamının ləyaqətinə hörmət edən Yehova Allahdan nümunə götürürük? (15 və 16-cı abzaslara baxın)

17 Növbə çatdı Hizqiyalın aldığı axırıncı görüntüdə verilən dördüncü vədə — Yehovanın əsir yəhudilərlə olacağı vədinə. Bəs bu vəd bizə nə öyrədir? Bu suala növbəti fəsildə cavab verilir.

^ Yehovanın ruhani ölkədə kahinlərə və rəhbərlərə ayırdığı xüsusi yer və verdiyi təyinatla bağlı əlavə məlumat üçün bu nəşrin 14-cü fəslinə baxın.