Rəhbərlik Şurasından məktub
Yehovanı sevən əziz dindaşlarımız,
1971-ci ildə «Allahın adı» adlı vilayət toplantısında təqdim olunan yeni nəşrlər iştirakçıları vəcdə gətirmişdi. Bu nəşrlər bacı-qardaşların xəyal etdiyindən qat-qat üstün idi. Nəşrlərdən biri haqda bir qardaş belə demişdi: «Gələcəkdə bizi gözləyən hadisələr hələ heç bir nəşrdə bu cür valehedici şəkildə işıqlandırılmayıb». Yəqin sizə maraqlıdır ki, o, hansı nəşri nəzərdə tuturdu. Bu, «“Xalqlar biləcəklər ki, Mən Yehovayam”. Necə?» adlı kitab idi. Bəs nəyə görə kitab bu cür əks-səda doğurmuşdu? Çünki orada «Hizqiyal» kitabındakı peyğəmbərliklərin yenilənmiş izahatı yer alırdı. Bu peyğəmbərliklər isə bütün bəşəriyyətin gələcəyi ilə bağlıdır.
«Biləcəklər ki, Yehovayam» kitabının dərc olunduğu vaxt Allahın xalqının sayı təxminən 1,5 milyon idi. Bu gün isə bu say 8 milyonu aşıb (Əşy. 60:22). Yehovanın xalqı 900-dən çox dildə danışan insanlardan ibarətdir (Zək. 8:23). Çoxlarının Hizqiyala nazil olan peyğəmbərlikləri təfərrüatı ilə izah edən bir nəşri araşdırmaq imkanı heç vaxt olmayıb.
Bundan başqa 1971-ci ildən bu yana ruhani işıq daha gur parladıqca Müqəddəs Kitabdakı bir çox həqiqətləri daha dərindən başa düşmüşük (Məs. 4:18). 1985-ci ildə biz aydın şəkildə anlamağa başladıq ki, «başqa qoyunlar»ın Yehovanın dostu qismində saleh sayılması nə deməkdir (Yəh. 10:16; Rom. 5:18; Yaq. 2:23). 1995-ci ildə isə ilk dəfə olaraq başa düşdük ki, kimin «qoyun», kimin «keçi» olduğuna dair son hökm «böyük müsibət»də çıxarılacaq (Mət. 24:21; 25:31, 32). Bu yeniliklər «Hizqiyal» kitabında yazılanlara baxışımıza da təsir etdi.
«Ey bəni-adəm, yaxşı-yaxşı bax, diqqətlə qulaq as, göstərdiyim hər şeyə fikir ver. Çünki sən bura buna görə gəlmisən» (HİZQİYAL 40:4)
Son illər işıq gurlaşmağa davam edir. Məsələn, götürək İsanın məsəllərini. Bu məsəllərin çoxunu indi daha aydın dərk edirik. Onlardan bəziləri sürətlə yaxınlaşan «böyük müsibət» vaxtı baş verəcək hadisələrə işarə edir. Eynilə, «Hizqiyal» kitabındakı bəzi peyğəmbərlikləri də indi daha yaxşı başa düşürük. Məsələn, «Məcuc ölkəsindən olan Yəcuc»la (38 və 39-cu fəsil), belində qələm-davat olan adamın gördüyü işlə (9-cu fəsil), quru sümüklərlə dolu düzənliklə və iki çubuğun birləşməsi ilə (37-ci fəsil) bağlı peyğəmbərliklər buna nümunədir. Bütün bunların izahı illər əvvəl «Biləcəklər ki, Yehovayam» kitabında yazılanlardan xeyli fərqlənir.
Bacı-qardaşlarda sual yaranırdı ki, Hizqiyalın peyğəmbərliklərinə yeni izahat verən kitab nə vaxt çıxacaq. «Pak ibadət dirçəlir!» kitabı məhz onların gözlədiyi kitabdır. 22 fəsildən ibarət bu kitabı oxuduqca, oradakı gözəl şəkillərə baxıb düşündükcə görəcəksiniz ki, kitabın hazırlanması üçün nə qədər araşdırma aparılıb. Yehovanın «Hizqiyal» kitabını nə səbəbə yazdırdığını başa düşmək üçün çoxlu dua etmişik. Növbəti suallar üzərində düşünüb-daşınmışıq: «Hizqiyal» kitabında Hizqiyalın dövründə yaşayanlar üçün və bizim üçün hansı xəbər var? Hansı peyğəmbərliklər gələcəkdə olacaq hadisələrə aiddir? Hizqiyalın peyğəmbərliklərindəki obrazlar nələrinsə
timsalıdırmı? Bu sualların cavabı sayəsində Müqəddəs Kitabın sevə-sevə oxuduğunuz bu bölməsini aydın başa düşəcəksiniz.«Hizqiyal» kitabını əvvəldən axıra kimi oxuyanda insan Yehovanın təşkilatının səmavi hissəsinə valeh olur. Həmçinin həm ruhani varlıqların, həm də yerdəki bəndələrin ibadətinin məqbul olması üçün Yehovanın qoyduğu ali qanunlar barədə oxuyanda heyran qalırıq. «Pak ibadət» kitabını mütaliə edəndə Yehovanın Öz xalqı üçün indiyə kimi etdiyi və yaxın gələcəkdə edəcəyi işlərə görə qəlbiniz şükranla dolacaq. Görəcəksiniz ki, bu kitabda iki mövzu dönə-dönə vurğulanır. Birincisi, Yehovanı razı salmaq üçün biz Onun Kainatın Hökmdarı olduğunu qəbul etməli və Ona tabe olmalıyıq. İkincisi, Yehovaya Onun istədiyi kimi ibadət etməliyik, həyatımızı Onun ali qanunlarına uyğun qurmalıyıq.
Arzu edirik ki, bu kitab sizin Yehovaya düzgün ibadət etmək, Onun böyük və müqəddəs adını şərəfləndirmək qətiyyətinizi artırsın. Həmçinin qoy bu kitab sizi təşviq etsin ki, bütün xalqların Yehovanı tanımağa məcbur olduğu vaxtı səbirlə gözləyəsiniz (Hizq. 36:23; 38:23).
Qoy mehriban Atamız Yehova Hizqiyal peyğəmbərə nazil etdiyi kitabı başa düşmək üçün sizin zehninizi açıq etsin.
Sizin qardaşlarınız,
Yehovanın Şahidlərinin Rəhbərlik Şurası