Kontentə keç

Mündəricatı göstər

FƏSİL 15

«Mən sənin fahişəliyinə son qoyacağam»

«Mən sənin fahişəliyinə son qoyacağam»

HİZQİYAL 16:41

MƏZMUN: «Hizqiyal» və «Vəhy» kitabında təsvir olunan fahişələr

1, 2. Hansı halda fahişəlik insanda xüsusilə ikrah hissi yaradır?

 KİMİNSƏ fahişəlik etdiyini görmək çox kədərli haldır. Adam fikirləşir ki, görəsən, onu bu yola düşməyə nə vadar edib? Bəlkə, ailədəki zorakılıq, təcavüz onu gənc yaşlarından bu cür həyata sürükləyib. Bəlkə də, ehtiyac ucbatından özünü satmağa məcbur olub. Ola bilsin, zalım həyat yoldaşının əlindən qaçıb. Bu dünyada belə kədərli hadisələri tez-tez eşidirik. Buna görə də təəccüblü deyil ki, İsa Məsih bəzi fahişələrə mərhəmət göstərmişdi. O demişdi ki, tövbə edib yolundan dönənlər gözəl həyata ümid edə bilər (Mət. 21:28—32; Luka 7:36—50).

2 Amma elə qadın da var ki, heç bir səbəb olmadan, öz xoşu ilə bu yolu seçir. Onun gözündə fahişəlik pozğunluq deyil, əksinə, fəxrdir, nüfuz qazanmaq imkanıdır, üstəlik, yaxşı gəlir mənbəyidir. Ən betəri isə, yaxşı, sadiq əri olan qadının bu yola düşməsidir. Belə qadın və tutduğu yol insanda çox böyük ikrah hissi yaradır. Məhz buna görə Yehova Allah yalan dinin Onda yaratdığı hissləri ifadə etmək üçün fahişə obrazından istifadə etmişdi.

3. Bu fəsildə «Hizqiyal» kitabındakı hansı parçaları nəzərdən keçirəcəyik?

3 «Hizqiyal» kitabındakı iki parçada Yəhuda və İsrail xalqının dəhşətli xəyanətini təsvir etmək üçün fahişə obrazından istifadə olunur (Hizq. 16 və 23 fəs.). Bu parçalara nəzər salmazdan əvvəl gəlin başqa bir simvolik fahişə haqqında danışaq. Onun fahişəliyi Hizqiyalın dövründən, hətta İsrail xalqının mövcudluğundan da əvvəl başlamışdı və indiyə kimi davam edir. Bu fahişənin kimliyi Müqəddəs Kitabın ən axırıncı bölməsi olan «Vəhy»də açıqlanır.

«Fahişələrin... anası»

4, 5. «Böyük Babil» nəyi təmsil edir və bunu haradan bilirik? (Fəslin əvvəlindəki şəklə baxın.)

4 Eramızın birinci əsrinin sonunda İsanın həvari Yəhyaya verdiyi vəhydə bir obraz xüsusilə qabarır. Bu obraz «böyük fahişə» və ya «fahişələrin... anası Böyük Babil» adlanır (Vəhy 17:1, 5). Əsrlər ərzində din xadimləri və Müqəddəs Kitab üzrə mütəxəssislər bu obrazı sirli bir məfhuma çevirmişdilər. Kimisi onun Babili, kimisi Roma imperiyasını, kimisi də Roma katolik kilsəsini təmsil etdiyini deyirdi. Amma onilliklərdir ki, Yehovanın Şahidləri bu «böyük fahişə»nin əslində nəyi təmsil etdiyini başa düşüblər. Böyük Babil dünyadakı bütün yalan dinlərin cəmini təmsil edir. Nəyə əsasən bu qənaətə gəlmişik?

5 Bu fahişə «dünyanın padşahları» ilə, yəni siyasi qüvvələrlə zina etməkdə ittiham olunur. Deməli, o, siyasi qüvvə ola bilməz. Bundan başqa «Vəhy» kitabından görünür ki, «dünyanın tacirləri», yəni kommersiya sistemi Böyük Babilin ölümünə görə kədərlənir. Deməli, Böyük Babil kommersiya sistemini də təmsil edə bilməz. Bəs yaxşı onda o, nəyi təmsil edir? O, cindarlıqda, bütpərəstlikdə və xalqları yoldan çıxarmaqda günahlandırılır. Məgər bu günahlar dünyadakı yalan dinlərdə açıq-aydın müşahidə olunmur? Həmçinin diqqət yetirin ki, vəhydə bu fahişə dünyanın siyasi qüvvələrinin «belində oturub», başqa sözlə onlar üzərində müəyyən nüfuza sahibdir. O həmçinin Yehova Allahın sadiq xidmətçilərini təqib edir (Vəhy 17:2, 3; 18:11, 23, 24). Məgər yalan din indiyə kimi məhz bu əməlləri törətmir?

Bütün yalan dini ayinlər, ehkamlar və təşkilatlar mənbəyini qədim Babildən götürür (6-cı abzasa baxın)

6. Böyük Babil hansı mənada «fahişələrin anası»dır?

6 Bəs nəyə görə Böyük Babil həm «böyük fahişə», həm də «fahişələrin anası» adlanır? Yalan din sonsuz sayda cərəyanlara, təriqətlərə parçalanıb. Qədim Babildə dillər qarışandan bəri yalan dini ehkamlar bütün dünyaya yayılıb və beləliklə, sonsuz sayda dinlər əmələ gəlib. Buna görə də bu fahişənin adı yalan dinlərin beşiyi olan Babil şəhərinin adından götürülüb və ona «Böyük Babil» adı verilib (Yar. 11:1—9). Beləliklə, bütün yalan dinləri bir dinin, yəni böyük fahişənin «qızları» adlandırmaq olar. Şeytan bu dinlərdən istifadə edərək insanları cindarlıq, bütpərəstlik və Allaha küfr edən digər inanc və ayinlərin tələsinə salır. Bu səbəbdən Allah xalqına bütün dünyanı bürüyən bu pozğun təşkilat barədə xəbərdarlıq edərək deyir: «Ey xalqım, ondan çıxın ki, onun günahlarına şərik olmayasınız». (Vəhy 18:4, 5 ayələrini oxuyun.)

7. Böyük Babildən çıxmaq çağırışına nəyə görə ciddi yanaşmalıyıq?

7 Bəs siz bu xəbərdarlığa diqqət yetirirsiniz? Unutmayın, insanın ürəyinə Allaha ehtiyac hissini qoyan Yehova Özüdür (Mət. 5:3). İnsan yalnız Yehovaya pak şəkildə ibadət edərsə, bu ehtiyac doğru-düzgün ödənmiş olar. Yehovanın xidmətçiləri ruhani xəyanətdən uzaq durmaq əzmindədir. Lakin Şeytan başqa məqsəd güdür. Onun arzusu Allahın xalqını ruhani xəyanətə sürükləməkdir. Bir çox hallarda o, bu arzusunu gerçəkləşdirə bilib. Hizqiyalın dövründə artıq Allahın xalqının bir xəyanətkar kimi böyük tarixçəsi var idi. Bu tarixi araşdırmaq yaxşı olardı, çünki bundan Yehovanın qanunları, ədaləti və mərhəməti barədə çox şey öyrənə bilərik.

«Şöhrətin səni fahişəliyə sürüklədi»

8—10. Pak ibadətin hansı şərti yalan dinə qarışmağın Yehovada oyatdığı hissləri başa düşməyə kömək edir? Nümunə çəkin.

8 «Hizqiyal» kitabında Yehova fahişə obrazından Öz hisslərini ifadə etmək üçün istifadə etmişdi. O, müqəddəs ruhu ilə Hizqiyala yazdırdığı iki parçada xalqın öz sədaqətsizliyi və əxlaqsızlığı ilə Ona yaşatdığı xəyanət acısını, qəlb ağrısını təsvir etmişdi. Bəs nəyə görə Yehova məhz fahişə obrazından istifadə etmişdi?

9 Bu suala cavab tapmaq üçün əvvəlcə pak ibadətin vacib şərtlərindən birini yadımıza salmalıyıq. Bu barədə bu nəşrin 5-ci fəslində məlumat verilib. Yehova Tövratda israillilərə buyurmuşdu: «Məndən başqa allahınız olmamalıdır... Mən, Allahınız Yehova tam sədaqət tələb edən Allaham» (Çıx. 20:3, 5). Sonra eyni fikri bu cür vurğulamışdı: «Başqa allahlara səcdə etməyin, çünki Mən Yehova tam sədaqət tələb edən Allaham. Bəli, Mən tam sədaqət tələb edirəm» (Çıx. 34:14). Sözü bundan aydın daha necə demək olar? Nə qədər ki, insan Yehovaya tam sədaqətlə ibadət etmir, onun ibadəti qəbul olunmayacaq.

10 Misal üçün ər-arvad münasibətini götürək. Həm ərin, həm də arvadın qarşı tərəfdən tam sədaqət tələb etməyə ixtiyarı var. Əgər tərəflərdən birində başqasına qarşı romantik hisslər, yaxud ehtiras oyanarsa, digər tərəf haqlı olaraq qısqanar və bunu özünə qarşı xəyanət kimi qəbul edər. (İbranilərə 13:4 ayəsini oxuyun.) İbadətə gəldikdə də vəziyyət eynidir. Bütünlüklə Yehovaya həsr olunmuş xalq yalan allahlara üz tutanda Yehova bunu özünə qarşı xəyanət kimi qəbul edir. O keçirdiyi hissləri «Hizqiyal» kitabının 16-cı fəslində çox təsirli şəkildə ifadə edib.

11. Yehova Yerusəlim və onun mənşəyi barədə hansı hekayəni danışır?

11 On altıncı fəsildə Yehovanın «Hizqiyal» kitabındakı ən uzun nitqi, bütün Tövratda isə ən uzun peyğəmbərliklərindən biri qələmə alınıb. Yehova diqqəti Yerusəlim şəhərinə yönəldir. Burada Yerusəlim xəyanətkar Yəhudanı təmsil edir. Yehova onun mənşəyindən və xəyanətindən bəhs edən kədərli və sarsıdıcı hekayə danışır. Başlanğıcda Yerusəlim atılmış, yuyulub-təmizlənməmiş, baxımsız qalmış körpə kimi idi. Onun valideynləri ölkədəki bütpərəst kənanilər idi. Doğrudan da, Davud fəth edənə qədər Yerusəlim uzun müddət Kənandakı xalqlardan olan yəbusilərin əlində olub. Yehovanın bu körpəyə yazığı gəldi, onu yuyub-təmizlədi, qayğısına qaldı. Böyüyəndən sonra o, məcazi mənada Yehovanın arvadı oldu. Əslində, Yerusəlimdə məskunlaşan israillilər Yehova ilə çoxdan əhddə idilər, onlar bu əhdə Musanın günlərində könüllü surətdə daxil olmuşdular (Çıx. 24:7, 8). Varlı, nüfuzlu bir kişi istəkli arvadını zinət əşyaları ilə sevindirdiyi kimi, Yerusəlim ölkənin mərkəzi olandan sonra Yehova da onu mübarək qıldı, zənginləşdirib gözəlləşdirdi (Hizq. 16:1—14).

Süleyman yadelli arvadlarının təsiri altına düşüb Yerusəlimi bütpərəstliklə ləkələdi (12-ci abzasa baxın)

12. Xəyanət Yerusəlimin tarixinə necə yazılmışdı?

12 Görün sonra nə baş verdi. Yehova deyir: «Sən gözəlliyinə arxalanmağa başladın. Şöhrətin səni fahişəliyə sürüklədi. Hər yoldan keçənlə zina edib gözəlliyini ona verdin» (Hizq. 16:15). Süleymanın dövründə Yehova xalqının başından o qədər ruzi-bərəkət, var-dövlət tökmüşdü ki, Yerusəlim o dövrün ən möhtəşəm şəhərinə çevrilmişdi (1 Pad. 10:23, 27). Amma şəhərdə yavaş-yavaş xəyanətkarlıq kök atmağa başladı. Süleyman yadelli arvadlarını razı salmaq xatirinə Yerusəlimi bütlərə ibadətlə ləkələdi (1 Pad. 11:1—8). Xələflərindən bəziləri Süleymandan da betər oldu. Onlar bütün ölkəni yalan ibadətlə ləkələdilər. Bu cür fahişəlik, xəyanət Yehovada hansı hissləri yaratdı? Bunu Yehovanın növbəti sözlərindən görmək olar: «Belə bir şey indiyədək olmayıb, olmayacaq da» (Hizq. 16:16). Onun yolunu azmış xalqı günah girdabında getdikcə daha çox batdı!

Bəzi israillilər öz uşaqlarını yalan allahlara, məsələn, Molekə qurban gətirirdilər

13. Yerusəlim sakinləri hansı mənfur əməlləri törədirdi?

13 Təsəvvür edin, Yehova xalqının mənfurluğunu növbəti sözlərlə ifşa edəndə necə qəlb ağrısı, eyni zamanda necə ikrah duymuşdu: «Mənim üçün dünyaya gətirdiyin oğulları, qızları həmin bütlərə qurban gətirdin. Sənin fahişəliyin əndazəsini aşdı. Sən Mənim oğullarımı öldürdün, onları odda yandırıb qurban gətirdin» (Hizq. 16:20, 21). Yerusəlim sakinlərinin bu tükürpərdici əməlləri Şeytanın nə dərəcədə zalım olduğunu göstərir. Şeytan Yehovanın xalqını bu cür mənfur əməllərə sürükləməkdən zövq alır. Amma Yehova hər şeyi görür. O hətta ən qatı vəhşiliyin belə vurduğu zərəri aradan qaldırmağa qadirdir, üstəlik, ədaləti də mütləq bərqərar edəcək! (Əyyub 34:24 ayəsini oxuyun.)

14. Yerusəlimin bacıları kim idi və bu bacıların arasında ən betəri hansı idi?

14 Lakin mənfurluğu Yerusəlimin heç vecinə də deyildi. O, fahişəliyindən əl çəkmirdi. Yehova onun başqa fahişələrdən abırsız olduğunu deyir, çünki o özü haqq ödəyir ki, onunla yaxınlıq etsinlər (Hizq. 16:34). Allah deyir ki, Yerusəlim «anasının», yəni bir zamanlar ölkəyə sahib olan bütpərəst xalqların tayıdır (Hizq. 16:44, 45). Ailə misalını davam etdirərək Yehova Səməriyyəni Yerusəlimin böyük bacısı adlandırır. Səməriyyə Yerusəlimdən əvvəl xəyanət yoluna qədəm qoymuşdu. Allah, həmçinin Yerusəlimin ikinci bacısından, Sədumdan söz açır. Amma Yehova Sədumun adını zərb-məsəl kimi çəkir, çünki bu şəhər öz qüruruna və pozğunluğuna görə artıq çoxdan idi ki, məhv edilmişdi. Yehovanın sözünün məğzi o idi ki, Yerusəlim mənfur əməllərilə hər iki bacısını, Səməriyyəni, hətta Sədumu da ötüb keçmişdi (Hizq. 16:46—50). Allahın xalqı saysız-hesabsız xəbərdarlıqları qulaqardına vurur, asiliyindən əl çəkmirdi.

15. Yehovanın Yerusəlimə hökm kəsməkdə məqsədi nə idi?

15 Bəs Yehova nə edəcək? O, Yerusəlimə deyir: «Həzz verdiyin oynaşlarını... bir yerə yığacağam... Səni onların əlinə verəcəyəm». Xalqın keçmişdəki bütpərəst müttəfiqləri onu məhv edəcək, gözəlliyini və var-dövlətini talayacaqlar. Yehova deyir: «Səni daşqalaq edəcək, qılıncla doğrayacaqlar». Bu hökmü kəsməkdə Yehovanın məqsədi nə idi? Məqsəd xalqın kökünü kəsmək deyildi. Yehova deyir: «Mən sənin fahişəliyinə son qoyacağam». Sonra əlavə edir: «Səndən acığımı çıxacağam, qəzəbim yatacaq, sakitləşəcəyəm, daha Özümü təhqir olunmuş hiss etməyəcəyəm». Bu nəşrin 9-cu fəslində deyildiyi kimi, Yehovanın məqsədi sürgündən sonra xalqını dirçəltmək idi. Bunun səbəbini O, belə izah edir: «Mən gəncliyində səninlə bağladığım əhdi yada salacağam» (Hizq. 16:37—42, 60). Xalqından fərqli olaraq, Yehova son dərəcə sədaqətli olduğunu göstərəcəkdi! (Vəhy 15:4 ayəsini oxuyun.)

16, 17. a) Nəyə görə daha Öhla ilə Öhlübanın Xristian dünyasının timsalı olduğunu demirik? («Fahişə bacılar» adlı çərçivəyə baxın.) b) «Hizqiyal» kitabının 16 və 23-cü fəsillərindən nə öyrənirik?

16 Yehovanın «Hizqiyal» kitabının 16-cı fəslində yazılmış uzun və təsirli nitqindən Onun ali qanunları, ədaləti və mərhəməti barədə çox şey öyrənirik. «Hizqiyal» kitabının 23-cü fəsli barədə də eyni şeyi demək olar. Xalqın fahişəliyini ifşa edərək Yehovanın dediyi sözlərə həqiqi məsihilər ciddi yanaşır. Biz Yəhuda və Yerusəlimin səhvini təkrarlayaraq Yehovanın qəlbinə dəymək istəmərik. Buna görə də bütpərəstliyin bütün növlərindən ikrah edib uzaq durmalıyıq. Bura bütpərəstliyin bir növü olan tamahkarlıq və malpərəstlik də daxildir (Mət. 6:24; Kol. 3:5). Biz Yehovaya həmişə minnətdar olmalıyıq, çünki O lütf edərək axırzamanda pak ibadəti dirçəldib, üstəlik, onun ləkələnməsinə bir daha izin verməyəcək. O, ruhani İsraillə «həmişəlik əhd» bağlayıb. Bu əhd heç vaxt xəyanət və fahişəliklə pozulmayacaq (Hizq. 16:60). Odur ki, biz Yehovanın pak xalqının üzvü olmaq şərəfini qiymətləndirməliyik.

17 Bəs Yehovanın bu fahişələrə qarşı söylədiyi sözlərdən «böyük fahişə» olan Böyük Babil barədə nə öyrənirik? İndi isə gəlin bu haqda danışaq.

«Daha heç vaxt tapılmayacaq»

18, 19. «Hizqiyal» və «Vəhy» kitabında təsvir olunan fahişələr arasında hansı oxşarlıqlar var?

18 Yehova dəyişmir (Yaq. 1:17). Onun böyük fahişə olan yalan dinə münasibəti bütün tarix boyunca eyni olaraq qalıb. Buna görə də Onun «Hizqiyal» kitabında adı çəkilən fahişələrə kəsdiyi hökmlə «Vəhy» kitabında təsvir olunan böyük fahişənin aqibəti arasında bir sıra oxşarlıqlar var.

19 Məsələn, Hizqiyalın peyğəmbərliklərində adı çəkilən fahişələrin cəzasını bilavasitə Yehova Özü vermədi. Allahın xəyanətkar xalqı hansı xalqlarla ruhani əxlaqsızlıq etmişdisə, məhz həmin xalqlar onu cəzalandırmışdı. Böyük Babil də «dünyanın padşahları» ilə zina etməkdə ittiham olunur. Bəs onun cəzasını kim verəcək? «Vəhy»də oxuyuruq ki, bu siyasi qüvvələr «fahişəyə nifrət edəcək, onu tar-mar edib çılpaq qoyacaq, ətini yeyəcək və sonra onu yandırıb külə çevirəcək». Nəyə görə bu dövlətlər belə qərara gələcəklər? Çünki bu fikri onların ürəyinə Allah qoyacaq (Vəhy 17:1—3, 15—17).

20. Babilə kəsilmiş hökmün dəyişməyəcəyini nə göstərir?

20 Yehova bütün yalan dinlərə, o cümlədən çoxsaylı xristian dinlərinə qarşı çıxardığı hökmü dünya xalqlarının əli ilə icra edəcək. Bu hökm dəyişməyəcək. Dinlər əfv olunmayacaq, onlara yollarını düzəltməyə heç bir şans verilməyəcək. «Vəhy» kitabında deyilir ki, Babil «daha heç vaxt tapılmayacaq» (Vəhy 18:21). Allahın mələkləri onun məhvinə sevinərək deyəcəklər: «Yaha alqış edin! Şəhərin tüstüsü əbədiyyət boyu göyə qalxacaq!» (Vəhy 19:3). Bu hökm əbədilik qalacaq. Yehova bir daha yol verməyəcək ki, hansısa yalan din peyda olub pak ibadəti ləkələsin. Odlu-alovlu hökmlə məhvə məhkum olunmuş Babilin tüstüsü əbədilik göyə bülənd olacaq.

Böyük Babilin yoldan çıxardığı və təsiri altında saxladığı xalqlar ona qarşı çıxıb onu məhv edəcək (19 və 20-ci abzaslara baxın)

21. Yalan dinin məhvi ilə hansı dövr başlayacaq və bu dövr hansı hadisə ilə tamamlanacaq?

21 Bu dünyadakı dövlətlər Böyük Babilə qarşı qalxmaqla Yehova Allahın ona çıxardığı hökmü icra edəcəklər. Bu, Yehovanın niyyətinin yerinə yetməsində böyük bir irəliləyiş olacaq. Bu hadisə ilə böyük müsibət, görünməmiş çaxnaşma dövrü başlayacaq (Mət. 24:21). Müsibətin zirvə nöqtəsi Armageddon olacaq, yəni Yehova bu şər dünya ilə müharibə edəcək (Vəhy 16:14, 16). Bu nəşrin növbəti fəslində göstərilir ki, böyük müsibət vaxtı hadisələrin necə cərəyan edəcəyi barədə «Hizqiyal» kitabından çox şey öyrənmək olar. Bəs «Hizqiyal» kitabının 1623-cü fəsillərindən özümüzə hansı ibrət dərsini götürdük?

Bu dünyadakı dövlətlər Böyük Babilə qarşı qalxmaqla Allahın ona kəsdiyi hökmü icra edəcək (21-ci abzasa baxın)

22, 23. «Hizqiyal» və «Vəhy» kitabında təsvir olunan fahişələr haqqındakı məlumata əsasən ibadətimizə necə yanaşmalıyıq?

22 Şeytanın arzusu Allaha pak şəkildə ibadət edən insanları yoldan çıxarmaqdır. Elə bir şey yoxdur ki, bizi pak ibadətdən sapdırmaq qədər, «Hizqiyal» kitabında təsvir olunan fahişələr kimi, xəyanət yoluna sürükləmək qədər ona həzz versin. Biz yadda saxlamalıyıq ki, Yehova Ona şərik qoşulmasını, xəyanəti qətiyyən götürmür (Say. 25:11). Son dərəcə diqqətli olmalıyıq ki, yalan dindən uzaq duraq və Allahın gözündə murdar olan şeylərə toxunmayaq (Əşy. 52:11). Elə buna görə də bu parçalanmış dünyada baş verən siyasi münaqişələrdə və iğtişaşlarda bitərəf qalırıq (Yəh. 15:19). Bizim nəzərimizdə millətçilik Şeytanın yaratdığı yalan dinin digər bir formasıdır. Buna görə də bu dinlə heç bir əlaqəmiz olmamalıdır.

23 Ən əsası gəlin həmişə yadda saxlayaq ki, Yehovaya Onun təmiz, pak ruhani məbədində ibadət etmək böyük şərəfdir. Gəlin həmişə bu mübarək quruluşu əziz tutaq və yalan dinə, onun fahişəliyinə heç vaxt qoşulmayaq!