Kontentə keç

Mündəricatı göstər

FƏSİL 17

«Mən sənə qarşıyam, ey Yəcuc»

«Mən sənə qarşıyam, ey Yəcuc»

HİZQİYAL 38:3

MƏZMUN: Yəcuc və onun hücum etdiyi ölkə

1, 2. Qarşıda hansı müharibə gözlənilir və bununla bağlı hansı suallar meydana çıxır? (Fəslin əvvəlindəki şəklə baxın.)

 MİN İLLƏRDİR Kİ, müharibələr yer üzünü al qana qərq edir. Tarix boyunca baş verən müharibələrin sayı hesaba gəlmir. XX əsrdə baş verən iki dünya müharibəsi isə bəşər tarixinin ən qanlı səhifələri olmuşdur. Lakin ən dəhşətli müharibə hələ qarşıdadır. Bu müharibə hegemonluq uğrunda mübarizə aparan xalqlar arasında olmayacaq. Bu, «Qadir Allahın böyük günündə» baş verəcək müharibədir (Vəhy 16:14). Təkəbbürlü düşmənin Allahın gözündə dəyərli olan ölkəyə hücum etməsi müharibənin başlanmasına səbəb olacaq. Bu hücum Külli-İxtiyar Yehovanı vadar edəcək ki, Öz qüdrətini yer üzündə görünməmiş dərəcədə nümayiş etdirib düşmənləri məhv etsin.

2 Ortaya bəzi suallar çıxır: Bu düşmən kimdir? O, hansı ölkəyə hücum edəcək? Bu hücumu nəyə görə, nə zaman və necə həyata keçirəcək? Gələcəkdəki bu hadisələr Yehovaya pak ibadət edən insanlara birbaşa olaraq toxunacağı üçün bu sualların cavabını bilməliyik. «Hizqiyal» kitabının 38 və 39-cu fəsillərində yazılmış peyğəmbərlik bu məsələdə bizə kömək edə bilər.

Düşmən — Məcuc ölkəsindən olan Yəcuc

3. Hizqiyalın Məcuc ölkəsindən olan Yəcucla bağlı peyğəmbərliyinin məğzini danışın.

 3 Hizqiyal 38:1, 2, 16, 18; 39:4, 11 ayələrini oxuyun. Peyğəmbərliyin məğzi budur: «Zamanın sonunda» «Məcuc ölkəsindən olan Yəcuc» adlı düşmən Allahın xalqının ölkəsinə hücum edəcək. Bu amansız hücumu görən Yehova Allah qəzəbdən alışıb-yanacaq. O, hərəkətə keçib Yəcucu məğlub edəcək *. Qalib çıxan Yehova düşmənlərini və onun tərəfdarlarını «hər cür yırtıcı quşa, vəhşi heyvana» yem edəcək. Axırda isə Yəcuca «dəfn yeri» verəcək. Bu peyğəmbərliyin yaxın gələcəkdə necə yerinə yetəcəyini başa düşmək üçün əvvəlcə Yəcucun kim olduğunu müəyyənləşdirməliyik.

4. Məcuc ölkəsindən olan Yəcuc barədə hansı qənaətə gəlirik?

4 Məcuc ölkəsindən olan Yəcuc kimdir? Hizqiyalın peyğəmbərliyindən belə qənaətə gəlirik ki, Yəcuc pak ibadət edənlərin düşmənidir. Bəlkə, Yəcuc Şeytandır? Axı Şeytan pak ibadətin ən qatı düşmənidir. Bir çox illər nəşrlərimizdə məhz belə izahat verilirdi. Lakin Hizqiyalın peyğəmbərliyini diqqətlə araşdıranda başqa nəticəyə gəldik. «Gözətçi qülləsi»ndə izah olunmuşdu ki, Məcuc ölkəsindən olan Yəcuc gözəgörünməz ruhani varlığı yox, gözlə görünən düşməni, pak ibadətə qarşı vuruşacaq xalqlar birliyini təmsil edir *. Nəyin əsasında bu cür nəticəyə gəldiyimizi nəzərdən keçirəcəyik, amma əvvəlcə gəlin Yəcucun nəyə görə ruhani varlıq olmadığını göstərən iki amili araşdıraq.

5, 6. Yəcucun ruhani varlıq olmadığını Hizqiyalın peyğəmbərliyindən necə görmək olar?

5 «Səni hər cür yırtıcı quşa... yem edəcəyəm» (Hizq. 39:4). Müqəddəs Kitabda Allahın hökmü barədə xəbərdarlıq edilərkən Allahın cəzası olaraq yırtıcı quşların meyitləri didməsi fikrinə tez-tez rast gəlinir. Allah bu cür xəbərdarlıqları həm İsrail xalqına, həm də başqa xalqlara verirdi (Qan. 28:26; Ərm. 7:33; Hizq. 29:3, 5). Ancaq diqqətəlayiq məqamdır ki, bu xəbərdarlıqlar ruhani varlıqlara yox, insanlara verilirdi. Yırtıcı quşlar, vəhşi heyvanlar ruhu yox, əti yeyirlər. Beləliklə, Hizqiyalın peyğəmbərliyindəki bu xəbərdarlıqdan məlum olur ki, Yəcuc ruhani varlıq deyil.

6 «Yəcuca İsraildə... dəfn yeri verəcəyəm» (Hizq. 39:11). Müqəddəs Yazıların heç bir ayəsində yazılmayıb ki, ruhani varlıqları torpağa basdırırlar. Əksinə, Şeytan və onun cinləri min illiyə dibsiz quyuya atılacaq. Sonra isə odlu-kükürdlü gölə atılacaq, yəni əbədilik məhv ediləcəklər (Luka 8:31; Vəhy 20:1—3, 10). Yəcuca yer üzündə «dəfn yeri» verilməyindən belə qənaətə gəlmək olar ki, o, ruhani varlıq deyil.

7, 8. «Şimal padşahının» aqibəti nə vaxt çatacaq və bunun Yəcucun başına gələnlərlə hansı oxşarlığı var?

7 Bəs pak ibadətə son hücumu həyata keçirəcək Yəcuc ruhani varlıq deyilsə, kimdir, yaxud nədir? Gəlin bu suala cavab tapmaq üçün Müqəddəs Kitabdakı iki peyğəmbərliyə nəzər salaq.

8 «Şimal padşahı». (Dənyal 11:40—45 ayələrini oxuyun.) Dənyal peyğəmbər öz dövründən tutmuş ta bizim dövrə kimi hansı dünya imperiyalarının peyda olacağını qabaqcadan demişdi. Həmçinin onun söylədiyi bir peyğəmbərlikdə bir-biri ilə rəqabət aparan iki siyasi düşməndən — «cənub padşahı»ndan və «şimal padşahı»ndan söz açılır. Əsrlər ərzində xalqlar hegemonluq üstündə mübarizə apardıqca, bu padşahların təmsil etdiyi dövlətlər də dəyişmişdi. Şimal padşahının axırzamanda etdiyi son yürüş barədə Dənyal peyğəmbər yazmışdı: «O, çoxlarını qırıb məhv etmək üçün şiddətli qəzəblə qalxacaq». Şimal padşahının əsas hədəfi Yehovanın xidmətçiləri olacaq *. Lakin Məcuc ölkəsindən olan Yəcuc kimi, şimal padşahının da Allahın xalqına etdiyi hücum müvəffəqiyyətsizliyə uğrayacaq, onun «aqibəti çatacaq».

9. «Yer üzünün padşahlarının» başına gələnlərlə Yəcucun başına gələnlər arasında hansı oxşarlıq var?

9 «Yer üzünün padşahları». (Vəhy 16:14, 16; 17:14; 19:19, 20 ayələrini oxuyun.) «Vəhy» kitabında «yer üzünün padşahlarının» «padşahlar Padşahına», yəni göydə olan İsa Məsihə hücum edəcəyi deyilir. Lakin bu üsyankarların əli göyə çatmadığı üçün onlar İsanın Padşahlığının yer üzündəki tərəfdarlarına hücum edəcək. Yer üzünün padşahları Armageddonda uduzan tərəf olacaq. Diqqət yetirin ki, onlar Yehovanın xalqına hücum edəndən sonra məhv ediləcəklər. Bu, Məcuc ölkəsindən olan Yəcuc haqqında deyilənlərə bənzəyir *.

10. Məcuc ölkəsindən olan Yəcucun kimliyi barədə hansı qənaətə gəlirik?

10 Bütün bunları nəzərə alaraq Yəcuc haqqında hansı qənaətə gəlirik? Əvvəla, Yəcuc ruhani varlıq deyil. İkincisi, Yəcuc yaxın gələcəkdə Allahın xalqına hücum edəcək xalqları bildirir. Bu xalqlar, çox ehtimal ki, koalisiya təşkil edəcək, yəni birləşəcəklər. Allahın xalqı Yer kürəsinin hər tərəfində yaşadığına görə onlara hücum etmək üçün xalqlar məqsəd və fəaliyyət baxımından birləşməli olacaq (Mət. 24:9). Hücum xalqlar tərəfdən olsa da, hücumun arxasında Şeytan duracaq. Şeytan həmişə pak ibadətə müqavimət göstərmək üçün xalqlardan istifadə edib (1 Yəh. 5:19; Vəhy 12:17). Amma Hizqiyalın Məcuc ölkəsindən olan Yəcuc barədə peyğəmbərliyində diqqət Yehovanın xalqına hücum edəcək xalqlara cəmlənib *.

«Ölkə» haradır?

11. Hizqiyalın peyğəmbərliyində Yəcucun hücum etdiyi ölkə necə təsvir olunur?

11  Üçüncü abzasdan göründüyü kimi, Yəcuc Yehovanın gözündə dəyərli olan ölkəyə soxulduğu üçün Onun böyük qəzəbinə səbəb olacaq. Bəs bu ölkə haradır? Gəlin bir daha Hizqiyalın peyğəmbərliyinə nəzər salaq. (Hizqiyal 38:8—12 ayələrini oxuyun.) Orada deyilir ki, Yəcuc digər xalqların arasından çıxarılan, xalqların içindən toplanmış insanların torpağına soxulacaq. Qılıncdan qurtularaq bu ölkədə məskunlaşan insanlar barədə deyilir ki, onlar dinclik içində yaşayır, kəndlərinin divarları, darvazaları, cəftələri yoxdur, həmçinin onlar var-dövlət yığıblar. Bu, bütün dünyada Yehovaya pak şəkildə ibadət edən insanların yaşadığı ölkədir. Bunu necə müəyyən edə bilərik?

12. Qədim dövrdə İsraildə hansı dirçəliş baş verdi?

12 Gəlin qədim İsraildə, Allahın xalqının əsrlərlə yaşadığı, çalışdığı və ibadət etdiyi ölkədə baş vermiş dirçəlişi nəzərdən keçirək. İsraillilər Yehovaya xəyanət edəndə O, Hizqiyal vasitəsilə bildirdi ki, onların ölkəsi yerlə-yeksan edilib viran qalacaq (Hizq. 33:27—29). Amma Yehova onu da dedi ki, tövbə edən israillilər Babildən öz ölkələrinə qayıdıb pak ibadəti dirçəldəcək. Yehovanın köməyilə İsrailin xarabalıqları dəyişib Ədən bağına çevriləcəkdi (Hizq. 36:34—36). Bu dirçəliş e. ə. 537-ci ildə başladı. Həmin il Yəhudi əsirlər Yerusəlimə qayıdıb doğma vətəndə pak ibadəti dirçəltməyə başladılar.

13, 14. a) Ruhani ölkə haradır? b) Nəyə görə bu ölkə Yehovanın gözündə qiymətlidir?

13 Müasir dövrdə Allaha pak şəkildə ibadət edənlərlə də eyni cür dirçəliş baş vermişdi. Bu nəşrin 9-cu fəslində araşdırıldığı kimi, Allahın xalqı 1919-cu ildə artıq Böyük Babilin əsarətindən azad olmuşdu. Həmin il Yehova xidmətçilərini ruhani ölkəyə gətirdi. Bu ölkə ruhani cənnətdir, yəni Allah-Taalaya ibadət etdiyimiz, ruhani firavanlığın hökm sürdüyü təhlükəsiz mühit, yaxud vəziyyətdir. Bu ölkədə biz birlik və əmin-amanlıq içində, qəlbimiz rahat, qorxu-hürkü bilmədən yaşayırıq (Məs. 1:33). Bizim bol ruhani qidamız, Allahın Padşahlığının təbliği ilə bağlı çoxlu maraqlı işimiz var. Doğrudan da, növbəti məsəldə deyilən sözlər həqiqətdir: «Yehovanın verdiyi bərəkətdir insana sərvət gətirən. O, bu bərəkətə kədər qatmaz» (Məs. 10:22). Harada yaşamağımızdan asılı olmayaraq, nə qədər ki, pak ibadəti sözdə və əməldə fəal surətdə dəstəkləyirik biz bu ölkənin, yəni ruhani cənnətin sakini olacağıq.

14 Bu ruhani cənnət Yehova üçün çox dəyərlidir. Yehovanın gözündə bu ölkənin sakinləri xalqların ləl-cəvahiridir. O Özü bu insanları pak ibadətə cəlb edib (Həq. 2:7; Yəh. 6:44). Onlar Allahın ülvi keyfiyyətlərini əks etdirən yeni şəxsiyyətə bürünməyə çalışırlar (Efes. 4:23, 24; 5:1, 2). Bu insanlar Allaha can-dildən xidmət edirlər və bu xidməti elə icra edirlər ki, həm Allah şərəflənir, həm də onların Allaha olan məhəbbəti sübuta yetir (Rom. 12:1, 2; 1 Yəh. 5:3). Təsəvvür edin, Yehova xidmətçilərinin ruhani ölkəni gözəlləşdirmək üçün var-gücü ilə çalışdığını görəndə necə sevinir! Deməli, pak ibadəti həyatınızda hər şeydən üstün tutanda təkcə ruhani cənnəti gözəlləşdirmirsiniz, həm də Yehovanın ürəyini şad edirsiniz (Məs. 27:11).

Harada yaşamağımızdan asılı olmayaraq, nə qədər ki, pak ibadəti fəal surətdə dəstəkləyirik ruhani ölkənin sakini olacağıq (13 və 14-cü abzaslara baxın)

Yəcuc necə, nə üçün və nə zaman hücum edəcək?

15, 16. Yəcuc bərpa edilmiş ruhani ölkəyə nə zaman hücum edəcək?

15 Xalqlar birliyinin tezliklə ruhani ölkəyə hücum edəcəyi barədə düşünmək bizi ayıq-sayıq olmağa təşviq edir. Bu hücum Yehovanın xidmətçilərinə qarşı olacaq. Buna görə də biz bu haqda hər şeyi bilməliyik. Gəlin üç sualı nəzərdən keçirək.

16 Yəcuc bərpa edilmiş ruhani ölkəyə nə zaman hücum edəcək? Peyğəmbərlikdə deyilir ki, Yəcuc Allahın xalqına «zamanın sonunda» hücum edəcək (Hizq. 38:16). Deməli, bu hadisə şər dünyanın sonuna yaxın bir vaxtda baş verəcək. Unutmayın ki, böyük müsibət dünyadakı yalan dinlərin cəmi olan Böyük Babilin məhvi ilə başlayacaq. Yalan dini təşkilatlar məhv edildikdən sonra, Armageddondan isə əvvəl Yəcuc pak şəkildə ibadət edənlərə sonuncu və dünya miqyaslı hücumu həyata keçirəcək.

17, 18. Böyük müsibət vaxtı Yehova vəziyyəti necə idarə edəcək?

17 Nə üçün Yəcuc Yehovaya pak şəkildə ibadət edənlərin ölkəsinə hücum edəcək? Hizqiyalın peyğəmbərliyində bu suala verilən cavabı araşdıranda iki məqam ortaya çıxır: birincisi, Yehovanın əli, ikincisi Yəcucun pis niyyəti.

18 Yehovanın əli. (Hizqiyal 38:4, 16 ayələrini oxuyun.) Görün Yehova Yəcuca nə deyir: «Sənin çənələrinə qarmaq keçirəcəyəm... Səni, ey Yəcuc, öz ölkəmə qarşı qaldıracağam». Bu o deməkdirmi ki, Yehova xalqları Öz xidmətçilərinə qarşı qalxmağa məcbur edəcək? Sözsüz ki, yox! O, heç vaxt xalqının başına bəla gətirməz (Əyy. 34:12). Amma Yehova Öz düşmənlərini yaxşı tanıyır, bilir ki, onlar pak şəkildə ibadət edənlərə nifrət edəcəklər və fürsət düşən kimi onların kökünü kəsməyə çalışacaqlar (1 Yəh. 3:13). Yehova hansı mənada Yəcucun çənələrinə qarmaq taxaraq onu çəkib sürüyəcək? Yehova vəziyyəti elə idarə edəcək ki, hadisələr Onun iradəsinə və cədvəlinə uyğun cərəyan etsin. Böyük Babil məhv ediləndən sonra, ola bilsin, Yehova xalqları ürəklərində olan fikri icra etməyə sövq edəcək. Bununla da, Yehova dünyanın ən böyük müharibəsi olan Armageddona gətirib çıxaracaq hücum üçün zəmin yaradacaq. O zaman O, xalqını xilas edəcək, Öz hakimiyyətini və müqəddəs adını ucaldacaq (Hizq. 38:23).

Xalqlar pak ibadətə və bu ibadəti icra edənlərə nifrət etdikləri üçün pak ibadəti talan etmək fikrinə düşəcək

19. Yəcuc nəyə görə pak ibadəti talan etmək sevdasına düşəcək?

19 Yəcucun pis niyyəti. Xalqlar «pis niyyətə düşəcək». Onlar çoxdan Yehovanın xalqına bəslədikləri qəzəbi və nifrəti püskürməyə fürsət axtaracaq. Bu xalq, sanki «divarları, darvazaları, cəftələri olmayan kəndlərdə» yaşayırmış kimi onların gözündə aciz görünəcək. Onlar həmçinin var-dövlət yığmış bu xalqdan «çoxlu qənimət, talan malı» götürmək istəyəcək (Hizq. 38:10—12). Söhbət hansı var-dövlətdən gedir? Yehovanın xalqı böyük ruhani var-dövlət yığıb. Bizim sahib olduğumuz ən dəyərli şey isə yalnız Yehovaya etdiyimiz pak ibadətdir. Xalqlar pak ibadəti talan etmək istəyəcək. Ancaq onu qiymətləndirdiklərinə görə yox, pak ibadətə və bu ibadəti icra edənlərə nifrət etdiklərinə görə bu sevdaya düşəcəklər.

Yəcuc «pis niyyətə» düşüb yer üzündən pak ibadətin kökünü kəsmək istəyəcək (19-cu abzasa baxın)

20. Yəcuc ruhani ölkəyə, yəni ruhani cənnətə necə hücum edəcək?

20 Yəcuc ruhani ölkəyə, yəni ruhani cənnətə necə hücum edəcək? Ola bilsin, xalqlar bizi sürdüyümüz həyat tərzindən yayındırmağa və ibadətdən saxlamağa cəhd edəcək. Bunun üçün onlar yəqin ki, bizi ruhani qidadan, ibadət görüşlərindən məhrum etməyə, aramızdakı birliyi pozmağa və Allahın xəbərinin təbliğini qadağan etməyə çalışacaqlar. Bütün bunlar ruhani cənnəti səciyyələndirən cəhətlərdir. Şeytanın təhrikilə xalqlar pak şəkildə ibadət edən insanların, bununla da pak ibadətin kökünü kəsməyə çalışacaqlar.

21. Nə üçün bizi qarşıdakı hadisələrdən xəbərdar etdiyinə görə Yehovaya minnətdar olmalıyıq?

21 Məcuc ölkəsindən olan Yəcucun hücumu Allahın bəxş etdiyi ruhani ölkədə olan bütün insanlara təsir edəcək. Biz Yehovaya çox minnətdarıq ki, bizi qarşıdakı hadisələrdən xəbərdar edir. Gəlin böyük müsibəti gözlədiyimiz müddət ərzində pak ibadəti həyatımızda hər şeydən üstün tutaraq ona bağlı qalaq. Belə etməklə, biz bərpa edilmiş ölkənin gözəlliyinə öz töhfəmizi verəcəyik. Həmçinin yaxın gələcəkdə baş verəcək möhtəşəm bir hadisənin şahidi olacağıq: Yehovanın Armageddonda xalqının və müqəddəs adının müdafiəsinə necə qalxacağını öz gözlərimizlə görəcəyik. Növbəti fəsildə məhz bu mövzu araşdırılır.

^ Növbəti fəsildə Yehovanın Yəcuca necə və nə zaman qəzəblənəcəyi, həmçinin bunun pak şəkildə ibadət edənlər üçün əhəmiyyəti barədə danışılır.

^ Dənyal 11:45 ayəsi göstərir ki, şimal padşahı Allahın xalqını hədəfə alacaq, çünki orada deyilir ki, bu padşah «öz padşah çadırlarını böyük dənizlə [Aralıq dənizi] dilbər diyardakı müqəddəs dağ [bir zamanlar Allahın məbədinin durduğu və Allahın xalqının ibadət etdiyi yer] arasında quracaq».

^ Müqəddəs Kitabda, həmçinin Allahın xalqının kökünü kəsmək fikrinə düşən müasir aşşurluların hücumundan danışılır (Mik. 5:5). Allahın xalqına ediləcək dörd hücum — Məcuc ölkəsindən olan Yəcucun, şimal padşahının, yer üzünün padşahlarının və aşşurluların hücumu eyni hücuma aid ola bilər.

^ Vəhy 20:7—9 ayələrində bəhs olunan Yəcuc və Məcucun kimliyi barədə bu kitabın 22-ci fəslində danışılır.