Kontentə keç

Mündəricatı göstər

FƏSİL 18

«Qəzəbdən alışıb-yanacağam»

«Qəzəbdən alışıb-yanacağam»

HİZQİYAL 38:18

MƏZMUN: Yəcucun hücumu Yehovanın qəzəbinə səbəb olur; Yehova Armageddon vaxtı xalqını qoruyur

1—3. a) Yehovanın alışıb-yanan qəzəbi nə ilə nəticələnəcək? (Fəslin əvvəlindəki şəklə baxın.) b) Bu fəsildə hansı mövzu araşdırılır?

 KİŞİLİ-QADINLI, cavanlı-qocalı hamı birlikdə ayağa qalxıb Yehovaya həmd oxuyur. Sonra ağsaqqal hərarətlə dua edib Yehovadan onları hifz etməsini diləyir. Yığıncaqdakılar əmindirlər ki, Yehovanın nəzəri onların üstündədir, amma yenə də təsəlliyə ehtiyacları var. Bir daha əmin olmaq istəyirlər ki, Yehova onları qoruyacaq. Bayırdan havanı yararaq uçan güllələrin səsi gəlir. Artıq Armageddon başlayıb (Vəhy 16:14, 16).

2 Armageddon müharibəsi vaxtı Yehova ağına-bozuna baxmadan, hamını ucdantutma qırmasa da, qəzəbdən alışıb-yanacaq. (Hizqiyal 38:18 ayəsini oxuyun.) Onun qəzəbinə təkcə bir ölkənin ordusu, yaxud bir xalq tuş gəlməyəcək. Yehovanın qəzəb günündə bütün dünya, saysız-hesabsız insan cəzasını alacaq. «Həmin gün Yehovanın qırdığı adamların meyitləri yerin bir ucundan o biri ucuna kimi hər yerə səriləcək» (Ərm. 25:29, 33).

3 Bəs məhəbbətin təcəssümü olan, rəhmli, mərhəmətli, səbirli Allah Yehovanın bu cür davranmasına, birdən-birə böyük qəzəblə hərəkətə keçməsinə nə səbəb olacaq? (Çıx. 34:6; 1 Yəh. 4:16). Bu sualın cavabı bizə çox böyük təsəlli, cəsarət verə bilər, təbliğ işində sidqi-ürəkdən iştirak etmək üçün bizi möhkəmləndirə bilər.

Yehovanın qəzəblənməsinin səbəbi

4, 5. Yehovanın qəzəbi qeyri-kamil insanların qəzəbindən necə fərqlənir?

4 Əvvəla biz başa düşməliyik ki, Yehova qeyri-kamil insanlar kimi qəzəblənmir. İnsan qəzəblənib özündən çıxanda gözü heç nə görmür və bunun axırı, əksər hallarda, pis qurtarır. Məsələn, götürək Adəmin ilk oğlu Qabili. Yehova onun qurbanını rədd edib Habilin bəxşişini qəbul edəndə o, bərk qəzəblənmişdi. Bəs bu qəzəbin axırı nə ilə qurtardı? Qabil əməlisaleh qardaşını qətlə yetirdi (Yar. 4:3—8; İbr. 11:4). Başqa bir nümunə Davuddur. Müqəddəs Kitabda deyilir ki, o, Yehovanın ürəyincə olan adam idi (Həv. 13:22). Amma belə yaxşı adam da bir dəfə az qala dəhşətli cinayət törədəcəkdi. Varlı-hallı Nabalın ona və adamlarına təhqirlər yağdırdığını eşidəndə Davudla döyüşçüləri qəzəbdən alışıb-yandılar, qılınclarını qurşayıb yola düşdülər ki, həm nankor Nabalı, həm də evindəki bütün kişi xeylaqlarını qırsınlar. Xoşbəxtlikdən Nabalın arvadı Abiqayil Davudu və onun adamlarını intiqam almaq fikrindən daşındırdı (1 İşm. 25:9—14, 32, 33). Yehova boş yerə Yaquba yazdırmamışdı ki, «insanın qəzəbi onu Allah qarşısında saleh etmir» (Yaq. 1:20).

Yehova həmişə qəzəbinə hakim olur və nələrin Onun qəzəbinə səbəb olduğu aydın bilinir

5 İnsanlar çox vaxt nahaq yerə qəzəblənir. Yehova isə həmişə Öz hisslərinə hakim olur və nələrin Onun qəzəbinə səbəb olduğu aydın bilinir. Hətta qəzəbdən alışıb-yananda belə, Yehova ədalətlə hərəkət edir. O, düşmənlərinə qarşı vuruşanda heç vaxt saleh adamı şər adamla bir yerdə məhv etmir (Yar. 18:22—25). Üstəlik, Yehova yalnız əsaslı səbəblərə görə qəzəblənir. Gəlin bu səbəblərdən ikisini nəzərdən keçirək və görək onlardan hansı ibrət dərsini götürə bilərik.

6. Adına ləkə yaxılanda Yehova hansı hissləri keçirir?

6 Səbəb: Yehovanın adına ləkə yaxılır. Yehovanı təmsil etdiyini söyləyən, lakin əyri əməl yiyəsi olan insanlar Onun adına xələl gətirir. Bu isə haqlı olaraq Yehovada qəzəb oyadır (Hizq. 36:23). Bu nəşrin əvvəlki fəsillərində araşdırdıq ki, İsrail xalqı Yehovanın adına çox böyük ləkə gətirirdi. Buna görə də onların əxlaqı, hərəkətləri Yehovanı qəzəbləndirirdi. Amma Yehova heç vaxt qəzəbinə yenilmirdi, qəzəbini göstərəndə də təmkinini pozmurdu, xalqını həmişə lazımi ölçüdə cəzalandırırdı (Ərm. 30:11). Xalq aldığı cəzadan sonra düzələndə Yehova artıq acıqlı qalmırdı (Zəb. 103:9).

7, 8. Yehovanın İsrail xalqı ilə rəftarından nə öyrənirik?

7 İbrət dərsi: Yehovanın israillilərlə rəftarı bizim üçün ciddi xəbərdarlıqdır. Qədim israillilər kimi, biz də Yehovanın adını daşıyırıq. Biz Yehovanın Şahidləriyik (Əşy. 43:10). Bizim danışığımız, əməllərimiz birbaşa olaraq təmsil etdiyimiz Allahın adına təsir edir. Buna görə də heç vaxt istəmərik ki, azğıncasına şər əmələ qurşanıb Yehovanın adına ləkə gətirək. Bu cür riyakarlıq mütləq Yehovanın qəzəbini alovlandıracaq və O, Öz adı naminə hərəkətə keçəcək. Bunun, sadəcə geci-tezi var (İbr. 3:13, 15; 2 But. 2:1, 2).

8 Düzdür, hansısa hərəkətlər Yehovanın qəzəbdən alışıb-yanmasına səbəb olur, amma bu o demək deyil ki, biz Ona yaxınlaşmağa qorxmalıyıq. Biz bilirik ki, Yehova səbirli və bağışlayandır (Əşy. 55:7; Rom. 2:4). Eyni zamanda O, həddən artıq yumşaqlıq da göstərmir. Biz Yehovaya dərin ehtiramla yanaşırıq, başa düşürük ki, Onun qəzəbi günahdan əl çəkməyən insanlara qarşı alovlanacaq və O, bu cür insanların xalqının arasında qalmasına yol verməyəcək (1 Kor. 5:11—13). Yehova nəyin Onu qəzəbləndirdiyini aydın şəkildə bildirib. Bu qəzəbi oyadan hərəkət və xüsusiyyətlərdən uzaq durub-durmamaq artıq bizim seçimimizdir (Yəh. 3:36; Rom. 1:26—32; Yaq. 4:8).

9, 10. Sadiq bəndələrinin həyatı təhlükədə olanda Yehova nə edir? Nümunələr çəkin.

9 Səbəb: Yehovanın sadiq bəndələrinin təhlükədə olması. Düşmənlər Yehovaya pənah gətirən sadiq insanlara hücum edəndə Yehova qəzəblənir. Məsələn, israillilər Misirdən çıxanda firon qüdrətli ordusunu yığıb onları təqib etdi. O, ilk baxışdan aciz görünən israilliləri Qırmızı dənizin sahilində haqladı. Yehova dənizi yarıb xalqı üçün yol açdı. Lakin Misir ordusu israillilərin ardınca gedəndə Yehova onların cəng arabalarının çarxlarını çıxartdı, döyüşçüləri isə süpürləyib dənizin ortasına atdı. «Onlardan bir nəfər də olsun sağ qalmadı» (Çıx. 14:25—28). Xalqına bəslədiyi məhəbbətdən irəli gələrək Yehovanın misirlilərə qarşı qəzəbi alovlandı. (Çıxış 15:9—13 ayələrini oxuyun.)

Hizqiyyənin dövründə mələk Allahın xalqını aşşurlulardan hifz etdiyi kimi, gələcəkdə mələklər bizi də hifz edəcək (10 və 23-cü abzaslara baxın)

10 Hizqiyyə padşahın dövründə də Yehovanın məhəbbəti Onu xalqı uğrunda ayağa qalxmağa təşviq etdi. O dövrün ən qüdrətli ordusu olan və qəddarlığı ilə ad çıxaran aşşurlular Yerusəlimin üstünə yürüş etdilər. Aşşurlular hədə-qorxu gəldilər ki, Yehovanın sadiq xidmətçilərini mühasirədə saxlayacaqlar, onlar əzab içində, işgəncə çəkə-çəkə öləcəklər (2 Pad. 18:27). Bu təhdidə cavab vermək üçün Yehova bircə mələk göndərdi. Mələk bir gecədə 185 000 düşmən əsgərini məhv etdi (2 Pad. 19:34, 35). Bu hadisənin səhərisi günü Aşşur düşərgəsində nələr yaşandığını bir anlıq xəyalınızda canlandırın. Nizələr, qalxanlar, qılınclar olduğu yerdə qalıb. Döyüşçüləri oyatmaq üçün şeypur çalınmır, qoşunu ayağa qaldırmaq üçün göstəriş verilmir, çadırlarda vahiməli sükunət hökm sürür. Düşərgənin hər tərəfində cəsədlər sərilib qalıb.

11. Qədimdə Yehovanın xalqını hifz etməsi bizə necə təsəlli və cəsarət verir?

11 İbrət dərsi. Xalqı üçün təhlükə yarananda Yehovanın necə davranması düşmənlərimiz üçün ciddi xəbərdarlıqdır: qəzəbi alovlananda «var olan Allahın əlinə düşmək dəhşətlidir» (İbr. 10:31). Bizə isə həmin o hadisələr təsəlli və cəsarət verir. Ən əsas düşmənimiz olan Şeytanın uğur qazanmayacağını bilmək ürəyimizə təskinlik gətirir. Onun vaxtı azalıb, tezliklə, ağalığına son qoyulacaq (Vəhy 12:12). Hələ ki Şeytan bu dünyada at oynatsa da, biz Yehovaya cəsarətlə xidmət edə bilərik, əmin ola bilərik ki, heç bir insan, təşkilat və ya hökumət bizi Allahın iradəsini yerinə yetirməkdən saxlaya bilməz. (Zəbur 118:6—9 ayələrini oxuyun.) Həvari Bulus Allahın ilhamı ilə yazmışdı ki, «əgər Allah bizimlədirsə, kim bizə qarşı çıxa bilər?» (Rom. 8:31). Biz bu sözlərə ürəkdən inanırıq.

12. Böyük müsibət vaxtı Yehova nəyə görə qəzəbdən alışıb-yanacaq?

12 Gördüyümüz kimi, həm misirlilər israilliləri haqlayanda, həm də aşşurlular Yerusəlimdəki yəhudiləri mühasirəyə alanda Yehova xalqını hifz etdi. Böyük müsibət vaxtı bizi qorumaq üçün də O, mütləq hərəkətə keçəcək. Düşmənlərimiz bizi məhv etmək istəyəndə bizi dərin məhəbbətlə sevən Yehova qəzəbdən alışıb-yanacaq. Axmaqlıq edib bizə hücum çəkən kəslər, sanki, Yehovanın göz bəbəyinə toxunacaq. Yehovanın cavabı cəld və qəti olacaq (Zək. 2:8, 9). Misli görünməmiş qırğın baş verəcək. Amma Yehova qəzəbini düşmənlərinin üstünə tökəndə onların çaşqınlığa düşməsinə heç bir əsas olmayacaq. Gəlin görək nə üçün.

Yehovanın verdiyi xəbərdarlıqlar

13. Yehova hansı xəbərdarlıqları verib?

13 Yehova səbirli Allahdır. O, asilik edənləri, xalqına hədə-qorxu gələnləri məhv edəcəyinə dair çoxlu xəbərdarlıq söyləyib (Çıx. 34:6, 7). Yehova Ərəmya, Hizqiyal, Dənyal kimi peyğəmbərlər, İsa Məsih, həvari Butrus, Bulus və Yəhya vasitəsilə həlledici müharibə barədə xəbərdarlıq edib. («Həlledici müharibə barədə Yehovanın xəbərdarlıqları» adlı çərçivəyə baxın.)

14, 15. Yehova hansı işi görür və nə üçün?

14 Yehova bu xəbərdarlıqları Öz Kəlamında yazdırıb. Həmçinin Onun hökmü ilə bu kitab tarix boyunca ən çox dilə tərcümə edilmiş və yayılmış kitaba çevrilib. Allah bütün dünyada könüllülərdən ibarət böyük bir ordu təşkil edib. Bu ordu insanlara Allahla barışmağı öyrədir və Yehovanın böyük gününün gələcəyi barədə xəbərdarlıq edir (Səf. 1:14; Zəb. 2:10—12; 110:3). Yehova xalqını təşviq edir ki, Müqəddəs Kitaba əsaslanan nəşrləri yüzlərlə dilə tərcümə etsin və hər il yüz milyonlarla saat sərf edib Kəlamındakı vədlər və xəbərdarlıqlar barədə insanlara danışsın.

15 Yehovanın bütün bu işləri görməsinin səbəbi odur ki, O, «heç kəsin məhv olmasını istəmir, əksinə, istəyir ki, hamı tövbəyə gəlsin» (2 But. 3:9). Sevgi dolu, səbirli Allahı təmsil etmək, Onun xəbərinin yayılmasına kiçicik də olsa töhfə vermək bizim üçün böyük şərəfdir. Lakin tezliklə vəziyyət dəyişəcək, xəbərdarlıqlara qulaq asmayanların artıq dəyişiklik etməyə vaxtı olmayacaq.

Yehovanın qəzəbi nə zaman alışıb-yanacaq?

16, 17. Yehova sonuncu müharibənin gününü təyin edib? İzah edin.

16 Yehova sonuncu müharibənin gününü artıq təyin edib. O, əvvəldən bilir ki, düşmənləri xalqına nə zaman hücum edəcək (Mət. 24:36). Bəs Yehova bunu haradan bilir?

17 Bu nəşrin əvvəlki fəslindən gördüyümüz kimi, Yehova Yəcuca deyir: «Sənin çənələrinə qarmaq keçirəcəyəm». O, xalqları həlledici qarşıdurmaya doğru istiqamətləndirəcək (Hizq. 38:4). Bu o demək deyil ki, bu savaşın səbəbkarı Yehova olacaq, yaxud O, əleyhdarlarını öz iradələrinə zidd davranmağa məcbur edəcək. Əksinə, bu onu göstərir ki, Yehova ürəkləri oxuyur və düşmənlərinin müəyyən vəziyyətdə necə davranacağını bilir (Zəb. 94:11; Əşy. 46:9, 10; Ərm. 17:10).

18. Nəyə görə insanlar qadir Allaha qarşı döyüşmək qərarına gələcək?

18 Əgər bu münaqişəyə başlayan Yehova olmayacaqsa, yaxud əleyhdarlarını döyüşməyə O məcbur etməyəcəksə, onda nəyə görə fani insanlar Qadir Allaha qarşı döyüşə qalxacaq? Səbəblərdən biri odur ki, həmin vaxt insanlar, bəlkə də, özlərini ya Allahın yoxluğuna, ya da Onun insanların işinə müdaxilə etmədiyinə inandıracaqlar. Yəqin onların bu cür düşünməyinə səbəb yer üzündən yalan dinlərin kökünü kəsmələri olacaq. Onlar düşünəcəklər ki, Allah mövcud olsaydı, Onu təmsil etdiyini iddia edən dinlərin müdafiəsinə qalxardı. Ancaq dərk etməyəcəklər ki, əslində, yalan dinləri məhv etmək fikrini onların ürəyinə qoyan elə Allah Özü olub. Səbəb isə bu dinlərin Allahın adına qara yaxmalarıdır (Vəhy 17:16, 17).

19. Yalan din məhv ediləndən sonra, ola bilsin, nə baş verəcək?

19 Yalan dinlər məhv ediləndən bir qədər sonra Yehova, ola bilsin ki, xalqına ağır bir xəbəri bəyan etməyi buyuracaq. Həmin xəbər «Vəhy» kitabında ağırlığı təxminən 20 kiloqrama bərabər olan dolu dənələrinə bənzədilir (Vəhy 16:21, haş.). Ehtimal ki, bu xəbər siyasi və iqtisadi sistemin sonunun çatdığı barədə xəbər olacaq. Bu, insanlara o dərəcədə əzab verəcək ki, onlar Allaha küfr edəcəklər. Yəqin məhz bu xəbərə görə xalqlar Allahın xalqına qarşı hücuma keçib onu birdəfəlik susdurmaq istəyəcəklər. Onlar Allahın xalqını aciz sanacaq, düşünəcəklər ki, onu bir göz qırpımında məhv edə bilərlər. Amma bu çox böyük səhv olacaq.

Yehova qəzəbini necə göstərəcək?

20, 21. Yəcuc kimdir və onunla nə baş verəcək?

20 Bu nəşrin 17-ci fəslində araşdırıldığı kimi, Hizqiyal bizə hücum edəcək xalqlar birliyini «Məcuc ölkəsindən olan Yəcuc» adı ilə təqdim edir (Hizq. 38:2). Ancaq bu birliyin üzvləri arasındakı vəhdət tükdən asılı vəziyyətdə olacaq. Əməkdaşlıq pərdəsi altında rəqabət, qürur, millətçilik ruhu davam edəcək. Yehova çox asanlıqla onların qılıncını bir-birinin üstünə qaldıracaq (Hizq. 38:21). Lakin xalqların məhvi insanların törətdiyi fəlakət səbəbindən olmayacaq.

21 Düşmənlərimiz məhv edilməzdən əvvəl İnsan Oğlunun əlamətini görəcəklər. Ehtimal ki, bu əlamət Yehovanın və İsanın qüdrətinin fövqəlbəşər nümayişi olacaq. Düşmənlərin gördüyü mənzərələr onları təlaşa salacaq. İsanın dediyi kimi «insanlar qorxudan və yerin üzərinə gələcək hadisələri gözləməkdən huşunu itirəcək» (Luka 21:25—27). Onlar dəhşət içində başa düşəcəklər ki, Yehovanın xalqına hücum etməklə çox böyük səhv ediblər. Onlar Yaradanı Sərkərdə rolunda tanımağa, Onun Ordular Allahı Yehova olduğunu qəbul etməyə məcbur olacaqlar (Zəb. 46:6—11; Hizq. 38:23). Sözsüz ki, Yehova həm səmavi ordusundan, həm də təbiət qüvvələrindən elə istifadə edəcək ki, sadiq bəndələrinə zərər dəyməyəcək, düşmənlərin isə kökü kəsiləcək. (2 Butrus 2:9 ayəsini oxuyun.)

Xalqı üçün təhlükə yarananda Yehova səmavi ordusunun vasitəsilə qəzəbini püskürəcək (21-ci abzasa baxın)

22, 23. Allahın xalqını kim qoruyacaq və onlar bu işə necə yanaşacaqlar?

Yehovanın günü haqda bildiyimiz məlumat bizi nəyə təşviq etməlidir?

22 Təsəvvür edin, İsa necə böyük məmnuniyyətlə Allahın düşmənlərinə hücum edəcək, Allahı sevib Ona xidmət edən insanları isə necə böyük şövqlə qoruyacaq. Həmçinin məsh olunmuşların o zaman hansı hissləri keçirəcəyi barədə bir düşünün. Armageddon başlamazdan əvvəl yer üzündə qalan məsh olunmuşlar göyə qalxacaq ki, 144 000 nəfər tam olsun və hamısı İsa ilə birlikdə döyüşdə iştirak etsin (Vəhy 17:12—14). Çoxlu məsh olunmuş axırzaman dövründə başqa qoyunlardan olan məsihilərlə çiyin-çiyinə çalışaraq onlarla yaxın dostluq münasibəti qurmuşdur. Armageddonda isə həmin məsh olunmuşların sınaqlar vaxtı onlara dayaq olan məsihiləri qorumağa həm səlahiyyəti, həm də qüdrəti olacaq (Mət. 25:31—40).

23 Mələklər də İsanın səmavi ordusuna daxil olacaqlar (2 Salon. 1:7; Vəhy 19:14). Onlar İsaya Şeytanı və cinləri göydən qovmağa kömək ediblər (Vəhy 12:7—9). Mələklər, həmçinin yer üzündə Yehovaya ibadət etmək istəyən insanların seçilməsinə də kömək edirlər (Vəhy 14:6, 7). Buna görə də Yehovanın mələklərə bu sadiq insanları qorumağa izin verməsi yerindədir. Ən vacibi isə Yehovanın ordusundakı bütün ruhani varlıqlar düşmənləri məhv edərək Yehovanın adını müqəddəs tutmağı, adına bəraət qazandırmağı özünə şərəf biləcək (Mət. 6:9, 10).

24. Başqa qoyunlardan ibarət böyük izdiham necə davranacaq?

24 Bəli, başqa qoyunlardan ibarət böyük izdihamı bu cür qüdrətli, ali məqsədə xidmət edən bir ordu qoruyacaq. Odur ki, onların qorxmağa heç bir əsası olmayacaq. Onlar qamətlərini düzəldib başlarını dikəldəcəklər, çünki qurtuluşları yaxın olacaq (Luka 21:28). Buna görə də son dərəcədə vacibdir ki, o gün gəlməzdən əvvəl mümkün qədər çox insana mərhəmətli Atamız Yehovanı tanıyıb sevməyə kömək edək. (Səfənya 2:2, 3 ayələrini oxuyun.)

Armageddonda Yehovanın xalqı döyüşməyəcək. Onlara hücum edən düşmənlər bir-birinin üstünə qılınc qaldıranda mələklər onları qoruyacaq (Hizq. 38:21) (22—24 abzaslara baxın)

25. Növbəti fəsildə söhbət nədən gedir?

25 İnsanların törətdiyi müharibələrdən sonra xaos, acınacaqlı vəziyyət hökm sürür. Armageddondan sonra isə nizam-intizam, xoşbəxtlik bərqərar olacaq. Yehovanın qəzəbi soyuyanda, Onun döyüşçülərinin qılıncı qınına qayıdanda, böyük müharibənin son sədaları kəsiləndə başlayan gözəl həyat barədə növbəti fəsildə oxuya bilərsiniz.